Məhkəmə qərarları › İş №2-1(112)-4143/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4143/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4143/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF) qarşı iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd olunur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan redaksiyasının 30.1-ci maddəsinə əsasən Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İddiaçı xx xxxxxxx 1955-ci il tarixdə doğulmuşdur. O, yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-yə müvafiq sənədlərlə müraciət etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialından ona 19 dekabr 2020-ci il tarixli “pensiya təyin edilməsinin mümkün olmaması haqqında” imtina məktubu ünvanlanmışdır. Həmin imtinaya səbəb kimi onun ümumi iş stajının az olması yəni, tələb olunan 25 illik staja münasibətdə 16 il 7 ay stajın olması göstərilmişdir. Əmək kitabçasında qeyd olunmuş 8 iyun 1998-ci il tarixdən 29 may 2001-ci il tarixədək işlədiyi dövr öz hesabına məzuniyyətdə olduğu dövr kimi qəbul olunaraq sığorta stajı kimi hesablanmamışdır. Cavabdehin imtinası əsassızdır və bunu aşağıda qeyd olunanlar tam sübut edir. “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1-ci yarımbəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X4) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Onun (iddiaçının) əmək kitabçasında ümumi iş hərbi xidməti dövrü də nəzərə alınmaqla 30 ilə yaxındır. Bundan əlavə o, beş il ali təhsil almışdır. Ümumilikdə 35 il toplanır. «Əmək pensiyaları haqqında» AR Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ortinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, «Əmək pensiyaları haqqında» AR Qanunu qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Eləcə də, 1 oktyabr 1956-cı il tarixdə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət pensiyaları haqqında» SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Əmək kitabçasına görə onun 30 illik iş stajı var. Bu isə o deməkdir ki, cavabdeh inzibati orqandan tələbi «Əmək pensiyaları haqqında» AR Qanununun, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü və 4-cü bəndlərinin (bölmələrinin) tələblərinə görə əsaslıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 16, 38, 60, 62, 71-ci maddələrinə, «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1, 7, 30.2, 31.1-ci maddələrinə, İPM-in 2.2.2, 8, 33, 45, 46, 73-ci maddələrinə əsaslanaraq, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh DSMF-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazda (4 mart 2021-ci il tarixli məktubunda) aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassızdır və rədd edilməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq, 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş "«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə pensiya 64 yaş 6 aydan təyin edilə bilər. Bunun üçün isə, qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumilikdə 27 il 11 ay 6 gün (əmək kitabçası: 25 il 11 ay 4 gün; hərbi xidmət: 2 il 2 gün ) sosial sığorta mövcuddur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə qeyd edilməlidir ki, onun əmək kitabçasına əsasən 16 avqust 1996-cı il tarixdən 29 may 2001-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi qeyd olunmuşdur. Lakin "xxxx" ASC tərəfindən verilmiş arayışı əsasən İddiaçı 1 iyul 1997-ci il tarixdən öz hesabına məzuniyyətdə olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı 1 iyul 1997-ci il tarixdən öz hesabına məzuniyyətdə olduğu üçün əmək haqqı hesablanmamış və məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajına öz hesabına (ödənişsiz) məzuniyyətdə olduğu dövr daxil edilmir. Yuxarıda qeyd edilən mübahisələndirilən dövr 2 il 11 ay 21 gün təşkil edir (8 iyun 1998-ci il tarixdən 29 may 2001-ci il tarixədək). İddiaçının ümumilikdə qeyd edilən 27 il 11 ay 6 gün sosial sığorta stajından həmin İlləri çıxdıqda onun 24 il 11 ay 15 gün sosial sığorta stajı mövcud olur. 21 yanvar 1973-cü il tarixdən 22 aprel 1974-cü il tarixədək və 1 iyun 1976-cı il tarixdən 22 iyul 1976-ci il tarixədək olan dövrlərdə “Təpəkənd” Kolxozunda (Ermənistan SSR-nin Amasiya rayonu) işlədiyi dövrlər üzrə əmək kitabçasında qeydlərdəki yazılarda, o cümlədən işlədiyi dövrlərə nisbətdə qeyd olunmuş əmək günlərində və aldığı əmək haqqında (21 yanvar 1973-cü il tarixdən 12 yanvar 1974cü il tarixədək – 96 gün işlədiyi, 454 manat pul və natura şəklində 53 kq taxıl alması, 12 yanvar 1974-cü il tarxdən 22 aprel 1974-cü il tarixədək olan dövr üzrə – 120 gün işlədiyi, 520 manat pul və natura şəklində 76 kq taxıl alması qeyd olunmuşdur) əsaslı şübhələr olduğuna və yoxlanılması mümkün olmadığına görə iş stajına daxil edilməmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 1 iyun 1976-cı il tarixdən 22 aprel 1976-cı il tarixədək olan dövr üzrə kolxozda işlədiyini iddia etdiyi dövrlər üzrə minimum əmək iştirakı norması, yaxud əmək günü (adam günü) qeyd edilməmişdir. Yuxarıda qeyd edilən mübahisələndirilən dövr 1 il 1 ay 21 gün təşkil edir (21 yanvar 1973-cü il tarixdən 22 aprel 1974-cü il tarixədək və 1 iyun 1976-cı il tarixdən 22 iyul 1976-cı il tarixədək). İddiaçının ümumilikdə qeyd edilən 24 il 11 ay 15 gün sosial sığorta stajından həmin illəri çıxdıqda, onun 23 il 9 ay 24 gün sosial sığorta stajı mövcud olur. Bundan əlavə, iddiaçının təhsil aldığı dövrlərə münasibətdə bir məqamı qeyd etmək lazımdır ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 71-ci maddəsinə əsasən sosial sığorta stajına yalnız əyani təhsil forması daxil edilir. Əmək kitabçasına əsasən İddiaçı 1982 – 1985-ci il tarixlərdə təhsil aldığı dövrdə “Bakı Kondisionerləri” zavodunda işləmişdir. Bu səbəbdən təhsil aldığı dövrlər əlavə olaraq sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə DSMF ərizəni təmin edə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh DSMF-nin həmin Fondun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh DSMF həmin Fondun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda və etiraza əlavədə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxxx 1955-ci il tarixdə doğulmuşdur. Əmək kitabçası və hərbi biletinə əsasən onun 21 yanvar 1973-cü il tarixdən 29 may 2001-ci il tarixədək 25 il 11 ay 4 gün iş stajı və 2 il 2 gün hərbi xidmət dövrü (ümumilikdə 27 11 ay 6 gün) mövcuddur. O, 8 iyun 1998-ci il tarixdən 29 may 2001-ci il tarixədək öz hesabına məzuniyyətdə olmuşdur. İddiaçı 65 yaşı tamam olduqda yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar hazırkı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmşdir. Cavabdeh məsələnin həllindən imtinasını onunıa əsaslandırmışdır ki, iddiaçının 21 yanvar 1973-cü il tarixdən 22 aprel 1974-cü il tarixədək və 1 iyun 1976-cı il tarixdən 22 iyul 1976-cı il tarixədək olan dövrdə Ermənistan SSR Amasiya rayonu “Təpəkənd” kolxozunda iş stajında əsaslı şübhələr olduğundan, eləcə də həmin dövrdə onun əmək fəaliyyətinin yerində yoxlanılması mümkün olmadığından, qeyd olunan dövr, həmçinin iddiaçının 1998 – 2001-ci illərdə öz hesabıba məzuniyyətdə olduğu dövr iş stajına daxil edilməmişdir. Həmin dövrlər daxil edilmədikdə, onun iş stajı 23 il, 9 ay, 24 gün, yəni 25 ildən az müddət təşkil etdiyindən, ona yaşa görə əmək penisiyası təyin oluna bilməz. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Göründüyü kimi, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafq yaş həddinə çatmış (63 yaş + 2 il) yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: - sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; - 25 il sığorta stajı olduqda. Məhkəmə icraatında iddiaçının 23 il 10 ay iş stajına münasibətdə ona yaşa görə əmək pensiyasının təyinatını şərtləndirən 28.800 manat pensiya kapitalının qarşılığında 17.667,65 manat pensiya kapitalının toplanması müəyyən olunur və bu, işin mübahisə olunmayan halıdır. Həmin həcmdə pensiya kapitalı iddiaçıya (yaşı, əmək kitabçası üzrə qeydlər nəzərə alınmaqla) minimum əmək yaşa görə əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının sosial sığorta stajına gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçının 1973 – 1974 və 1976-cı illərdə Ermənistan SSR Amasiya rayonu “Təpəkənd” kolxozunda işlədiyi dövrün yerinə yoxlanılmasının mümkünsüzlüyü və əmək fəaliyyətnə formal şübhələrin (bu ondan irəli gəlir ki, cavabdeh “əsaslı şübhələr”in nədən ibarət olduğunu açıqlamamışdır) olması, həmin dövrün iş stajına daxil edilməməsinə əsas vermir. Çünki, bu hal iddiaçının iradəsindən asılı deyil, əmək kitabçasında müvafiq qeydlər mövcuddur və bu qeydlər üzrə məlumatlar heç bir sübutla təkzib olunmadığından, əmək kitabçasındakı məlumatlar mötəbər qiymətləndirilməlidir. Qeyd olunan illər üzrə əmək fəaliyyəti nəzərə alındıqda, iddiaçının 24 il 11 ay 15 gün sığorta stajı toplanmış olur. AR Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikasının 19 iyul 1994-cü il tarixli Qanununun (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə 1 iyul 1999-cu il tarixdən qüvvədən düşmüşdür) 2-ci maddəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Həmin Qanunun 14-cü maddəsinin 2-ci hissəsinə görə uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan AR Əmək Məcəlləsinin müddəaları iş stajına daxil edilən ödənişsiz məzuniyyət müddətlərinə müvafiq (hallardan asılı olaraq 7 təqvim gününədək, 1 ayadək və s.) məhdudiyyətlər qoysa da, 1 iyul 1999-cu il tarixədək qüvvədə olmuş «Məzuniyyətlər haqqında» AR Qanununun 2, 3 və 14-cü maddələri ödənişsiz məzuniyyətlərin bir ayadək olan müddətlərinin işçinin əmək stajına daxil edilməsini nəzərdə tutmuşdur. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün bir hissəsi 1999-cu ilin iyul ayının 1-dən əvvəlki dövrə aid olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri nəzərə alınaraq, iddiaçının 1 ayadək ödənişsiz məzuniyyətdə olduğu dövr onun əmək stajına daxil edilməlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı 21 yanvar 1973-cü il tarixdən 8 iyul 1998-ci il tarixədək (öz hesabına məzuniyyət verildiyi tarixdən bir ay bitənədək) 25 ildən artıq sığorta stajına malik olduğundan, ona yaşa görə əmək pensiyası təyinatından imtina edilməsi əmək qanunvericiliyinin müddəalarına, «İnzibati icraat haqqında» AR Qanununun 15, 17, 19 və 24-cü maddələrinin tələblərinə, o cümlədən “mütənasiblik prinsipi”nə zidd sayılmalı və iddiaçının hüqüqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı yaşa görə əmək pensiyasının (65 yaşdan) təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının (65 yaşdan) təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar