Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4143/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi“ barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən vurulmuş 50.000 manat ziyanın (ödənilməmiş əmlak pulu, tələf olmuş uşaqlara və mənəvi ziyana görə ödənclər) kompensasiya şəklində ödənilməsi və vəkillə təmin olunmağı barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi ilə birlikdə kirayə qaldığı ünvan 1 ünvanında 5 noyabr 1985-ci il tarixdə baş vermiş yanğın nəticəsində onun 2 övladı dünyasını dəyişmiş, bütün əmlakı məhv olmuşdur. Yanğın nəticəsində bütün sənədlərin məhv olmasından istifadə edən sığorta idarəsi qərəzli şəkildə güya sığorta olunmadığını, ödəniş edilməyəcəyini bildirmişdir. 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində iddiaçının orada olan əmlakı həyat yoldaşının cehizləri ilə birlikdə məhv olmuş, lakin heç bir ödəniş edilməmişdir. İddiaçı ali təhsil aldıqdan sonra vətəninə qayıda bilmədiyindən məskunlaşdırılmamış ermənistanlı qaçqındır. Eyni zamanda 2-ci dərəcə əlildir. 1997-ci ildən, yəni 27 ildir Xətai Rayon İcra Hakimiyyətində güzəştli siyahıda mənzil növbəsindədir. İddiaçının müavinətləri 1992-ci ildən bəri ödənilmir. O, Xətai rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, bütün yuxarı dövlət instansiyalarına və məhkəmələrə əmlak pulu ödənilməsi, çoxsaylı pozulmuş hüquqlarının bərpa olunması üçün etdiyi müraciətlər dövlət məmurlarının və hakimlərin qərəzli münasibətləri sayəsində nəticəsiz qalmışdır. Bu illər ərzində bütün dövlət instansiyalarına, məmurlara və məhkəmələrə minlərlə ərizələrin yazılmasına, on minlərlə arayışların surətlərinin çıxarılmasına, nəqliyyat vasitələrinə çəkilən xərclərə, vaxt itkisinə, əziyyətə, fiziki və mənəvi ziyana görə 15000 manat əlavə kompensasiya ödənilməlidir. Bu səbəbdən əmlak pulu ilə birikdə cəmi 50000 manat kompensasiya iddiaçıya ödənilməlidir.
3. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir.
II. İddianın mümkünlüyü
5. Məhkəmə hesab edir ki, iddianın növü kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır
9. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamış və həmin qərardadda iddiaçıya çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi izah edilmişdir. Eyni zamanda həmin tərəflər və predmetlə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7179/2024 saylı inzibati işi olmuş və eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olması səbəbindən iddianın mümkün sayılmaması barədə 02 aprel 2024-cü il tarixdə qərardad qəbul edilmişdir.
10. Odur ki, məhkəmə hesab edir ki, hazırkı halda da eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
11. İddianın ikinci hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə tələb vəsatət xarakterli olduğundan baxılmasına zərurət yoxdur.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva