Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-415/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı «hərəkətlərin qanunsuz sayılması və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməkdaşlarının ona məxsus “Mercedes-Benz” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar əməllərinin qanunsuz hesab edilməsi, onların qanunsuz əməlləri nəticəsində “Mercedes-Benz” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 7.000 (yeddi min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları, eləcə də bir neçə polis maşını xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə keçən gecə saat 01:00-01:30 radələrindən iddiaçının idarə etdiyi maşını təqib etmiş, Xətai rayonu ərazisində deyil, Nizami rayonu ərazisində Keşlə qəsəbəsində yerləşən tuneldə maşın divara çırpılaraq əzilmişdir. Polis əməkdaşları iddiaçını onun idarə etdiyi maşınında olmuş tanışı Ramin adlı şəxsi döymüş, onlara, o cümlədən iddiaçıya müxtəlif bədən xəsarətləri yetirmişlər. Ona qarşı soyğunçuluq edərək boynundakı sepi qoparıb götürmüş, onları 35-ci Polis bölməsinə apararaq təhqiramiz hərəkətlərlə, təhqiramiz sözlərlə təhqir etmişlər. Onlar səhərə yaxın Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən çıxaranda Növbətçi hissədən ona aid olan əşyaları vermiş və bildirmişlər ki, avtomobilin açarı polis əməkdaşlarındadadır, avtomobili cərimə meydançasına aparmışlar....İddiaçıya məxsus “Mersedes-Benz” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakıxanov qəsəbəsində yerləşən cərimə meydançasında tapan qohumları, iddiaçını ora aparmış və avtomobilin içərisinin dağıdıldığının, bütün əşyaların ələk-vələk edildiyinin, pul qabı, şəxsi sənədləri, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin sənədləri, xarici pasportunun maşında olmadığını müəyyən etmiş, avtomobilin qanadlarından (krılo) biri qoparılmış, yük yerinin döşəməsində dəmir cırılaraq böyük bir deşik açılmışdı. İddiaçı cərimə meydançasının işçisindən ona məxsus avtomobilin kim tərəfindən və hansı protokol əsasında gətirildiyini soruşmuş, adını bilmədiyi işçi, ona məxsus avtomobilin Post-patrul xidmətinin əməkdaşlarının gətirdiklərini, hər hansı bir protokolun olmadığını, tərtib edilmədiyini demiş, vərəqlərə baxaraq bir ədəd aktı göstərmişdir. Aktın arxasında sadəcə bir telefon nömrəsi və adın yazıldığını bildirimişdir. Hadisədən 3 gün keçməsinə baxmayaraq, həkimin də məlumat verməsinə baxmayaraq hər hansı bir tədbir görülmədiyindən, xx.xx.2021-ci il tarixində axşam saat 18:30-19:00 radələrində AR DİN-nin 102 Xidmətinə zəng edib, bütün bunlar barədə məlumat vermiş lakin nəticəsi olmamışdır... xx.xx.2021-ci il tarixində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 101-6519-1221 saylı məktubunu almışdır. Məktubun mətnindən məlum olmuşdur ki, DİN-nin 102 Xidmətindən Bakı şəhəri Xətai rayon Polis İdarəsinə daxil olmuş müraciətinə baxılmış, araşdırılmış, araşdırma zamanı müraciətdə qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır.... İddiaçıya məxsus avtomobili Xətai RPİ-nin əməkdaşları tərəfindən artıq 9 aydır ki, qanunsuz olaraq saxlanılır, çürüdülür, qaytarılmır. Xətai RPİ-nin DYPŞ-nin əməkdaşları, həmin avtomobillə bağlı hər hansı bir sənədlərinin olmadığı səbəbindən, həmin avtomobilin cərimə meydançasına hansı yolla yerləşdirilməsi barədə məlumatları belə olmadığından, avtomobili iddiaçıya qaytara bilmirlər. İddiaçıya yeni bir protokolun tərtib edilməsi təklif edilmiş, həmin protokol üzrə cərimənin ödəməsi və avtomobilini cərimə meydançasından çıxarmağı, cərimə meydançasının da 1 günə, 1 manat hesabından saxlama haqqını verilməsi təklif edilmişdir. İddiaçı bununla razılaşmamışdır. Beləliklə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya qarşı törədilən cinayət əməlləri örtbasdır edilmişdir. Bununla yanaşı, özbaşınalıqla, qanunazidd əməlləri ilə iddiaçıya məxsus avtomobil əsassız olaraq əlindən alınaraq, dağıdılaraq, avtomobilə zərər vurularaq, qanunsuz olaraq, hər hansı bir müvafiq sənədlər olmadan cərimə meydançasına aparılmış və xx.xx.2021-ci il tarixindən bu günə, xx.xx.2022-ci il tarixinə qədər, 1 il 5 ay müddətində cərimə meydançasında saxlanılmaqdadır. Polis əməkdaşlarının əməlləri nəticəsində ona 7000 manat civarında zərər vurulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə keçən gecə cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşlarının, eləcə də onlarla birgə digər bölmə əməkdaşlarının ona qarşı idarə etdiyi Mersedes-Benz markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilə qarşı törətdikləri hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz əməlləri nəticəsində həbs edilmiş, cərimə meydançasına yerləşdirilmiş iddiaçıya məxsus Mersedes-Benz markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin “dayanacaq xərci” ödəmədən ona qaytarılması, həmçinin, törətdikləri qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus Mersedes-Benz markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın təmir edilərək əvvəlki vəziyyətinə gətirilməsi üçün xərclənəcək 7.000 (yeddi min) manat pulun cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsindən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibət (etiraz) təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi iddiaçıya məxsus avtomobilin cərimə meydançasına aparılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması, avtomobilin dayanacaq xərci ödəmədən ona qaytarılması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiyanın ödənilməsindən ibarət olmaqla üç hissədən ibarətdir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi, iddiaçının tələblərindən biri “öhdəliyin icrası” növündə (avtomobilin cərimə meydançasından buraxılması hissəsində) iddiaya, digəri "müəyyən etmə və tanınma haqqında” iddiaya (avtomobilin cərimə meydançasına yerləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsinə dair hissədə), üçüncü tələb isə "vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında” iddiaya aiddir. İPM-in 36.4-cü maddəsinə görə hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Hazırkı iddia inzibati orqanın vəzifəli şəxsinin, yəni polis əməkdaşlarının hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gələn mübahisə olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı polis əməkdaşlarının inzibati xətalara dair işlər üzrə fəaliyyətinə və onun nəticəsinə yönəlməmiş, onların qanundan irəli gələn vəzifələrinin düzgün icra edilməməsinin müəyyən edilməsi və bu hərəkətlərin nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Bu baxımdan, iddianın vurulmuş ziyana görə kompensasiya ödənilməsi tələbi də inzibati orqan tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması ilə əlaqələndirildiyindən ona digər iddia tələbləri ilə birgə baxılmalıdır. İddiaçı vurulmuş müvafiq tələbləri ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, iddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh (nümayəndəsi) hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrdən görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı müraciətlər etmişdir. -AD № 580428 seriya nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, **-UH-*** dövlət qeydiyyat nömrəli, “Mercedes-Benz E220 CDİ” minik marklı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. -Bakı şəhəri Xətai Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında aparılan araşdırma nəticəsində Xətai RPİ-nin PPXB-nin əməkdaşları X2 və X1 əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən toplanmış 316-C-21 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1152/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı AR İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -Xətai rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubda aşağıdakılar qeyd edilmişdir: “xx.xx.2021-ci il tarixdə saat 02:15 radələrində Xətai RPİ PPXB-nin əməkdaşları xidmət apardıqları ərazidə dayanmış “Mercedes” markalı ** UH *** dövlət nişanlı avtomobildə 2 nəfər şəxs özünü şübhəli apardığı üçün onlara yaxınlaşdıqda həmin şəxslər tabesizlik göstərərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib oradan uzaqlaşmış, bir qədər irəlidə idarəetməni itirərək avtomobil səkiyə dəyərək dayanmışdır. Nəqliyyat vasitəsinin sürücüsü İddiaçı və sərnişini Ramil Nuriyev polis əməkdaşlarına müqavimət göstərdikləri üçün saxlanılaraq Xətai RP/ 37-ci PŞ-nə aparılmışlar. Respublika Narkoloji Mərkəzində müayinədən keçirilən zaman narkotik vasitələrdən istifadə etdiyi üçün İddiaçı Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək barəsində toplanmış material Xətai rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə o, 300 manat məbləğində cərimə edilərək sərbəst buraxılmışdır. Vətəndaş İddiaçı avtomobili nasaz vəziyyətdə olduğundan hadisə yerinə çağırılmış evakuator vasitəsilə DİN-in BDYPl-nin “SİQNAL" İdarəsinin 20 saylı cərimə meydançasına yerləşdirilmiş, bu barədə xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir. İstinad olunan akt məktuba əlavə edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İX hissəsinə əsasən, hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Həmin maddənin X hissəsinə əsasən, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən, fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, Bbu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Həmin Məcəllənin 97.2.-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın: -1.1-ci bəndinə əsasən yol-patrul xidməti (bundan sonra -YPX) X5 (bundan sonra - DYP) qurumlarının tərkib hissəsi olaraq, yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirir. -1.5.11-ci yarımbəndinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı inzibati xəta haqqında protokol tərtib etmək və ya səlahiyyəti daxilində qərar vermək YPX-nin vəzifələrinə aid edilmişdir. Həmin Təlimatın 5.4-cü bəndinə əsasən, Qanunla müəyyən edilmiş hallarda YPX inspektoru tərəfindən evakuator (təxliyyə avtomobili) aşağıdakı qaydada tətbiq edilir: 5.4.1. dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitəsinin ən yaxın mühafizə olunan duracağa aparılması məqsədilə istifadəsində olan bort-kompüter vasitəsilə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarır; 5.4.2. YPX inspektoru radio-cihaz vasitəsilə qayda pozuntusu barədə növbətçi hissəyə məlumat verir və həmin yerə evakuator çağırır. Evakuatorun tətbiq edilməsi ilə bağlı məlumatlar “Evakuatorla təxliyyə olunan nəqliyyat vasitələrinin qeydiyyatı jurnalı”nda qeydə alınır (Təlimata 12 nömrəli əlavə); 5.4.3. YPX inspektoru “Nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsi”ni (Təlimata 13 nömrəli əlavə) doldurur (avtomobilin banında görünən zədələr və nəqliyyat vasitəsinin sahibinin məlumatlandırılması üçün görülmüş tədbirlər barədə göndəriş vərəqəsində qeydlər etməklə) və evakuatorun heyətinə təqdim edir; 5.4.4. göndəriş vərəqəsinin əsasında evakuatorun heyəti nəqliyyat vasitəsini duracağa aparır. Həmin Təlimatın 5.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldıqda nəqliyyat vasitəsinin duracağa aparılması onun sürücüsü tərəfindən təmin edilir. Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. Həmin Təlimatın 8.12-ci bəndinə əsasən, Qanunla müəyyən olunmuş hallarda yol hərəkətindən kənarlaşdırılaraq DYP-nin ən yaxın mühafizə olunan duracağına gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması biri protokola əlavə edilən, digəri isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilən iki nüsxədə olan “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akt”la rəsmiləşdirilir (Təlimata 19 nömrəli əlavə). Aktın surəti duracaqda saxlanılır. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, müvafiq qanunvericilik şəxsin nəqliyyat vasitəsinin idarə edilməsindən kənarlaşdırılmasını və nəqliyyat vasitəsinin duracağa aparılmasının hallarını və qaydasını konkret təsbit etmiş və yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı inzibati xəta haqqında protokol tərtib etmək və ya səlahiyyəti daxilində qərar vermək səlahiyyətini Yol-patrul xidmətinə həvalə etmişdir. Hazırkı işin hallarına görə iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi zamanı əraziyə yol-patrul xidmətinin əməkdaşlarının cəlb edilməsi, iddiaçının barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi işin halları ilə müəyyən edilməmiş, cavabdeh tərəfindən məhkəməyə bu qənaətin əksini sübut edən hər hansı dəlil təqdim edilməmişdir. Halbuki, yuxarıda istinad olunmuş Təlimata görə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar səlahiyyəti daxilində qərar vermək yol patrul xidmətinin əməkdaşlarının vəzifələrinə aid edilmişdir. Həmçinin, AR Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə istinadən məhkəmə qeyd edir ki, dövlət orqanları, həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinin tələblərinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar (11.1). İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2). Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin duracağa aparılması ilə bağlı cavabdeh inzibati orqanın əməkdaşlarının hərəkətlərinin qanuni əsası olmamışdır. Tələbin kompensasiya ödənilməsi ilə bağlı hissəsində məhkəmə hesab edir ki, sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı 7000 manat məbləğində dəymiş ziyanın (real zərər) hansı qaydada hesablanmasına dair məhkəməyə tutarlı sübutlar təqdim edə bilməmişdir. Həmçinin iddiaçı güman etdiyi hüquqlarının pozulması ilə bağlı məhkəmə müdafiəsi hüququndan vaxtında istifadə etməklə dəymiş ziyanın böyüməsinə bir növ şərait yaratmışdır. Başqa sözlə, cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə əsaslı deyil və qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, aparılmış araşdırmanın nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 17 fevral 2021-ci il tarixdə İddiaçı istifadəsində olan “Mersedes- Benz” markalı, **-UH-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin post patrul xidmətinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməli və iddiaçıya məxsus “Mersedes-Benz” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından duracaqda saxlanılmaq üçün haqq ödənilmədən iddiaçıya qaytarılması vəzifəsi cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olan “Mersedes-Benz” markalı, **-UH-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin 17 fevral 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin post patrul xidmətinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı məxsus ”Mersedes-Benz” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından duracaqda saxlanılmaq üçün haqq ödənilmədən iddiaçıya qaytarılmaq vəzifəsi cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-415/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-415/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver