Məhkəmə qərarları › İş №2-1(112)-4156/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4156/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4156/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 6 noyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1992-ci ildə doğulmuşdur. İddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 13109 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020): dös qəfəsinin sol yarısından İİ qabırğa qövsünün yerdəyişmiş sınığı, soltərəfli hemoprıevmatoraksla, sol ağciyərin, sol körpücükaltı venanın zədələnməsi ilə müşahidə olunan kor qəlpə yaralanmasına görə aparılmış sol körpücükaltı venasının bağlanması, soltərəfli torakosentez, sol plevra boşluqunun Bilau üsulu ilə drenaj olunmasından sonrakı sol ağciyərin və plevra boşluqunun yad cismi (metal qəlpə, xarici tənəffüs funksiyasının restruktiv tipin üstünlüyü ilə qarısıq tipli mötədil mülayim ventilvasiya pozğunluğu ilə. Saq ağciyərin asaqı payında zərif xətti fibroz. Sol bazu kələfinin pleksopatiyasının qalıq əlaməti, funksiyanın cüzi dərəcədə pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir: “Mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, depressiv epizod, suisidal fikirlər ilə. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36- Hərbi əməliyyatlar => 36.4-Hərbi əməliyyatlar nəticəsində odlu... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) nəticəsində döş qəfəsinin sol yarısının İİ qabırğa qövsünün yerdəyişmiş sınığı, sol tərəfli hemopnevmotoroksla, sol ağciyərin sol körpücükaltı venanın zədələnməsi müşahidə olunan kor qəlpə yaralanmasına görə aparılmış, sol körpücükaltı venanın bağlanması. Sol tərəfli torakosentoz, plevra boşluğunun yad cismi (metal qəlpə) Sol körpücükaltı arteriyanın okkuluziyası. Sol yuxarı ətrafda qan dövranın və funksiyalarının mülayim dərəcədə pozulması ilə, Ağ ciyərin xarici tənəffüs funksiyasının restriktiv tipin üstünlüyü ilə qarışıq tipli, mülayim ventilyasiya pozğunluğu. Sol çiyin kələfi kötüklərinin neyropraksiya tipli zədələnməsi. Astenonevrotik sindrom. “Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları depressiv daxilolmalarla, anamnezində suisidal fikirlər ilə, özünə xəsarət hərəkətləri ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması məqsədi ilə xx.xx.2020-ci il tarixində mənfur düşmənə qarşı əks həmlə əməliyyatı zamanı sözügedən hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edib. Davam edən döyüş əməliyyatları zamanı xx.xx.2020- ci il tarixdə ağır yaralanmağı ilə əlaqədar Füzuli rayonunda yerləşən hospitala dərhal yerləşdirilib. Qolununun damarları şah damarları tikilməli və bədininin müxtəlif nahiyyələrinə daxil olan 3 ədəd qəlpə çıxarılmalı idi. Füzuli rayonunda yerləşən Hospitalda ağır əməliyyat olduqdan sonra vəziyyətinin ağırlığını nəzərə alaraq Füzuli rayonunda yerləşən hospitalda müalicə və müayinənin həyata keçirilməsi mümkünsüz olduğundan həmin gün Bakı şəhərində yerləşən Hərbi Hospitala göndərilib, orada bir gün qaldıqdan sonra isə X6 27 gün müalicəsi davam etdirilib. Sözügedən müalicənin başa çatmasından sonra ona 1 ay müddətinə məzuniyyət verildi və daha sonra ümumilikdə 3 dəfə hər dəfə 1 ay olmaqla 3 ay müddətində məzuniyyət verildi daha sonra isə döyüş zamanı aldığı xəsarətlərin ağırlıq dərəcəsi nəzərə alınaraq müvafiq əmrlə ordu sıralarından təxris olunub. Qeyd edilən müayinələrin nəticəsi olaraq qolunda aparılmalı olan əməliyatın (qol damarlarının yanması ilə əlaqədar) və çıxarılmalı olan qəlpələrin risk meyarı yüksək olduğu həmin əməliyyatın keçirilməsi baş tutmadı. Belə ki qolunun amputasiya edilməsi riski mövcud idi. Aldığı xəsarətlər nəticəsində sağlamlığında baş vermiş pozğunluqlarla elaqədar dəfələrlə müayinədən keçdikdən sonra aşağıdakı diaqnozlar qoyulmuşdir. TƏBİB-nin X10 X7 Labaratoriyasının müayinə protokolonundan görünür ki, onda sol çiyin kələfinin pleksopatiyası qoyulmuşdur. X9 Xəstəlikləri İnstititunun S 719 saylı Simptometriyasından görünür ki, onda qarışıq tipli mötədil pozğunluğu müşahidə olunur. Eyni zamanda hərbi həkim komissiyasının 6307 saylı arayışından görünür ki, döş qəfəsinin sol yarısının qəlpə yaralanması nəticəsində sol tərəfli hemopnevmotaraksa görə aparılmış soltərəfli torakosentez plevra boşluğunun bilau üsulu ilə drenaj yaraların birincili cərrahi işləməsindən sonrakı vəziyyət müəyyən edilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 6079 saylı çıxarış epikrizindən görünür ki diaqnoz olaraq partlayış travması nəticəsində döş qəfəsinin sol yarısının İİ qabırğa qövsünün yerdəyişmiş sınığı, soltərəfli hemopnevmataraksla, sol ağciyərin, sol köroücük altı venanın zədələnməsi ilə müşaiyət olunan kor qəlpə yaralanmasına görə aparılmış sol körpücük altı venanın bağlanması, soltərəfli torakosentez. Bulau üsulu ilə drenaj olunmasından sonrakı sol ağciyərin plevra boşluğunun yad cismi ağciyərin xarici tənəffüs funskiyasının restriktiv tipin üstünlüyü ilə qarışıq tipli mülayim ventilyasiya pozğunluğu, sağ ağciyərin aşağı payının zərif xətti fıbrozu, sol körpücükaltı arteriyanmn okklyuziyası, sol yuxarı ətrafda qan dövranının və funskiyalarının mülayim dərəcədə pozulması ilə, gərginlik tip baş ağrıları, burun tənəffüsünü mülayim dərəcədə çətinləşdirən burun arakəsməsinin əyriliyi hipertofık rinit qoyulmuşdur. Hesab edir ki, ona qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının bəndlərində təsbit edilmiş xəstəliklərə uyğun gəldiyindən ona əlillik təyin edilməlidir Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 13109 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020): dös qəfəsinin sol yarısından İİ qabırğa qövsünün yerdəyişmiş sınığı, soltərəfli hemoprıevmatoraksla, sol ağciyərin, sol körpücükaltı venanın zədələnməsi ilə müşahidə olunan kor qəlpə yaralanmasına görə aparılmış sol körpücükaltı venasının bağlanması, soltərəfli torakosentez, sol plevra boşluqunun Bilau üsulu ilə drenaj olunmasından sonrakı sol ağciyərin və plevra boşluqunun yad cismi (metal qəlpə, xarici tənəffüs funksiyasının restruktiv tipin üstünlüyü ilə qarısıq tipli mötədil mülayim ventilvasiya pozğunluğu ilə. Saq ağciyərin asaqı payında zərif xətti fibroz. Sol bazu kələfinin pleksopatiyasının qalıq əlaməti, funksiyanın cüzi dərəcədə pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir: “Mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, depressiv epizod, suisidal fikirlər ilə. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2501/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, anamnezdə suisidal fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 643 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (partlayış travması) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv epizodlar, suisidal fikirlər, özünə xəsarət hərəkətləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 4326/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, anamnezində suisidal fikirlər ilə, özünə xəsarət hərəkətləri ilə’’ kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, qıcıqlı olmasından, baş ağrısından, yuxusuzluqdan, əhvalın enməsindən, sol qolunda olan ağrılardan, ümumi zəiflikdən, təngənəfəslikdən şikayətlənmişdir. Verilən sualları qısa, əsəbi cavablandırmış, ünsiyyətə həvəssiz daxil olmuş, zahirən narahat, gərgin, əhvalının dəyişkən olması izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Sağ saiddə kəsiklər izlənilmişdir. Agentliyin həkim-ekspert nevropatoloqun əyani müayinəsi zamanı sol yuxarı ətrafda temperatur bir qədər azalmış, reflekslər canlı çağrılmış, əzələ tonusu saxlanılmış, proksimal və distal qrup əzələlərdə əzələ gücü 5 bal kimi müəyyənləşdirilmiş, hipotrofiya və hərəkət məhdudluğu qeyd olunmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv epizodlar suisidal fikirlər özünə xəsarət hərəkətləri ilə. (Etioloii faktor öz təsdiqini tapmır)" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli, U00125421VHQ nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları depressiv daxilolmalarla, anamnezində suisidal fikirlər ilə, özünə xəsarət hərəkətləri ilə” diaqnozu qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində olan sonuncu göndəriş, yəni xx.xx.2023-cü il tarixli göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İddiaçı barəsində xx.xx.2023-cü il tarixdən öncə də göndərişlər göndərilsə də, iddiaçı həmin göndərişlər əsasında ona əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinasının mübahisələndirməmişdir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(2112)-2550/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe bu istiqamətdə olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarların”da göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani (instrumental) müayinəsinin aparılması üçün cavabdehə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçıya Azırbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 13109 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020): döş qəfəsinin sol yarısından İİ qabırğa qövsünün yerdəyişmiş sınığı, soltərəfli hemopnevmatoraksla, sol ağciyərin, sol körpücükaltı venanın bağlanması, soltərəfli torakosentez, sol plevra boşluğunun Bilau üsulu ilə drenaj olunmasından sonrakı sol ağciyərin və plevra boşluğunun yad cismi (metal qəlpə), xarici tənəffüs funksiyasının restruktiv tipin üstünlüyü ilə qarışıq tipli mötədil mülayim ventilyasiya pozğunluğu ilə. Sağ ağciyərin aşağı payında zərif xətti fibroz. Sol bazu kələfinin pleksopatiyasının qalıq əlaməti, funksiyanın cüzi dərəcədə pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu”diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, depressiv epizod, suisidal fikirlər ilə. Burun arakəsmənin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12849/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (partlayış travması) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv epizodlar, suisidal fikirlər, özünə xəsarət hərəkətləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2876 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv epizodlar, intihar cəhdləri, özünə xəsarət hərəkətləri ilə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 1 il nüddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 4803/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv epizodlar, intihar cəhdləri, özünə xəsarət hərəkətləri ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, qıcıqlı olmasından, baş ağrısından, yuxusuzluqdan, əhvalın enməsindən, sol qolunda olan ağrılardan, ümumi zəiflikdən, təngənəfəslikdən şikayətlənmişdir. Müayinə zamanı boyu 170 sm, çəkisi 87 kq, nəbzi 120 vurğu, saturasiyası 95% müəyyən edilmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli Spirometriya müayinə nəticəsi: “Restriktiv tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. FVC 67%, FEV1 68%" kimi qeyd olunmuşdur. Ünsiyyət zamanı stabil, sualları tam qavramış, mahiyyətinə uyğun cavablandırmışdır. Nitqi aydın, təfəkkürü ardıcıl və məntiqi olmuş, təfəkkürün keyfiyyətcə patoloji istiqaməti aşkarlanmamışdır. Emosional-iradi stabil, affektiv reaksiyaları situasiyaya adaptiv olmuşdur. Əhval-ruhiyyə fonu normal diapazonda izlənilmişdir. Mühakimə və öz davranışına qarşı tənqidi tam olmuş. Situasiyanı tam qavramış, davranışlardakı norma və patologiya qavramlarını tam dərk etmişdir. İntihar cəhdində əsaslandığı “yaşamaq arzusunun olmaması” hazırkı motivasiya və məqsədliliyi ilə uyğunsuz olmuşdur. Qeyd olunan ağır depressiv klinika intihar cəhdinə qarşı Depakin kimi antiepileptik dərman qəbulu anlaşılmazdır. Tez-tez dekompensasiya halları (3 aydan az olmayaraq stasionar yatışlar) sənədlərlə öz təsdiqini tapmamışdır. Təqdim olunan stasionar müraciətlər gündüz stasionarına aid olmuşdur (Gündüz stasionan-profilaktik məqsədlə özünə və ya ətrafa zərəri olmayan şəxslərin günün müəyyən hissəsində dərmanları qəbul etmək üçün müəssisəyə yaxınlaşması deməkdir). İntihar cəhdləri-sağ biləkdə izlənən bir dəfə baş vermiş, həyati təhlükəsi olmayan kəsik izi və bu səbəbdən məcburi hospitallaşma ilə bağlı sənəd təqdim olunmamışdır. İlkin sənədlər və travma haqqında sənədlər Kəllə-beyin travmasını təsdiqləməmişdir. Mövcud sənədlər sonradan dəyişdirilmişdir. Hazırkı təfəkkürü, mühakimə və analiz qabiliyyəti nəzərə alınaraq kənar şəxsin nəzarəti və ya idarə etməsinə möhtac şəxs kimi dəyərləndirilməmişdir. Sosial-əmək adaptasiyası diqqətə alınmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi etioloji faktor öz təsdiqini tapmır. Fəlakətdən sonra şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, qeyri-sabit kompensasiya mərhələsi, anamnezdə özünü kəsmə (1 dəfə)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv epizodlar, intihar cəhdləri, özünə xəsarət hərəkətləri ilə. Posttravmatik stress pozunsutu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0 və F43.1) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə 2017-ci ildən müddətdən artıq hərbi qulluqçu olması, İİ Qarabağ döyüşlərində mərmi partlaması nəticəsində huşunu itirməklə başından travma alması, (“Partlayış travması (xx.xx.2020): dös qəfəsinin sol yarısından İİ qabırğa qövsünün yerdəyişmiş sınığı, soltərəfli hemoprrevmatoraksla, sol ağciyərin, sol körpücükaltı venanın zədələnməsi ilə müşahidə olunan kor qəlpə yaralanmasına görə aparılmış sol körpücükaltı venasının bağlanması, soltərəfli torakosentez, sol plevra boşluqunun Bilau üsulu ilə drenaj olunmasından sonrakı sol ağciyərin və plevra boşluqunun yad cismi (metal qəlpə, xarici tənəffüs funksiyasının restruktiv tipin üstünlüyü ilə qarışıq tipli mötədil mülayim ventilvasiya pozğunluğu ilə. Sağ ağciyərin asaqı payında zərif xətti fibroz. Sol bazu kələfinin pleksopatiyasının qalıq əlaməti, funksiyanın cüzi dərəcədə pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu" diaqnozlu), həmçinin qəlpə yaraları aldığını, huşsuz vəziyyətdə onu Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən hərbi hospitalda müalicəyə gətirilməsi, huşsuz vəziyyətdə neçə müddət qaldığını bilməməsi, sonradan başqa hərbi hospitalda müalicədə olaraq cərrahi əməliyyat keçirməsi, təxris edildikdən sonra iş qabiliyyətinin olmaması, tez-tez baş gicəllənmədən əziyyət çəkməsi, əsəbilik halları, qıcıqlara dözümsüzlük, ara-sıra yuxu pozuntusu yaranması, bununla əlaqədar psixiatrik qeydiyyata düşərək AR SN-nin 2 nömrəli X3, həmçinin dəfələrlə AR SN- nin Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (partlayış travması), şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları depressiv epizodlar suisidal fikirlər, özünə xəsarət hərəkətləri ilə” diaqnozu ilə müalicələrdə olması, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsiiştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası (prof. Fuad İsmayılovun sədriliyi ilə keçirilmiş) tərəfindən müayinə olunaraq “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv epizodlar, intihar cəhdləri, özünə xəsarət hərəkətləri ilə F07.0” diaqnozunun müəyyən edilməsi, hazırda evdə ona təyin edilmiş dərmanları qəbul etməsi, həmçinin hazırkı müayinə zamanı bir qədər süst görünməsi, ünsiyyətə həvəssiz daxil olması, verilən suallara bir qədər ləng dərk etməsi, bəzən verilən sualı ona təkrar etmək zərurəti yaranması, şikayətləri barəsində soruşduqda tez yorulma, hövsələsizlik, əhvalında dəyişkənlik olmasını, bununla yanaşı baş ağrıları, baş gicəllənmələri, yuxu pozuntuları, yaddaşda zəiflik yarandığını, göstərilən səbəblərlə əlaqədar işləyə bilməməsini bildirməsi, əsəbi halların tez-tez baş verməsi, əsəbi gərginliklər zamanı özünə kəsmələrlə xəsarətlər yetirməsi, dərman içərək özünü zəhərləməklə öldürməyə cəhd etməsi, adi qıcıqlara qarşı dözümsüzlükdən əziyyət çəkdiyini bildirməsi, stasionar müalicələrdə olduqdan sonra evə yazıldıqda ona evdə qəbul etməsi üçün dərman resepti yazılması, həmin dərmanları qəbul etməsi, aldığı müalicələrə baxmayaraq yuxarıda göstərilən pozuntuların təzahür etməsi və s.) sübut edir. İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv epizodlar, intihar cəhdləri, özünə xəsarət hərəkətləri ilə. Posttravmatik stress pozunsutu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0 və F43.1) müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:

7. Psixi və davranış pozuntuları … üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 … posttravmatik stres pozuntusu - F43.1 Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli, U00125421VHQ nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları depressiv daxilolmalarla, anamnezində suisidal fikirlər ilə, özünə xəsarət hərəkətləri ilə” diaqnozu göstərilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Məhkəmə qeyd edir ki, iddiçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, U00125421VHQ nömrəli göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar