Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4161/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1979-cu il tarixdən 1998-ci il tarixədək Ağdam rayonunun Quzanlı kəndində fəaliyyət göstərən 26 Komissar adına kolxozda çalışdığı müddətlər nəzərə alınmaqla 1979-cu il tarixdən 1998-ci il tarixədək sosial siğorta stajı faktının müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1979-1981 və 1983-1998-ci illərdə Ağdam rayon “26 Komisar" adına kolxozda işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1979-cu il tarixdən 1998-ci il tarixədək Ağdam rayonunun Quzanlı kəndində fəaliyyət göstərən “26 Komissar” adına kolxozda böyük aqranom və icarədar vəzifəsi üzrə çalışmışdır. O, Ağdam rayonunun Quzanlı kəndində fəaliyyət göstərən “26 Komissar” adına kolxozda böyük aqranom və icarədar vəzifəsi üzrə çalışdığı 1979-cu il tarixdən 1998-ci il tarixədək onun əmək stajı əmək kitabçasına daxil edilməmişdir. Belə ki, əmək münasibətlərinə xitam verildikdən sonra çalışdığı müəssisə tərəfindən ona əmək kitabçası ümumiyyətlə təqdim olunmamışdır. Daha sonra əmək stajının müəyyən edilməsi məqsədilə o, Azərabaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Rayon Filalına rəsmi müraciət etmişdir. Onun müraciətindən sonra Azərbabaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Rayon Filalı tərəfindən ona 25.06.2021-ci il tarixli, 65 saylı arxiv Arayışı təqdim edilmişdir. Sözügedən arxiv arayışında 1979-cu il tarixindən 1998-ci il tarixinədək Ağdam rayonunun Quzanlı kəndində fəaliyyət göstərən “26 Komissar” adına kolxozda çalışması faktı öz əksini tapmışdır. Bundan sonra o, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir. Lakin 22.09.2021-ci il tarixli məktubla 1979-cu il tarixdən 1998-ci il tarixədək Ağdam rayonunun Quzanlı kəndində fəaliyyət göstərən “26 Komissar” adına kolxozda çalışdığı müddətlərin əmək stajına hesablanmadığı ona məlum olmuşdur. Bu qədər illər ərzində əmək fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, onun əmək stajının müəyyən olunmaması onun Konstitusiya ilə müəyyən olunan hüquqlarına toxunur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, İddiaçı 17.06.2021-ci il tarixdən 242,13 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, 1979-cu il tarixdən 1998-ci il tarixədək Ağdam rayon Quzanlı kəndində “26 Komissar adına kolxoz”da işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasına, hərbi biletinə və diplomunun surətlərinə əsasən 01.01.2006-cı il tarixədək 11 il 1 ay sığorta stajı və 01.01.2006-ci il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 15815,75 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində dəyişiklik olmamışdır. İddiaçının 1979-cu il tarixdən 1998-ci il tarixədək Ağdam rayon Quzanlı kəndində “26 Komissar adına kolxoz”da işlədiyini iddia etdiyi illər əmək kitabçasında mövcud olmadığından həmin illərin onun əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 22.09.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyindən daxil olmuş ərizənizə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbayacan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq Sizə 17.06.2021-ci il tarixindən 242,13 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyiniz əmək kitabçanızın, hərbi biletinizin və diplomunuzun surətlərinə əsasən 01.01.2006-cı il tarixinədək 11 il 1 ay sığorta stajı və 01.01.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 15815,75 manat pensiya kapitalına əsasən əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində dəyişiklik olmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd olunanlara əsasən bildiririk ki, Azərbaycan Respublikası X4 rayon Filialının 25 iyun 2021-ci il tarixli 65 nömrəli arxiv arayışında qeyd olunan 1979-1998-ci illərdə “26 Komissar” adına kolxozda işləməyiniz barədə məlumat əmək kitabçanızda qeyd olunmadığına görə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan iddiaçıya məxsus Ş seriyalı 031854 nömrəli 25.02.1975-ci il tarixdə verilmiş diplomun surətindən görünür ki, İddiaçı 1972-ci ildə Azərbaycan SSR k/m Nazirliyinin Ağdam kənd təsərrüfatı texnikumuna daxil olmuş və 25.02.1975-ci il tarixdə aqronomluq ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 29.10.1975-ci il tarixdən 27.10.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Filialının 02.03.2022-ci il tarixli 16 nömrəli arxiv arayışından görünür ki, X4 filialında saxlanılan Ağdam rayon “26 Komisar" adına kolxozun arayış xarakterli arxiv sənədlərinə əsasən İddiaçı həmin kolxozda işləmiş və aşağıdakı qaydada əmək haqqı almışdır (əsas: Fond №265, Siyahı №2. Sax. İnzibati. №18): - 1979-cu il üzrə: əmək haqqı - 360; il ərzində işləmiş adam günü - 104; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1980-ci il üzrə: əmək haqqı - 1199; il ərzində işləmiş adam günü - 191; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1981-ci il üzrə: əmək haqqı - 150; il ərzində işləmiş adam günü - 31; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1983-cü il üzrə: əmək haqqı - 2580; il ərzində işləmiş adam günü - 336; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1984-cü il üzrə: əmək haqqı - 1672; il ərzində işləmiş adam günü - 312; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1985-ci il üzrə: əmək haqqı - 2126; il ərzində işləmiş adam günü - 312; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1986-cı il üzrə: əmək haqqı - 1878; il ərzində işləmiş adam günü - 312; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1987-ci il üzrə: əmək haqqı - 1933; il ərzində işləmiş adam günü - 312; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1988-ci il üzrə: əmək haqqı - 1920; il ərzində işləmiş adam günü - 312; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1989-cu il üzrə: əmək haqqı - 1500; il ərzində işləmiş adam günü - 312; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1990-cı il üzrə: əmək haqqı - 1350; il ərzində işləmiş adam günü - 312; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1991-ci il üzrə: əmək haqqı - 1715; il ərzində işləmiş adam günü - 310; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1992-ci il üzrə: əmək haqqı - 19075; il ərzində işləmiş adam günü - 306; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1993-cü il üzrə: əmək haqqı - 125300; il ərzində işləmiş adam günü - 310; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1994-cü il üzrə: əmək haqqı - 136620; il ərzində işləmiş adam günü - 308; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1995-ci il üzrə: əmək haqqı - 496040; il ərzində işləmiş adam günü - 358; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1996-cı il üzrə: əmək haqqı - 346040; il ərzində işləmiş adam günü - 380; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1997-ci il üzrə: əmək haqqı - 720000; il ərzində işləmiş adam günü - 358; kolxozun müəyyən etdiyi minimum adam günü - 250; - 1998-ci il üzrə: əmək haqqı - 54000; il ərzində işləmiş adam günü - 288; kolxozun müəyyən etdiyi minimum adam günü - 250. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı 17 iyun 2021-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 05.05.1999-cu il tarixdə “Azərkontrakt” SC-nin “Azərkirayə” müəssisəsində baş mexanik və texniki komplektləşdirmə şöbəsinə müvəqqəti elektromexanik vəzifəsinə təyin edilmiş, 01.12.1999-cu ildə struktur dəyişikliyi ilə əlaqədar olaraq “Azərkontrakt” SC-nin “Azərkirayə” müəssisəsi “Azərkontrakt” SC-nin “Azərlizinq” şirkəti adlandırılmış və bununla əlaqədar olaraq Baş mexanik və komplektləşdirmə şöbəsində elektromexanik vəzifəsinə təsdiq edilmiş, 01.04.2000-ci ildə Baş mexanik və komplektləşdirmə şöbəsində mexanik vəzifəsinə keçirilmiş, 01.11.2000-ci ildə Rəhbərliyin nəzdində aparata T/Təhlükəsizlik üzrə mühəndis vəzifəsinə təyin edilmiş, 17.06.2021-ci il tarixli qeydə əsasən hal-hazıradək orada işləyir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçıya 17 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Filialının 02.03.2022-ci il tarixli 16 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1979-1981 və 1983- 1998-ci illərdə Ağdam rayon “26 Komisar" adına kolxozda işləmiş və əmək haqqı almışdır. Lakin iddiaçının Ağdam rayon “26 Komisar" adına kolxozda işlədiyi dövrlər ona pensiya hesablanarkən nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajının müəyyən edildiyi sənədlərdən biri də arxiv müəssisələri tərəfindən verilən sənədlərdir. Öz növbəsində nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddətlər də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1979-1981 və 1983-1998-ci illərdə Ağdam rayon “26 Komisar" adına kolxozda işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4161/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4161/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver