Məhkəmə qərarları › İş №2-1(112)-4162/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4162/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4162/2021 09.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçılar X2 qəyyumu Nümayəndə3, Nümayəndə2 və Nümayəndə1 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar X2 qəyyumu Nümayəndə3, Nümayəndə2 və Nümayəndə1 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən onların Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi, ev 26, mənzil 50 ünvanından çıxarılmalarının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(006)-3776/2019 saylı qətnaməsinə əsasən Nümayəndə3 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “mənzil sahəsindən istifadə hüququnun müəyyən edilməsinə dair” iddia tələbi rədd edilərək, Nəsimi rayon İcra Hakimiyyətinin iddiaçı Nümayəndə3 qarşı “mənzildən çıxarılmağı, mənzilin boşaldılması və Nəsimi rayon İcra Hakimiyyətinə təhvil verilməsinə dair” qarşılıqlı iddiası təmin edilmiş, Nümayəndə3 və ailə üzvlərinin (Nümayəndə1, Nümayəndə2, X2 və X3) ünvan 1 ünvanda yerləşən 50 saylı mənzilindən çıxarılmağı və həmin mənzilin boşaldılaraq Nəsimi rayon İcra Hakimiyyətinə təhvil verilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Nümayəndə3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2019-cu il tarixli, 2(103)-13183/2019 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2 (006)-3776/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “mənzil sahəsində istifadə hüququnun müəyyən edilməsinə dair” iddiası təmin edilməməsi, Nəsimi rayon İcra Hakimiyyətinin qarşılıqlı iddiası təmin edilərək ünvan 1 ünvanda yerləşən 50 saylı mənzildən Nümayəndə3 çıxarılmağı və mənzilin boşaldılaraq Nəsimi rayon İcra Hakimiyyətinə təhvil verilməsinin təmin edilməsi, Nümayəndə3 ailə üzvlərinin (Nümayəndə1, Nümayəndə2, X2 və X3) həmin mənzildən çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21.10.2020-ci il tarixli, 2(102)-3382/2020 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2019-cu il tarixli, 2(103)-13183/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2019-cu il tarixli, 2(103)-13183/2019 saylı qətnaməsinin icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə icra vərəqəsi göndərilmiş və “İcraata başlamaq haqqında” 09.12.2021-ci il tarixli qərar qəbul edilmişdir. Borclu Nümayəndə3 həmin mənzildə yaşamır. Lakin buna baxmayaraq, həmin icra şöbəsinin icra məmurları tərəfindən Nümayəndə3 dəfələrlə telefon zəngi edilərək ailə üzvlərinin də həmin mənzildən çıxarılmasını tələb etmişdir. Nümayəndə3 tərəfindən icra məmuruna həmin mənzildə yaşamadığını, həmin mənzildə ancaq onların yaşadıqları bildirsə də, heç bir nəticə verməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2019-cu il tarixli, 2(103)-13183/2019 saylı qətnaməsində və həmin qətnamənin icra olunması üçün icra vərəqəsi əsasında verilmiş Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin “İcraata başlamaq haqqında” 09.12.2021-ci il tarixli qərarında Nümayəndə3 Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi, ev 26 ünvanda yerləşən 50 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə təhvil verilməsi qeyd edilməsinə baxmayaraq, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən onlar həmin mənzildən çıxarılması tamamilə qanunsuz və əsassızdır. X4 1-ci qrup əlildir və fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Nümayəndə2 da 1-ci qrup əlildir. Əlillərə qarşı belə bir hərəkətlərin edilməsi həm qanunsuz həm də qeyri-insani haldır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər hər hansı bir üzürlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1976-cı ildə Kəlbəcər şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə2 xx.xx.1974-cü ildə Kəlbəcər şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə1 xx.xx.1979-cü ildə Kəlbəcər şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 974541 №-li arayışın surətindən görünür ki, Nümayəndə2 ümumi xəstəlikdən müddətsiz birinci qrup əlilidir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 092285 №-li arayışın surətindən görünür ki, X4 ümumi xəstəlikdən müddətsiz birinci qrup əlilidir. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13183/2019 saylı, 19.12.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Nümayəndə3 ünvan 2 ünvanda yerləşən 50 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə təhvil verilməlidir. - Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8, icra məmuru X11, hal şahidləri X9, X12 tərəfindən tərtib edilmiş 01.02.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13183/2019 saylı, 19.12.19-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ünvan 4 ünvanına gəlmişlər. Ünvanda olarkən mənzilin giriş qapısı tərəflərindən döyülmüşdür. Lakin qapını açan olmamışdır. Eyni zamanda yan qonşulardan borclunun həmin ünvanda yaşaması soruşulmuş, qonşular isə həmin mənzildə yaşayışın olmadığını bildirmişlər. - Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 02/1099 saylı, 20.06.2019-cu il tarixli məktubundan görünür ki, müvafiq köçürmə zamanı Nümayəndə3 və onun ailə üzvləri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində 4 saylı binada hər biri 2 otaqda ibarət 10 və 11 nömrəli mənzillərlə təmin edilmişdirlər. - Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8, icra məmuru X11, iş üzrə borclu Nümayəndə3, iş üzrə tələbkar Nəsimi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi X10, hal şahidləri X14 və X16 tərəfindən tərtib edilmiş 11.03.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13183/2019 saylı, 19.12.19-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 5 ünvanda borcluya məxsus 12.02.2021-ci il tarixli aktda qeyd olunan əmlaklar borclu Cəmilə İsbəmndiyarovaya təhvil verildi. Həmin əmlaklar fəhlə gücü ilə mənzildən çıxarılaraq yük maşınına yüklənərək borclu Nümayəndə3 olduğu (yaşadığı) Bakı şəhəri, ünvan 6 ünvanına göndərildi. Bununla da ünvan 7cra sənədinə uyğun olaraq boşaldılaraq iş üzrə tələbkar Nəsimi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi X5 təhvil verildi. Bununla icra sənədinin icrası tam təmin edildi. Nümayəndə3 ünvan 8 ünvanda olan ona məxsus əmlakları tam təhvil almış və mənzildən çıxmış, həmin mənzildə olan ona məxsus mətbəx mebelini 1000 manata X1. - Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X8 tərəfindən qəbul edilmiş 16.03.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13183/2019 nömrəli, 19.12.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə görə icra haqqında Azərbaycan Respublikası qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. - 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. - 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. - 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. - 72.7-ci maddəsinə görə borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. - 9-cu maddəsinə əsasən icra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. - 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Məhkəmə qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13183/2019 nömrəli, 19.12.2019-cu il tarixli icra sənədinə əsasən Nümayəndə3 ünvan 2 ünvanda yerləşən 50 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə təhvil verilməlidir. İddiaçılar qeyd olunan icra sənədində adlarının qeyd edilmədiyini, buna baxmayaraq icra məmuru tərəfindən ünvan 2 ünvanda yerləşən 50 saylı mənzildən çıxarılmalarını mübahisələndirsələr də onların həmin ünvanda deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində 4 saylı binada hər biri 2 otaqda ibarət 10 və 11 nömrəli mənzillərlə təmin edilərək orada yaşamaları, icra sənədinin artıq borclu tərəfindən könüllü olaraq icra edilərək mənzilin tələbkara təhvil verilməsi və icra sənədi icra edildiyindən icraatına xitam verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların hüquq və azadlıqlarına cavabdeh inzibati orqan tərəfindən hər hansı müdaxilənin olması, qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən, iddiaçıların iddia tələbi əsassızdır və ona görə də rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar