Məhkəmə qərarları › İş №2-1(112)-4156/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4156/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4156/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və diplomun tanınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və diplomun tanınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli NA00033376 nömrəli qərarının ləğv edilməsi və Rusiya Federasiyası Dağıstan Dövlət Universteti tərəfindən 2015-2017-ci illərdə Hüquqşünaslıq ixtisası üzrə aldığı 1430 qeydiyyat nömrəsi ilə qeyd edilmiş **********363 nömrəli, 25 aprel 2018-ci il tarixli magistr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1977-ci il tarixində anadan olmuşdur. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademyasının "Enerji maşınqayırma" ixtisasında bakalavr, 2005-2007-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və idarəetmə” istiqaməti üzrə magistratura təhsili almışdır. Magistratura təhsilini fərqlənmə ilə bitirdiyi üçün qırmızı diplom verilmişdir. Bundan başqa, 2015-2017-ci illərdə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetində “Hüquqşünaslıq" ixtisası üzrə magistratura təhsili, 2021-ci ildə isə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə aspirantura təhsili almışdır. Tədris müddətində Dağıstan Dövlət Universitetinin yerləşdiyi ölkədə olmuş və tədris olunmuş fənlər üzrə keçirilən imtahanlarda iştirak etməklə qiymətlər almışdır. Tələb olunan sənədləri əlavə edərək həmin magistratura diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi barədə cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin NA00033376 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarı ilə “xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina etmişdir”. İmtinaya səbəb kimi “sərhəd xidmətinin məlumatı" göstərilərək təhsil aldığ ölkənin ərazisində müəyyən müddət az olması bildirilmişdir. Bildirmək istəyir ki, cavabdehin imtinası onun ali təhsil aldığı dövrdə xarici ölkənin ərazisində az müddət olması ilə əlaqələndirmişdir. Halbuki, həmin əlaqələndirmə heç bir halda əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, iştirakın son qiymətləndirmədə heç bir faizli hissəsi yoxdur, bu tələbəni tədris proqramının tədris layihəsi ilə nəzərdə tutulan əlavə saatlarda iştirak etmək öhdəliyindən azad edir. Nəzərdə tutulan qiymətləndirmənin öhdəlik komponentləri – aralıq və nəticə imtahanlarını müvəffəqiyyətlə mənimsəmək vasitəsi ilə yığa bilər. Ancaq bununla bağlı cavabdeh tərəfindən hər hansı əsaslandırma aparılmamış, ümumi fikir bildirilməklə, konkret olaraq hansı müddətdə onun tədris prosesindən kənarda qalmasına dair konkret fakta istinad olunmamışdır. Digər tərəfdən, cavabdeh onun təhsil alması üçün tələb olunan müddətin necə müəyyən edilməsi, bununla bağlı əlavə araşdırma aparılıb-aparılmamasına dair heç bir hərəkət nümayiş etdirməmiş və belə görünür ki, imtina ehtimala əsaslanmaqla icra edilmiş, tədris müddətində onun universitetdə tədris prosesində hansı səbəbdən olubolmadığını müəyyən etmək üçün əlavə sübutların əldə edilməsi təmin edilməmiş, nəticədə onun hüququnu pozan hərəkətə yol verilmişdir. Hesab edir ki, cavabdehin imtina qərarında qeyd edilənlər diplomun tanınmasından imtina üçün əsas deyildir və belə halların mümkünlüyü dövlətdaxili qanunvericilikdə nəzərdə tutulmuşdur, dövlət standartlarına uyğundur. Bundan başqa, əgər magistratura təhsilini müvəffəqiyyətlə başa vura bilməsəydi, onun təhsilinin aspirantura pilləsinə keçməsinə icazə verməzdilər.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2015/2016-ci tədris ili üzrə - 2 ay 21 gün, 2016/2017-ci tədris ili üzrə - 4 ay 6 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)-251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” 15 oktyabr 2024-cü il tarixli, NA00033376 nömrəli məktubla imtina edilmişdir.

8. Apostil edilərək notarial qaydada təsdiq edilmiş, Rusiya Federasiyası "xxxx" Ali təhsili X4 təhsil müəssisəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, 1430 qeydiyyat nömrəli magistr diplomuna əsasən İddiaçı “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə magistr proqramını mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarına əsasən o, magistr dərəcəsi ilə təltif olunmuşdur.

9. Apostil edilərək notarial qaydada təsdiq edilmiş, Rusiya Federasiyası "xxxx" Ali təhsili X4 təhsil müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, 90 qeydiyyat nömrəli aspiranturanın bitirilməsi haqqında diplomuna əsasən İddiaçı 40.06.01 Hüquqşünaslıq hazırlıq istiqaməti üzrə aspiranturada elmi-pedaqoji kadrların hazırlanması proqramını müvəffəqiyyətlə mənimsəmişdir və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə “Tədqiqatçı. Müəllim-Tədqiqatçı” ixtissı verilmişdir.

10. İddiaçı tərəfindən iş materiallarına aspirantura pilləsində müdafiə etdiyi dissertasiya işi əlavə edilmişdir.

11. İş materiallarına Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Xidməti tərəfindən verilmiş xx.xx.1977-ci il təvəllüdlü İddiaçı 2015-2017-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında qeydə alınmış məlumatlar təqdim edilmişdir.

12. RF Elm və Ali Təhsil Nazirliyi Hüquq İnstitutu "xxxx" Ali Təhsil üzrə X3 Təhsil Müəssisəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.2016-cı ildə Dağıstan Dövlət Universitetinin Hüquq fakültəsinin akademik şöbəsinə xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixədək müvəqqəti əmək qabiliyyətinin itirilməsi faktını (diaqnoz: sağ ayağın daban sümüyünün sınığı) təsdiqləyən 27 №-li Şəhər Poliklinikası tərəfindən verilmiş (tibb müəssisəsinin kodu 1253502) 027 nömrəli formada ambulator müayinədən (xəstəlik tarixindən) çıxarış təqdim etmişdir.

13. RF Elm və Ali Təhsil Nazirliyi Hüquq İnstitutu "xxxx" Ali Təhsil üzrə X4 Ali Təhsil Təşkilatı Hüquq İnstitutu tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli arayışa əsasən İddiaçı 2015-2017-ci illərdə "xxxx" FDBATT Hüquq İnstitutunun əyani şöbəsində 40.03.01 “Hüquqşünaslıq” (magistratura) ixtisası ürə təhsil almışdır. xx.xx.2015-ci il tarixli 3842 c saylı əmrlə "xxxx" Hüquq İnstitutunun 40.03.01 “Hüquqşünaslıq” (magistratura) istiqaməti üzrə əyani ödənişli şöbənin 1-ci kursuna qəbul olmuşdur. xx.xx.2016-cı il tarixli, 4813 c saylı əmrlə 2-ci kursa keçirilmişdir. xx.xx.2017-cic il tarixli, 2344 c saylı əmrlə buraxılış ixtisas işini müdafiə etmiş şəxsə “Magistr” ixtisası və diplom verilmişdir xx.xx.2017-ci il tarixi, 2682 c saylı əmrlə tədris planını tam başa vuraraq yekun attestasiyadan müvəffəqiyyətlə keçdiyi üçün xaric edilmişdir. Ali Təhsilin Federal Dövlət Stantartının 7.10cu bəndinə uyğun olaraq – 40.04.01 Hüquqşünaslıq magistratura istiqaməti üzrə 14 dekabr 2010-cu il tarixli 1763 saylı magistratura proqramının icrası İddiaçı münasibətdə fərdi təhsil proqramı əsasında elektron informasiya və tədris mühiti vasitəsilə elektron təhsil, distant təhsil texnologiyalarından istifadə etməklə həyata keçirilmişdir. Təhsil aldığı mühitdə tələbəyə akademik məzuniyyət verilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən birinci tələb üzrə mübahisələndirmə, ikinci tələb üzrə isə məcburetmə haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

20. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının mübahisələndirilməsinə dair xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

22. Belə ki, işin hallarından görünür ki, iddiaçı Rusiya Federasiyası "xxxx" Ali təhsili X4 təhsil müəssisəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, 1430 qeydiyyat nömrəli magistr diplomuna əsasən “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə magistr proqramını mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarına əsasən o, magistr dərəcəsi ilə təltif olunmuşdur.

23. İddiaçı aldığı magistr ixtisası üzrə diplomun ölkə ərazisində tanınması ilə bağlı etdiyi müraciətə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə cavab verilmiş və məktubda iddiaçının ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığını, bununla da iddiaçının diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilmədiyini əsas gətirilərək imtina verilmişdir.

24. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassızlığını və ona verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması barədə qərar qəbul edilməsini mübahisələndirir.

25. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsassız hesab edir.

26. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən:-13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). -22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. -1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. -1.3.Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. - 3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. -3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.9. Bu Qaydaların 3.8.1– 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra– Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta xtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları”nın: 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma– fulltime və tədrisə qismən cəlb olunma– parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. -2.9-cu bəndinə əsasən əyani formanın təhsil müddətində nəzəri tədrisə — 45, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə — 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları” nın aşağıdakı bəndlərinə əsasən: -4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma fulltime və tədrisə qismən cəlb olunma– parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. -5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində- əyani (tədrisə tam cəlb olunma– fulltime və tədrisə qismən cəlb olunma– parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində- əyani (tədrisə tam cəlb olunma– fulltime və tədrisə qismən cəlb olunma– parttime); magistratura səviyyəsində- əyani (tədrisə tam cəlb olunma– fulltime və tədrisə qismən cəlb olunma– parttime), qiyabi, rezidentura səviyyəsində- əyani; doktorantura səviyyəsində- əyani;

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti"nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: -3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. -3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.-3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

30. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının 1430 saylı, xx.xx.2018-ci il tarixli magistr diplomunun əlavəsində təhsilalma formasının əyani olduğu qeyd edilmişdir.

31. İddiaçının əyani təhsil forması üzrə təhsili alması üçün hər bir tədris ili ərzində təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tələb olunduğu halda iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, o təhsil aldığı müddət ərzində həmin ölkədə İ il-2 ay 21 gün, İİ il- 4 ay 6 gün təhsil aldığı ölkə ərazisində olmuşdur.

32. Cavabdehin də iddiaçının diplomunun tanınmasından imtinasının dəlili ondan ibarətdir ki, iddiaçı tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı üçün diploma əlavədə qeyd edilmiş tədris yükünün onun tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür.

33. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır.

34. İş materiallarından görünür ki, iddiaçı ölkə ərazisində bakalavr təhsilini bitirdikdən sonra 2015-2017-ci illərdə Rusiya Federasiyası "xxxx" Ali təhsili X4 təhsil müəssisəsinin “Hüquqşünaslıq” faktültəsində magistratura təhsili almışdır. Bundan sonra iddiaçı həmin təhsil müəssisəsində “Hüquqşünaslıq” ixtisası üzrə aspirantura səviyyəsini bitirmişdir.

35. İş materiallarına əlavə edilmiş RF Elm və Ali Təhsil Nazirliyi Hüquq İnstitutu "xxxx" Ali Təhsil üzrə X4 Ali Təhsil Təşkilatı Hüquq İnstitutu tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli məktubdan müəyyən edilmişdir ki, İddiaçı 2015-2017-ci illərdə "xxxx" FDBATT Hüquq İnstitutunun əyani şöbəsində 40.03.01 “Hüquqşünaslıq” (magistratura) ixtisası üzrə təhsil almışdır. xx.xx.2015-ci il tarixli 3842 c saylı əmrlə "xxxx" Hüquq İnstitutunun 40.03.01 “Hüquqşünaslıq” (magistratura) istiqaməti üzrə əyani ödənişli şöbənin 1-ci kursuna qəbul olmuşdur. xx.xx.2016-cı il tarixli, 4813 c saylı əmrlə 2-ci kursa keçirilmişdir. xx.xx.2017-ci il tarixli, 2344 c saylı əmrlə buraxılış ixtisas işini müdafiə etmiş şəxsə “Magistr” ixtisası və diplom verilmişdir. xx.xx.2017-ci il tarixi, 2682 c saylı əmrlə tədris planını tam başa vuraraq yekun attestasiyadan müvəffəqiyyətlə keçdiyi üçün xaric edilmişdir. Ali Təhsilin Federal Dövlət Stantartının 7.10-cu bəndinə uyğun olaraq – 40.04.01 Hüquqşünaslıq magistratura istiqaməti üzrə 14 dekabr 2010-cu il tarixli 1763 saylı magistratura proqramının icrası İddiaçı münasibətdə fərdi təhsil proqramı əsasında elektron informasiya və tədris mühiti vasitəsilə elektron təhsil, distant təhsil texnologiyalarından istifadə etməklə həyata keçirilmişdir. Təhsil aldığı mühitdə tələbəyə akademik məzuniyyət verilməmişdir.

36. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh imtina qərarında, eləcə də, iddiaya etirazında iddiaçının tədris müddətində təhsil aldığı ölkədə olmamasına istinad etsə də, lakin iddiaçı tərəfindən təqdim edilmiş RF Elm və Ali Təhsil Nazirliyi Hüquq İnstitutu "xxxx" Ali Təhsil üzrə X4 Ali Təhsil Təşkilatı Hüquq İnstitutu tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli məktubu, iddiaçının magistr təhsili alarkən Ali Təhsilin Federal Dövlət Stantartının 7.10-cu bəndinə uyğun olaraq – 40.04.01 Hüquqşünaslıq magistratura istiqaməti üzrə 14 dekabr 2010-cu il tarixli 1763 saylı magistratura proqramının icrası İddiaçı münasibətdə fərdi təhsil proqramı əsasında elektron informasiya və tədris mühiti vasitəsilə elektron təhsil, distant təhsil texnologiyalarından istifadə etməklə həyata keçirilməsini nəzərə aldıqda hesab edilir ki, iddiaçının təhsil müddəti ərzində cavabdeh tərəfin mübahisələndirdiyi normativ müddətdən az müddətdə təhsil aldığı ölkədə olması səbəbi hazırkı iş üzrə iddiaçının təhsil barədə sənədinin ölkə ərazisində tanınmasına, ümumən kvalifikasiyanın məqsədinə xidmət etmir.

37. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

38. İş materiallarından görünür ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, diplom üzrə ixtisasın tanınmamasına əsas olan qanunvericiliklə nəzərdə tutulan və işi faktiki hallarına əsasən hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin magist diplomunun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin 15 oktyabr 2024-cü il tarixli NA00033376 saylı qərarı ləğv edilsin. İddiaçı Rusiya Federasiyası "xxxx" Ali təhsili X4 təhsil müəssisəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, 1430 qeydiyyat nömrəli “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə “Magistr” İxtisası (dərəcəsi) üzrə diploma aid kvalifikasiyanın tanınma şəhadətnaməsi verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar