Məhkəmə qərarları › İş №2-1(112)-4135/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4135/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4135/2021 17.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Tovuz rayon İcra Şöbəsi) “cavabdehin şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Tovuz rayon İcra Şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və 03 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirinə məhkəmə qərarının icra edilməməsi barədə şikayət ərizəsi ilə müraciət edərək məhkəmə qərarının icra edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Şikayət ərizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ümumi şöbəsinə təqdim edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi şikayət ərizəsinə cavab verilməsini təmin etməmişdir. Yerli icra qurumu tərərəfindən məhkəmə qərarı icra edilməmişdir. Yerli icra qurumu iddiaçının məhkəmə qərarının icra edilməsi barədə müraciətlərini cavablandırmamış, həmçinin məhkəmə qərarının icra edilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməmişdir. Bununla əlaqədar olaraq cavabdeh təşkilata şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin cavabdeh təşkilat müraciətin cavablandırılmasını təmin etməmişdir. Göstərilənlərə əsasən cavabdehin 03 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və 03 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı və cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Qeyd olunan qərardakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin 03 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və 03 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməsini tələb edir. İş materiallrında olan sənədlərdən görünür ki, qeyd olunan şikayət ərizəsi ilə cavabdehə İddiaçı müraciət etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə İddiaçı təmsil etdiyi X1 nümayəndəsi kimi onun adından müraciət etmişdir. Belə olan halda İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar