Məhkəmə qərarları › İş №2-1(112)-4159/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4159/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4159/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçının əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması və dayandırıldığı tarixdən əmək pensiyasının bərpa edilərək ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «iddiaçının əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin həyata keçirilməsi, dayandırmanın ləğv edilərək pensiya ödənişinin bərpa edilməsi və pensiya ödənişlinin dayandırılmasınımn cavabdehə qadağan edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 1972-ci ildən 1993-cü ilə qədər X9 Daşları Qazma İdarəsində və X12 X4 İdarəsində, "xxxx" Şirkətinin istismar etdiyi Azəri, Çıraq, Günəşli və Türkmənistanın istismar etdiyi Kəpəz, Barinova, Qubkina, Jdanov və Promejutoçnaya dəniz neft mədənlənin kəşf ediləsində iştirak etmişdir. 1993-cü ildən isə, ABŞ-ın İPESCO, X5 və OXSUS ENERGY şirkətlərində çalışmışdır. 2020-ci ilin dekabr ayınadək təqaüdünü vaxtında almışdır. 2019-cu ildə ABŞ şirkəti onu üzən qazma qurğuların inspeksiyası üzrə mütəxəssis kimi bir neçə dəfə qısa müddətli işə cəlb etmişdir. 2020-ci ildən “COVİD 19” pandemiyası başladıqdan sonra həmin şirkət inspeksiya işlərini dayandırmışdır. Hətta həmin şirkətdə çalışdığı vaxtda bütün vergi və pensiya ödənişləri həyata keçirilmişdir. Demək olar ki, pandemiya başlayandan bu günədək heç bir tutarlı səbəb olmadan onun pensiya ödənişi dayandırılmışdır. Dəfələrlə bir sıra orqanlara müraciət etsə də, ona aidiyyatı olmayan hallarla bağlı işin araşdırıldığı bildirilir və pensiya ödənişləri həyata keçirilmir. İddiaçı hesab edir ki, nə hüquqi, nə faktiki əsası olmadan cavabdehin hərəkətləri pensiya hüququnun pozulmasına gətirib çıxarmaqla qanunvericiliyin kobud pozuntusudur. İddiaçıya təkcə məktub göndərilmiş, pensiya ilə bağlı barəsində hər hansı inzibati aktın qəbul edilib-edilməməsi ilə bağlı isə məlumat verilməmişdir. Əgər inzibati akt qəbul edilməmişsə, təkcə məktub təqdim edilməklə, heç bir inzibati akt qəbul edilmədən onun pensiyasının ödənilməməsi qanunvericiliyin tələbinə ziddir. Belə ki, inzibati orqan tərəfindən hüquqi nəticə yaradan, onu əlverişsiz vəziyyətə salan, sosial təminat hüquqi ilə bağlı hüquq və mənafelərinə toxunan hərəkətin inzibati akt formasında deyil, məktubla edilməsi «İnzibati icraat haqqında» Qanunun tələblərinin birbaşa pozuntusudur. Halbuki, həmin Qanunun 2.0.2-ci maddəsindən də göründüyü kimi, publik münasibətlər sahəsində müəyyən məsələnin həlli ilə bağlı ünvanladığı şəxslər ücün hakimiyyət xarakterli, müəyyən hüquqi nəticə yaradan inzibati aktın qəbulu zərurətdir. Cavabdeh isə, həmin şərtə hələ ki, əməl etmədən onun pensiya təminatını tamamailə dayandırmışdır. Halbuki iddiaçı pensiya ilə yaşayır. Dövlət qurumu bir ildən artıq müddətdə pensiya ödəməsi ilə onun necə yaçşadığı barədə heç maraqlanmır. İnzibati orqan tərəfindən pensiya məbləğinin ödənişinin dayandırılması və ya hansısa bir formada pensiya hüququnun məhdudlaşdırılması barədə qərar formasında inzibati akt qəbul edilsə idi belə, həmin qərarın qanuniliyi və əsaslılığı şübhəlidir. Qeyd olunanları nəzərə alaraq istər inzibati akt qəbul edilmişdirsə onun əsaslılığı, qəbul edilməmişdirsə inzibati orqanın hərəkətlərinin əsaslılığı ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. «İnzibati icraat haqqında» Qanunun 1.2-cı maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəhslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati aktın qəbulu ilə bağlı inzibati icraatın aparılması ilə bağlı bütün məcburiyyətlər hüquq və vəzifələr, o cümlədən rəhbər tutulan prinsip və qaydalar, eyni zamanda inzibati orqanın faktiki xarakterli hərəkətlərinə münasibətə şamil edilir. Başqa sözlə aşağıda göstərilən normalar cavabdeh əgər pensiyanın tutulmasını, məbləğinin aşağı salınmasını qərar qəbul etmədən edilmişdirsə və ya mənim məlumatım olmasa belə hansısa qərarla etmişdirsə heç bir fərq olmadan tətbiq edilir. «İnzibati icraat haqqında» Qanunun 2.0, 2.0.2. və 2.0.6-ci maddələrinə əsasən inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri, inzibati icraat dedikdə isə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. Göründüyü kimi, inzibati orqan tərəfindən inzibati akt bu Qanunla müəyyən edilmiş prosedur qaydalar daxilində həyata keçirilən inzibati icraat çərçivəsində qəbul edilməlidir ki, prosedur qaydalara əməl edilib-edilməməsi inzibati aktın qanuni olub-olmamasını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun prosedur qayda müəyyən edən 21.1 və 21.2-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqinda maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Göründüyü kimi, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtina dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq bu Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. Həmin maddənin tələbindən də göründüyü kimi, maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulması, ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zəruri yaranması, dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halın olması və dinləmələrdən imtina üçün əsas olaraq nəzərdə tutulmuşdur. Lakin nə cavabdehin faktiki hərəkətləri, nə də iddiaçıya təqdim olunmasa belə mövcuddursa qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərdə alınmamış, onun inzibati icraatının aparilması çərşivəsində hansısa məsələyə dair münasibəti öyrənilməmiş, araşdırma iştirakı olmadan aparılmışdır ki, bu həmin cavabdehin hərəkətləri və ya qərarının qanunsuz hesab edilməsinin bir neçə əsasından sadəcə biridir. Göründüyü kimi, inzibati icraat zamanı iştirakımın təmin edilməməsi cavabdehin hərəkətinin və ya qərarın qanunsuz hesab edilmə əsasıdır ki, qanunsuz hesab edilmənin digər əsasları ilə bağlı da aşağıdakıların qeyd edilməsi mütləqdir. «İnzibati icraat haqqında» Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün halların araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Göründüyü kimi, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır ki, hazırki iş üzrə isə həmin araşdırmanın aparılması ilə bağlı heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmiş, yalnız məktubla hüquqi nəticə yaradan hərəkətə dair mövqe nümayiş etdirilməyə, cavabdehin qanunsuz hərəkətin sübüt edilməsinə çalışılmışdır. Bununla bağlı əlavə olaraq qeyd olunur ki, həmin Qanunun 58-ci maddəsinə birbaşa tələb olaraq müəyyən etmişdir ki, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Adıçəkilən Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 67.1, 67.3-cü maddələrinə əsaslanaraq, iddiaçının əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin həyata keçirilməsi, dayandırmanın ləğv edilərək pensiya ödənişinin bərpa edilməsi və pensiya ödənişlinin dayandırılmasınımn cavabdehə qadağan edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu həmin Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 14 aprel 2022-ci il tarixli məktubunda (yazılı etirazda) bildirilir ki, İddiaçı iddia ərizəsində 1972 – 1993-cü il illərdə X9 Daşları Qazma İdarəsində və X10 X4 İdarəsində., BP Şirkətinin istismar etdiyi Azəri, Çıraq, Günəşli və Türkməniztanın istismar etdiyi Kəpəz, Barinova, Qubkina, Jdanov və Promejutoçnaya dəniz neft mədənlərinin kəşf edilməsində iştirak etdiyini, 1993-cü il tarixdən İPESCO, X5, Oxsus Energy kimi şirkətlərdə çalışdığını iddia etməklə, ona təyin eddilmiş güzəştli pensiyanın dayandırıldığı tarixdən bəpa edilməsini, dayandırıldığı vaxtdan bugünə qədər yaranmış fərq məbləğinin ödənilməsi və pensiya ödənişinin dayandırılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. Hesab edilir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçıya 2006-cı ilədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 qvsut 1997-ci il tarixli Qanununa əsasən həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin vaxtda qanunda pensiyanın əmək haqqına uyğun hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 2006-cı ilədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun yaşa görə pensiyaların məbləğini müəyyən edən 17-ci maddəsinin 1-ci bəndinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Həmin maddənin 3-cü bəndinə əsasən yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər. Həmin maddənin 5-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsi üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: 1) işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; 2) növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; 3) əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti; 4) uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; 5) İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti; 6) ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kursların-da, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti; 7) müddətli hərbi və ya alternativ xidmət müddəti; 8) əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; 9) işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır. Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. İş stajı bir təqvim ayından az olduqda iş dövrü ərzindəki əmək haqqı iş günlərinin sayına bölünür. Alınan məbləğ ayın iş günlərinin illik orta sayına (iş həftəsi 6 günlükdürsə 25,4-ə və iş həftəsi 5 günlükdürsə 21,2-ə) vurulur. Əmək haqqı pul ödənci ilə yanaşı natura ilə ödənildikdə, pensiya təyin olunması üçün orta aylıq əmək haqqı müəyyən edilərkən əmək haqqının sığorta haqqı hesablanmış natura ilə ödənilən hissəsinin dəyəri əmək haqqının ödənildiyi dövrün dövlət pərakəndə qiymətləri ilə hesablanaraq nəzərə alınır. Hazırkı iş üzrə isə, İddiaçı 1 yanvar 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin olunmuş əmək pensiyası 6 noyabr 2020-ci il tarixdə dayandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olarag pensiya təminatı sahəsində müxtəlif risk grupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıgda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafig icra hakimiyyəti organı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi «Əmək pensiyaları haqqında» Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olarag dayandırılır. Eyni zamanda AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıgla Mübarizə İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı cinayət törətməkdə təgsirləndirilən şəxslərə məxsus götürülmüş maddi sübutlar araşdırılarkən iddiaçıya əmək pensiyası təyin olunması üçün zəruri sənədlərlə yanaşı onların surətləri və digər faktlar aşkar edilmiş, müvafig qurumun müraciətinə əsasən aşkar olunmuş həmin sənədlər əsasında iddiaçıya təyinat aparılarag ödənilmiş pensiya işinin ganunvericiliyinə uyğunluğunun Nazirlik tərəfindən araşdırılması aparılır. Bu məsələ ilə bağlı iddiaçıya 19 mart 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən **********7 nömrəli məktubla məlumat verilmiş və ondan müvafig əmək pensiyası hüququ yaradan zəruri sənədlərin üzləşdirilərək araşdırılması məqsədilə onların əsllərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunması xahiş olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən həmin sənədlər təqdim olunmamışdır. İş üzrə tam və obyektiv araşdırmanın aparılmasını təmin etmək məqsədilə, AR Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 10 fevral 2022-ci il tarixində sorğu verilərək, İddiaçı sənədlərinin V.A.Əliyevin ofisində aşkar olunması ilə bağlı həyata keçirilmiş cinayət təqibi üzrə materialların və qəbul edilmiş müvafiq prosessual qərarın surətinin mümkün qədir qısa müddətdə təqdim edilməsi xahiş edilmişdir. 8 aprel 2022-ci il tarixdə qeyd edilən sorğuya cavab Mərkəzi Filiala daxil olmuşdur. Sorğuda qeyd edilmişdir ki, X6 barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Vüsal Əliyevin icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Elite” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən ofisinə baxış zamanı aşkar edilmiş bütün sənədlər əlavə araşdırma aparılmadan bir ədəd çantada qablaşdırılmışdır. Həmçinin qeyd olunur ki, Vüsal Əliyev barəsində istintaq edilən cinayət işinin materiallarından 12 yanvar 2021-ci il tarixdə ayrıca icraata ayrılmış material sübut əhəmiyyəti kəsb edən bir ədəd çanta ilə birlikdə araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. Odur ki, sözügedən cinayət işinin mübahisənin həllinə təsir edə biləcəyi hal kimi nəzərə alınmalıdır. İddiaçının 02 yanvar 1997-ci il tarixində tərtib olunmuş ИТ-0134438 nömrəli əmək kitabçasının 8 – 9-cu səhifələrində onun 25 noyabr 2002-ci il tarixdən 1 sentyabr 2005-ci il tarixədək “Oksus enerji” şirkətində işlədiyi aydın olur. Amma “Oksus enerji” X1 nümayəndəliyi Bakı şəhər Vergilər Departamentində 15 may 2003-cü il tarixində uçota, 27 mart 2003-cü il tarixdə isə AR Ədliyyə Nazirliyində dövlət geydiyyatına alınmışdır. Yəni ki, iddiaçının həmin müəssisədə işlədiyini iddia etdiyi dövrdə o müəssisə dövlət geydiyyatından keçməmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyindən VÖEN almamışdır. Buna görə də bu məsələ iddiaçının həmin müəssisədə işləyib, əmək hagqı alması faktının mötəbərliyinə əsaslı şübhələr yaradır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə, İPM-in 47-ci maddəsinə əsaslanarsaq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 4 avqust 2022-ci il tarixli məktubunda (yazılı etirazda) bildirilir ki, İddiaçı pensiya ödənişinin dayandırıldığı vaxtdan bu günə qədər ödənişin həyata keçirilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hesab edilir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X2 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını, Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz sayılması və əmək pensiyasının dayandırıldığı 6 noyabr 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı 1947-ci il təvəllüdlüdür. DSMF orqanı tərəfindən ona 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş pensiya üzrə ödəniş cavabdeh inzibati orqan tərəfindən 2020-ci ilin noyabr ayından sonra dayandırılmışdır. İddiaçı məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müsbət nəticə əldə olunmamış, eləcə də pensiyanın bərpa olunması ilə bağlı hərəkət aparılmamışdır. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və ona təyin ounmuş əmək pensiyasının bərpasını tələb edir. Məhkəmə mübahisə ilə əlaqədar aşağıdakı qanunvericilik normalarını diqqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı İddiaçı ilkin pensiya təyin olunması barədə DSMF orqanının qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən və ayrıca qərar qəbul olunmadan ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır və inzibati orqan bu hərəkətini iddiaçının pensiya işində olan sənədlərin düzgünlüyünə şübhəli halların olması ilə əsaslandırmışdır. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, inzibati orqan tərəfindən iddiaçıya münasibətdə pensiya ödənişinin dayandırılması ilə bağlı hərəkətlər aparılarkən müvafiq qərar qəbul olunmaması ilə bərabər, həm də onun (iddiaçının) məlumatlandırılması da təmin edilməmişdir. Bundan başqa, cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının «Əmək pensiyaları haqqında» Qanunun 37.8-ci maddəsinin və «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz sayılmalı və İddiaçı sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırılması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz sayılmalı və əmək pensiyasının dayandırıldığı 6 noyabr 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırılması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz sayılsın və əmək pensiyasının dayandırıldığı 6 noyabr 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinnə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar