Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4146/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********3507 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Buna səbəb həmin vaxt aparılmış operativ vergi yoxlaması zamanı Dialab klinikasında nəzarək-kassa aparatının olmaması göstərilmişdir. İddiaçı MMC tərəfindən vergi orqanının həmin qərarla tövsiyəsi nəzərə alınaraq və qanunvericiliyin tələblərinə riayət edilərək xx.xx.2022-ci il tarixdə əhali ilə pul hesablaşmalarının aparılması məqsədi ilə tibb müəssisəsi nəzarət-kassa aparatı ilə təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh orqan tərəfindən Dialab klinikasında aparılmış operativ vergi nəzarəti zamanı vergi məcəlləsinin 50.8-ci maddəsinin tələblərinin pozulmasına dair Akt tərtib edilsə də, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinin pozulmasına dair cavabdeh orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, həmin Aktda qeyd edildiyi kimi, hüquqi şəxsin rəhbəri obyektdə olmadığı üçün qərarla tanış etmək, aktı imzalamaq və bir nüsxəsini təqdim etmək mümkün olmadığı üçün həmin Akt, poçt vasitəsi ilə iddiaçıya göndərilmiş, lakin aktda göstərildiyi kimi, hazırki mübahisənin əsas maddi sübutu olan NKA çeki Akta əlavə olunmamışdır. Bu səbəbdən İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinin pozulması cavabdeh orqan tərəfindən sübuta yetirilmədiyi üçün **********3507 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Eyni zamanda, İddiaçı MMC tərəfindən müştəriyə təqdim etdiyi çekdə Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tərkibini yaratdığı hal olarsa, bu hal Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinin təkrarlıqla bağlı tərkibini yaratmır. Belə ki, cavabdeh orqan tərəfindən əvvəlki operativ vergi yoxlaması zamanı tərtib olunmuş Aktla İddiaçı MMC tibb müəssisəsində nəzarət-kassa aparatının olmamasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda isə nəzarət-kassa aparatı mövcutdur və Aktda göstərildiyi kimi, NKA çeki müştəriyə təqdim edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********3507 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul edilmiş və vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verdiyi üçün 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Daha sonra Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2960 nömrəli qərarına əsasən “DİALAB" MMC tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət edilməsi məqsədilə təkrar operativ vergi nəzarəti tədbiri keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 53, məhəllə 2942, giriş 4, mərtəbə 1 ünvanında yerləşən İddiaçı’ klinikasında keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən “qanın ümumi analizinə" görə ödənilmiş 15 manat məbləğ üzrə nəzarət-kassa aparatına çek vurulmuş və həmin çekin Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. Vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli Akt tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 3000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********3507 saylı qərar qəbul edilmişdir. Bunlarla yanaşı operativ vergi nəzarəti zamanı vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi nəzarət tədbirində iştirak etmədiyindən qərarla tanış etmək və aktı imzaladaraq bir nüsxəsini təqdim etmək mümkün olmamışdır. Daha sonra vergi ödəyicisinə elektron üsulla göndərilmiş xx.xx.2022-ci il tarixli əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında Akt xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuş və təqdim olunmuş sənədlərə münasibət bildirməsi üçün 30 gün müddət gözlənildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni müddət ötürülmədən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı **********3507 saylı, xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2001-ci ildə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********4616 nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********2960 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçınə (VÖEN **********) məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 53, məhəllə 2942, giriş 4, mərtəbə 1 ünvanında yerləşən DİALAB klinikasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - KY221793658 nömrəli xx.xx.2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi göstərilmişdir. - DVX seriyalı 017371 nömrəli, xx.xx.2022-ci il tarixli əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktdan görünür ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 53, məhəllə 2942, giriş 4, mərtəbə 1 ünvanında yerləşən DİALAB klinikasında klinik tibb bacısı kimi özünü təqdim edən X1 iştirakı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilmiş və müəyyən edilmişdir ki, quraşdırılmış ********** zavod nömrəli “Verifone X990” markalı nəzarət-kassa aparatı İN yanında DVX-nin Bakı şəhər KSBSBİ-nin xx.xx.2021-ci il tarixli **********1 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. Əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunur. xx.xx.2022-ci il tarixdə, saat 14:40-da **********- 20001 kodlu obyektdə operativ vergi nəzarəti zamanı müştəri tərəfindən “qanın ümumi analizinə" görə ödənilmiş 15 manat nağd şəkildə ödəniş olunmuş, ödənilmiş məbləğ müqabilində müştəriyə NKA çeki təqdim olunmuşdur. Araşdırma zamanı çekə baxış keçirilmiş və VM-nin 50.8-ci maddəsinin tələblərinin pozulduğu aşkar edilmişdir. İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il, 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları"nın 8.3.16-cı bəndinin tələbləri pozulduğuna görə iddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmiş, vergi qanunvericiliyinin tələblərinə riayət olunması tövsiyə olunmuşdur. Aktı tərtib edənlər aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Hüquqi şəxsin rəhbəri obyektdə olmadığı üçün qərarla tanış etmək və aktı imzaladaraq bir nüsxəsini təqdim etmək mümkün olmamışdır. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3507 nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirməklə, onun ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri digər hallarla yanaşı aşağıdakı qeyd olunan halların aşkar edilməsi üçün həyata keçirilir: - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Həmin Məcəllənin: -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. - 50.7-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. - 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X4); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi -7.1-ci bəndinə görə bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə görə əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə əsasən vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə əsasən NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X6), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə görə alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. -7.12-ci bəndinə görə işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. -7.15-ci bəndinə görə əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. İşin sadalanan hallarından aydın olur ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması hallarının aşkar edilməsi məqsədilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış, bu barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş, yoxlama yuxarıda istinad olunan normaların tələblərinə uyğun aparılmış, operativ vergi nəzarəti zamanı aşkar edilmiş hüquqpozma aktlaşdırılmış, həmin hüquqpozmaya görə məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmiş, bu hüquqpozmanın təqvim ili ərzində ikinci dəfə törədilməsi mübahisəsiz olmuş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu bildirməklə onun ləğvini tələb etsə də, həmin qərarın ləğvinə əsas ola biləcək hər hansı bir əsaslı dəlilə istinad etməmişdir. Belə ki, iddiaçı əsas maddi sübut olan NKA çekinin Akta əlavə olunmadığını bildirsə də, cavabdeh həmin çeki məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 901 nömrəli həmin qəbzin surətindən görünür ki, orada vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünva, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ, cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) malın sürətli məlumat kodu (X4), ödənilmiş məbləğ, ödənişin forması və üsulu (nağd), çekin növü (satış), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi göstərilsə də, malın və ya xidmətin (işin) adı göstərilməmişdir. İddiaçı həmçinin iddia ərizəsində əvvəlki operativ vergi yoxlaması zamanı tərtib olunmuş Aktla İddiaçı MMC tibb müəssisəsində nəzarət-kassa aparatının olmamasına görə, hazırda isə NKA çekində göstərilən məlumatlara görə məsuliyyətə cəlb edildiyinə istinad edərək hüquqpozmanın təqvim ili ərzində ikinci dəfə baş vermədiyini bildirmişdir. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır və qeyd edir ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, qanunverici VM-nin 58.7-ci maddəsi ilə vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət müəyyən etmiş, bu pozuntuya həm nəzarət-kassa aparatlarının quraşdırılmaması, həm də Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edilməsi aid edilmişdir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə iddiaçının istinad olunan hüquqpozmanı törətdiyi müəyyən olunduğundan, bu hal iddiaçı tərəfindən də təkzib edilmədiyindən məhkəmə hesab edir ki, vergi orqanının Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə istinadən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarı əsaslı və qanuni olmuşdur, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4146/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4146/2023
06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver