Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4144/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili X3 iştirakı ilə İddiaçı Mixaylovnanın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının mənzillə təmin edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Mixaylovna cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının mənzillə təmin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2046/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı Mixaylovnanın yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota alınması qərara alınmışdır. Cavabdeh Sosial Xidmətlər Agentliyinin 1 noyabr 2023-cü il tarixli məktubu ilə iddiaçının oğlu ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi növbədənkənar mənzillə təmin olunmasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və belə qənaətdədir ki, inzibati orqanın vəzifəli şəxsinin hərəkətsizliyi onun qanuni mənafeyini və mənzil hüququnu pozur. Müvafiq hüquq müəyyənedici sənədlərdən müəyyən olunur ki, iddiaçı 21 noyabr 1978-ci il tarixdə Bakı şəhəri Xətai rayonu qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmaqla X6 ilə nikaha daxil olmuşdur. 11 il müddətində əri ilə Bakı şəhərində birgə yaşamışdır və onlar eyni təsərrüfat aparmışlar. Birgə nikahdan 20 noyabr 1981-ci il tarixdə Bakı şəhərində X4 doğulmuşdur. X2 1990-cı ilin 20 Yanvar faciəsi zamanı həlak olmuş və Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixli 695 saylı «20 Yanvar Şəhidi fəxri adının təsis edilməsi haqqında» Fərmanına uyğun olaraq ona “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunda göstərilən güzəşt və imtiyazdan istifadə etmək hüququndan yararlanmaq üçün 1993-cü ildə Bakı şəhəri Sabunçu RİH-ə mənzil almaq üçün verdiyi ərizə təmin edilmiş və o, müvafiq üçota alınmışdır. 15 iyun 1996-cı il tarixdə oğlu ilə birlikdə İsrail dövlətinə köçmüşdür və onlar Təl-Əviv şəhərində yaşamışlar. 10 avqust 2021-ci il tarixdə barəsində “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında“ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. 2019-cu ilin dekabr ayından daimi yaşamaq üçün oğlu ilə birlikdə Bakı şəhərinə köçüb, baldızı X5 mülkiyyətindəki mənzilində qeydiyyata alınmışdır. Həmin vaxtdan oğlu ilə birgə kirayədə yaşayırlar. Ayrıca yaşayış sahəsi ilə təmin edilməsinə dair cavabdehə rəsmi müraciəti təmin edilməmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 saylı Şərəncamı ilə 2014-cü ilin yanvarın 1-dən 2023-cü il yanvarın 1dək mənzil növbəsində olan şəxslərə 2025-ci ilədək mənzil verilməsi nəzərdə tutulduğuna görə iddiaçını yalnız 2025-ci ildən sonra mənzillə təmin edə bilərlər. Həmin imtina iddiaçının konstitusion mənzil hüququnun məhdudlaşdırır və qanunsuzdur. İddiaçının 78 yaşı var və hazırda ağır xəstədir. “20 Yanvar“ şəhid ailəsi üçün təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdündən başqa müstəqil qazancı da yoxdur. Oğlunun davamlı qazancı və təqaüdü ilə ayrıca mənzil almaq mümkün deyildir. Şəhid ailəsinin üzvləri olmaqla dövlət hesabına mənzillə təmin edilməsinə təxirəsalınmaz ehtiyac var. Hazırda ölkə üzrə cəmi 145 “20 Yanvar” şəhid ailəsi yaşamaqdadır və həmin ailələr içərisində az sayda olan mənzilsiz ailələrdən biridir. Göstərilənlərə və İPM-in 2.2.2, 33.1-ci maddələrinə əsaslanaraq, İddiaçı Mixayılovnanın “20 Yanvar Şəhidi“ ailə üzvi kimi 3 otaqlı ayrıca mənzillə təxirə salınmadan təmin edilməsi öhdəliyinin cavabdeh Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Sosial Xidmətlər Agentliyinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş 29 fevral 2024-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı Mixaylovnanın iddiası əsassız hesab olunur və təmin edilməməlidir. «Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılmış və «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) «Sosial xidmət haqqında» Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» 20 iyun 2014-cü il tarixli 569 nömrəli və «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020 – 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Bakı şəhəri Suraxanı RİH-dən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 20 iyun 2023-ci il tarixdən 2 nəfər ailə tərkibi ilə (özü və oğlu) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındığı göstərilmişdir. 20 yanvar şəhidinin arvadı İddiaçı yuxarıda adıçəkilən Sərəncamda göstərilən tarixdən (1 yanvar 2014 – 1 yanvar 2023-cü il) sonra uçota alındığından mənzil təminatının həyata keçirilməsi mümkün deyildir. Yuxarıda qeyd olunanlara münasibətdə İddiaçı Mixaylovnanın tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, iddianın rədd edilməsi xahiş olunur. İş materiallarından görünür ki, iddiaçı tərəf məhkəməyə əlavə ərizə (iddia ərizəsi) təqdim etmişdir. Ərizədə Bakı şəhəri Suraxanı RİH üçüncü şəxs qismində göstərilmiş və iddianın «Bakı şəhəri Suraxanı RİH-in 20 iyun 2023-cü il tarixli 125 nömrəli sərəncamı dəyişdirilməklə iddiaçının və oğlunun 11 fevral 2022-ci il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin üçüncü şəxs Bakı şəhəri Suraxanı RİHin üzərinə, sərəncamın icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunması xahiş edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlmişlər, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X7 iddianın dəyişdirilməsinin qəbul olunmasını xahiş etdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın dəyişdirilməsinin qəbul olunmasını xahiş etdi və iddianı müdafiə etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın dəyişdirilməsinin qəbulundan imtina olunmalı və iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 54.1-ci maddəsinə görə cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir, 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir, 2.0.6-cı maddəsinə görə isə, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: - (1.1) 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; - (1.2) yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020 – 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respoublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi»nin 3.1.16-cı bəndinə görə dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aiddir. Göründüyü kimi, İddiaçı Mixaulovnan hazırkı iddianı cavabdeh inzibati orqan Sosial Xidmətlər Agentliyinə qarşı qaldırsa da, onun hüquqi marağı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma vaxtı dəyişdirilərək (2023-cü il yanvarın 1-dək olan dövrə) Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamının 1-ci bəndinin təsiri altına düşən şəxs sayılmaqla müvafiq mənzillə təmin olunmasıdır. Onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə sərəncam isə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2046/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qərarı əsasında həmin iş üzrə cavabdeh inzibati orqan Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulmuş öhdəliyin icrası çərçivəsində verilmişdir. Belə olan halda, iddiaçının hüquqi marağı baxımından hazırkı iddia əlverişli qiymətləndirilmir. Daha dəqiq desək, bununla bağlı, uçota alınma tarixinin dəyişdirilməsi məqsədi olduğu halda hazırkı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iddia qaldırılması səmərəli müdafiə vasitəsi sayıla bilməz. Odur ki, iddia mümkünsüzdür. İddianın dəyişdirilməsinə gəldikdə isə, inzibati məhkəmə icraatında müvafiq iddia növü üzrə mübahisə çərçivəsində cavabdeh qismində icraata cəlb olunmayan qurumun inzibati aktının dəyişdirilməsi, eləcə də icraata cəlb olunan üçüncü şəxsin üzərinə yeni inzibati akt qəbul etmək öhdəliyinin qoyulması yol verilən hal olmadığından, məhkəmə dəyişikliyin qəbulunu məqsədəuyğun hesab etmir. İddia mümkünsüz olduğu və iddianın dəyişdirilməsinin qəbul olunmadığı halda, Bakı şəhəri Suraxanı RİH də inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlbinə zərurət qalmır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 54.3-cü maddəsinə görə iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4144/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4144/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver