Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4156/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X19, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X24 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mənzilə dair çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz və əsassız hesab edilməklə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46 ünvanında yerləşən 32 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınması və buna dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 08.02.2021-ci il tarixli, 2-1(112)-4156/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-ci il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar yaşadıqları binanın qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüşdür və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon lcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamında da qeyd olunduğu kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsinə xahiş etmişdir. Bu müraciət və Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai mənzil Komissiyasının təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilmişdir. Bununla da ona Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 46, 3-cü giriş, 1-ci mərtəbə, 2 otaqlı, 71,06 kv.m. olan 32 saylı mənzil 2 (iki) nəfər ailə tərkibi olmaqla X3 verilmişdir. 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plan cizgisi də tərtib edilərək təsdiq edilmişdir. 2012-ci ildən fasiləsiz olaraq müvafiq mənzildə yaşayır. Bundan başqa 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş “Forma 2” arayışından da görünür ki, müvafiq mənzil tam kommunal şəraitlidir. 04.12.2012-ci il tarixdən müvafiq mənzildə pasport qeydiyyatına alınmışdır və mənzilin bütün kommunal xərcləri mütəmadi olaraq tərəfindən ödənilmişdir. Bakı Şəhər lcra Hakimiyyəti Başçısının 17.05.2011-ci il tarixli, 219 saylı sərəncamı ilə təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı ilə ünvan 1 ünvanı) yerləşən yaşayış binası dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. Hətta müvafiq binada yerləşən bəzi mənzilər daşınmaz əmlakın reyestrində ilkin hüquqi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışlar və texniki sənədlər verilimişdir. Yaşadığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı tələb olunan sənədlərlə cavabdeh İdarəyə rəsmi müraciət etsə də inzibati orqan müvafiq mənzil üzərində hüquqlarının dövlət qeydiyyatından qanunsuz olaraq imtina etmişdir. Cavabdeh inzibati orqan **********95 nömrəli, 28.12.2020-ci il tarixli imtina məktubunda müraciətinin imtina səbəbi kimi ona mənzil verilməsi haqqında Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli sərəncamının 2012-ci ildə verilməsi göstərilmişdir (müvafiq yaşayış binasının 2011-ci ildə istismara qəbul edilməsinə baxmayaraq, 10.12.2015-ci il tarixli əvvəliki müraciətinə cavab olaraq verilən imtina məktubunda isə sözügedən mənzil yerləşən yaşayış binasının istismara qəbul aktının Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməməsi səbəbi kimi göstərilmişdir). Hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İnzibati orqanın bu qanunsuz hərəkəti onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən mənzil, mülkiyyət hüquqlarım kobud şəkildə pozulmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, X1 mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə 18.12.2020-ci il tarixdə müraciəti daxil olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 46 saylı evin, 32 saylı mənzilinin X2 adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 88/10 saylı sərəncam 18.11.2015-ci il tarixdə verilmişdir. Bununla bağlı X4 **********95 nömrəli 28.12.2020-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X25 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X28 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhər qəsəbələrinin sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı”nda Lökbatan qəsəbəsində qəza vəziyyətində olan yaşayış binalarından 120 ailənin köçürülməsi nəzərdə tutulmuşdur. Mənzilllərin tikilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə həvalə edilmişdir. Şirkət tərəfindən sərəncamın icrası ilə bağlı ünvan 2 ünvanında (5 mərtəbəli, 20 mənzilli) və 46 ünvanında (6 mərtəbəli, 60 mənzilli) binalar inşa edilmiş və həmin binalar istismara qəbul edilmişdir. ünvan 3 ünvanda inşa edilmiş binadan mənzillərin bölgüsü Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən aparılmamışdır. İddia tələbi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti lazımi qaydada xəbərdarlıq edilsə də səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin səalhiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 4 ünvanıdır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış SOCAR**********30490075X00025 №-li, 24.05.2021-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, tikintisi iyun 2007-ci ildə başlanılmış və aprel 2010-cu ildə başa çatdırılmış Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 24, 24 “a”, 25 və 27-ci məhəllələrdə 6 mərtəbəli (+ çardaq, - 3.30 m səziyyəsində zirzəmi), 4 girişli yaşayış binası (2 saylı) (poçt ünvanı: ünvan 5 və tikintisi iyun 2007-ci ildə başlanılmış və aprel 2010-cu ildə başa çatdırılmış Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 24, 24 “a”, 25 və 27-ci məhəllələrdə 5 mərtəbəli (+ texmərtəbə, - 3.30 m səziyyəsində zirzəmi), 2 girişli yaşayış binası (5 saylı) (poçt ünvanı: ünvan 6 Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.05.2011-ci il tarixli, 219 saylı sərəncamı ilə istismara qəbul edilmişdir. - Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Lökbatan qəsəbəsində yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi haqqında qərarın təsdiq edilməsi barədə” 136 №-li, 15.10.2012-ci il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarının təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətini və Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatı yanında “İctimai mənzil komissiyası"nın təklifini nəzərə alaraq Azərbaycan Respublikası Dövləl Nelt Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublikası Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərləbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərar təsdiq edilmiş (28 fevral 2012-ci il tarixli 2 № -li protokol), sərəncamın 1.31-ci bəndinə əsasən Lökbatan qəsəbəsi S.Orucov küçəsi, ev 46, 3-cü giriş, 1-ci mərtəbə, 2 otaqlı, sahəsi 37,3 kvm. olan 32 saylı mənzil 2 nəfər ailə tərkibi ilə (X15 1937 özü; X7 1937, keçmiş h/yoldaşı) birlikdə 05.04.1986-cı ildən 11 nəfər ailə tərkibi ilə rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanmış X8 verilmiş, F.Y.Ağaməmmədova mənzil uçotundan çıxarılmışdır. - Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 649595 №-li, 18 mart 2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 31.10.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydlləri kitabında 2014-cü ilin 03 ayının 18 günündə 151 № ilə qeyd edilmişdir. - Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 588675 №-li, 27 fevral 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 17.02.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydlləri kitabında 2013-cü ilin 02 ayının 27 günündə 111 № ilə qeyd edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18.11.2015-ci il tarixli, 88/10 №-li “Bakı şəhəri, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 46 saylı evin 32 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən 46 saylı evin yaşayış sahəsi 37,3 kv.metr olan 2 otqalı 32 saylı mənzilinin kirayəçisi X16 ölümüm ilə əlaqədar 29.03.2014-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda göstərilən mənzildə 2013-cü ildən qeydiyyata alınmış kirayəçinin qızı İddiaçı 2 nəfər ailə üzvü ilə (özü və oğlu) yaşayır. Vətəndaş İddiaçı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək mənzilin əsas kirayəçisinin ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmasını nəzərə alaraq mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası mənzil qanunvericiliyinə əsaslanaraq Bakı şəhəri, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən 46 saylı evin yaşayış sahəsi 37,3 kv.metr olan 2 otqalı 32 saylı mənzilinin kirayə müqaviləsinin 2 nəfər ailə üzvü ilə (özü və oğlu) İddiaçı adına dəyişdirilməsinə və onun mənzilin kirayəçisi hesab edilməsinə sərəncam verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 53 №-li, 09.01.2021-ci il tarixli arayışından görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 №-li 6 mərtəbəli evi Qaradağ rayon MKTB-nin balansındadır. İddiaçı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 №-li 6 mərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 37,3 kv.m olan 32 №li, 2 otaqlı mənzilində yaşayır. Mənzildə İddiaçı özü, oğlu X21 qeydiyyatdadır. - X17 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46 ünvanda yerləşən 32 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etirazı yoxdur. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 18 №-li, 14.04.2021-ci il tarixli arayışdan görünür ki, X12 1969-cu ildən 2010-cu ilədək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 42 saylı binanın 6 №-li mənzilində yaşamışdır. Bina qamış konstruksiyalı və qəzalı olduğu üçün 2010-cü ildə sökülmüşdür. Bu səbəbdən X12 ailə tərkibi ilə birlikdə Lökbatan qəsəbəsində S.Orucov küçəsi, ev 46, mənzil 32 ünvanında yeni mənzillə təmin olunmuşdur. 31.10.2013-cü ildə həmin mənzildə vəfat etmişdir. - Qaradağneft Mənzil Kommunal Hissəsi ilə X16 arasında bağlanmış 16.01.1964-cü il tarixli müqavilədən, mənzilin təhvil-təslim aktından görünür ki, ünvan 7 ünvanındakı sahəsi 14,94 kvm. olan 1 otaqlı 5 nömrəli mənzil X8, ailə üzvləri kimi əri X9, oğlu X18, X5 qeyd edilməklə verilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 28.12.2020-ci il tarixli, **********95 №-li məktuba əlavə edilmiş sənədlərdən görünür ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin bildiririlir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 46 saylı evin, 32 saylı mənzilinin adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 88/10 saylı sərəncam 18.11.2015-ci il tarixdə verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Esmiralada Şahbalayeva anası X12 ilə birlikdə 16.01.1964-cü ildən 2010-cu ilədək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 42 saylı binanın 5 №-li mənzilində yaşamışdır. Bina qamış konstruksiyalı və qəzalı olduğu üçün 2010-cü ildə sökülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhər qəsəbələrinin sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı”na əsasən Lökbatan qəsəbəsində qəza vəziyyətində olan yaşayış binalarından 120 ailənin köçürülməsi nəzərdə tutulmuş və mənzilllərin tikilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə həvalə edilmişdir. Şirkət tərəfindən sərəncamın icrası ilə bağlı ünvan 2 ünvanında (5 mərtəbəli, 20 mənzilli) və 46 ünvanında (6 mərtəbəli, 60 mənzilli) binalar inşa edilmiş və həmin binalar istismara qəbul edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 136 №-li, 15.10.2012-ci il tarixli sərəncamı ilə qəzalı vəziyyətdəki ünvan 8 ünvanında yaşayan və 05.04.1986-cı ildən 11 nəfər ailə tərkibi ilə rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanmış X8 Lökbatan qəsəbəsi S.Orucov küçəsi, ev 46, 3-cü giriş, 1-ci mərtəbə, 2 otaqlı, sahəsi 37,3 kvm. olan 32 saylı mənzil verilmiş və həmin mənzil verildiyinə görə Firəngiz Ağaməmmədova mənzil növbəsindən çıxarılmışdır. Firəngiz Ağaməmmədova 31.10.2013-cü ildə öldüyündən, həmin mənzildə yaşayan qızı Esmirialda Şahbalayevanın müraciətinə əsasən mənzilin kirayə müqaviləsi 18.11.2015-ci ildə iddiaçının adına dəyişdirilmişdir. İddiaçı Esmirialda Şahbalayeva ona verilmiş mənzil üzərində hüquqlarının qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də sonuncu mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 88/10 saylı sərəncamının 18.11.2015-ci il tarixdə verildiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X20 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. - 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf - dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. - 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. - 146.2-ci maddəsinə əsasən «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə (48-108-ci maddələrə) əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu sosial təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Hazırki mübahisə ilə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısının 15.10.2012-ci il tarixli, 136 nömrəli sərəncamı ilə iddiaçının anası X8 Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46 ünvanında ayrılmış 32 nömrəli mənzil dövlət mənzil fonduna aid olmaqla, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır, həmçinin həmin mənzilə dair İddiaçı ilə sosial kirayə müqaviləsi bağlanmamışdır. İddiaçı və anası X6 1964-cu ildən qeydiyyatda olmaqla yaşadıqları mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün həmin binada yaşayan digər sakinlər kimi onlar da köçürülmüş, əvəzində iddiaçının anasına sözügedən mənzil verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısının 15.10.2012-ci il tarixli, 136 nömrəli sərəncamı ilə Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46, mənzil 32 İddiaçı anası X8, həmçinin iddiaçının 1964-cu ildən yaşamış olduqları “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq özəlləşdirmək hüquqları olan, lakin qəzalı vəziyyətdə olması səbəbindən sökülmüş mənzilinin əvəzinə verildiyindən iddiaçının tələbi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd deyildir. Cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməsindən imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46 ünvanında yerləşən 32 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına ilkin hüquqi qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46 ünvanında yerləşən 56 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına ilkin hüquqi qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4156/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4156/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver