Məhkəmə qərarları › İş №2-1(112)-4150/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4150/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4150/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X4 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu həyat yoldaşına məxsus mənzildə qeydiyyata salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20.06.2013-cü ildə X5 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Birgə nigkahdan 06.07.2016-cı ildə anadan olan bir oğlulları var. Ailəsi ilə birgə 24.06.2013-cü ildən yuxarıda göstərilən ünvanda yaşayır. Hal-hazırda həmin ünvana, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü yeni yaşayış massivi, X.Məlik Aslanov küçəsi 1, ev 13v-nin pasport qeydiyyatına düşmək istəyir. Həmin ünvana qeydiyyata düşmək üçün sənədləri təqdim etmişdir. Həmin mənzil 01.03.2008-ci ildən Bələdiyyə sənədi ilə həyat yoldaşına məxsusdur. Həmin tarixdən həyat yoldaşı X6 yuxarıda göstərilən ünvanda pasport qeydiyyatındadır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü yeni yaşayış massivi, X.Məlik Aslanov küçəsi 1, ev 13v ünvana qeydiyyata alınmasının cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1973-cü il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE 16284029 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 07.07.1966-cı il tarixdə doğulmuşdur, yaşayış yeri Bakı şəhəri, ünvan 3 ünvanıdır. - Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 861296 nömrəli, 20.06.2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 arasında 20.06.2013-cü il tarixdə nikah bağlanılmışdır. Ərə Əbdülrəbiyev, arvada Əbdülrəbiyeva soyadları verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 22.04.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında 07.07.1966-cı il təvəllüdlü X6, 06.07.2016-cı il təvəllüdlü X7 qeydiyyatdadırlar. - X2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, arvadı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 3-cü Yeni Y/M, X.Məlikaslanov 1 küçəsi, ev 13V ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməsinə etiraz etmir. - "xxxx" MMC-nin Daşınmaz Əmlakın Texniki Ekspert qiymətləndirmə rəyindən görünür ki, tikintinin sahibi X3r. Ünvan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 3cü Yeni Y/M, X.Məlikaslanov 1 küçəsi, ev 13V. Qiymətləndirmə tarixi isə 17.12.2008-ci il qeyd olunmuşdur. - Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 03.02.2021-ci il tarixli, 059-2413İ-3221 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun Bakı şəhəri, ünvan 7 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPl-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana tərəflərindən qeydiyyata alınması qanuna müvafiq deyildir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq Bakı şəhəri, ünvan 3 nömrəli ünvanında qeydiyyatsız yaşayır. Yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin ev faktiki olaraq mövcud olmaqla yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı həmin yaşayış evində qeydiyyatda olan əri X2 ailə üzvi olmaqla onunla birlikdə həmin ünvanda yaşayır və həmin ünvanda qeydiyyatda olan əri X6 iddiaçının qeyd olunan ünvan üzrə qeydiyyata alınmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının: -24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. -28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 12.2-ci maddəsinə görə (bərabərlik prinsipi) inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evlə bağlı order, kirayə müqaviləsi və ya mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməsə də iddiaçı faktiki olaraq həmin evdə yaşadığından, eləcə də bununla bağlı mübahisəli hal mövcud olmadığından (bu barədə məhkəməyə məlumat verilməmişdir), qeyd olunan yaşayış sahəsində qeydiyyatda olan şəxslər olduğundan və qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxs iddiaçının həmin yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etmədiyindən, iddiaçının həmin yaşayış yerinə qeydiyyata alınmaması barədə cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməklə iddiaçı X1 Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı X4 Bakı şəhəri, ünvan 3 nömrəli ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar