Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4149/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1 Əbutalıb oğlu, X6, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Əbutalıb oğlu, X6, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Subtropik sovxozu ünvanına qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Subtropik sovxozu ünvanında qeydiyyatsız yaşayırlar. Qeyd olunan ünvanda yaşadıqları üçün həmin evə qeydiyyata düşmək istəyirlər. Bu məqsədlə onlar ərizə ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etmiş, sonuncu iddiaçıların müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçılar hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, onlar tərəfindən evə dair bütün lazım olan sənədlər cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Sərəncamda həmçinin, İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçılara qeydiyyata alınmaq istədikləri evə dair hüquqmüəyyənedici sənədlərin surətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçılar isə hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 Əbutalıb oğlu iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçıların qeydiyyatsız yaşadıqları ünvana köçmək üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlərin) inzibati orqana təqdim edilməsi təklif edilmiş, iddiaçı tərəfindən qeyd olunan sənədlər təqdim edilmədiyindən qeydiyyata alınması barədə müraciətləri təmin edilməmiş, onlara məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. - Daşınmaz əmlakın alıcı, satıcı və vasitəçi arasındakı müqavilənin surətindən görünür ki, evin sahibi X2 Baxşı Əbutalıb oğluna ünvanı Sabunçu rayonu, subtropik sovxoz kimi göstərilmiş evi xx.xx.2018-ci il tarixdə şahidlərin iştirakı ilə satmışdır. - 18660 nömrəli, xx.xx.2019-cu il tarixli tədiyyə (vergi) bildirişinin surətindən görünür ki, Maştağa bələdiyyəsi tərəfindən İddiaçı1 Maştağa qəsəbəsi, Subtropik sovxozundakı evə görə 157 manat əmlak və torpaq vergisi hesablanmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozu ünvanındakı fərdi yaşayış evinin qeydiyyata alınıb-alınmaması və hüquq sahibi barədə məlumatın verilməsinə dair sorğuya cavab məktubunda daşınmaz əmlakın dair dəqiq məlumat verildikdən sonra müraciətə baxıla biləcəyi qeyd olunmuşdur. - Məhkəmənin sorğusuna Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, subtropik sovxozu ünvanının dəqiq göstərilməməsi səbəbindən həmin evdə qeydiyyatda olan şəxslər barədə məlumat verilməsinin və onların qeydiyyata alınması üçün əsas olan sənədlərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, subtropik sovxozu ünvanında yerləşən sahibliklərində olan fərdi yaşayış evini X1 almışdır. Evə ünvan verilmədiyindən onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, eləcə də həmin evdə qeydiyyatda olan şəxslər barədə məlumat əldə etmək mümkün olmamış, iddiaçılar tərəfindən sözügedən evə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçılar yuxarıda göstərilən müqaviləyə, qeyd olunan evdə faktiki yaşadıqlarına və evə dair əmlak vergisinin ödəmələrinə istinad edərək həmin evə qeydiyyata alınmaları ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin imtinası əsaslı olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda- mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda- icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda- bu hüququn yaranmasına əsas olmuş sənədlər. Eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi "vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarından görünür ki, iddiaçıların qeydiyyata alınmasını xahiş etdikləri əmlak, həm də onun yerləşdiyi ünvan müvafiq reyestrdə qeydiyyata alınmamışdır. Həmçinin iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini nə inzibati orqana, nə də məhkəməyə təqdim etməmişlər. Halbuki, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması şəxsin məhz yaşadığı yaşayış sahəsi üzrə qeydiyyatı ifadə edir, hansı ki, həmin yaşayış sahəsi fərqləndirici rekvizit olan ünvana malik olmalıdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Yuxarıda istinad olunan normalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar evə qeydiyyata alınmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri sənədləri təqdim etmədiyindən cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilə bilməz. Odur ki, iddia təmin olunmamalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4149/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4149/2023
06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver