Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4143/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayədəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” haqqında iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-xx.xx.1996-cı il tarixlərində işlədiyi vəzifə maaşına uyğun pensiyanın hesablanaraq “Məlumat vərəqəsi”ni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi ödəhliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə (bundan sonra mətndə Penitensiar Xidmət) həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qeyd olunan iddia ilə müraciətinə Penitensiar Xidmət “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5 maddəsinə istinad edərək imtina etmişdir. O, xx.xx.1982- ci il tarixindən xx.xx.2011-ci il tarixinədək Penitensiar Xidmətdə zabit rütbəsində müxtəlif vəzifələrdə təqvim hesabı ilə 29 il 09 ay 19 gün, güzəştli 37 il 04 ay 09 gün xidmət etmişdir. Penitensiar Xidməti 1993-cü ildə Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Ədliyyə Nazirliyinin tabeliyinə verilsə də 26 may 2006-cı il tarixində “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul edilənədək Penitensiar Xidmətin fəaliyyəti “Daxili İşlər Nazirliyi haqqında” Qanunla tənzimlənmişdir. Məhz həmin dövrdə Ədliyyə Nazirliyi tərəfindən Penitensiar Xidmətində aparılan struktur dəyişikliklərlə əlaqədar onun xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək olduğu “maddi-texniki təchizat və satış şöbəsinin rəisi vəzifəsi ləğv edilərək xidməti zəruriyyətlə əlaqədar həmin idarədə “xüsusi şöbənin inspektoru” vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi 2006-cı ildə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul edildiyindən ona xx.xx.2011-ci ildə qulluq illərinə görə pensiya təyin edildikdə “Əmək pensiyaları haqqında” Qanunun 20.11 maddəsinə əsasən yəni xx.xx.1991-xx.xx.1996-cı illərdəki işlədiyi vəzifə maaşından sonrakı artımlar da nəzərə alınmaqla hesablanmalıdır. Mövcud qanunvericiliyə əsasən pensiysı təyin olunan tarixə vəzifə, rütbə maaşına, xidmət illərinə, məlumat dərəcəsinə görə, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından ibarət olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Penitensiar Xidmətin iddiaya dair yazılı münasibətində (etirazı) göstərilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1993-cü tarixlərdə DİN-nin İslah İşləri İdarəsində, xx.xx.1993-xx.xx.2011-ci tarixlərdə Ədliyyə Nazirliyinin Penitensiar xidmətində xüsusi rütbəli əməkdaş kimi qulluq etmiş və xidməti fəaliyyəti aşağıdakı kimi olmuşdur: Azərbaycan Respublikası DİN-nin İslah İşləri İdarəsində texniki şöbəsinin mühəndisi xx.xx.1982-xx.xx.1983; Azərbaycan Respublikası DİN-nin İslah İşləri İdarəsinin 10 saylı cəzaçəkmə müəssisəsində istehsalat üzrə mühəndis-xx.xx.1983-xx.xx.1984; Azərbaycan Respublikası DİN-nin İslah İşləri İdarəsinin istehsalat-texniki şöbəsinin mühəndisi xx.xx.1989-xx.xx.1993; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin kommunal-məişət, ticarət və intendant təminatı şöbəsinin rəis müavini - xx.xx.1993-xx.xx.1993; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin maddi-texniki təchizat və satış şöbəsinin rəisi xx.xx.1993- xx.xx.1996; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin xüsusi şöbəsinin baş inspektoru -xx.xx.1996-xx.xx.1999; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin xüsusi şöbəsinin inspektoru-xx.xx.1999-xx.xx.2007; Penitensiar xidmətinin Qeydiyyat şöbəsinin inspektoru - xx.xx.2007 - xx.xx.2011. İddiaçı ədliyyə orqanlarında qulluq keçməsinə Penitensiar xidmət üzrə xx.xx.2011-ci il tarixli 207 ş/h saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.10-cu maddəsinə müvafiq olaraq (qulluqda olmanın yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla tutduğu vəzifədən (Penitensiar xidmətinin Qeydiyyat şöbəsinin inspektoru) azad edilərək xitam verilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə əsasən hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. İddiaçı xx.xx.2011-ci il tarixdə pensiyaya çıxmışdır və Penitensiar xidmətində tutduğu son vəzifəsi Qeydiyyat şöbəsinin inspektoru olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; Penitensiar Xidməti tərəfindən verilmiş 220 №-li xx.xx.2022-ci il arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1982-xx.xx.1993-cü il tarixlərində DİN-nin İslah İşləri İdarəsində, xx.xx.1993-xx.xx.2011-ci il tarixlərində Ədliyyə Nazirliyinin Penitensiar xidmətində xüsusi rütbəli əməkdaş kimi qulluq etmiş və xidməti fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1982-xx.xx.1983 AR DİN-nin İslah İşləri İdarəsində texniki şöbəsinin mühəndisi; xx.xx.1983-xx.xx.1984 AR DİN-nin İİİ-nin 10 saylı cəzaçəkmə müəssisəsində İstehsalat üzrə mühəndis; xx.xx.1984-xx.xx.1989 AR DİN İİİ-nin istehsalat-texniki şöbəsinin mühəndisi; xx.xx.1989-xx.xx.1993 AR DİN İİİ-nin mülki-müdafiə şöbəsinin böyük mühəndisi; xx.xx.1993-xx.xx.1993 Ədliyyə Nazirliyi Məhkəmə qərarlarının icrası baş idarəsinin kommunal-məişət, ticarət və intendant təminatı şöbəsinin rəis müavini; xx.xx.1993-xx.xx.1996 ƏN MQİBİ-nin maddi-texniki təchizat və satış şöbəsinin rəisi; xx.xx.1996-xx.xx.1999 ƏN MQİBİ-nin xüsusi şöbəsinin baş inspektoru; xx.xx.1999xx.xx.2007 ƏN MQİBİ-nin xüsusi şöbəsinin inspektoru; xx.xx.2007-xx.xx.2011 Penitensiar xidmətinin qeydiyyat şöbəsinin inspektoru. Penitensiar xidmət üzrə xx.xx.2011-ci il tarixli 207 ş/h saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.10-cu maddəsinə müvafiq olaraq (qulluqda olmanın yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş 17/7-15068 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə ünvanladığı “1993-1996-cı il tarixlərində qulluq etdiyi vəzifə maaşına uyğun pensiya təyinatı üçün məlumat vərəqinin DSMF-nun XŞTMF-na göndərilməsi” barədə müraciətinə baxılmışdır. O, xx.xx.2011-ci il tarixində Penitensiar xidmətin Qeydiyyat şöbəsinin inspektoru vəzifəsindən ehtiyata buraxılmışdır. Hərbi Qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyalarının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5. maddəsində göstərilən təminat xərcliyindən hesablanır. Qeyd olunan maddəyə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-171/268555/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: İddiaçı məxsus (pensiya işi № 002005) pensiyaçının 11/979 №li uçot vərəqinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2011-ci ildə yaşa görə pensiya təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2011-ci il tarixli 11/929 saylı qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 20.14.1-ci maddələrinə müvafiq olaraq yaşa görə xx.xx.2011-ci il tarixdən ömürlük 943,50 manat pensiya təyin olunmuşdur. Penitensiar Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli məlumat vərəqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı təxris olunduğu xx.xx.2011-ci il tarixə vəzifəsi Penitensiar Xidmətin Qeydiyyat şöbəsinin rəisi, güzəştli xidmət illəri 07 il 06 ay 20 gün, təqvimi xidmət illəri 29 il 09 ay 19 gün, cəmi iş stajı 37 il 04 ay 09 gün təşkil etmişdir. Pul təminatı: vəzifə maaşı 370,00 manat, digər növ əlavələr “usta” məharət dərəcəsi 35 faiz-129,50 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə grə əlavə 50 faiz-250,00 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, cəmi 943,50 manat kimi qeyd olunmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 26 may 2006-cı il tarixdə qəbul edilmiş və xx.xx.2006-ci il tarixdə qüvvəyə minmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. 20.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. 23.10-cu maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. Əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”: Bənd 1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular- Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bənd 2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Bənd 3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2011-ci il tarixdə pensiyaya çıxmış və onun Penitensiar xidmətində tutduğu son vəzifəsi Qeydiyyat şöbəsinin inspektoru olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq iddiaçının xidmətdən buraxıldığı günə təminat xərcliyi (pul təminatı) hesablanaraq və buna uyğun məlumat vərəqi tərtib olunaraq pensiya təyin edən orqana göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4143/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4143/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver