Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4149/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, X4 Ullahın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz hesab edilməsi, qaçqın statusu verilməsi barədə vəsatətin təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Ullah cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-290/1 nömrəli xx xxxxxx 2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə X4 Ullahın İQ- 07/2 nömrəli xx xxxxxx 2020-ci il tarixli vəsatətini təmin edərək X4 Ullaha və ailə üzvünə (arvadı, xx.xx.1997-ci il təvəllüdlü Mohammadi Nazia) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ- 07/2 nömrəli xx xxxxxx 2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilərək, X4 Ullahın “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilməsi, iddiaçıya və ailə üzvünə (arvadı xx.xx.1997-ci il təvəllüdlü Mohammadi Nazia) qaçqın statusu verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, X4 Ullah Qəzni vilayəti sakini olmuş, arvadı Nazia ilə sonuncunun ailəsinin razılığı olmadan qaçmaq yolu ilə evlənmişdir. Buna görə onların hər ikisi təqib edilmək riski altındadırlar. Belə ki, Nazianın ailəsi onunla evlənməsinə etiraz etmişdir. Hazırda iddiaçının qaynı onu və arvadını təqib edir. Bundan əlavə iddiaçı həzara olduğuna görə Əfqanıstanda anti-həzara silahlı qruplaşmaları tərəfindən təqib riski altındadır. İddiaçı 2019-cu ilin sentyabr ayında Azərbaycana gəlmiş, xx xxxxxxx 2019-cu sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparmışdır. İddiaçı arvadı ilə qeyri-məqbul formada evləndiyinə görə onun ailəsi tərəfindən təqib edilməkdən qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. xx xxxxxx 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-07/2 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatəti rədd edilmişdir. İddiaçı cavabdehin qərarından inzibati şikayət vermiş, 86 saylı xx.xx.2020-ci il qərarla inzibati şikayət rədd edilmişdir. Şikayət instansiyası qərarı ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianın təmin edilməsinə etiraz edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin «qaçqın statusunun verilməsi haqqında» vəsatətin təmin edilməməsinə dair qərarını ailə münasibətləri zəminində yaranmış vəziyyətlə bağlı Əfqanıstanda qala bilmədiyi, qayıdacağı təqdirdə təzyiqlərə məruz qalacağı, həmçinin milliyyətinə görə təqib olunacağı və zorakılığa məruzə qalacağı səbəbindən ölkəsinə geri qayıtmaq istəmədiyi üçün razılaşmır və qərarın qanunsuz hesab edilərək, ona və ailə üzvünə qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından və iddiaçı tərəfindən verilmiş müsahibədən görünür ki, ərizəçi ölkəsini qaynı Əbdülxaliq tərəfindən təhdid olunması səbəbindən tərk etdiyi, arvadı Nazianı təxminən 5 il əvvəl qaçırdığını göstərsə də, lakin nə onun özünün, nə də ailə üzvlərinin konkret olaraq qayını tərəfindən nə Əfqanıstanda yaşadıqları 2 il, nə də İranda yaşadıqları 2 il ərzində təhdidə və təqibə məruz qalmadıqları məlum olmuşdur. İddiaçının dediklərindən müəyyən edilmişdir ki, o, Əfqanıstanda yaşadığı 2 il ərzində iş tapa bilməmiş, bu səbəbdən də ailə üzvləri ilə birlikdə (arvadı və qayınanası) İrana getmiş, orada tikintilərdə bənna kimi işləmişdir. Buna görə də ərizəçinin ölkəsini tərk etməsi və qayıdacağı təqdirdə təzyiqlərə məruz qalacağı ilə bağlı gətirdiyi səbəblər inandırıcılıq baxımından qeyri-məqbul hesab edilmişdir. İddiaçı həmçinin milliyyətcə həzara olduğuna görə Əfqanıstanda anti-həzara silahlı qruplaşmaları tərəfindən təqib riski altında olduğunu göstərsə də, lakin inzibati icraat materiallarından həmçinin məlum olmuşdur ki, iddiaçı və onun ailə üzvü vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini etiqadlarına görə təqib olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. Göstərilən dəlilləri məhkəmə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş İQ-07/2 nömrəli xx xxxxxx 2020-ci il tarixli «Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında» qərarı qanuni və əsaslı hesab edir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçılara münasibətdə əsaslı qərar qəbul edilmişdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə qanunsuz hesab edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçıların həmin qərarların qanunsuz hesab edilməklə qaçqın statusunun verilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmAlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4149/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4149/2020
19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver