Məhkəmə qərarları › İş №2-1(112)-4145/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4145/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4145/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, X1nun, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X1nun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsi) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsi və bundan sonra mətndə X16 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X16 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********4434 №li və xx.xx.2020-ci il tarixli **********5148 №li “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsinə dair qərarçıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixli, **********4434 nömrəli və xx.xx.2020-ci il tarixli, **********5148 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlara əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarlarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən hər iki qərar ləğv olunmalıdır. Belə ki, X16 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********3040 nömrəli qərarı ilə operativ vergi yoxlaması həyata keçirilmişdir. Yoxlama həyata keçirilərkən operativ vergi yoxlaması barədə sənədlər qanunamüvafiq olaraq təqdim edilməmişdir. Həmçinin sənədlərin təqdim olunmasından tərəflərindən imtina edilməmişdir. Yoxlama aktında adları qeyd olunan fiziki şəxslərlə aralarında xidməti müqavilələr olmuşdur. Lakin yoxlama həyata keçirilərkən ondan həmin xidməti müqavilələr və digər sənədlər tələb olunmamışdır. Yoxlama aktında nə yazdıqları barədə ona məlumat vermədən, akt tərtib etmişlər. Vergi orqanının əməkdaşları həmin aktla onu tanış etməmişdirlər. Hətta bəzi boş blanklara imza etdirmişlər. Ümumiyyətlə həmin aktı rəsmi olaraq ona təqdim etməmişlər. xx.xx.2020-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etdikdən sonra həmin akt rəsmi qaydada ona göndərilmişdir. Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi zaman vergi qanunvericliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Vergi orqanının əməkdaşları xx.xx.2020-ci il tarixində obyektdə olarkən heç bir nağd əməliyyat etmədən kassa çeki tələb etmiş, sonra da bildirmişlər ki, kassaya vurulmama əməliyyatıdır. Kassaya vurmamağa görə cərimə yazılacağını bildirmişlər. Faktiki olaraq həmin vergi əməkdaşı onlardan heç nə almamış və nağd ödəniş etməmişdir. Onlar fəaliyyət göstərdikləri vaxtdan bu günə kimi bütün əməliyyatları kassaya vurmuşlar. Daha sonra vergi orqanının əməkdaşları xidmət göstərən şəxslərə yaxınlaşaraq, onlardan izahatlar almağa başlamış, müəssisədə işləməyən, yəni xidməti müqavilələr əsasında xidmət göstərən şəxslərdən izahat alarkən o, vergi orqanının əməkdaşlarına öz etirazını bildirmişdir. Lakin onlar etirazlara məhəl qoymadan müəssisədə işləməyən şəxslərin məcburi qaydada izahatlarını almış və sonradan akta əlavə etmişlər. Vergi orqanının əməkdaşları tərəfindən yoxlamaya əsas verən sənədlər ona təqdim olunarkən onların mahiyyətini ona izah etmədən onlara imza etdirmişlər. Həmin sənədlərin mahiyyətinin nədən ibarət olduğunu soruşduqda, tərtib olunan aktla bağlı olduğunu demişlər. Vergi orqanının əməkdaşları xx.xx.2020-ci il tarixli VN seriyalı 003695 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” və xx.xx.2020-ci il tarixli 006520 nömrəli “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması barədə” aktları tərtib etmişlər. Həmin aktın bir nüsxəsini qəbul etmiş, lakin mahiyyətini bildikdən sonra aktın əlavəsini qəbul etməmişdir. Çünki operativ vergi nəzarəti zamanı vergi orqanı tərəfindən tərtib olunmuş aktda adları qeyd olunan şəxslər həmin obyektdə xidməti müqavilə əsasında işlədikləri halda, onların adları aktda əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) göstərilməsi kimi qeyd olunmuşdur. Onlardan məcburi qaydada izahatlar alınmışdır. Nəzarət tədbirinin nəticəsinə görə akt onun iştirakı ilə tərtib olunmamışdır. Sadəcə olaraq aktı kənarda tərtib etmişlər və həmin aktla tanış edilməmişdir. Qərarlarla elektron kargüzarlıq vasitəsi ilə tanış olmuşdur. Vergi qanunvericiliyinin tələbləri vergi orqanı tərəfindən kobud şəkildə pozulmuş, akt onun tərəfindən imzalanmış kimi qəbul edilmiş və nəticədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar 45 gün əvəzinə 6 günə çıxarılmışdır. Məsuliyyət məsələsinə baxılması üçün o, vergi orqanına dəvət edilməmişdir. Bununla əlaqədar olaraq xx.xx.2020ci il tarixli şikayət ərizəsi (AVİS qeydiyyatı: xx.xx.2020-ciil tarixli **********435200 nömrəli) ilə Vergilər Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, Uçot-baza məlumatına əsasən iddiaçının xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin "Yeməklərin satışı ilə əlaqədar sair xidmətlərin göstərilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. Vergi orqanının xx.xx.2020-ci il tarixli **********3040 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “Xal-xal” kafesində operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama zamanı 5 (beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2020-ci il tarixli VN seriyalı 003695 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, bundan əlavə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, xx.xx.2020-ci il tarixli VN seriyalı 006520 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edildiyi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli VN seriyalı 006520 nömrəli akt əsasında xx.xx.2020-ci il tarixli **********4434 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək, vergi ödəyicisinə 1.000,0 manat, xx.xx.2020-ci il tarixli VN seriyalı 003695 nömrəli akt əsasında xx.xx.2020-ci il tarixli **********5148 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq, vergi ödəyicisinə 10.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qəbul olunmuş qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr cavabdehin xx.xx.2020-ci il tarixli **********013400 və xx.xx.2020-ci il tarixli **********608100 nömrəli məktubları ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktublar poçtdan geri qayıtmamış və elektron qutuda müvafiq olaraq xx.xx.2020-ci il tarixdə saat 09:15-də və xx.xx.2020-ci il tarixdə saat 10:05də oxunmuşdur, (yazışmalar əlavə olunur). İddiaçı öz ərizəsində vergi orqanının operativ vergi nəzarəti tədbirini kobud pozuntulara yol verməklə həyata keçirdiyini, yoxlama nəticəsində tərtib edilmiş aktların qanunauyğun şəkildə ona təqdim edilmədiyini əsas gətirərək sözügedən qərarların ləğvini məhkəmədən xahiş etmişdir. İddiaçının qeyd etdiyinin tam əksinə olaraq, yoxlama nəticəsində tərtib edilmiş aktlar fərdi sahibkarın özü tərəfindən imzalanmışdır. Belə ki, iddiaçı vergi orqanı tərəfindən aşkar olunmuş nöqsanların doğruluğunu imzası ilə təsdiq etmiş və aktların bir nüsxələrini imzası ilə təsdiq etməklə qəbul etmişdir. Həmçinin operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı izahat verərək, yoxlama zamanı obyektdə olan 5 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanmadığını, lakin qısa müddət ərzində bağlanacağını bildirmişdir. Bununla belə, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli **********435200 nömrəli şikayət məktubu ilə vergi orqanına müraciət edilmiş, yuxarıda qeyd olunan məqamlar təkrarlanmaqla vergi orqanından barəsində tərtib edilmiş qərarları və tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi xahiş edilmişdir. İnzibati araşdırma zamanı iddiaçının ictimai iaşə fəaliyyəti ilə məşğul olmasına baxmayaraq İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu aparmadığı, xx.xx.2020-ci il tarixdə gün ərzində kafedə sahibkarlıq fəaliyyəti göstərildiyi halda, nəzarət-kassa aparatına yalnız saat 19:20də operativ vergi nəzarəti tədbirinin nəticələrinə görə vergi orqanı əməkdaşları tərəfindən 1-ci çeklə 32,0 manat məbləğin mədaxil edildiyi, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanda yerləşən kafedə vergi üstünlüyü əldə etmək məqsədi ilə vergidən yayınma sxemi yaratdığı aşkar edilmişdir. Belə ki, eyni təsərrüfat subyektinin xx.xx.2019cu il tarixdə vergi ödəyicisi X2 (VÖEN **********) adından qeydiyyatdan çıxarılaraq xx.xx.2019-cu il tarixdə iddiaçının təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyata alındığı, bundan əlavə eyni nəzarət-kassa aparatının və əmək müqaviləsi üzrə işçilərin E.Rüstəmovun adından çıxarılaraq iddiaçının adına qeydiyyata alındığı müəyyən edilmişdir. Araşdırma üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar nəticəsində vergi orqanı tərəfindən “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli **********209900 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; X8 xx.xx.2019-cu ildə********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bakı şəhəri X16 üzrə Baş İdarəsinin operativ vergi nəzarətinin keçirilməsi haqqında **********3040 №li xx.xx.2020-ci il tarixli qərarı ilə X5 məxsus ünvan 2 ünvanında 1) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi 2) “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış və yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyeastri”ndə xx.xx.2020-ci il tarixdə KY201439122 nömrə ilə qeydə alınmışdır. Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edlmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********3052 saylı tələbnamə X1na xx.xx.2020-ci il tarixdə təqdim olunmuş, sənədlərin və nümunələrin götürülməsi haqqında eyni tarixli **********3055 saylı qərar qəbul edilmiş, vətəndaşlar X7 və İnsanov Rövşən Rəfail oğlunun iştirakı ilə VN seriyalı 000825 saylı xx.xx.2020-ci il tarixli sənədlərin götürülməsi haqqında protokol tərtib edilərək, əmək müqaviləsinin bildirişləri adlı sənədləri götürmüşdür. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı vergi nəzarətinin nəticəsi haqqında VN seriyalı 003695 saylı xx.xx.2020-ci il tarixli Aktdan və ona əlavədən görünür ki, 5 nəfər fiziki şəxsin (X6, X10, X11, X18 və X12) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuşdur və qeyd edilən akt iddiaçı Vüsal İbrahimov tərəfindən imzalanaraq qəbul edilmişdir. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında VN seriyalı 006520 saylı xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, cavabdeh vergi orqanının əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli qərara əsasən f/s X5 məxsus ünvan 1 ünvanda yerləşən “Xal-xal” kafesində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən xx.xx.2020-ci il tarixdə saat 19:15-də yemək yeməyə görə 32,0 manat pul ödənilmiş, bunun müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Saat 19:20-də dövriyyədən yayındırılan məbləğ 32,0 manat 1 nömrəli çeklə NKA-nın fiskal yaddaşına bərpa olunmuşdur. “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********4434 №-li qərarla vergi ödəyicisi X8 tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunaraq, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1.000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********5148 №-li qərarla vergi ödəyicisi X8 tərəfindən “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunaraq, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 10.000 (on min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisi üzrə operativ vergi nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarətkassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri X16 üzrə Baş İdarəsinin operativ vergi nəzarətinin keçirilməsi haqqında **********3040 №li xx.xx.2020-ci il tarixli qərarda “Tanış oldum, imza, İbrahimov Vüsal S.” qeyd olunsa da, qərarda operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən həmin qərarın vergi ödəyicisinə nə vaxt təqdim edildiyi qeyd olunmamış və bununla da Vergi Məcəlləsinin 50.4-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin vergi orqanı tərəfindən vergi ödəyicisinə operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2020-ci il tarixli tələbnamə xx.xx.2020-ci il tarixdə təqdim olunduğu halda Vergi Məcəlləsinin 42.1-ci maddəsinin tələblərinə zidd olaraq vergi ödəyicisinə yoxlama üçün zəruri olan sənədlərin təqdim olunması üçün qanunla müəyyən edilmiş (1 gün) vaxt verilməmiş, sənədlərin və nümunələrin götürülməsi haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilərək və sənədlərin götürülməsi haqqında protokol tərtib edilərək əmək müqaviləsinin bildirişləri adlı sənədləri götürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xidmət müqavilələrindən görünür ki, qeyd olunan müqavilələr X8-“Sifarişçi” ilə “İçraçı”lar X6, X10, X11, X18 və X12 arasında “İcraçı”lar tərəfindən “Sifarişçi”nin sifarişi əsasında sifarişçiyə məxsus “Kafe”də Sevis xidməti (kafedə müştərilərə xidmət) işinin görülməsi ilə bağlı bağlanmışdır. xx.xx.2020-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, adıçəkilə şəxslərin hər birinə 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2020-ci ilin İ rübü üçün ödəmə mənbəyindən tutulan vergi bəyannamələrində (Əlavə 1 də) ödəmə mənbəyindən vergi tutulan fiziki şəxslər kimi yuxarıda adları qeyd olunan şəxslər göstərilmişdir. Bundan əlavə cavabdeh inzibati orqan X1 tərəfindən əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydasının pozulması barədə akt tərtib etsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış və məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmamışdır. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X16 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********4434 №li və xx.xx.2020ci il tarixli **********5148 №li “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər X16 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********4434 №li və xx.xx.2020-ci il tarixli **********5148 №li “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ləğv olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar