Məhkəmə qərarları › İş №2-1(112)-4144/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4144/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4144/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, iddiaçının nümayəndəsi, vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, “Femida” vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, böyük məsləhətçi-hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “13.08.2013-cü il tarixdən yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “13.08.2013-cü il tarixdən yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda daşıdığı “Dilavərli” soyadını Daşkəsən rayon Məhkəməsinin 20.12.2005-ci il tarixli Qətnaməsinə əsasən əvvəlki “Əhmədov” soyadı əvəzinə daşıyır. 21.07.1988-ci ildə BDU-nun hüquq fakültəsinə daxil olmuş və 29.07.1993-cü il tarixdə fərqlənmə diplomu ilə həmin universiteti bitirmişdir. Bununla da, iddiaçının 5 il 8 gün təhsil müddəti olmuşdur. Sonra 21.08.1993-cü il tarixdə Azərbaycan Respublikası prokurorluğ orqanlarına işə qəbul olunmuş və 13.09.2018-ci il tarixdə prokurorluq orqanlarından xaric edilmişdir. Bununla da, iddiaçı 25 il 23 gün stajı toplanmışdır. 25 il 23 gün stajının dövründə 22.01.2007-ci il tarixdən 07.03.2007-ci il tarixədək müddətdə sərəncamda olmuşdur. Sərəncamda olma müddətinin qulluq stajına sayılması mübahisələndirilə bilməz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 06.02.2020-ci il tarixli **********2 nömrəli məktubuna, habelə həmin Nazirlik yanında DSMF-nin öz tabeliyində olan müvafiq qurumlara, eləcə də, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 31.07.2019-cu il tarixli **********0 nömrəli məktubuna əsasən 01.01.2006-cı il tarixədək bitmiş əyani təhsil müddəti pensiyaların təyin edilməsi və yenidən hesablanması zamanı nəzərə alınması həvalə edilmişdir. Həm əvvəlki, həm də cari qanunvericiliyə əsasən prokurorluq işçilərinin qulluq stajına əsasən pensiyası əmək pensiyası hesab edilir və təhsil müddəti iş stajına daxil edilən dövr kimi məhz əmək pensiyaları təyin edildikdə nəzərdən keçirilir. Odur ki, iddiaçının iddia etdiyi azı 25 il prokurorluqda qulluq etmə əsasında pensiya hüququ əmək pensiyasını nəzərdə tutur, təhsil müddəti də əmək pensiyası təyin edildikdə iş stajı kimi hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsi 9.5.1-ci maddədən fərqli olaraq xidmət illərinə görə pensiya hüququnun yaranması üçün təqvim ili üzrə staj anlayışından istifadə etməmişdir. Digər tərəfdən, prokurorluq işçilərinin qulluq illəri üzrə yaşa görə pensiya hüququnu müəyyən edərkən prokurorluq işçilərinin məhz prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı müəyyən müddət (hazırda 35 il, əvvəllər isə 25 il) qulluq stajı olmasını müəyyən etmir. Halbuki, oxşar tələb 9.7.1, 9.7-1, 9.7-2-ci maddələrdə müvafiq olaraq ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında qulluq keçmiş şəxslərlə bağlı təsbit edilmişdir. Məhz bu göstərilənlər təhsil müddətinin pensiya hesablanması üçün prokurorluq orqanlarında qulluq illərinə daxil edilməsini şərtləndirir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək qulluq stajı 21.08.1993-cü il tarixdən hesablandıqda 23 il 10 ay 10 gün olur. Lakin təhsil müddətini (5 il 8 gün) nəzərə aldıqda, 21.07.1988-ci il tarixdən pensiya stajının hesablanması müddəti başlanmalıdır. Buna uyğun olaraq 01.07.2017-ci il tarixədək 28 il 10 ay 18 gün staj toplanır. Bu isə yaşa görə əmək pensiyası hüququn (25 il qulluq illərin nəzərə alsaq) 13.08.2013-cü il tarixdə yarandığını göstərir. Yuxarıdakılara əsasən, iddiaçı tərəfindən cavabdehə müraciət edərək, pensiya təyin edilməsi xahiş etmişdir. Cavabdeh tərəfindən 25.11.2020-ci il tarixli **********4 nömrəli məktub göndərilmiş, məktubda qeyd edilmişdir ki, 01.07.2017-ci il tarixədək prokurorluq orqanlarında qulluq stajı 25 ildən az olduğundan iddiaçıya prokurorluq işçisi kimi pensiya təyin edilməsi mümkünsüzdür. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən – “Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi və vəkili İ.Şahverdiyev iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi M.Həsənov iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1971-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. TB-İ seriyalı 095261 nömrəli fərqlənmə diplomunun təsdiq olunmuş surətinə əsasən, X3 1988-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuş və 1993-cü ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Daşkəsən rayon Məhkəməsinin 2-269/2005 nömrəli 20.12.2005-ci il tarixli qətnaməsi ilə Daşkəsən rayon VVAQ şöbəsi tərəfindən X2 adına verilmiş doğum haqqında şəhadətnaməsində “Əhmədov” kimi qeyd edilmiş soyadına dair qeydiyyatı dəyişdirilməklə, soyadı “Dilavərli” kimi qeyd edilməsi qət edilmişdir. 0021743 nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, Dilavərli (Əhmədov) Dilavər Mirzəhəsən oğlu 21.08.1993-cü il tarixdən Kürdəmir rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, 22.08.1994-cü il tarixdən – müstəntiq, 27.11.1994-cü il tarixdən Əli-Bayramlı şəhər prokurorluğunun baş müstəntiq, 24.03.1997ci il tarixdən Ağdaş rayon prokurorunun köməkçisi, 29.06.2001-ci il tarixdən Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru, 07.06.2003-cü il tarixdən 22.01.2007-ci il tarixədək Daşkəsən rayon prokuroru, 07.03.2007-ci il tarixdən Yevlax rayon prokurorluğunun prokuror-kriminalist, 12.03.2007-ci il tarixdən Bakı şəhəri Suraxanı rayon prokurorunun köməkçisi, 14.02.2013-cü il tarixdən Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi, 16.11.2016-cı il tarixdən 13.09.2018-ci il tarixədək həmin rayon prokurorunun böyük köməkçisi vəzifəsində çalışmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25.11.2020-ci il tarixli, **********4 nömrəli məktubuna əsasən bildirilmişdir: “Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir (Qanunun preambulası). Həmin Qanunun 9.4.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək olan redaksiyasında göstərilirdi ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixindən yuxarıda göstərilən maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən 1 iyul 2017-ci il tarixinədək prokurorluq orqanlarında qulluq stajınız 25 ildən az olduğundan sizə prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İddiaçı həmçinin iddia tələbini təsdiq edən sübutlar qismində məhkəməyə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli 2-1(102)-1707/2017 nömrəli qərarın, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin məktublarının və Doğum haqqında şəhadətnamənin surətlərini təqdim etmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır,xx.xx.1971-ci il təvəllüdlüdür, 1988-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuş və 1993-cü ildə orada hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 21.08.1993-cü il tarixdə prokurorluq orqanlarına işə qəbul olunmuş, 22.01.2007-ci il tarixdən 07.03.2007-ci il tarixədək müddətdə sərəncamda olmuş, 13.09.2018-ci il tarixdə prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı cavabdehə müraciət edərək 12.08.2013-cü il tarixdən, yəni 42 yaşından yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 7-ci maddəsinə (yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri)əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin faktiki hallarına əsasən 1971-ci il təvəllüdlü iddiaçı ona 2013-cü ildən, yəni 42 yaşından prokurorluq işçisi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 9.4-cü maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində “prokurorluq işçiləri” anlayışı verilmişdir. Belə ki, prokurorluq işçiləri - prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorlarıdır “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində( Prokurorluq orqanlarında qulluq keçmə) göstərilmişdir:”1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür.1.2. Prokurorluq işçilərinin qulluq keçməsi "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prokurorluğun fəaliyyət prinsiplərinə əsaslanır. Prokurorluq orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər.” İş materiallarına əlavə edilmiş əmək kitabçasına əsasən iddiaçının 01.07.2017-ci il tarixinə prokurorluq orqanlarında qulluq stajı 23 il 10 ay 10 gün, yaşa görə əmək pensiyasının təyin edilməsini istədiyi 13.08.2013-cü il tarixinə isə cəmi 19 il 11 ay 23 gün təşkil edir. İddiaçının onun hüquq fakültəsində aldığı təhsil müddəti də qulluq stajına daxil olması barədə dəlili ilə məhkəmə razılaşmır. Məhkəmə qeyd edir ki, təhsil müddəti ümumi iş stajına daxil edilən müddət olsa da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bu müddətin prokurorluq orqanlarında qulluq stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə görə məhz prokurorluq orqanlarında müəyyən qulluq stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiasının hüququ əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının 13.08.2013-cü il tarixdən yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı 13.08.2013-cü il tarixdən yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar