Məhkəmə qərarları › İş №2-1(112)-4147/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4147/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4147/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitoring İdarəsi və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “cavab məktubunun qanunsuz hesab edilməsi və müstəqil ekspertlərin iştirakı ilə yenidən ölçmə işlərinin aparılması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitoring İdarəsi və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 3-1412-Kol-2215-3/2024 (29 oktyabr 2024 tarixli) cavab məktubunun qanunsuz hesab edilməsi və müstəqil ekspertlərin iştirakı ilə yenidən ölçmə işlərinin aparılması vəzifəsinin Ekologiya Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixindən iddiaçılar yaşayan “Xətai-36 MMC”yə məxsus yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyətə başlayan “Megastore” Supermarketin binanın həyətində yerləşdiridiyi soyuducu kompressorları yüksək gurultulu və fərqli tonallıqda çalışaraq sakinləri narahat etdiyi üçün xx.xx.2023-cü il tarixində Elektron ünvan 1 ünvanından Elektron ünvan 2 ünvanına məktub göndərilib. xx.xx.2023 tarixində Ekologiya Nazirliyinin əməkdaşı Emin Hüseynli və digərləri tərəfindən ölçmə işləri aparılıb. Emin Hüseynli ilk dəfə kompressorlara baxış keçirərkən market müdiri Elmar müəllimə bildirmişdir ki, bu kompressorlar standarta uyğun deyil və dəyişdirilməlidir. Elmar müəllimin “İzolyasiya edərik” sözünə cavab olaraq Emin Hüseynli bildirmişdir ki, buna heç nə fayda verməyəcək. Həmin gün səs ölçmə işləri aparımış və səsin normadan artıq (70-75 Dba) olduğu müəyyənləşdirimişdir. Bu ölçmə prosesi M.Ruhəngiz və monitorinq idarəsi tərəfindən video lentə alınıb. Amma, çox çətinliklə xx.xx.2023 tarixində e-mailə X2 İdarəsindən (XKMİ) nəticə haqda məktub ala bildilər. Məktubda sadəcə səsin normadan artıq olduğu qeyd olunmuşdu, nəticənin və normanın neçə olduğu haqda heç bir məlumat yazılmamışdı.xx.xx.2023-cü il tarixində market rəhbərliyi kompressorları izolyasiya etsə də səsin azalması müşahidə olunmadı. Səs ölçmə işləri üçün yenidən Ekologiya Nazirliyinə müraciət olundu və xx.xx.2024 tarixində Ekologiya Nazirliyinin sektor müdiri Mikayıl Cabbarov və digər əməkdaşlar Emin Hüseynli, Həsən-zadə Zəki və Əhmədov Rabil tərəfindən ölçmə işləri aparıldı, bu səfər səsin guya min57 max59 dba olduğu və səsin guya “norma daxilində” olduğu çıxarıldı. Ölçmə prosesi M.Ruhəngiz və monitorinq əməkdaşları tərəfindən lentə alınıb. xx.xx.2024 tarixində XKMİ-dən aldıqları məktubda 796 saylı Fərmanda Cədvəl 1 -in 13-cü bəndi əsas götürülmüş, ölçmə aktında qurğunun divara bitişik olduğu üçün 796 saylı fərmanın 5-ci qeydi nəzərə alınacağı qeyd edilsə də, nəticə məktubunda normalara -5 düzəliş olunmamışdı . Norma LA.max 60- 70dba qeyd olunmuşdu. Qeyd edirlər ki, 796 saylı fərmana əsasən LA.max və LA.ekv daimi olmayan səsin parametrləridir (bənd 2.2). Daimi səsin norma parametrləri isə L və LA-dır (Bənd 2.1). 24 saat işləyən daimi səsi nə üçün daimi olmayan səsin norma parametrilə verilməsinə dair irada cavab olaraq, Mikayıl Cabbarov bildirib ki, onlarda daimi səsi ölçən cihaz yoxdu. xx.xx.2024 tarixində M.Ruhəngizin mənzilində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşları tərəfindən aparılan ölçmə zamanı isə səs səviyyəsi normadan artıq - 44.5 Dba (gündüz norması 35 Dba,796 saylı fərman bənd 1,) olduğu müəyyən edildi. Bununla bağlı Səhiyyə Nazirliyinə, Şəhərsalma Komitəsinə və Xətai rayon İcra Hakimiyyətinə məktub ünvanlansa da tədbir görülmədi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə şəxsən müraciət olunduqdan sonra, kompressorlar divardan söküldü. Şəhərsalma Komitəsinin əməkdaşları kompressorlara baxış keçirərkən, market müdiri Elmar müəllim onlara bildirdi ki, Ekologiya Nazirliyi səsi ölçüb və səs norma daxilindədir. Bu zaman komitənin əməkdaşları bildirdilər ki, bu səs normada ola bilməz, səs çoxdur, sökülməlidir. M.Ruhəngiz Ekologiya Nazirliyinin sənədini onlara göstərərək bildirib ki, norma 60-70 deyil, 55-45 dir(LA). Onlar da normanın gündüz 55, gecə 45 olduğunu təsdiqləyiblər. (796 saylı fərman Cədvəl 1, bənd 13) xx.xx.2024 tarixində kompressorlar divardan sökülərək, sakinlərin etirazına baxmayaraq, əvvəlki vəziyyətinə paralel, binanın divarlarından təxminən 10 metr və təxminən 2 metr hündürlükdə dirəklər üzərində quraşdırıldı. Bu zaman kompressorların izolyasiya qurğusu açıldı. Binadan aralanmasına baxmayaraq səs azalması müşahidə olunmadı. xx.xx.2024 tarixində qonşular adından Ekologiya Nazirliyinə yenidən müraciət olundu. xx.xx.2024 tarixində Emin Hüseynli və başqaları tərəfindən aparılan ölçmə aktına imza atılmadı. Səbəb: Şumomerin səs istiqamətinə tutulmaması, ekranda 158 görsəndiyi halda, səsin nədənsə 56 Dba olduğu deyilməsi və s. Bu ölçmə prosesi ekologiya əməkdaşı tərəfindən video lentə alınıb. xx.xx.2024 tarixində e-mailə aldığı nəticə məktubunda isə səsin 54.6Dba olduğu və bu zaman 796 saylı fərmanda Cədvəl 1-in 16-cı bəndi əsas götürüldüyü qeyd olunub, norma 60Dba kimi göstərilmişdir. Qeyd edirlər ki, 796 saylı fərmanda Cədvəl 1-in 16-cı bəndi yaşayış qrupları meydançasında cəmləşən insanlarçun nəzərən müəyyən edilir və bu bənddə gecə norması yoxdur. Bundan əlavə, səsin tonal olmasına baxmayaraq 796 saylı fərmanın 4- cü qeydi nəzərə alınmamış və səsin tonal olmadığı vurğulanmışdır. Saxta ölçmə aktı ilə bağlı Ekologiya Nazirliyinə etiraz məktubları, Muxtar Babayevə, Rəşad İsmayılova şikayət məktubları yazılıb, nəticə olmayıb. Bundan əlavə, Ombudsman aparatına ünvanlanan məktuba cavab olaraq bildirilib ki, 796 saylı fərmanda Cədvəl 1-ə istinad edilib və 16-cı bənd ifadəsi yazılmayıb. XKMİ-dən ünvanlanan elektron məktublarda elektron imza olmayıb, sadəcə idarənin rəisi Ceyhun Muradovun imzası olub. Səs ölçmə işləri aparan müstəqil şirkətlərlə - Azecolab Şirkətindən Farid bəylə(**********), Səhhət klinikasından Laura xanımla (**********), Cimex Azərbaycan Şirkətindən Arif bəylə əlaqə (**********) saxlanılıb, ödənişlə səs ölçmə islərinin aparılması xahiş olunub. Hər 3 şirkət imtina edərək bildirib ki, onlar bu məsələlərə qarışmırlar və məhkəmələrdə qalmaq istəmirlər. xx.xx.2024 tarixində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşları tərəfindən mənzil 2, mənzil 9 və mənzil 10-da ölçmə işləri aparılıb. Bu zaman səs və küy nəticələri normadan artıq müəyyən olunub: mənzil 2-də 46.5 Dba, mənzil 9 və 10-da 45 Dba olmuşdur, (gündüz norması 40 dBa,gecə norması 30dba). xx.xx.2024 tarixində Respublika Gigiyena və Epidemiologiya mərkəzindən aldıqları məktubda, səs-küyün yol verilən səviyyədən yüksək olması ilə bağlı, laborator müayinələrin nəticəsi aidiyyəti üzrə baxılması üçün Ekologiya və Təbii sərvətlər Nazirliyinə göndərildiyi qeyd olunur. xx.xx.2024 tarixində, səhər saat 09:35 radələrində M.Ruhəngiz XKMİ ilə əlaqə saxlayıb, ordan bildiriblər ki, Səhiyyə Nazirliyindən onlara göndərilən məktuba cavab məktubu artıq hazırdır, göndəriləcək. xx.xx.2024 tarixində XKMİ-dən aldığımız məktubda səsin 55-58Dba çıxdığı, normanın 60 Dba olduğu yazılıb. 796 saylı fərmanda hansı bəndə əsasən normanın 60 Dba kimi götürülməsi qeyd olunmayıb. Bundan əlavə, şikayət ərizəsində adları və əlaqə nömrələri keçən sakinlərlə heç kim əlaqə qurmayıb, onların iştirakı olmadan ölçmə aparılıb. Məktubda havalandırma sistemindən 7-10 metr məsafədə harda və nəyi ölçdükləri,ölçmənin kimlər tərəfindən aparılması naməlum saxlanılıb. Bundan əlavə, 1.Kompressorların səsi bina sakinlərini gecə vaxtı da narahat etməsinə baxmayaraq, bu ərazidə gecə normasının nə qədər olduğu araşdırılmayıb. 2.24 saat işləyən kompressorların yaratdığı səsin 796 saylı fərmana əsasən daimi yoxsa, daimi olmayan olduğu araşdırılmayıb. 3.796 saylı fərmanın 1-ci qeydində vurğulanır ki, Səs-küyün səs təzyiqi, səsin ekvivalent enerjisi və maksimal səviyyələri X3 və Tələbləri (DÜST) 17187 və beynəlxalq praktikada qəbul edilmiş metodikalardan istifadə etməklə müəyyən edilir. Bu halda, ölçmə prosesinin hansı metodikaya əsasən aparılması və hansı X4 istinad edilməsi qeyd olunmayıb. (ГOCT23337-2014,MCH 2.xx-xx-2005 və s.) 4.796 saylı fərmanın 4-cü qeydində vurğulanır ki, Tonai və (və ya) impuls xarakterli səs-küydə səs təzyiqi, səs səviyyəsi, səsin ekvivalent səviyyələrinin yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən aşağı, yəni -5dB (dBA) düzəlişlə götürülməlidir. Bu halda, Kompressorların səsinin tonal olub-olmaması araşdırılmayıb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar hazırkı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq İdarəsinin iddiaçılara ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığınız 3-14/1 -M-2521 -3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, İD:20500 nömrəli, xx.xx.2023-cü il tarixli, İD:2O837 nömrəli, 3-14/1-M-22-3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-14/1-M-2521/2- 3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-14-25/1-M- 550/2-3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli eyni məzmunlu müraciətləriniz Azərbaycan Respublikasının Prezidentinin 8 iyun 2008-ci il tarixli, 796 nömrəli fərmanın 1-ci cədvəlinin 13-cü bəndi (yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, qocalar və əlillər üçün internat evlərinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilərdə nüfuzedici səs-küy normalarının ölçülməsi) və 13 fevral 2009cu il tarixli, 52 nömrəli fərmanı rəhbər tutularaq həyata keçirilmiş, fərmanlarda qeyd olunan qərar və normalar nəzərə alınaraq sizə təqdim edilmişdir. Ətraf mühitə yayılan səs-küy ölçmələri PCE-322A (OKSK 22907 sertifikatlı) səs-küy analizatoru vasitəsilə həyata keçirilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq İdarəsinin iddiaçılara ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında fəaliyyət göstərən “Megastore” marketin soyuducu qurğularından gələn səsküyün narahat etməsi ilə bağlı eyni məzmunlu müraciətlərə əsasən xx.xx.2024-cü il tarixində sizin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə tərəfimizdən monitorinq keçirilmişdir. Araşdırma zamanı “Megastore” supermarketinə məxsus olan soyuducu kompressorların əvvəllər binaya bitişik şəkildə quraşdırılması müəyyən olunmuşdur. Hal- hazırda isə bu soyuducu kompressorlar sizin şikayətiniz əsasında market rəhbərliyi tərəfindən yaşayış binasından təxmini olaraq 13-15 metr kənarda quraşdırılmışdır. Şikayətlə bağlı qeyd olunan ərazidə səs-küy səviyyəsini müəyyənləşdirmək məqsədilə sertifikatlı cihaz (PCE-322A) ilə metodikaya uyğun olaraq ölçmə işləri aparılmış, nəticələrə əsasən səs-küy səviyyəsinin 54.6 dBA (norma 60.0 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində olduğu müəyyən edilmişdir. Ölçmə işləri zamanı “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilmäsi haqqında Azərbaycan Respublikası Prezidentinin 796 nömrəli 8 iyul 2008-ci il tarixli Fərmanının Cədvəl 1-in 16-cı bəndi əsas götürülmüşdür. Məlumat üçün bildiririk ki, “Megastore" supermarketinin fəaliyyəti zamanı marketə məxsus olan soyuducu kompressorlarda tonal və impuls xarakterli səs-küy müşahidə olunmamışdır. Mənzil daxilindən gələn səs-küy ilə bağlı şikayətinizə əsasən qeyd etmək istərdik ki, sözügedən şikayətinizlə bağlı nəzarəti Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2009-cu il tarixli 52 N-li Fərmanına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirdiyindən aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğundur. - Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" X6 iddiaçılara ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanda yaşayan İddiaçı1, İddiaçı3 və başqaları tərəfindən yaşadıqları binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən Megastore Supermarketə məxsus soyuducu sistemin səs-küyündən narahatlıq barədə, Səhiyyə Nazirliyinə daxil olmuş və baxılması üçün “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHS-də göndərilmiş şikayət ərizəsi araşdırılmışdır. Araşdırmalar zamanı şikayətçilərin mənzillərində səs-küyün səviyyəsinin laborator müayinəsi aparılmışdır. Müayinələrin nəticələrinə əsasən, 2 saylı mənzildə daimi səsin səviyyəsinin 46,5 dBA, (yol verilən səviyyə 40 dBA), 9 saylı mənzildə 45,0 dBA, 10 saylı mənzildə 45,0 dBA olması müəyyən edilmişdir. X1 evdə olmadığı bildirilmiş və onun mənzilində ölçmələr aparılmamışdır. Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalan"nın icrasının təmin edilməsi barədə 13 fevral 2009-cu il tarixli 52 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq, Xətai rayonu, M.Hadi küçəsi 68B ünvanda yaşayan İddiaçı1, İddiaçı3 və başqalarının mənzilinin qarşısında yerləşən Megastore Supermarketə məxsus soyuducu sistemin fəaliyyətindən yaranan səs-küyün yol verilən səviyyədən yüksək olması ilə bağlı, şikayət ərizəsi və laborator müayinələrin nəticələri aidiyyəti üzrə baxılması üçün Sizə göndərilir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq İdarəsinin iddiaçılara ünvanlanan xx.xx.2024-cü il tarixli 3-1412-Kol-2215-3/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ünvanladığınız "Megastore” supermarketin soyuducularının kompressorlarından gələn səs-küyün narahatlıq yaratması ilə bağlı kollektiv müraciətinizə əsasən xx.xx.2024-cü il tarixində, sabit hava şəraitində, saat 1400- 1500 radələrində marketin nümayəndəsinin iştirakı və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə monitorinq keçirilmişdir. Monitorinq müddətində müraciətinizdə qeyd olunan şikayətçilərdən İddiaçı2 ilə telefon əlaqəsi (050 511-95-04) saxlanılmış, lakin şikayətçi araşdırmada iştirak etməkdən imtina etmişdir. Ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə market fəaliyyətdə olan müddətdə havalandırma sisteminin yaxınlığından təqribən 7-10 metr məsafədə PCE-322A səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmış, nəticələrə əsasən səs-küy səviyyəsi 55-58 dBA (norma:60 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilində olduğu müəyyən olunmuşdur. Hazırkı tələblərində iddiaçılar 3-1412-Kol-2215-3/2024 (29 oktyabr 2024 tarixli) cavab məktubunun qanunsuz hesab edilməsi və müstəqil ekspertlərin iştirakı ilə yenidən ölçmə işlərinin aparılmasını tələb edərək cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət etmişlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Şəxsin məhkəmə müdafiəsi hüququna malik ola bilməsi üçün onun hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş olmalıdır. “Pozulma” anlayışına isə formal yanaşılmamalı, hər hansı zahirən hüquqların pozulması kimi görünən hallar, o cümlədən heç bir sübuta istinad edilmədən, deklarativ xarakterli mülahizələr məhkəmə müdafiəsi hüququnun realizəsini şərtləndirməməlidir. Hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında” Əsasnamənin: -1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra – torpaqların monitorinqi), bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (balıq və digər su bioresursları istisna olmaqla), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. -3.0-cı bəndinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirliyin vəzifələri aşağıdakılardır: 3.0.5. ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarət etmək;. 13 fevral 2009-cu il tarixl, 52 nömrəli “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə Fərmana əsasən:

1. Müəyyən edilsin ki, nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti aşağıdakı icra hakimiyyəti orqanları həyata keçirirlər: 1.2. həmin Cədvəlin 10-16-cı bəndlərinə münasibətdə - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi. “Vətəndaşların müraciətləri haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. -7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. -7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. -7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı maddələrinə əsasən: - 20.1 Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -31.1. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçıların yaşadığı yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyətə başlayan “Megastore” Supermarketin binanın həyətində yerləşdirdiyi soyuducu kompressorları yüksək gurultulu və fərqli tonallıqda çalışaraq sakinləri narahat etdiyindən, iddiaçıların şikayəti əsasında cavabdehin əməkdaşları tərəfindən monitorinq keçirilmiş və nəticədə “Megastore” supermarketinə məxsus olan soyuducu kompressorların binaya bitişik şəkildə quraşdırılması müəyyən olunmuşdur. Araşdırma nəticəsində soyuducu kompressorlar market rəhbərliyi tərəfindən yaşayış binasından təxmini olaraq 13-15 metr kənarda quraşdırılmışdır. Daha sonra iddiaçılar yenidən dəfələrlə eyni məzmunlu şikayətlə cavabdehə müraciət etmişlər. Sonuncu şikayətlərinə əsasən yenidən cavabdehlərin əməkdaşlarının birgə monitorinqi keçirilmiş və nəticədə ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə market fəaliyyətdə olan müddətdə havalandırma sisteminin yaxınlığından təqribən 7-10 metr məsafədə PCE-322A səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmış, nəticələrə əsasən səs-küy səviyyəsi 55-58 dBA (norma:60 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilində olduğu müəyyən olunmadığı aşkar edilmişdir. Bununla bağlı iddiaçılara Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq İdarəsinin xx.xx.2024-cü il tarixli 3-1412-Kol-2215-3/2024 nömrəli məktubu ilə cavab verilmişdir. Hazırkı iş üzrə iddiaçılar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq İdarəsinin sonuncu dəfə verdiyi xx.xx.2024-cü il tarixli 3-1412-Kol- 2215-3/2024 nömrəli məktubunun qanunsuz hesab edilməsini və yenidən ölçmə işlərinin aparılmasını inzibati məhkəmə icraatında tələb edirlər. İşdən görünür ki, iddiaçıların cavabdeh tərəfindən mübahisəli ərazidə quraşdırılmış soyuducu kompressorlarının səs-küy səviyyəsinin ölçülməsi ilə bağlı müraciətləri “Vətəndaşların müraciətləri haqqında” Qanun, “İnzibati icraat” haqqında Qanuna əsasən qeydə alınmış, dövlət nəzarəti çərçivəsində ölçmə işləri aparılmış və həmin müraciətlərlə bağlı cavabdehin hərəkətsizlik nümayiş etdirməsi müəyyən olunmamışdır. Başqa sözlə, hazırkı halda iddiaçıların müraciətləri ilə bağlı inzibati orqan tərəfindən inzibati akt, hərəkət və ya hərəkətsizliklə hüquqpozmaya yol verildiyi, bu əsasdan inzibati orqanla aralarında inzibati hüquq sahəsində hüquqi nəticə yaradacaq hər hansı inzibati mübahisənin mövcud olması müəyyən edilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçıların yenidən ölçmə işlərinin aparılması barədə tələbləri inzibati orqanla onlar arasında müstəqil inzibati mübahisəyə, iddiaçı tərəfin inzibati məhkəmədə inzibati orqana qarşı qaldırdığı tələb yekunda çatmaq istədiyi hüquqi nəticəyə birbaşa əsas vermir. Belə ki, bina sakinləri iddiaçı tərəfin hazırkı tələb üzrə hüquqi maraqları, yəni çatmaq istədikləri nəticə yüksək gurultulu və fərqli tonallıqda çalışaraq sakinləri narahat etdiyi üçünn “Megastore” supermarketinə məxsus olan soyuducu kompressorların həmin ərazidən götürülməsindən ibarətdir. Bu halda isə mübahisə bilavasitə iddiaçılar ilə soyuducu kompressorların quraşdırıcısı, mülkiyyətçisi arasında yaranır ki, bu isə həmin fiziki və ya hüquqi şəxslə mülki qaydada ümumi məhkəmədə baxılıb həll edilməli, həmin məhkəmə icraatında zəruri olduğu halda ölçmə işlərinin müvafiq ekspertlərin iştirakı ilə baxılaraq sübutların əldə edilməsi ilə həll oluna biləcək mülki mübahisədir. Beləliklə, hazırkı iddiası ilə iddiaçılar inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Buna görə də iddia tələbi mümkün iddia kimi qəbul edilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar