Məhkəmə qərarları › İş №2-1(112)-4160/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4160/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4160/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, 57 yaşının tamam olduğu vaxtdan (02.10.2018-ci il tarixdən) 05.02.1982ci il tarixdən 01.05.2006-cı tarixədək müxtəlif təhlükəli yük daşıyan (tanker) gəmilərdə fərqli vəzifələrdə kapitan köməkçisi və kapitan vəzifəsində işlədiyi illər sığorta stajına daxil edilməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 02.10.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1978-ci ildə orta məktəbi bitirib, Bakı şəhəri Qafur Məmmədov adına dənizçilik məktəbinə qəbul olunmuşdur. 01.01.1978-ci il tarixindən 30.12.1981-ci il tarixinə kimi Dənizçilik məktəbində əyani gəmi sürücülük ixtisası üzrə təhsil almışdır. Bu barədə ona 30.12.1981-ci il tarixli DT 041314 №-li diplom verilmişdir. 05.02.1982-ci ildə X4 matros vəzifəsinə işə qəbul olunmuş və 2-ci köməkçi vəzifəsinə kimi yüksəlmişdir. 17.10.1989-cu ilədək Xəzər Dəniz gəmiçilik idarəsində tanker, quru yük gəmisi, ro-ro tipli gəmilərdə işləmişdir. 17.10.1989-cu ildə öz xahişi ilə işdən azad olunmuşdur. 23.10.1989-cu ildə X10 donanmasında 2-ci kapitan köməkçisi kimi işə qəbul olunmuşdur. 15.07.1992-ci ildən X10 donanması gəmi kapitanı vəzifəsinə keçmişdir və 01.05.2006-cı il tarixinə kimi gəmilərdə kapitan kimi çalışmışdır. 01.05.2005-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. 02 oktyabr 2018-ci ildə onun 57 yaşı tamam olmuşdur və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası düşür. İş stajı və yaşı qanunla müəyyən olunmuş şərtlərə cavab verdiyindən o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan onun tələbini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi, işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən peşələrə aid olmadığını və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyası üçün nəzərdə tutulmuş minimum əmək pensiyası məbləğindən az olduğu göstərilmişdir. Hesab edir ki, imtina əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 07 dekbar 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair 05.03.2022-ci il tarixli yazılı etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyinə uyğun olaraq ona münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22930,67 manat təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. İddiaçı-İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X9 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Lənkəran rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 30 dekabr 1981-ci ildə verilmiş DT seriyalı 041314 №li diplomun surətindən; Azərbaycan Dövlət Dəniz Akademiyası tərəfindən verilmiş 22 sentyabr 2020-ci il tarixli arayışdan və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən verilmiş 12.11.2019-cu il tarixli 210 saylı arayışdan müəyyən olunur ki, 1961-ci il təvəllüdlü İddiaçı 01.09.1978-ci il tarixdən 30.12.1981-ci il tarixədək Q.Məmmədov adına Bakı Dənizçilik Məktəbində “texnikgəmiidarəedici” ixtisası üzrə əyani formada təhsil almışdır. ИТ-İ ******* №li 08.02.1982-ci il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı 05.02.1982-ci ildə X8 Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra nəqliyyat donanmasının gəmilərinə matros vəzifəsinə qəbul olunmuşdur (Əmr № 25/H, 05.02.1982-ci il); 23.09.1983-cü ildə Nəqliyyat donanmasının gəmilərində kapitanın 3-cü köməkçisi (Əmr № 187/H, 23.09.1983-cü il ); 06.02.1985-ci ildə Nəqliyyat donanmasının gəmilərində kapitanın 2-ci köməkçisi (Əmr № 26/H, 06.02.1985-ci il ); 19.02.1987-ci ildə Nəqliyyat donanmasının gəmilərində kapitanın 3-cü köməkçisi (Əmr № 33/з, 19.02.1987-ci il) təyin olunmuş; 17.10.1989-cu ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 203/ з, 17.10.1989-cu il); 23.10.1989-cu ildə Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə Cənub ekspedisiya dəstəsi-Çaroit teploxodunda 2-ci köməkçisi vəzifəsində qəbul edilmişdir (Əmr № 229/k, 23.10.1989-cu il ); 15.07.1992-ci ildə ПС-175 gəmisinə kapitan (Əmr № 141/k,); ПС-175 gəmisinə kapitanın baş köməkçisi (Əmr № 159/k) təyin olunmuş; Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə Cənub ekspedisiya dəstəsi Dəniz neft donanmasının Cənub idarəsi adlandırılmışdır (Əmr № 51/k, 18.02.1993-cü il); 03.01.1995-ci il ПС-175 gəmisinə kapitan (Əmr № 3/k, 03.01.1995-ci il) təyin edilmiş; 01.05.2006-cı ildə öz xahişi ilə vəzifəsindən azad edilmişdir (Əmr № 47/3, 01.05.2006-cı il). “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı müraciəti əsasında ona ünvanlanmış 04.12.2019-cu il tarixli 01/03/K-1119-955 №li məktubda qeyd olunmuşdur ki, müraciətçi Azərbaycan Respublikaı Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək təqaüdü huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin 2-ci yarımbəndinin “b” bəndinə uyğun olaraq dəniz və nəqliyyat gəmilərinin heyət üzvü kimi güzəştli təqaüdü almaq hüququna malikdir. Qeyd olunan məktuba əlavə olunmuş 03.12.2019-cu il tarixli 01/07-286 saylı arxiv arayışında qeyd olunmuşdur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Bakı Dənziçilik Məktəbini btirdikdən sonra (Diplom DT № 041314) 05.02.1982-ci ildən (05.02.1982-ci il tarixli 25/н nömrəli əmr) 17.10.1989-cu ilə kimi (17.10.1989-cu il tarixli 203/з nömrəli əmr) X5 “Karkum-Kanal”, “Kirovabad”, “Qurvey”, “Kompozitor Qlinka”, “Geroy Mehti”, “General Aslanov” gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi vəzifələrində işləmişdir. Onun tutduğu vəziflər üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqlliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvotariyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyəti X11 Donanması tərəfindən İddiaçı ünvanlanmış 24.09.2020-ci il tarixli 01/03/K-206-104 №li məktuba əlavə olunmuş X11 Donanması tərəfindən verilmiş 24.09.2020-ci il tarixli EN 01/02-306 №li arxiv arayışında göstərilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 23.10.1989-cu ildə Cənub Rayon Dəniz Neft Donanmasının t/x “Çaroit” gəmisinə kapitanın 2-ci köməkçisi vəzifəsinə (23.10.1989cu il tarixli 229-k nömrəli əmr) işə qəbul edilmişdir. 15.07.1992-ci ildə t/x “PS 175” gəmisinə kapitan vəzifəsinə (15.07.1992-ci il tarixli 141-k nömrəli əmr), 19.08.1992-ci ildə t/x “PS- 175” gəmisinə kapitanın böyük köməkçisi (19.08.1992-ci il tarixli 159-k nömrəli əmr), 03.01.1995-ci ildə t/x “PS-175” gəmisinə kapitan vəzifəsinə (03.01.1995-ci il tarixli 03-k nömrəli əmr) keçirilmişdir. 01.05.2006-cı ildə işdən azad edilmişdir. İddiaçı 1989-cu ildən 2006-cı il işlədiyi dövr üzrə öz hesabına ödənişsiz məzuniyyətdə olmamışdır. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvotariyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəziflər (peşələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qnunununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2. “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli 12 nömrəli qərarı ilə qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (üzən heyət –ind: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əsas: kadr əmrlər, ştat cədvəli “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi. “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyətinin 16.10.2020-ci il tarixli 01/03-K-771- 546 №li məktubu ilə təqdim olunmuş 15.10.2020-ci il tarixli 01/17-195 №li arxiv arayışında qeyd olunmuşdur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Bakı Dənziçilik Məktəbini btirdikdən sonra 05.02.1982-ci il ildən (05.02.1982-ci il tarixli 25/н nömrəli əmr) 17.10.1989-cu ilə kimi (17.10.1989-cu il tarixli 203/з nömrəli əmr) X5 “Karakum-Kanal”, “Kirovabad”, “Qurvey”, “Kompozitor Qlinka”, “Geroy Mehti”, “General Aslanov” gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi vəzifələrində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqlliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvotariyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. İddiaçı 1982-ci ildən 1989-cu ilə kimi işlədiyi dövr üzrə öz hesabına ödənişsiz məzuniyyətdə olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kanbinetinin 17.07.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X8 Azərbaycan X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.12014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və X11 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X8” QSC yaradılmışdır. “Azərbaycan X8” QSC X11 Donanması tərəfindən İddiaçı ünavnalnmış 11.12.2020ci il tarixli 01/03K-325-151 №li məktuba əlavə olunmuş 11.12.2020-ci il tarixli EN 01/02- 406 №li arayışda qeyd olunmuşdur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Cənub Rayon Dəniz Neft Donanma İdarəsinin müxtəlif gəmilərində kapitan vəzifəsində işləmiş və onun 2002-2005-ci illər üzrə hesablanmış əmək haqqısı şağıdakı kimi olmuşdur: 2002-ci il üzə cəmi 19899069 AZM, 2003-cü il üzrə cəmi 11124712 AZM, 2004-cü ilin yanvar, feral, mart, aprel, sentyabr, dekabr ayları üzrə 11078462 AZM, 2005-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 12052695 AZM, yekun məbləğ 54154938 (əlli dörd milyon yüz əlli dörd min doqquz yüz otuz səkkiz manat (AZM)). Qeyd olunan əmək haqqı məbləği, 01.01.2006-cı il yeni manata keçid (denominasiya) edilməmiş və məcburi Dövlət Sosial Sığortasına cəlb olunmuşdur. “Azərbaycan X8” QSC X11 Donanması tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli EN01/02-406/2 saylı arayışın surətindən müəyyən olunur ki, İddiaçı Donanmada işlədiyi 2006-cı il üzrə orta aylıq əmək haqqı fevral ayı 233.70 manat, mart 200.79 manat, cəmi 434.49 manat olmuşdur. Qeyd olunan əmək haqqı məbləği Dövlət Sosial Sığortasına cəlb olunmuşdur. “Azərbaycan X8” QSC-nin 30.12.2020-ci il tarixli 01/03/K-771/2-712 saylı məktubu ilə təqdim olunmuş 28.12.2020-ci il tarixli 01/17-314 saylı arxiv arayışında qeyd olunmuşdur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Bakı Dənziçilik Məktəbini btirdikdən sonra 05.02.1982-ci il ildən (05.02.1982-ci il tarixli 25/н nömrəli əmr) 17.10.1989-cu ilə kimi (17.10.1989-cu il tarixli 203/з nömrəli əmr) X5 “Karakum-Kanal”, “Kirovabad”, “Qurvey”, “Kompozitor Qlinka”, “Geroy Mehti”, “General Aslanov” gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi vəzifələrində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqlliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. İddiaçı 1982-ci ildən 1989-cu ilə kimi işlədiyi dövr üzrə öz hesabına ödənişsiz məzuniyyətdə olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kanbinetinin 17.07.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X8 Azərbaycan X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.12014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və X11 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X8” QSC yaradılmışdır. “Azərbaycan X8” QSC-nin 28.12.2020-ci il tarixli 01/17-315 saylı arxiv arayışında qeyd olunmuşdur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Bakı Dənziçilik Məktəbini btirdikdən sonra 05.02.1982-ci il ildən (05.02.1982-ci il tarixli 25/н nömrəli əmr) 17.10.1989-cu ilə kimi (17.10.1989-cu il tarixli 203/з nömrəli əmr) X5 “Karakum-Kanal”, “Kirovabad”, “Qurvey”, “Kompozitor Qlinka”, “Geroy Mehti”, “General Aslanov” gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi vəzifələrində işləmişdir. Onun 1982- 1989-cu illər üzrə orta aylıq əmək haqqı 1982-ci il fevral-dekabr ayları üzrə 2098,25 rubl, 1983-cü il üzrə 2833,12 rubl, 1984-cü il üzrə 2514,35 rubl, 1986-cı il üzrə 3008,86 rubl, 1987-ci il üzrə 1825,85 rubl, 1988-ci il üzrə 169,72 rubl, 1989-cu il yanvar-oktyabr ayları üzrə 1982, 77 rubl qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli **********9 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan penisya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22930,67 manat təşkil edir.Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) 02.10.2018-ci il tarixdə çatmışdır. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının əmək kitabçasındakı qeydlər və təhsil dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması- bölmə 3 (kod ********); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod ********). Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu zaman məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə hazırki halda iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərti nəzərdə tutulmamışdır Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İddia ərizəsindən və iş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 18 noyabr 2020-ci il tarixli **********9 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2020-ci ilin oktyabr ayının 26-da (müraciəti 18 noyabr 2020-ci il tarixli **********9 №li cavab məktubu ilə cavablandırılmışdır) müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 02.10.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni 02.10.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar