Məhkəmə qərarları › İş №2-1(112)-4147/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4147/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4147/2023 07.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 11 iyun 1997-ci ildən 27 fevral 2018-ci il tarixə qədər prokurorluq orqanlarında xidmət etmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən 5 ilin və ya son 2 ilin əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməlidir. 10 mart 2017-ci il tarixdə qanuna edilmiş dəyişiklik nəticəsində o, almalı olduğu pensiya məbləğindən az məbləğdə yəni son 2 ilin orta aylıq əmək haqqısının 80 faizi əvəzinə, həmin məbləğin 68 faizi məbləğində pensiya alır. Halbuki əmək fəaliyyətinə başladığı vaxt və sonrakı 20 ilə yaxın müddətdə prokurorluq işçilərinin əmək pensiyaları qeyd edilən qaydada hesablanmamışdır və əmək fəaliyyətinə başladığı vaxt gələcəkdə pensiyanın hazırkı qaydada hesalanacağı ona məlum olmamışdır. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən qulluq stajına görə əlavə təyin edilməsi hüququnun qazanılması üçün minimum qulluq müddətinin tamamlanmasından başqa yaş həddinin tamamlanması və yaşa görə prokurorluq orqanlarından azad edilmə tələb edilir. Həmin şərtlərin tamamlanması isə 25 fevral 2018-ci il tarixdə tamamlanır ki, həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya hesablanmışdır. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx xxxxxx 1958-ci il təvəllüdlüdür. Əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, iddiaçı dövlət məvacibinin 67 faizi miqdarında prokurorluq işçisi kimi yaşa görə pensiya almaqdadır. Həmin şəxsə pensiyanın təyin edildiyi tarix 25 fevral 2018-ci il tarixdir. Cavabdehə ünvanlanmış müraciətdən görünür ki, iddiaçı 10 mart 2017-ci il tarixə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş qanunvericiliyin tələbinə uyğun olaraq əmək haqqının 80 faizi miqdarında pensiyanın təyin edilməsini tələb etmişdir Cavabdehin imtina məktubundan görünür ki, cavabdeh yaş həddinin tamamlanmaması və yaşa görə prokurorluq orqanlarından azad edilmənin mövcud olmaması səbəbindən müraciətin təminindən imtina etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun: 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; [33] 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Qeyd olunur ki, adıçəkilən Qanunun 20.8.3-cü maddəsində qeyd edilirdi ki, prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Lakin, həmin maddə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. İşin faktiki hallarından isə görünür ki, hazırkı inzibati mübahisə məhz ləğv edilmiş maddənin iddiaçıya münasibətdə tətbiq edilməli olub-olmaması ilə bağlıdır. Belə ki, pensiya işindən də göründüyü kimi iddiaçı dövlət məvacibinin 67 faizi miqdarında prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası almaqdadır ki, ləğv edilmiş maddənin tətbiqi nəticəsində onun pensiyası məvacibin 80 faizi miqdarında olacaqdır. İddiaçı da məhz həmin maddənin ona münasibətdə də qazanılmış hüquq kimi yanaşılması və tətbiqini iddia edir ki, cavabdehin imtinasının əsasında isə qulluq müddəti tamamlansa da yaş həddinin və yaşa görə prokurorluq orqanlarından azad edilmə halının 10 mart 2017-ci il tarixdən sonra, yəni maddənin ləğvindən sonra 25 fevral 2018-ci il tarixdə tamamlanması ilə bağlıdır. Məhkəmə hazırkı inzibati mübahisə üzrə cavabdehin mövqeyini əsaslı olması qənaətində olmaqla bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadının: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 28 yanvar tarixli qərar: “Hüquq normalarının zamana görə qüvvəsinin təsnifatı, ilk növbədə, hüquq normasının ictimai münasibətlərə təsirinin hüquqi qüvvəsinin əhəmiyyətini görməyə, digər tərəfdən isə əvvəlki və yeni normalar arasında zamana görə yarana biləcək ziddiyyətləri aşkar etməyə imkan yaradır. Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqsız müdaxiləsindən qoruyur. Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcədən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər. Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il tarixli 27 mart qərar: Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publikhüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır”. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqların müdafiəsi hüquqi dövlətin ən vacib ünsürlərindən biri olmaqla hüquqi təhlükəsizliyi və ədaləti təmin edən prinsipdir. Hüquqi təhlükəsizlik prinsipi qanunvericilikdə tez-tez dəyişiklik etməklə hüquqi müəyyənliyi pozmağın qarşısını almağa yönəlir. Buna görə, hüquq normalarının qüvvəsinin geriyə şamil edilməsi qazanılmış hüquqlara toxunmamanı tələb edir, beləliklə də, şəxslərin əsas hüquq və azadlıqlarının təminat altına alınmasına nail olunur. Hüquq normalarının qüvvəsinin geriyə şamil edilməməsi normaların zaman baxımından tətbiqi ilə bağlı əsas ümumi prinsiplərdən biridir. Bu prinsip ümumən normanın qüvvəyə mindiyi tarixdən əvvəlki münasibətlərə tətbiqini qadağan etməklə, yeni tənzimləmənin ancaq qüvvəyə mindiyi tarixdən sonra yaranmış hadisələrə tətbiqini mümkün edir. Prinsip özündə hazırda baxılan məsələyə münasibətdə iki məqsədə xidmət edir – həm şəxslər, həm də inzibati orqanlar üçün proqnozlaşdırıla bilən bir vəziyyət və idarəçilik qaydası yaratmaq; bir hüquqi vasitə kimi şəxslərin konkret subyektiv hüquqlarının həyata keçirilməsini təmin etmək. X1, eləcə də həmin Qərardadda hazırkı mübahisə üzrə şərhi nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarlarındakı mövqe konkretdir. Şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Qazanılmış hüququn anlayışından da göründüyü kimi qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu hüquq olan qazanılmış hüququn qanunvericiliyin dəyişdirilməsinə dək yaranmış olması mütləqdir. Bu onunla bağlıdır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Lakin, hazırkı mübahisə üzrə iddiaçının dövlət məvacibinin 80 faizi miqdarında əmək pensiyasının təyin edilməli olmasına münasibətdə hər hansı hüququn qazanılmasından söhbət gedə bilməz. Belə ki, şəxsə prokurorluq işçisi kimi pensiyanın hər hansı qaydada hesablanması üçün ilkin olaraq şəxsin ümumiyyətlə prokurorluq işçisi kimi pensiya hüququ mövcud olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinə görə isə 35 il qulluq etmiş prokurorluq işçiləri və ya yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri həmin hüquqa malik olmuşdur. Adıçəkilən Qanunun əvvəlki redaksiyalarında 25 il sözlərinin 35 il sözləri ilə əvəz edilməsi, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ yaranması, 12 il 6 ay sözlərinin 17 il 6 ay sözləri ilə əvəz edilməsi də iddiaçının prokurorluq orqanlarında 11 iyun 1997-ci il tarixdən xidmətə başlaması və 27 fevral 2018-ci il tarixədək işləməsi halı nəzərə alınmaqla onun hüquqi vəziyyətinə təsir etməmişdir. Belə ki, iddiaçının ümumi prokurorluq stajı 20 il 8 ay 16 gün olmuş və o, yaşa görə pensiya hüququnu 60 yaşının tamam olduğu 25 fevral 2018-ci il tarixdə qazanmışdır ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən prokurorluq işçilərinin əmək pensiyasının hesablanması qaydasında uyğun olaraq ona pensiyanın hesablanması həyata keçirilmişdir. Göründüyü kimi qanunvericiliklə edilən dəyişikliklər nəticəsində pensiya hüququnun müdafiəsi üçün zəruri olan qazanılmış hüququn mövcudluğundan söhbət gedə bilməz. Belə ki, iddiaçı qanunvericiliklə edilən dəyişikliklərə görə prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilmə hüququna malik olmamış, ona həmin hüquq 25 fevral 2018-ci il tarixdən verilmişdir ki, həmin hüququn yarandığı dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq da pensiya təyin edilmişdir. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar