Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4154/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüquqların qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 600 (altı yüz) kv.m torpaq üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 600 (altı yüz) kv.m torpaq üzərində icarə və istifadə hüququnun tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən 167/06 nömrəli, 28 iyul 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Buzovna qəsəbəsi, Dənizkənarı ərazidə istifadəsinə 600 kv.m torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə verilmişdir. Həmin vaxtdan etibarən sahə məişət tullantılarından təmizlənmiş, abadlıq işləri aparılaraq müxtəlif ağaclar əkilmiş və hətta ağacların sulanması üçün əl quyusu qazılmışdır. 2006-cı ildən etibarən hər il torpaq sahəsinin vergisi ödənilmiş və bu ilə qədər heç bir vergi borcu yoxdur (torpaq sahəsi ilə əlaqədar açılmış X8 Kodu-120212ZX1JKK). Torpaq sahəsi ilkin olaraq dəmir barmaqlıqlarla əhaətəyə alınmış, daha sonra isə hər tərəfdən hasarlanmışdır. 2020-ci ildə COVİD 19 Pandemiyası ilə əlagədar torpaq sahəsinə müttəmadi olaraq getməyi mümkünsüz olduğundan, orada tikili olmadığından qalaraq ağac və əkinə qulluq etmək mümkün olmamış və hava isti olduğundan illərlə qulluq etdiyi ağaclar qurumuşdur. Azərbaycan Respublikası Prezidentinin vətəndaşların istifadələrində olan torpaq sahələrinin qeydiyyata alınması ilə əlagədar bütün Dövlət qurumlarına verdiyi sərəncam və tapşırıqlarını kütləvi informasiya vasitələrində dinlədikdən sonra istifadəsində olan topraq sahəsinə dair icarə hüququnun tanınması və çıxarışın verilərək dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sənədlərini qəbul etdikdən sonra torpaq sahəsinə bir əməkdaş gələrək yerləşməsi haqqında qeydlər apararaq bildirmişdir ki, müəyyən vaxtdan sonra çıxarış hazır olacaq, gəlib götürər. Lakin sonradan vaxt çatanda hansı səbəbdənsə çıxarışı yox, mahiyyəti mövcud vəziyyətə uyğun gəlməyən məktub göndərdilər. Həmin məktubda göstərilir: “Elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, torpaq sahəsi baza məlumatlarına əsasən dövlət torpağıdır və bələdiyyəyə ayrılmış ərazi olması barədə məlumat qeydə alınmamışdır”. Guya ona verilən torpaq sahəsi Bələdiyyəyə aid deyil, ancaq o vaxtı-vaxtında vergi ödəmiş, torpaq sahəsinin yerləşdiyi yerin xəritədən çıxarışını, Bələdiyyə tərəfindən verilmiş “həmin sahənin onlara aid olması haqqında” məktub və 2020-ci ilə qədər vergi borcunun olmaması barədə arayış təqdim etmişdir. Dənizkənarı ərazidə yerləşən 600 kv.m torpaq sahəsi əvvəllər də onun istifadəsində olmuş, sonradan o həmin torpaq sahəsinə dair sənəd əldə etmək üçün Buzovna Bələdiyyəsinə müraciət etmiş və Buzovna Bələdiyyəsi tərəfindən ona 28.07.2006-cı il tarixli, 167/06 nömrəli icarə müqaviləsi ilə həmin torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin onun istifadəsində olmasını təsdiq edən həmin ərazinin yaxınlığında yaşayan şəxslər və torpaq sahəsinin qarşısında olan, uzun illər işləyən FHN-nin Zaqulba xilasetmə məntəqəsinin işçiləri təsdiq edə bilər. Bundan əlavə Xəzər rayon İcra Hakimiyyətinin Buzovna qəsəbə nümayəndəliyi və digər administrativ qurumlar da sorğulara cavab olaraq həmin torpaq sahəsinin uzun illərdir onun istifadəsində olmasını təsdiq edə bilərlər. Bundan əlavə Buzovna Bələdiyyəsi də təsdiq etmişdir ki, onun adına Buzovna Bələdiyyəsi tərəfindən 28.07.2006-cı il tarixli, 167/06 nömrəli müqavilə verilmiş, həmin müqavilə Buzovna Bəiədyiyəsinin arxivində var, bundan əlavə həmin torpaq sahəsi onun istifadəsində olması ilə əlaqədar hər il torpaq vergisi ödəmiş, X1 Sistemində adına YVÖK açılmış və həmin kod 120212ZX1 JKK-dır. Həmin kodu yoxlamaq üçün istənilən yerdə X6 ilə yoxlamaq olar. Təbii ki, Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Bələdiyyə tərəfindən ona aid olmayan müəyyən sənədlər tərtib olunmalıdır, lakin o ərizə ilə müraciət etdikdən sonra onun adına icarə müqaviləsi verilmiş və hal-hazırda həmin müqavilənin Bələdiyyənin arxivindən çıxarılaraq təsdiq olunmuş formada ona göndərilməsi tam olaraq sübut edir ki, həmin torpaq sahəsi Buzovna Bələdiyyəsi tərəfindən ona verilmişdir. Tərəfindən həmin torpaq sahəsinə vəsait qoyulmuşdur. Belə ki, ilkin olaraq həmin torpaq sahəsi onun istifadəsində olduğu vaxt tərəfindən müəyyən məişət tullantılarından təmizlənmiş, orada olan bataqlıqlara qum tökülmüş və ərazi düzlənmiş, ağaclar əkilmişdir. Sonradan həmin ərazi hasarlanmış və orada əl quyusu qazılmışdır. Ərazidə bir neçə dəfə bağ bostan bitkiləri becərilmiş və əkilmişdir. Torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmir. Bundan əlavə ətrafda olan digər torpaq sahələrin istifadəçiləri də Dövlət Reyestr Xidmətinə müraciət edərək onun təqdim etdiyi sənədlə istifadə-icarə çıxarışları almışdırlar. Hal-hazırda isə o da həmin sənədlərdən təqdim etməyinə baxmayaraq, onun torpaq sahəsini qeydiyyata almırlar və çıxarış vermirlər, qərəzli mövqedə olduqlarını tam təsdiq edirlər. Onun xahişi yalnız istifadə hüququnun tanınaraq istifadə-icarədə olan torpaq sahəsinin Dövlət Reyestr Xidmətində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə əlaqədardır. Torpaq onun mülkiyyətinə verilmir və çıxarışda mülkiyyət növü hissəsində Dövlət torpağı yazılması da onu qane edir. Lakin cavabdeh özləri istədikləri formada fəaliyyət göstərərək müəyyən şəxslərə əsaslar olub-olmadıqda çıxarış verir, istəmədiklərinə isə müxtəlif bəhanələr, əsassız səbəblər gətirərək çıxarış vermirlər. Bələdiyyələrə mülkiyyət sənədlərinin verilmədiyini əsas səbəb kimi göstərsələr də, mülkiyyyət sənədlərinin verilməsinin onların öhdəsinə düşdüyünü düşünmürlər və vətəndaşlarla birgə müəyyən qurumların işlərində süründürməçiliklərə yol verirlər. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi ilə bağlı müraciəti İdarəyə deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə daxil olmuşdur. 167/06 saylı, 28.07.2006-cı il taixli müqavilə ilə icarəyə verilmiş torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin qərarı, sahənin xüsusiyyətinə və torpağın ayrılmaqla məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi təqdim edilməmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı **********07 qeydiyyat nömrəli 25.01.2021-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 06 may 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 600 (altı yüz) kv.m torpaq üzərində istifadə hüququnun tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” hissəsi mümkün sayılmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə doğulmuşdur. - Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 265 №-li, 17.09.2019-cu il tarixli arayışının surətindən görünür ki, İddiaçı R.İmanov küçəsi 26A-da mənzil 22-də qeydiyyatdadır. 2019-cu il daxil olmaqla torpaq və əmlak vergi borcu yoxdur. - X2 sədri X5 ilə İddiaçı arasında bağlanmış 28.07.2006-cı il tarixli, 167/06 №-li torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, icarədar icarə əsasında 600 kv.m torpaq sahəsini gələcəkdə sahə adlanan ərazidə icarəçiyə 28.07.2006-cı ildən hər il 6 manat ödəməklə bağ-bostan bitkilərini becərilməsi üçün 99 il müddətinə icarəyə vermişdir. - Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 02/124 №-li, 22.06.2020-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı 28.07.2006-cı il tarixli, 167 saylı Buzovna Bələdiyyəsi sədrinin icarə müqaviləsinə əsasən 600 kvm. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. 2020-ci il daxil olmaqla torpaq və əmlak vergi borcu yoxdur. - Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 02/53 №-li, 02.03.2021-ci il tarixli məktubdan görünür ki, Buzovna Bələdiyyəsinin arxivində olan məlumatlara əsasən İddiaçı adına 28.07.2006-cı il tarixli, 167/06 nömrəli icarə müqaviləsi ilə Buzovna qəsəbəsi, Dənizkənarı ərazidə 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsini icarəyə götürdükdən sonra vergi uçotuna qeydiyyata götürülmüş, BAMS sistemində adına kod açılmış və vaxtı-vaxtında torpaq vergisi ödəmişdir. (YVÖK 120212ZX1JKK) - Həmin məktuba Buzovna Bələdiyyətinin arxivindən çıxarılmış İddiaçı adına olan müqavilənin surəti və müqaviləyə əlavə olunmuş plan plan cisgisinin surəti əlavə edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanan **********07 №-li, 25.01.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı ərazidə yerləşən 0,06 ha torpaq sahəsi üzərində icra hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə 09 dekabr 2020-ci il tarixli müraciətinə aidiyyatı üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, 167/06 saylı, 28.07.2006-cı il tarixli müqavilə ilə icarəyə verilmiş torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin qərarı, sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi təqdim edilməmişdir. Həmçinin göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən dövlət torpağıdır və bələdiyyəyə ayrılmış ərazi olması barədə məlumat qeydə alınmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 600 (altı yüz) kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 167/06 saylı, 28.07.2006-cı il tarixli müqavilə ilə icarəyə verilmiş torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin qərarı, sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi təqdim edilməməsi, həmçinin göstərilən torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən dövlət torpağı olması və bələdiyyəyə ayrılmış ərazi olması barədə məlumatın qeydə alınmamasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (müqavilə bağlanan zaman qüvvədə olan redaksiyası) - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. - 9.6-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarfnın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin (müqavilə bağlanan zaman qüvvədə olan redaksiyası): - 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4-cü bəndinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 17-ci bəndinin tələbinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. - 25-ci bəndinin tələbinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir. - 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnaməninin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası) Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 67-ci maddəsinə əsasən torpaq zərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırılması zamanı İddiaçı ilə Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi arasında 167/06 saylı, 28.07.2006-cı il tarixli torpağın icarəyə verilməsi barədə müqavilə bağlanan zaman qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsi (bələdiyyə qərarının qəbulu, torpağın bələdiyyənin mülkiyyətində olması, müvafiq orqanların rəylərinin alınması) müəyyən edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 600 (altı yüz) kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 167/06 saylı, 28.07.2006-cı il tarixli icarə müqaviləsi olsa da, həmin torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin qanunvericiliyin tələbləinə uyğun qərarı, eyni zamanda sahənin xüsusiyyətinə və torpağın torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4154/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4154/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver