Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4154/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Şamaxı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı «qəzalı vəziyyətdə olmuş daşınmaz əmlakın əvəzinə verilmiş mənzilin rəsmiləşdirilməsi üçün toplanmış sənədlərin iddiaçıya təqdim olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şamaxı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı iddia qaldıraraq Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddia ərizəsində 2019-cu ilin fevral ayında baş vermiş zəlzələdən sonra Şamaxı şəhəri, 20 Yanvar küçəsində qəzalı vəziyyətə düşmüş tikilinin sökülərək yerində inşa olunmuş binada onun əvəzi kimi ayrılmış mənzillərdən birinin X1nın adına rəsmiləşdirilməsi üçün toplanmış sənədlərin (müqavilə, püşkatma siyahısı və s.) iddiaçıya təqdim olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə müvafiq olaraq, işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının vəkii gəlmiş, cavabdehlər gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, inzibati mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil bildirdi ki, işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İş materiallarında olan Şamaxı RİH-in İddiaçı ünvanlamış 17 dekabr 2020-ci il tarixli Ş-03-3814 nömrəli məktubunda aşağıdakılar qeyd olunur: - Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş atanız Cəlal Zamanova məxsus olmuş şirniyyat sexinin əvəzinə ailənizə verilmiş yeni mənzillərlə razılaşmayaraq əlavə mənzil verilməsi tələbi ilə Şamaxı RİH-ə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, 5 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Azərbaycan Respublikasının Cavabdeh1 tərəfindən Şamaxı şəhərində yaşayış binaları inşa olunmuş və vətəndaşlar yeni mənzillərə köçürülmüşlər. Mənzillər Cavabdeh1 əməkdaşlarının iştirakı ilə vətəndaşların əvvəl yaşadıqları evlərin sahəsinə uyğun püşkatma yolu ilə paylanılmışdır. Qəzalı vəziyyətə düşmüş əmlakın əvəzinə ailənizə Azərbaycan Respublikası Cavabdeh1 tərəfindən Şamaxı şəhərində inşa edilmiş binalardan hər biri iki otaqlı olmaqla üç mənzil verilmişdir. Şamaxı RİH-in balansında boş yaşayış sahəsi olmadığından, Sizə əlavə mənzil verilməsi imkan xaricindədir. İş materiallarında olan Şamaxı RİH-in İddiaçı ünvanlamış 9 mart 2021-ci il tarixli Ş- 03-465 nömrəli məktubunda aşağıdakılar qeyd olunur: - Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş atanız Cəlal Zamanova məxsus olmuş şirniyyat sexinin əvəzinə ailənizə verilmiş yeni mənzillərin kimlərin adına rəsmiləşdirilməsi barədə Şamaxı RİH-ə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, 5 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Azərbaycan Respublikasının Cavabdeh1 tərəfindən Şamaxı şəhərində yaşayış binaları inşa olunmuş və vətəndaşlar yeni mənzillərə köçürülmüşlər. Mənzillər Cavabdeh1 əməkdaşlarının iştirakı ilə vətəndaşların əvvəl yaşadıqları evlərin sahəsinə uyğun püşkatma yolu ilə paylanılmışdır. Qəzalı vəziyyətə düşmüş əmlakın əvəzinə Azərbaycan Respublikası Cavabdeh1 tərəfindən Şamaxı şəhərində inşa edilmiş binalardan ailə üzvlərinizdən X2, X3 və X1 hər biri ayrı-ayrılıqda mənzillə təmin olunmuşdur. Göründüyü kimi, iddiaçının hazırkı tələbi ilə cavabdeh Şamaxı RİH-ə ünvanlanmış müraciətlərinin məzmunu nisbətən fərqli olsa da (işin hazırkı mərhələsində iddianın mümkünlüyünə qiymət verilmir), iddiaçının müraciətləri üzrə qaldırılan məsələlərin hamısı 2019-cu ilin fevral ayında baş vermiş zəlzələdən sonra Şamaxı şəhəri, 20 Yanvar küçəsində qəzalı vəziyyətə düşmüş tikilinin sökülərək yerində inşa olunmuş binada həmin tikilinin əvəzi kimi ayrılmış mənzillərin rəsmiləşdrilməsi ilə bağlıdır. Yuxarıda qeyd olunan məktubların məzmununda sözügedən binanın Şamaxı RİH-in balansında olduğu, AR Cavabdeh1 isə, binanı inşa etdiyi və mənzillərin bölüşdürülməsi üzrə püşkatmada qurumun nümayəndələrinin iştirak etdiyi məlum olur. Məhkəmə hazırkı mübahisənin ərazi aidiyyətinə qiymət verilməsi üçün aşağıdakıları diqqətə çəkir: İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (yəni, İPM-in 8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şamaxı rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Şamaxı şəhərində yerləşir. Bundan başqa, iddiaçının tələbi İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulan “öhdəliyin icrası haqqında” iddia növünə uyğundur və iş üzrə əsas cavabdeh qismində Şamaxı RİH çıxış edir, digər cavabdeh AR Cavabdeh1 qaldırılan məsələ ilə əlaqəli (binanın tikintisini həyata keçirən, mənzillərin bölüşdürülməsi üzrə püşkatmada nümayəndəsi iştirak edən) qurum ola bilər. AR Fövqəladə Nallar Nazirliyi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olsa da, cavabdeh Şamaxı RİHin inzibati orqan kimi səlahiyyətli yalnız bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə olan halda məhkəmənin mövqeyinə görə hazırkı işə İPM-in 8.1.2-ci maddəsi üzrə deyil, 8.1.1 və 8.1.4-cü maddələrinə müvafiq olaraq, daşınmaz əmlakın aid olduğu və cavabdeh Şamaxı RİH-in yerləşdiyi yer üzrə müvafiq inzibati məhkəmədə, yəni Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Şamaxı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı «qəzalı vəziyyətdə olmuş daşınmaz əmlakın əvəzinə verilmiş mənzilin rəsmiləşdirilməsi üçün toplanmış sənədlərin iddiaçıya təqdim olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması» barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4154/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4154/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver