Məhkəmə qərarları › İş №2-1(112)-4139/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4139/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4139/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı əlillik vəziyyətinə tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli, 2766003AADXB saylı göndərişi əsasında baxılmış və cavabdeh tərəfindən ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi və həmin əlilliyə görə pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-1994-cü illərdə Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə iştirak etmişdir. Döyüşlər zamanı xx.xx.1994-cü ildə bir neçə yerdən güllə yarası-xəsarəti almışdır. xx.xx.1994-cü ildə Ordu sıralarından tərxis olunmuşdur. xx.xx.2014-cü il tarixdə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik təyin olunmuşdur. Həmin tarixdən də əlillik müavinətı almış, 1998-ci ildə isə müharibə veteranı xüsusi statusu verilmişdir. Bakı şəhər 5 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş Forma 88 arayış əsasında 16 iyul 2021-ci il tarixdə Tibbi Sosial Ekspertiza Komissiyasının dövri, hərbi tibbi yoxlanış və müayinəsində olmuşdur. Sonda barəsində ikinci dərəcə əlillik təyin edilsə də əlilliyinin səbəbi ümumi xəstəlik kimi qeyd edilmişdir. Əvvəlki müayinə aktlarında əliliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diaqnozu isə saidin çoxsaylı travmaları, sağ saidin orta 1/3-nin odlu silahla dəlib keçən güllə yaralanmasının qalıq əlamətləri, orta sinirin said səviyyədə travması və nevriti, hərəkəti funksiyasının pozulması, sag said sümüyünün deformasiyası kimi qeyd olunmuşdur. Sonuncu müraciəti əsasında xx.xx.2022-ci il tarixdə yenidən müayinədən keçmiş və diaqnozunun hərbi travma olmasına baxmıyaraq ona verilən əlilliyin səbəbi ümumi xəstəlik kimi göstərilmiş və xx.xx.2022-ci il tarixli qərarla əvvəlki xx.xx.2022-ci il tarixli qiymətləndirmə qərarı qüvvədə saxlanılmış, əlliliyin səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınması kimi qeyd olunmasından imtina edilmişdir. Cavabdehin qeyd edilən əsasları nəzəzərə almadan əlilik təyin etməsi qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia “pensiyanın hesablanaraq ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, İddiaçı ogluna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 322 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ saidin orta 1/3-in yumşaq toxumalarının odlu silahla dəlib keçən güllə yarası. Sağ orta sinirin posttravmatik nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Resoublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı əlillik vəziyyətinə tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli, 2766003AADXB saylı göndərişi əsasında baxılmış və cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı hazırda əlillik səbəbinin dəyişdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi tələbini irəli sürmüşdür. Ekspert rəyi ilə, Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 322 nömrəli qərarda göstərilmiş “Sağ saidin orta1/3-nin yumşaq toxumalarının odlu silahla dəlib keçən güllə yarası. Sağ orta sinirin posttravmatik nevriti” diaqnozu təsdiqini tapmışdır. İddiaçı barəsində verilən xx.xx.2021-ci il tarixli, 2766003AADXB saylı tibbi göndərişdə - Əsas diaqnoz və ağırlaşma: “S59.7 Saidin çoxsaylı travmaları, sağ saidin orta 1/3-nin odlu silahla dəlib-keçən güllə yaralanmasının davamlı qalıq əlamətləri. Sağ orta sinirin posttravmatik nevriti, hərəki funksiyanın pozulması, əzələ kontrakturası, sağ said sümüyünün ön tərəfinin qövsvari deformasiyası, sağ əlin İİİ və İV barmaqlarının bitişmiş kontrakturası. R26 Hərəkətin və yerişin pozulmaları sağ ətrafın hərəkət funksiyasının pozğunluğu. M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları sağ said sümüyünün içəri pn tərəfinin qövsvari deformasiyası. S52. Said sümüklərinin sınığı, sağ əlin İİİ və İV barmaqlarının bükücü kontrakturası. S54.1. Orta sinirin said səviyyəsində travması, sağ orta sinirin posttravmatik nevriti. Hərəki funksiyanın pozulması ilə. Yanaşı xəstəliklər: G20. Parkinson xəstəliyi və s.” qeyd olunmuşdur. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İddiaçının tələbinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının göndərişdə qeyd olunan əsas diaqnozu və onun ağırlaşmaları ekspert rəyi ilə öz təsdiqini tapsa da, bu diaqnozun hərbi səbəb əlaqəsi Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilsə də, həmin diaqnoz ikinci dərəcə əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə göstərilən diaqnozlar üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. İddiaçıya ikinci dərəcə əlillik onun göndərişində yanaşı xəstəlik kimi qeyd edilmiş “G20. Parkinson xəstəliyi” üzrə, adıçəkilən Əsasnamənin 2.2.9-cu bəndinə əsasən təyin edilmişdir. Həmin diaqnozun isə hərbi səbəb əlaqəsi Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilməmişdir. Belə ki, həmin qərarda baş travması qeyd olunmamışdır. Beləliklə də, cavabdeh tərəfindən haqlı olaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar