Məhkəmə qərarları › İş №2-1(112)-4158/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4158/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4158/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə Teyyub qızının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək 2016-cı ilin iyun ayının 6-dan ədliyyə qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi xidmət keçdikdən sonra Məhkəmə Ekspertiza Mərkəzində müxtəlif vəzifələrdə işləmiş, ədliyə işçisi kimi pensiya təyin edilməsi ilə əlaqədar müraciət etsə də, müraciətin təminindən imtina edilmişdir. İddiaçı qeyd edir ki, onun ədliyyə orqanlarında qulluq stajı 33 il təşkil edir, 06 iyun 2016-cı il tarixdə 25 il ədliyyə qulluq illəri tamam olmuşdur. Onun 1 iyul 2017-ci il tarixinədək ədliyyə orqanlarında 25 illik qulluq stajı tamam olmuşdur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, iddiaçının xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 01 iyul 2017-ci il tarixinədək qulluq stajı 25 ildən az, hazırda 35 ildən az olduğundan ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsinin tələbinə əsasən mümkün olmamışdır. Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanunun 2.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluğa qəbul və qulluq keçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. 23.10-cu maddəyə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1398 nömrəli 14 iyul 2021-ci il tarixli Fərmanının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi tapşırılmışdır. Qanunun həmin müddəası dövlət qulluqçularının pensiya təminatı adlı 23-cü maddədən fərqli olaraq dövlət məvacibinə həsr edilmişdir. Dövlət qulluqçusu və xüsusi rütbəli şəxslər qanunvericiliklə birbirindən fərqlənir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı 22 iyun 1989-24 aprel 1991-ci il tarixdə hərbi xidmətdə olmuş, 08 aprel 1993-05 iyun 2024-cü il tarixlərdə Məhkəmə Ekspertiza Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır. 20 fevral 2024-cü il tarixdə ədliyyə orqanlarında iddiaçının qulluq stajı 33 il təşkil edir. 06 iyun 2016-cı il tarixdə iddiaçının qulluqda olma müddəti 25 il təşkil edir və 2 il 8 ay 13 günü yardımçı vəzifədir. Cavabdehin 28 oktyabr 2024-cü il tarixli imtina məktubunda qeyd edilir ki, iddiaçının xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 01 iyul 2017-ci il tarixinədək qulluq stajı 25 ildən az, hazırda 35 ildən az olduğundan ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsi mümkün olmamışdır. Nazirlər Kabinetinin 91 nömrəli 20 fevral 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qayda şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də ədliyyə işçisi kimi pensiya təminatına həmin Qayda şamil edilmir. 23 noyabr 2024-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin məktubunda qeyd edilir ki, 01 iyul 2017-ci il tarixdə 26 il 25 gün, 05 iyun 2024-cü il tarixdə 33 il iddiaçının xüsusi dövlət qulluğu stajı mövcuddur, 2 il 8 ay 13 gün yardımçı vəzifədir. Məktubdan görünür ki, 08 aprel 1993-21 dekabr 1995-ci il tarixədək iddiaçı yardımçı dövlət qulluğu vəzifəsində laborant vəzifəsində işləmiş, digər vəzifələr inzibati vəzifə olmuşdur. 05 mart 2025-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki, 08 aprel 1993-cü il tarixdən 21 dekabr 1995-ci il tarixədək iddiaçının tutmuş olduğu laborant vəzifəsi dövlət qulluğunun yardımçı vəzifəsidir, digər vəzifələr isə xüsusi rütbə nəzərdə tutulan vəzifə kimi qeyd edilmişdir. İddiaçıya ilk xüsusi rütbə isə 02 may 2003-cü il tarixdə verilmişdir. İddiaçının 33 il ədliyyə orqanlarında qulluq illəri mövcuddur, bunun 1 il 10 ay 2 günü həqiqi hərbi xidmət, 2 il 8 ay 13 gün dövlət qulluğunun yardımçı vəzifəsində, 28 il 5 ay 15 gün isə xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə işlədiyi müddətə aiddir. Məhkəmə Ekspertiza mərkəzinin 07 may 2025-ci il tarixli məktubundan görünür ki, laborant vəzifəsi dövlət qulluğunun yardımçı vəzifəsi olmaqla xüsusi rütbə nəzərdə tutulan vəzifə hesab edilmir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki,“Əmək pensiyaları haqqında”Qanunun: 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (əvvəlki redaksiya 25 il) qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.10. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın: 2.1. Ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir: 2.1.1. ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət; 2.1.3. ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət; 2.1.10. ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının ədliyyə qulluqçusu kimi pensiya təyinatının aparılıb-aparılmaması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, hazırkı inzibati mübahisənin həlli ilə əlaqədar ədliyyə orqanlarında qulluq stajına uyğun olaraq ədliyyə qulluqçusu kimi pensiya təyinatının aparılmasına dair Qanunun yuxarıda göstərilən 9.7-ci maddəsinin köhnə redaksiyasının tələbinin aydınlaşdırılması zəruridir. Belə ki, maddənin tələbindən də göründüyü kimi 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyaya əsasən 25 il qulluq stajı pensiya təyinatı üçün əsas hesab edilir. Lakin, maddənin tələbindən də göründüyü kimi 25 il ədliyyə qulluq stajı özüözlüyündə göstərilən şərtə uyğun olaraq pensiya təyinatına əsas vermir. Belə ki, göstərilən qulluq stajının məhz xüsusi rütbə nəzərdə tutan vəzifə üzrə olması mütləqdir. Maddənin tələbindən də göründüyü kimi xüsusi rütbənin olmaması da pensiya təyinatı halını istisna etməsə də, vəzifənin xüsusi rütbə nəzərdə tutan vəzifə olması mütləqdir. Göstərilən səbəbdəndir ki, məhkəmə 2003-cü il tarixdə iddiaçıya ilk xüsusi rütbə verilməsindən əvvəlki dövrlərdə Mərkəzdə işlədiyi müddətləri də hesab edir ki, xüsusi rütbə nəzərdə tutan vəzifə hesab edir. Lakin, qeyd olunmalıdır ki, göstərilən vəzifələrdən biri xüsusi rütbə nəzərdə tutulan vəzifə hesab edilmə baxımından istisnadır. Belə ki, 08 aprel 1993-cü il tarixdən 21 dekabr 1995-ci il tarixədək iddiaçının tutmuş olduğu laborant vəzifəsi dövlət qulluğunun yardımçı vəzifəsidir və bir-neçə məhkəmə sorğusu nəticəsində Mərkəzin təqdim etdiyi məlumatdan da görünür ki, həmin vəzifə xüsusi rütbə nəzərdə tutan vəzifə hesab edilmir. Bu isə o deməkdir ki, iddiaçının 01 iyul 2017-ci il tarixədək xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 25 il qulluq stajından söhbət gedə bilməz. Qanunvericiliyin tələbindən isə görünür ki, ədliyyə orqanlarında məhz xüsusi rütbə nəzərdə tutulan vəzifə onun ədliyyə qulluqçusu kimi 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyaya uyğun 25 il qulluq stajına uyğun olaraq pensiya təyinatı üçün əsasdır. Digər tərəfdən iddiaçı “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin tələblərinə əsasən onun dövlət qulluğunda olduğu müddətin, eləcə də yardımçı dövlət qulluğu vəzifəsində olduğu müddətin xüsusi rütbə nəzərdə tutulan vəzifəyə aid edilməsi olmasına istinad etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən Qayda və Şərt Qanunun 22.7.2-ci maddəsi, yəni Dövlət məvacibinin müəyyən edilməsinə aiddir. Dövlət qulluqçusunun pensiya təminatı isə 23-cü maddə ilə tənzimlənir və həmin Maddədən görünür ki, Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.3. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 29 may tarixli 123 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi əmək pensiyasının təyin edilməsi baxımından sosial sığorta stajının hesablanması üçün aidiyyəti normativ hüquqi aktlar sadalanmış, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı da orada göstərilsə də, iddiaçı tərəfindən istinad edilən Qayda pensiya təyinatı, onun üçün zəruri olan sığorta stajının müəyyən edilməsi ilə əlaqədar olmayıb, dövlət məvacibi ilə əlaqədardır. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, 25 illik minimum müddət müəyyən edən xüsusi rütbə nəzərdə tutulan vəzifədə 01 iyul 2017-ci il tarixədək iddiaçının işləmə halı müəyyən edilmir, yardımçı dövlət qulluğu vəzifəsi heç bir halda xüsusi rütbə nəzərdə tutan vəzifəyə aid edilə bilməz. Belə ki, laborant vəzifəsinə uyğun ümumiyyətlə hər hansı xüsusi rütbə də mövcud deyildir. Odur ki, yardımçı dövlət qulluğu vəzifəsi dövlət qulluğu vəzifəsi kimi xüsusi dövlət qulluğu dövrünə aid edilsə belə, ədliyyə qulluqçusunun pensiya təminatı üçün məhz xüsusi rütbə nəzərdə tutulan vəzifədən söhbət getdiyindən iddianın təminini istisna edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-1576/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli (✯✯✯) qərarında qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) 2.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür; həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Eyni ilə, həmin Qanunun 23.1-ci maddəsində də dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi təsbit edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir. Məhkəmə kollegiyası bu qərarın 15-18-ci bəndlərində nəzərdə tutulmuş normaların məzmunundan çıxış edərək hesab edir ki, iddia olunan məzmunda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun. Bu baxımdan, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərin pensiya təminatına dair əsasları müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin müddəalarında prokurorluq orqanlarında qulluq etmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.4-cü maddə), fövqəladə hallar orqanlarında və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.7- 1 və 9.7-2-ci maddələr) üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pensiya təminatı nəzərdə tutulduğundan, onlar həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış edə bilərlər. Həmin kateqoriya şəxslərə, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində həmin Qanunun məqsədləri üçün anlayışı verilmiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxsləri də aid etmək olar. “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 №-li Fərmanının 2.4-cü bəndinə uyğun olaraq, həmin şəxslərin dairəsinə fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərdən əlavə, daxili işlər, vergi və gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslər aid edilmişdir. İddiaçının xx.xx.2003-cü il tarixdə ədliyyə orqanında qulluğa qəbul edilənədək xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə (qulluq etməklə) xüsusi rütbəyə malik olduğuna dair hər hansı sübut işdə yoxdur. 2-1(102)-1893/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda işin faktiki və hüquqi halları fərqli olsa da, xüsusi rütbə və onun pensiya təyinatına dair oxşar mövqedən çıxış edilmişdir. Odur ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar