Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-415/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya hüququ yaranan gündən - 29.06.2012-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin edilərək pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik onun hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 15 ildən yuxarı dövlət qulluğu stajına görə 30 faiz əlavə, dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı həcmində mükafat və 1 aylıq vəzifə maaşı həcmində maddi yardım, İ dərəcəli dövlət qulluqçusuna verilən əlavə, 15 faiz həcmində rəhbər işçilərə ödənilən səlahiyyət əlavəsi nəzərə alınaraq pensiya hüququ yaranan gündən - 29.06.2012-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin edilərək pensiyanın yenidən hesablanması və hesablanma zamanı yaranmış fərq məbləğinin birdəfəlik onun hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 29.06.2012-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən əmək pensiyası təyin edilmişdir. Lakin hesab edir ki, ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu düzgün tətbiq edilməmişdir. Belə ki, onun 15 ildən yuxarı dövlət qulluğu stajı pensiya təyin edən təşkilat tərəfindən nəzərə alınmamışdır. Əmək fəaliyyətinə 11.07.1967-ci ildə başlamasına baxmayaraq, dövlət qulluqçusu kimi fəaliyyətinə 06.02.1968-ci ildən 03.02.1969-cu ilədək Abşeron Raispalkomda başlamışdır. O, 17.09.1969-cu il ildən 22.05.1974-cü ilədək Azərbaycan Respublikası Nazirlər Sovetinin Maddi texniki təchizat Baş İdarəsində mühəndis iqtisadçı vəzifəsində işləmişdir. 28.07.1975-ci ildən 01.08.1977-ci ilədək həmin təşkilatda böyük mühəndis vəzifəsində işləmişdir. 15.08.1977-ci il tarixdən köçürülmə yolu ilə həmin təşkilatın X7 Baş İdarəsinə şöbə rəisi təyin olunmuşdur. 04.10.1978-ci ildən bu təşkilat Azərbaycan SSR Dövlət Təchizat Komitəsinə çevrilmişdir. Burada o, müxtəlif vəzifələrdə işləmiş, 03.12.1985-ci ildə işdən azad olunmuşdur. Beləliklə, onun 16 ildən artıq dövlət qulluğunda stajı olmasına baxmayaraq, dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə müraciət etsə də, ona dövlət qulluqçusu kimi pensiya təyin edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış yeni quruma - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 21.02.2020-ci ildə və təkrarən 29.06.2020-ci ildə müraciət etdikdən sonra nəhayət sentyabr ayının sonlarında - 22 sentyabrda ona imtina cavabı göndərmişdir. İmtina məktubunda qeyd edilir: “Sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Eyni zamanda bildiririk ki, 15.08.1977-03.12.1985-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabr 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış Siyahısında nəzərdə tutulmadığından həmin dövrdə işlədiyiniz vəzifələrin dövlət qulluğu stajınıza aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğunda iş stajınız 15 ildən az (7 il 8 ay (06.02.1968-03.02.1969-cu, 17.09.1969- 22.05.1974-cü, 28.07.1975-01.08.1977-ci illər) olduğundan Sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Cavabdehin fikrincə 15.08.1977-03.12.1985-ci illər guya dövlət qulluğuna aid deyildir. Lakin cavabdeh 1975-1977-ci illər stajını dövlət qulluğuna aid etmişlər. O, əmək kitabçasının surətini onlara təqdim etsə də, əmək kitabçasını tam araşdırmamış, 11-ci qeyddən sonra əmrin tarix və nömrəsi ilə açıq-aşkar göstərilmişdir ki, 04.10.1978-ci ildə bunların dövlət qulluğuna aid etmədiyi təşkilat Azərbaycan SSR Dövlət Təchizatı Komitəsinə çevrilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Onun 29.06.2012ci il tarixdən dövlət qulluqçusu kimi pensiya almaq hüququ vardır. Cavabdeh təşkilat "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununu ona münasibətdə düzgün tətbiq etməmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunlarının müddəalarını kobud şəkildə pozmuşlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Eyni zamanda 15.08.1977-03.12.1985-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin dövrdə işlədiyi vəzifələrin dövlət qulluğu stajına aid deyil. Beləliklə, iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az təşkil etdiyi üçün dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 03.09.2020-ci il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, Sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Eyni zamanda bildiririk ki, 15.08.1977-03.12.1985-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin dövrdə işlədiyiniz vəzifələrin dövlət qulluğu stajınıza aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğunda iş stajınız 15 ildən az (7 il 8 ay (06.02.1968- 03.02.1969-cu, 17.09.1969-22.05.1974-cü, 28.07.1975-01.08.1977-ci illər)) olduğundan Sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası X8 tərəfindən məhkəməyə ünvanlanmış 28.12.2020-ci il tarixli məktubda qeyd edilir: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi tələbi” üzrə iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğu vəzifəsi olub-olmaması, dövlət qulluğu vəzifəsi olduğu halda, onun dövlət qulluğunda ümumi stajı barədə məlumatların təqdim edilməsinə dair sorğunuza Azərbaycan Respublikasının X8ndə baxılmışdır. Sorğunuza cavab olaraq bildiririk ki, 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.16-cı bəndində Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 4 noyabr 1970-ci il tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti Baş Material-Texniki Təchizat İdarəsi (Главснаб Азербайджанской ССР) haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən İdarə respublikada xalq təsərrüfatının maddi-texniki təchizatının idarə edilməsini həyata keçirən ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 12-ci hissəsində müəyyən edilmişdir ki, İdarə təsərrüfat hesablı orqandır, saxlama xərcləri ona tabe olan təşkilat və müəssisələrdən müəyyən edilmiş qaydada əldə olunan vəsaitlər hesabına maliyyələşir, müstəqil balansa, ona məxsus sabit və cari vəsaitlərə malikdir və hüquqi şəxsə aid hüquqlardan istifadə edir. Dövlət orqanının anlayışı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən dövlət orqanı dedikdə, Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatı başa düşülür. Azərbaycan SSR Nazirlər Sovetinin Baş Material-Texniki Təchizat İdarəsi təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyi üçün iddiaçının həmin İdarədə (o cümlədən həmin İdarənin “Азерпищеснабсбыт” idarəsində) işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. İddiaçının əmək kitabçasından müəyyən edilir ki, 04 oktyabr 1978-ci il tarixdə Azərbaycan SSR Nazirlər Soveti Baş Material-Texniki Təchizat İdarəsi (Главснаб Азербайджанской ССР) Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi (Госснаб Азербайджанской ССР) adlandırılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 12 sentyabr 1979-cu il 357 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi (Госснаб Азербайджанской ССР) haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Komitə Azərbaycan SSR xalq təsərrüfatının madditexniki təchizatına rəhbərlik edən ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 7-ci hissəsinə görə Komitə öz tabeliyindəki təşkilat və müəssisələrin müəyyən olunmuş qaydada ayırdıqları vəsait hesabına saxlanılmışdır, müstəqil balansa, ona təhkim edilmiş əsas vasitə və dövriyyə vəsaitinə malik olmuş, hüquqi şəxs hüquqlarından istifadə etmişdir. Qeyd edilən Əsasnamədə Komitənin onun tabeliyindəki təşkilat və müəssisələrin müəyyən olunmuş qaydada ayırdıqları vəsait hesabına saxlanıldığı göstərilsə də, həmin müəssisə və təşkilatların özünün hansı formada maliyyələşməsi (dövlət büdcəsi vəsaiti hesabına və ya özünümaliyyələşmə prinsipi əsasında) məsələsi müəyyən edilməmişdir. Yuxarıda adı çəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiyi və iddiaçının 1978-1982-ci illərdə işlədiyi “Азерпищеснабсбыт” idarəsi adı çəkilən Komitənin Aparatında nəzərdə tutulduğu halda, həmin illər dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. Adı çəkilən idarənin Azərbaycan SSR Nazirlər Sovetinin 9 noyabr 1982-ci il tarixli 480 nömrəli Sərəncamına əsasən yenidən təşkil olunaraq yuxarıda qeyd edilən Komitənin Məhsulların göndərilməsi üzrə Azərbaycan Birliyi “Azərtəchizsatış” adlanması ilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda dövlət orqanları arasında birliklər sadalanmadığı və həmin qurumlar dövlət orqanı statusuna malik olmadığı üçün iddiaçının həmin birlikdə işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. İddiaçının Abşeron rayon X1 icraiyyə komitəsində işlədiyi müddətlə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X4 aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin bənddə rayon (şəhər) X4 icraiyyə komitəsinin aparatında bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçi, hüquqşünas, mühasib və digər mütəxəssislərin vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün iddiaçının Abşeron rayon X2 işlədiyi vəzifələr dövlət qulluğu vəzifələridir və həmin vəzifələrdə iş müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən İddiaçı 29.06.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 11.07.1967-ci ildə Abşeron rayonu 7842 nömrəli X5 əməliyyat bölməsinin nəzarətçisi vəzifəsinə qəbul edilmiş, 01.02.1968-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 06.02.1968-ci ildə Abşeron rayon X1 İcraiyyə Komitəsində Rayon İcraiyyə Komitəsinin yanında Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın katibi vəzifəsinə təyin edilmiş, 15.01.1969-cu ildə Abşeron Rayon İcraiyyə Komitəsinin Yol Şöbəsində mühasib vəzifəsinə təyin edilmiş, 03.02.1969-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 03.02.1969-cu ildə Azərbaycan SSR X9-Yaradıcılıq Birliyində tətdiqi incəsənət sexinə mühasib vəzifəsinə qəbul edilmiş, 25.08.1969-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 17.09.1969-cu il ildə Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsində plan-iqtisadyyat şöbəsinə mühəndis iqtisadçı vəzifəsinə qəbul edilmiş, 22.05.1974-cü ildə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, 28.07.1975-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsində balans və fondlar şöbəsinə baş mühəndis vəzifəsinə təyin edilmiş, 01.08.1977ci ildə “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsinin sərəncamına verilmişdir, 15.08.1977-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsinin “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsində yağ məhsulları şöbəsinə rəisi vəzifəsinə təyin edilmiş, 12.10.1978-ci “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsindən köçürmə yolu ilə Baş İdarənin texniki şöbəsinə baş mühəndis vəzifəsinə təyin edilmişdir, 04.10.1978-ci ildə Azərbaycan SSR Nazirlər Soveti Maddi Texniki Təchizat Baş İdarəsi (Главснаб Азербайджанской ССР) Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi (Госснаб Азербайджанской ССР) adlandırılmışdır, 01.11.1979-cu ildə həmin şöbədə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, 20.05.1982-ci ildə “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsində rəis müavini vəzifəsinə təyin edilmiş, Azərbaycan SSR Nazirlər Sovetinin 09.11.1982-ci il tarixli 480 nömrəli Sərəncamına əsasən “Азерпищеснабсбыт” (Azəryeyintitəchizatsatış) və “Азерснабсбыт” (Azərtəchizatsatış) İdarələri yenidən təşkil olunaraq Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi Məhsul Göndərilməsi üzrə Azərbaycan Birliyi “Azərtəchizsatış” adlandırılmışdır, 01.01.1983-cü ildə avadanlıq şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, 03.12.1985-ci ildə işdən azad edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1949-cu ildə doğulmuşdur. İddiaçıya 29.06.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı 06.02.1968-ci ildən 03.02.1969-cu ilədək Abşeron rayon İcraiyyə Komitəsində, 17.09.1969-cu il ildən 22.05.1974-cü ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsində mühəndis iqtisadçı vəzifəsində, 28.07.1975-ci ildən 01.08.1977-ci ilədək həmin yerdə böyük mühəndis vəzifəsində, 15.08.1977-ci ildən 03.12.1985-ci ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsinin “Azəryeyintitəchizatsatış” İdarəsində (“Азерпищеснабсбыт”) - (Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi (Госснаб Азербайджанской ССР) işlədiyi dövrlərin dövlət qulluğu stajı hesab edilməsini və ona pensiya hüququ yaranan gündən - 29.06.2012-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin edilərək pensiyanın yenidən hesablanmasını və yaranmış fərq məbləğinin birdəfəlik onun hesabına köçürülməsini xahiş edir. Lakin Azərbaycan Respublikası X8 tərəfindən məhkəməyə ünvanlanmış 28.12.2020ci il tarixli məktubdan da görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin Baş Material- Texniki Təchizat İdarəsi təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyi üçün iddiaçının həmin İdarədə (o cümlədən həmin İdarənin “Азерпищеснабсбыт” (Azəryeyintitəchizatsatış) idarəsində) işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Bundan başqa, 04.10.1978-ci ildə Azərbaycan SSR Nazirlər Soveti Maddi Texniki Təchizat Baş İdarəsi (Главснаб Азербайджанской ССР) Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi (Госснаб Азербайджанской ССР) adlandırılmışdır. Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiyi müəyyən olunmadığı üçün və iddiaçının 1978-1982-ci illərdə işlədiyi “Азерпищеснабсбыт” (Azəryeyintitəchizatsatış) idarəsi adı çəkilən Komitənin Aparatında nəzərdə tutulmadığı üçün həmin illər də dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Azərbaycan SSR Nazirlər Sovetinin 09.11.1982-ci il tarixli 480 nömrəli Sərəncamına əsasən “Азерпищеснабсбыт” (Azəryeyintitəchizatsatış) və “Азерснабсбыт” (Azərtəchizatsatış) İdarələri yenidən təşkil olunaraq Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi Məhsul Göndərilməsi üzrə Azərbaycan Birliyi “Azərtəchizsatış” adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dövlət orqanları arasında birliklər sadalanmadığı və həmin qurumlar dövlət orqanı statusuna malik olmadığı üçün iddiaçının həmin birlikdə işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. Göründüyü kimi, iddiaçının 17.09.1969-cu ildən 22.05.1974-cü ilədək, 28.07.1975-ci ildən 01.08.1977-ci ilədək, 15.08.1977-ci ildən 03.12.1985-ci ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsində, Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsinin “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsində, Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsində (Госснаб Азербайджанской ССР) və onun “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsində, Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi “Azərtəchizsatış” Məhsul Göndərilməsi üzrə Azərbaycan Birliyində işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. İddiaçının yalnız 06.02.1968-ci ildən 03.02.1969-cu ilədək (1 il) Abşeron rayon X1 İcraiyyə Komitəsində işlədiyi vəzifələr dövlət qulluğu vəzifələri hesab edilir. Beləliklə, iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən azdır. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması tələbi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-415/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-415/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver