Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-415/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs BOKT "xxxx" MMC) “kompensasiya məbləğinin hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 29.12.2014-cü il tarixində 26 ay müddətinə BOKT "xxxx" MMC-dən götürmüş olduğu 2000 ABŞ dolları olmaqla xarici valyuta ilə olan kredit müqaviləsinin həqiqiliyinin təsdiq edilməsi və eyniləşdirilməsi məqsədi ilə ekspertizanın təyin edilməsi və həmin kredit xətti üzrə devalivasiya nəticəsində manatla artmış hissəsinin kompensasiya ilə ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası əsl cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə əvəz edilmişdir. Məhkəmə tərəfindən BOKT "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və BOKT "xxxx" MMC ilə onun arasında bağlanmış 29.12.2014-cü il tarixli 00737/7 saylı kredit müqaviləsi üzrə 1254,55 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 29.12.2014-cü il tarixli müqaviləyə əsasən BOKT Viator Mikrokredit Azərbaycan MMC-dən 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müəyyən edilən müddət ərzində kredit borcunu ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq o, müvafiq olaraq ödədiyi artıq pulların hesablanması və qaytarılması tələbi ilə cavabdehə təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat onun müraciətinə cavab olaraq kredit üzrə müqavilənin həqiqiliyinin və eyniləşdirilməsinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinin mümkün olduğunu bildirmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan BOKT "xxxx" MMC-nin Qazax filialı ilə kredit alan İddiaçı arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli, 00737/7 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, BOKT "xxxx" MMC-nin Qazax filialı tərəfindən İddiaçı 18 ay müddətinə illik 31.2 % hesablanmaqla 2.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən iddiaçıya ünvanlanmış 07.10.2019-cu il tarixli məktubda qeyd edilir: Sizin müraciətinizə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27.03.2019-cu il tarixində Palata tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsəs məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” (Qayda) təsdiq edilmişdir. Qaydanın 8.1-ci bəndinə uyğun olaraq, Fərmanın və Qaydanın tətbiqi ilə bağlı müraciətlərə sistemli, operativ baxılması, yaranan mübahisələrin həlli və vətəndaşların öz müraciətlərinə baxılma gedişatının istənilən vaxt online izlənilməsi məqsədilə Palata tərəfindən işçi qrup və Apellyasiya Komissiyası yaradılmışdır. Qaydanın 8.5-ci bəndinə əsasən, Apellyasiya Komissiyası fiziki şəxsə ödəniləcək kompensasiyaya və restrukturizasiya olunacaq kredit borclarına dair mübahisələrə, kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına dair mübahisələrə və Qaydanın tətbiqinə dair yaranan digər məsələlərə baxır və onlara dair qərar qəbul edir. Yuxarıda qeyd olunan müraciətlərə baxılmasının operativliyini təmin etmək məqsədilə Palata tərəfindən ak.fimsa.az elektron səhifə yaradılmışdır. Problemli kreditiniz ilə bağlı ünvanladığınız şikayətiniz hazırda Apellyasiya Komissiyası tərəfindən araşdırılır. Apellyasiya Komissiyası tərəfindən müraciətinizlə bağlı qəbul ediləcək qərarlarla tanış olmaq üçün mütəmadi şəkildə ak.fimsa.az elektron səhifəsi və pk.fimsa.az saytına daxil olmağınız xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyası tərəfindən iddiaçıya ünvanlanmış 12.10.2019-cu il tarixli elektron qərarda qeyd edilir: Sizin müraciətinizə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasında baxılmışdır. Cavab olaraq bildirilir ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciətiniz uzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin Sizin adınıza olmasının ınuəyyən edilməsi mümkün olmamışdır Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və eyniləşdirilməsinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, məsələnin baxılması məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan "xxxx" MMC Qazax filialı tərəfindən məhkəməyə ünvanlanmış 28.10.2021-ci il tarixli məktubda qeyd edilir: Müştəri İddiaçı ilə BOKT "xxxx" MMC arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixə əsas kredit borcu 1911,50 ABŞ dolları, 21.12.2015-ci il tarixə isə əsas kredit borcu 1294,46 ABŞ dolları məbləğində olmuşdur. Bunu təsdiq edən çıxarışın və kredit müqaviləsinin təsdiq olunmuş surətini məktuba əlavə edirik. Həmçinin onu da bildiririk ki, İddiaçı 28.03.2017-ci il tarixdə güzəştli əsasla borcunu ödəmişdir və hal-hazırda BOKT "xxxx" MMC-nə heç bir borc öhdəliyi yoxdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Belə ki, iddiaçının 29.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixə 1911,50 ABŞ dolları, 21.12.2015-ci il tarixə 1294,46 ABŞ dolları əsas borcu vardır. Belə olan halda ona hesablanacaq kompensasiya məbləği 1254,55 manat təşkil edir (1 ABŞ dollarına 0,25 manat olmaqla 1911,50 ABŞ dolları x 0,25 manat = 477,88 manat və 1 ABŞ dollarına 0,6 manat olmaqla 1294,46 ABŞ dolları x 0,6 manat = 776,67 manat, cəmi 477,88 manat + 776,67 manat = 1254,55 manat). Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və BOKT "xxxx" MMC (Qazax filialı) ilə İddiaçı arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli, 00737/7 nömrəli kredit müqaviləsi üzrə 1254,55 (bir min iki yüz əlli dörd manat əlli beş qəpik) manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-415/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-415/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver