Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4148/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin pul tələb etməsi hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıdan 320 832,07 vergi və 62 159,75 manat faiz borcu, cəmi 382 832,07 manat tələb etməsi hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı yaşayış binasının tikintisi fəaliyyəti ilə məşğul olub. 2018-ci ildə qüvvədə olmuş vergi qanunvericiliyinə əsasən iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olub. Tələb olunan vergi məbləği ilə bağlı iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsi yaranıb və kooperativ vergi orqanının qanunsuz qərarının ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mübahisənin mahiyyətini isə inşa olunan yaşayış binasının vergi tutulmasına cəlb edilməli sahəsi təşkil edir. İddiaçı cavabdehin vergi hesablanması barədə qərarının ləğvi ilə bağlı məhkəmədə iddia qaldırıb. Birinci instansiya və apelyasiya məhkəmələrində işə baxılaraq İddiaçı MTK-nın xeyrinə qərarlar qəbul olunub. İş kassasiya instansiyası məhkəməsində olarkən cavabdeh iddiaçının mübahisələndirdiyi **********077200 saylı 05 noyabr 2019-cu il tarixli qərarını özü ləğv edib, lakin 05 yanvar 2021-ci il tarixdə iddiaçıya **********8 saylı bildiriş göndərərək əlavə olaraq 320 832,07 vergi və 62 159,75 manat faiz borcu, cəmi 382 832, 07 manat ödəməsini tələb edib.İddiaçı Vergi Məcəlləsinin vergi öhdəliyi yaranan vaxt qüvvədə olmuş 219.3-cü maddəsinin və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.1-ci bəndinin tələblərinə uyğun olaraq hesablanmış vergini dövlətə tam ödəyib.Cavabdeh isə vergi və faiz tələb edərkən isə həmin hüquq normalarının tələblərini pozaraq tikilən binanın sahəsini əsassız və qanunsuz olaraq artıq, 14 726, 41 kv.m göstərib.Vergi Məcəlləsinin 219.3-cü maddəsinin tələbinə görə: “Bina tikintisi ilə məşğul olan şəxslər üçün dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.Cavabdeh isə vergini hesablayarkən tikilən binanın hər mərtəbəsinin ümumi sahəsini deyil, binanın tikinti sahəsini əsas götürüb. Lakin qanunverici yaşayış binasının mərtəbəsinin ümumi sahəsi ilə binanın tikinti sahəsi arasında fərq müəyyən edib. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, cavabdeh aşağıda qeyd edilən hallara əsasən iddia tələbinin mümkünlük barədə tələblərə cavab vermədiyini hesab edir: iddiaçının şəxsi hesab vərəqəsinə nəzər yetirdikdə müəyyən olunur ki, mübahisələndirilən borc məbləğinin yaranması əsası vergi orqanı tərəfindən 2018-ci ilin 2-ci rübü üçün “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” (bundan sonra BTSV) üzrə kameral qaydada qəbul edilən qərardır. Belə ki, vergi ödəyicisi tərəfindən 2018-ci ilin 2-ci rübü üzrə 10.07.2018-ci il, 02.09.2019-cu il, 04.10.2019-cu il, 04.06.2020-ci il, 27.07.2020ci il, 14.08.2020-ci il və 24.09.2020-ci il tarixlərdə BTSV bəyannamələri təqdim edilmiş və həmin bəyannamələr üzrə kameral qaydada yoxlama aparılmaqla müvafiq olaraq 16.08.2018-ci il, 27.09.2019-cu il, 05.11.2019-cu il, 21.08.2020-ci il və 30.09.2020-ci il tarixli kameral qərarlar qəbul edilmişdir. Bildirilir ki, 2018-ci ilin 2-ci rübü üçün BTSV üzrə qüvvədə olan və vergi ödəyicisinə əlavə verginin məbləğinin hesablanmasını nəzərdə tutan 30.09.2020-ci il tarixli **********986100 saylı qərardır. Odur ki, iddiaçı qarşıya qoyulmuş məqsədə çatmaq üçün mübahisələndirmə haqqında iddia vasitəsilə qüvvədə olan sonuncu qərarın ləğvini məhkəmədən tələb etməlidir. Lakin iddiaçı iddia tələbini borcun tələb edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi şəklində qoyaraq, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsi ilə müəyyən edilmiş heç bir iddia növünə uyğun gəlməyən iddia ilə məhkəməyə müraciət etmişdir. Mövcud olan borcun vergi orqanı tərəfindən tələb edilməsinə yönəlmiş hərəkətlər vergi orqanının qanunvericiliklə müəyyən edilmiş hüququ olduğundan, həmin borcun tələb edilməsinin qanunsuz hesab edilməsinə dair iddia tələbi düzgün müəyyən edilməmişdir. Belə ki, vergi borcunun silinməsi üçün həmin borc ya ümidsiz borca aid olmalıdır və ya borcun yaranma əsası olan qərar ləğv edilməlidir, iddiaçının mübahisələndirdiyi borc məbləği ümidsiz borc hesab edilmədiyindən, həmin məbləğin silinməsi üçün yaranma əsası olan inzibati akt ləğv edilməlidir. Odur ki, iddia tələbi borcun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi kimi deyil, inzibati aktın ləğvi kimi qoyulmalıdır. Həmçinin bildirilir ki, borc məbləğinin yaranması əsası olan 30.09.2020-ci il tarixli **********986100 saylı qərar 01.10.2020-ci il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və vergi ödəyicisi tərəfindən 02.10.2020-ci il tarixdə oxunmuşdur. Göründüyü kimi iddia inzibati prosessual qanunvericiliklə inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Başqa sözlə, qeyd edilən inzibati aktın mübahisələndirilməsi üçün son müddət 01.11.2020-ci il tarixinə təsadüf etdiyinə baxmayaraq iddiaçı qeyd edilən müddət ərzində həmin qərarı mübahisələndirməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edək şəxslərim izahatlarını dinləyib, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddiaçının tələbi onun barəsində hesablanmış vergi borcunun cavabdeh tərəfindən tələb edilməsinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, qeyd edilən vergi borcu kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərar (inzibati akt) əsasında hesablanmışdır. Odur ki, İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkəmə tərəfindən iddiaçının hüquqi marağı qiymətləndirilərək, ona hüquqi yardım göstərilmiş, tələbin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş ərizə verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, iddiaçı iddiada qeyd etdiyi borcun cavabdeh tərəfindən tələb edilməsinin qanunsuz hesab edilməsi ilə deyil, həmin borcun hesablanmasına (yaranmasına) səbəb olan inzibati aktı mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inziabti məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4148/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4148/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver