Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4138/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçının cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvana dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun müraciətinə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə uyğun olaraq zəruri sənədlərin olmadığını bildirmiş, kirayə müqaviləsinin bağlanmasından imtina etmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı ilə Bakı şəhəri, İİ Zabrat qəsəbəsi, İstixana kombinatı bina 39, 12 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanması (sərəncam verilməsi) öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ünvan 1 ünvana dair İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına dair müraciətinə baxılaraq bildirilmişdir ki, Bakı şəhər X1 xx.xx.1984-cü il tarixli, 38/1681 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı 39 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, 194 nömrəli icazə sənədinə əsasən binanın istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixinədək qüvvədə olan) 36-cı maddəsi ilə mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsinin siyahılarla müəyyən edilmiş növbəlik qaydasında uçota götürülmə vaxtı əsas tutularaq verilməsi müəyyən edilmişdir. Həmin Məcəlləyə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon XDS icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Həmin qərar əsasında yerli icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə uyğun olaraq zəruri sənədlər ərizəyə əlavə edilmədiyindən qaldırılan məsələnin müsbət həlli mümkün olmadığı qeyd edilmiş, əlavə olaraq yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələrin məhkəmə qaydasında həll edildiyi bildirilmişdir. -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1955-ci il təvəllüdlüdür. -17 may 1991-ci il tarixdən doldurulmağa başlanılmış İddiaçı ИТ №1745237 saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X6 işləmişdir. (Əmək kitabçasında aparılan qeydə əsasən həmin vaxta qədər-xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Zabrat Aqrokooperativində traktor sürücüsü işləmişdir.) -X4 Fəhlə Komitəsinin 17 nömrəli 12 iyul 1993-cü il tarixli daxili orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd olunan orderə əsasən İİ Zabrat qəsəbəsi, İstixana kombinatı ev 39, blok 2 ünvanda yerləşən 12 saylı mənzil X9, X5, X7, X2 ibarət ailə tərkibi də daxil olmaqla İddiaçı verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Şəhəərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 3 ünvanda yerləşən 4 girişli, zirzəmili, 5 (+texniki) mərtəbəli yaşayış binasının xx.xx.2019-cu il tarixdə istismarına icazə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 39 saylı MKİS tərəfindən verilən xx.xx.2022-ci il tarixli Forma 2 arayışından görünür ki, iddiaçı və onun ailə üzvləri (arvadı X9, övladları – X5 , X10, nəvələri – X8 və X11) ünvan 4 ünvanda daimi qeydiyyatdadırlar. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 39 saylı MKİS tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, ev 39 ünvanda yerləşən 12 saylı mənzilin sxemi tərtib edilərək təsdiq edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 39 saylı MKİS tərəfindən təsdiq edilən şəxsi hesab vərəqindən görünür ki, iddiaçının bütün ailə tərkibinin yaşadığı ünvan 4 ünvanın sahəsi 54,06 kv metrdir. -X9 (arvadı,həmçinin Məmməd Əsəd oğlunun əvəzinə), övladları – X5 , X10, X8 və X11 tərəfindən səlahiyyətli orqanlara təqdim etmək üçün verilən 17 sentyabr 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş eyniməzmunlu ərizələrdən görünür ki, qeyd olunan şəxslər yaşadıqları mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına etiraz etmirlər. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, onun adına Respublika ərazisi üzrə daşınmaz əmlakın aşkar edilməmişdir. -Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən verilən 26 avqust 2022-ci il tarixli Arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətində mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış yeri üzrə mənzil növbəsinə dayanmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından, mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən yaşayış sahəsinə kirayə müqaviləsi adına order verilmiş vətəndaşla bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Qeyd olunan Məcəllənin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2). Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan mənzilin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olması işin mübahisələndirilməyən halı olduğundan, həmin mənzilin iddiaçıya verilməsi, onun həmin mənzildə yaşaması və qeydiyyatda olması iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin İddiaçı mənzildə yaşayan digər şəxslərin razılığı ilə mənzilin balans saxlayıcısı olan orqan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən onun (İddiaçı) mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlıdır. Odur ki, iddia təmin edilməli, İddiaçı ilə Bakı şəhəri, İİ Zabrat qəsəbəsi, İstixana kombinatı bina 39, 12 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanması (sərəncam verilməsi) öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, İİ Zabrat qəsəbəsi, İstixana kombinatı bina 39, 12 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanması (sərəncam verilməsi) öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4138/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4138/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver