Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4149/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X4 (Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi, ev 5, mənzil 6) iştirakı ilə, İddiaçı X4 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanılması haqqında sərəncamın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X9 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanılması haqqında sərəncamın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanda yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 noyabr 1970-ci il tarixdə V.Nikulkinlə nikaha daxil olaraq sonuncunun yaşadığı mənzilə köçmüşdür. Mənzilin ilkin orderi qayınatası Panteley Nikulkinin adına olmuş, onun vəfatından sonra 16.05.1969- cu il tarixdə Anastasiya Nikulnika ilə müqavilə bağlanılmış, şəxsi hesab vərəqəsi dəyişdirilmişdir. Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 1976-cı il tarixli qərarı ilə iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir. Qayınası və əri 2018-ci il tarixdə vəfat etmiş, bundan sonra iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə mənzilin hesab vərəqəsinin onun adına dəyişdirilməsi, onunla kirayə müqaviləsinin bağlanılmasına dair müraciət edilmiş, Təsərrüfat Birliyinin N58, 16.11.2018-ci il tarixli əmri ilə ünvan 2 ünvanda yerləşən mənzilin şəxsi hesab vərəqəsi onun adına dəyişdirilmişdir. İddiaçı qeyd edir ki, həmin mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması niyyətindədir. Lakin DƏDRXnin 1 Saylı Ərazi İdarəsi müraciətə o əsasla imtina vermişdir ki, mənzilə dair hüquqmüəyyənedici sənəd mövcud deyil. İddiaçı hesab edir ki, həmin hüquqmüəyyənedici sənədin, yəni kirayə müqaviləsinin onun adına verilməsi üçün hər cür əsas müəyyən edilmişdir. Doğrudur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınma üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin bu zaman nəzərə alınmalıdır ki, sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Bu səbəbdən də barəsində 2009-cu ilin oktyabrın birindən sonrakı tarixdə, yəni hal-hazırda mənzil kirayə müqaviləsinin bağlanılması ilə bağlı sərəncam qəbul edilə bilər. Göründüyü kimi o əvvəlki icarədarla birlikdə təsərrüfat aparan şəxs kimi, əvvəlki icarədar vəfat etdiyi halda, mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malikdir. Əks halda cavabdeh tərəfindən şəxsi hesab vərəqəsinin dəyişdirilməsi ilə bağlı müvafiq qərar da qəbul edilməzdi. Eyni zamanda 1976-cı il tarixli məhkəmə qətnaməsi əsasından da görünür ki mənzilə köçürülmə tələbi təmin edilmiş, həmin qətnamədə cavabdeh, o zaman mənzilin kirayədarı olan A.Nukilnika tərəfindən onun köçürülməsinə hər hansı etirazın olmaması barədə cavabdeh tərəfindən izahat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İşin hallarından müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi üzrə ünvan 1 ünvanda yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsini tələb edir. İddiaçı qeyd olunan tələb üzrə cavabdeh orqana müraciət etmiş, sonuncu halhazırda yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasının müəyyənləşdirilmədiyi əsası ilə iddiaçının müraciəti təmin etməkdən imtina etmişdir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsasszıdır və iddiaçının hüquqlarını pozur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Kirov rayon Xalq məhkəməsinin 12 yanvar 1976-cı il tarixli qərarına əsasən X4 övladları ilə birlikdə şəxsi hesab açmadan Kirov qəsəbəsi, A.Neymətulla küçəsi, ev 5 ünvanda yerləşən 6 saylı mənzilə köçürülməsi qərara alınmışdır. - Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 noyabr 2018-ci il tarixli, 58№li Əmrindən görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı 25.10.2018-ci il tarixli ərizəsinə əsasən qeydiyyatda olduğu və yaşadığı evin şəxsi hesab vərəqəsinin 29.01.2018-ci ildə vəfat etmiş qaynanası X1 adına olduğunu bildirmiş ki, əri Vladimir Panteleyiçin 23.08.2018-ci il tarixdə vəfat etməsini nəzərə alaraq, şəxsi hesab vərəqəsinin onun adını dəyişdirilməsini xahiş etmişdir. Təqdim olunan sənədlər araşdırılarkən məlum olmuşdur ki, Binəqədi rayonu A.Nemətulla küçəsindəki 5 saylı evin 6-cı mənzili 27.04.1952-ci il tarixli orderlə Nikulkin Panteley lvanoviçin adına verilmiş və müqavilə bağlanmışdır. İcarədar P.İ.Nikulkin 27.12.1959-cu ildə vəfat etdiyindən onun həyat yoldaşı X2 ilə 16.05.1969-cu il tarixli müqavilə bağlanmış və şəxsi hesab vərəqi onun adına açılmış, hazırda da A.Z.Nikulkinanın adınadır. Kirov rayon Xalq Məhkəməsinin 2-42 nömrəli, 12.01.1976-cı il tarixli qərarından görünür ki, X6 ünvan 5 ünvanındakı yaşayış sahəsinə istifadə hüquqları tanınmış, hazırda qeydiyyatda olduğu və yaşadığı mənzilə köçürülmüşdür. Hal-hazırda mənzil kirayəsi və kommunal xidmətlərə görə ödənişlər V.H.Nikulnina tərəfindən həyata keçirilməsini və qanunvericiliyin tələblərini, nəzərə alaraq ünvan 6 ünvanındakı 6-cı mənzilin şəxsi hesab vərəqi X4 adına dəyişdirilməsi qərara alınmışdır. -Bakı şəhəri Kirov VVAQ Şöbəsi tərəfindən verilən İİ-ЖГ №303095 saylı 17.02.1981-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Nikulkin Panteley İvanoviç 28.12.1959-cu il tarixdə vəfat etmiş və onun adına 28.12.1959-cu il tarixdə 24 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. - Bakı Səadət Sarayı tərəfindən verilən A3 №240170 saylı 21.11.1970-ci il tarixli evlənmək haqqında şəhadətnamədən görünür ki, X3 ilə X10 arasında 21.09.1970-ci il tarixdə nikaha daxil olaraq bu barədə akt qeydi aparılmışdır. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ №928249 saylı 29.01.2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 29.01.2018-ci il tarixdə vəfat etmiş və onun adına 28.08.2018-ci il tarixdə 1616 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. -1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ №966523 saylı 28.08.2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 28.08.2018-ci il tarixdə vəfat etmiş və onun adına 28.08.2018-ci il tarixdə 1616 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. - Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 noyabr 2018-ci il tarixli 58 №li Əmrindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzilin şəxsi hesab vərəqi İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 72 saylı MKİS tərəfindən verilən 97 №li 16 mart 2022-ci il tarixli Arayışdan görünür ki, ünvan 7 ünvanda yerləşən mənzilin sahibi (kirayəçisi) İddiaçıdır. O qeyd olunan mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və İddiaçı 1971-ci ildən, ailə üzvlərindən X5 1971-ci il tarixdən, X8 1993-cü ildən qeydiyyatdadırlar. X8 və X5 ünvan 7 ünvanda yerləşən 6 saylı mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına etiraz etmədiklərinə dair notarial qaydada razılıq ərizələri vermişdirlər. Məhkəmə araşdırması zamanı ünvan 8 ünvanında yerləşən 6 saylı mənzilin hansı qurumun balansında olması barədə cavabdehə sorğu ünvanlanmışdır. Sorğuya əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan cavab məktubunda Bakı şəhəri, Binəqədi rayonu, A.Nemətulla küçəsində yerləşən 5 saylı binaya Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidmət göstərdiyi, həmin binanın balansdaşıyıcısı barədə isə hər hansı qərarın aşkar edilmədiyi qeyd olunmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından, mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Kirov rayon Xalq məhkəməsinin 12 yanvar 1976-cı il tarixli qərarına əsasən övladları ilə birlikdə mübahisə predmeti olan mənzilə köçürülmüş, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 noyabr 2018-ci il tarixli 58 №li Əmrinə əsasən mənzilin şəxsi hesab vərəqi İddiaçı adına dəyişdirilmişdir. Hazırda da iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Mənzilin 1971-ci il tarixindən fasiləsiz olaraq iddiaçının və ailə üzlərinin istifadəsində olması, mənzilə dair kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə uzun illərdir ki, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə daimi qeydiyyatda olan şəxslər mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmir və bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni təqdim etmişdir. Göründüyü kimi iddiaçının həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq həmin yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yaranmışdır. Həmçinin iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə kirayə münasibətlərindədir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPMin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X9 ilə Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, ev 5 ünvanda yerləşən 6 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi vəzifəsi Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı X9 ilə Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, ev 5 ünvanda yerləşən 6 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi vəzifəsi Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4149/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4149/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver