Məhkəmə qərarları › İş №2-1(112)-4152/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4152/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4152/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi barədə iddiasına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin DMX Vİ-02/4 saylı, xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə onun xx xxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək, ona və ailə üzvlərinə (qızı, xx.xx.2004-cü il təvəllüdlü X4 Parwana, oğlanları xx.xx.2010-cu il təvəllüdlü X4 Fawad, xx.xx.2010-cu il təvəllüdlü X4 Fared) qaçqın statusu verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işin faktiki halları ərizəçinin ərizə-anketində qeyd edilib. Həmin faktları olduğu kimi qəbul edirlər. Əirzəçi boşanmış qadındır. O, boşandığına görə qardaşları tərəfindən təqib və təhdid edilir. O, boşanmış tənha qadın kimi Əfqanıstanda təqib riski altındadır. O, xx xxxxxxx 2019-cu ildə Azərbaycana gəlib. xx xxxxxx 2019-cu ildə o, sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, ailəsi tərəfindən pis rəftara məruz qalacağından qorxduğu üçün Əfqanıstana qayıtmaq istəmir. xx xxxxxx 2020-ci ildə DMX Vİ-02/4 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, onun iddiaları əsaslı deyil. O, cavabdehin qərarından inzibati şikayət verib. 66 saylı, xx.xx.2020-ci il tarixli qərarla inzibati şikayəti rədd edilib, şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırıb. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxx 2020-ci il tarixli, 66 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərarından görünür ki, qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, Vİ-02/4 nömrəli qərarından Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsasız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport: O 0648876), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı ailə üzvləri (qızı, xx.xx.2004-cü il təvəllüdlü X4 Parwana, oğlanları, xx.xx.2010-cu il təvəllüdlü X4 Fawad, xx.xx.2010-cu il təvəllüdlü X4 Fared) ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli Vİ-02/4 saylı qərarına əsasən ƏfqanıstanRespublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki,qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və övladlarının etibarlı pasportunu təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yeri sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçi əri ilə tez-tez münaqişə yaşadığını, bu səbəbdən boşanmaq istədiyini, lakin boşanacağı təqdirdə qardaşları tərəfindən təhdid ediləcəyini, bu səbəbdən də, Əfqanıstana qayıtmaq istəmədiyini desə də, söylədiklərindən onun BƏƏ-də yaşama icazəsinin və işinin olduğu, beləliklə də, boşanacağı təqdirdə Əfqanıstana qayıtmaq kimi məcburiyyətinin olmadığı məlum olmuşdur. Bundan başqa ərizəçi Dubayı tərk etməsinin digər səbəbini orada təhsil haqqının yüksək olması ilə əlaqələndirərək övladlarına təhsil verməkdə maddi cəhətdən çətinlik çəkdiyini qeyd etmişdir. Qeyd edilən məqamlar ərizəçinin daimi yaşadığı ölkəyə qayıdacağı təqdirdə həyatı üçün heç bir ciddi təhdid və təqib qorxusunun olmadığını deməyə əsas vermişdir.İddiaçımüsahibə zamanı verdiyi izahatlardan məlumatı olmuşdur ki, o, vətəndaşı olduğu və daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İş materiallarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçınınAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vİ-02/4 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı iddia tələbləri əsassız olduğundan, iddiaçının "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində iddiaçıya və onun ailə üzvlərinə "qaçqın" statusu verilməsi ilə bağlı tələbi də əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1.-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3.-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə İcraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə İcraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar