Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4165/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə pensiya hüququnun 01 yanvar 2021-ci il tarixdən təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı BDU-nun (əvvəlki ADU) kimya fakültəsinin əyani şöbəsinə 1976-cı ildə daxil olmuş, 1981-ci ildə universiteti bitirmişdir. Ali təhsil müəssisəsini bitirdikdən sonra xx.xx.1981-ci il tarixdə o, 24 saylı əmrlə Salyan rayonunda yerləşən aqrokimya laboratoriyasına baş texnik vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1982-ci ildə 8 saylı əmrlə həmin müəssisədə aqrokimyaçı vəzifəsinə keçirilmişdir. Daha sonra xx.xx.1988-ci ildə öz ərizəsi ilə həmin müəssisə ilə əmək münasibətlərinə xitam vermişdir. xx.xx.1988-ci ildən Salyan plastmas zavodunda çalışmış, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilədək şəhər 18 saylı uşaq bağçasında tərbiyəçi müəllimə işləmişdir. 22 yanvar 2021-ci il tarixdə pensiya təyinatı ilə əlaqədar AR ƏƏSMN 1 №-li “DOST” mərkəzinə müraciət etmişdir. Pensiya təyinatı ilə əlaqədar onun tərəfindən təqdim edilmiş, 1981-ci ildə verilmiş ИТ-İ № ******* əmək kitabçasında iş stajı 18 il 9 ay nəzərə alınmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin 14 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, ərizəçi İddiaçı mövcud olan sosial sığorta stajı 18 il 09 ay olmaqla tələb edilən 25 il sosial sığorta stajından azdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti və təhsil dövrləri 28 il 02 ay təşkil edir (xx.xx.1976-xx.xx.1981, xx.xx.1981-xx.xx.1982, xx.xx.1982-xx.xx.1988, xx.xx.1988-xx.xx.2001, xx.xx.2001-xx.xx.2005). Lakin iddiaçının əmək kitabçasında qeyd edilən X11 zavodunda olan xx.xx.1988-xx.xx.2001-ci illər əmək fəaliyyəti dövrü mübahisəlidir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialının böyük mütəxəssisi və X7 filialının böyük fond mühafizəçisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən X11 zavodunda qarşılıqlı yoxlma aparılmış və əmək haqqı hesablaşmalarında həmin şəxsin əmək haqqı alması faktı aşkarlanmamışdır. Həmin dövrün xx.xx.1988-xx.xx.1992-ci il illər əmək fəaliyyəti vaxtı mübahisələndirilmir və sosial sığorta stajına (18 il 09 ay) daxil edilib. Qanunvericiliyin tələbləri baxımından həmin tarixə qədər məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi olmamışdır. Lakin xx.xx.1992-ci ildən məcburi dövlət sosial sığorta haqları ödənilməlidir, şəxsin əmək haqqı almaması faktı həmin ödənişlərin edilməsini istisna edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş, etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Bakı Dövlət Universitetinin arxiv sənədlərinə əsasən X4 1976-cı il 30 avqust tarixli 299 n/c nömrəli əmrlə Kimya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1981-ci il 09 iyul tarixli 3/295 nömrəli əmrlə həmin fakültənin əyani şöbəsini “Kimyaçı, kimya müəllimi” ixtisası üzrə bitirmiş və ona 1981-ci il 14 iyul tarixində qeydiyyat nömrəsi 5248 olan ЖВ seriyalı 041394 nömrəli adi diplom verilmişdir. İİİ-ЖГ № 352721 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 28 yanvar 1958-ci il tarixdə doğulmuş X3 ilə xx xxxxxx 1959-cu il tarixdə doğulmuş X4 29 sentyabr 1983-cü il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 266 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir; Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 21 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının ümumi sığorta stajı 18 il 9 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) az olduğu, eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası X7 filialı tərəfindən təqdim edilmiş X7 filialında mühafizə olunan Salyan rayon X11 zavodunun arxiv sənədlərində, o cümlədən 1988-2001-ci illərə aid şəxsi heyət üzrə əmrlər və əmək haqqı haqqı cədvəllərindən 04 may 2022-ci il tarixli arxiv çıxarışında qeyd edilmişdir ki, X11 zavodunun şəxsi heyət üzrə əmrlərində Əkbərova-İddiaçı, əmək haqqı cədvəllərində X2 uşaq bağçası və körpələr evində tərbiyəçi işləməsi aşağıdakı kimidir: -xx.xx.1988-ci il tarixli 46-k nömrəli əmrlə 26.02.88-ci il tarixdən uşaq bağçası və körpələr evinə tərbiyəçi qəbul edilmişdir; -xx.xx.1989-cu il tarixli 146-k nömrəli əmrlə 26.02.88-26.02.89 36 iş günü məzuniyyətə buraxılmışdır; -xx.xx.1990-cı il tarixli 126-k nömrəli əmrlə 01.09.90-cı ildən 12.10.90-cı ilə kimi 36 iş günü müddətinə 89/90-cı ilin növbəti məzuniyyətə buraxılmışdır; -xx.xx.1992-ci il tarixli 36-k nömrəli əmrlə 23.03.92-ci ildən 05.05.92-ci ilə kimi 36 iş günü müddətinə 90/91-ci ilin növbəti məzuniyyətə buraxılmışdır; xx.xx.1993-cü il tarixli 134-k nömrəli əmrlə 01.12.93-cü ildən 11.01.93-cü ilə kimi 36 iş günü müddətinə 92/93-cü ilin növbəti məzuniyyətə buraxılmışdır; -xx.xx.1994-cü il tarixli 76-k nömrəli əmrlə 22.08.94-cü ildən 01.10.94-cü ilə kimi 36 iş günü müddətinə 93/94-cü ilin növbəti məzuniyyətə buraxılmışdır; -xx.xx.1995-ci il tarixli 167-k nömrəli əmrlə 15.12.95-ci ildən 03.02.96-cı ilə kimi 42t/g günü müddətinə 94/95-ci ilin növbəti məzuniyyətə buraxılmışdır; -xx.xx.1996-cı il tarixli 87-k nömrəli əmrlə 10.06.96-cı ildən 02.08.96-cı ilə kimi 42 t/g günü müddətinə 95/96-cı ilin növbəti məzuniyyətə buraxılmışdır; -xx.xx.1998-ci il tarixli 124-k nömrəli əmrlə 02.11.98-ci ildən 20.12.98-ci ilə kimi 42 t/g+6 t/g günü müddətinə 97/98-ci ilin növbəti məzuniyyətə buraxılmışdır; -xx.xx.1999-cu il tarixli 78-k nömrəli əmrlə 08.06.99-cu ildən 28.07.99-cu ilə kimi 42 t/g+9 t/g = 51t/g günü müddətinə 98/99-cu ilin növbəti məzuniyyətə buraxılmışdır; -xx.xx.2000-ci il tarixli 42-k nömrəli əmrlə xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə kimi 42 t/g günü müddətinə 99/2000-ci ilin növbəti məzuniyyətə buraxılmışdır; -xx.xx.2001-ci il tarixli 03-k nömrəli əmrlə xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi 42 t/g günü müddətinə 2000/2001-ci ilin növbəti məzuniyyətə buraxılmışdır. Həmçinin həmin arxiv çıxarışında Əkbərova-İddiaçı 1988-2001-ci illər üzrə əmək haqqı cədvəli göstərilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, 62 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun sığorta stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx xxxxxx 1959-cu il tarixdə doğulduğu nəzərə alındıqda, onun 62 yaşının tamam olduğu 01 yanvar 2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi Salyan rayon X11 zavodunun əmək haqqı hesablaşmalarında əmək haqqı alması faktının aşkarlanmaması olmuşdur. Həmçinin qeyd edilmişdir ki, xx.xx.1992-ci ildən məcburi dövlət sosial sığorta haqları ödənilməlidir, şəxsin əmək haqqı almaması faktı həmin ödənişlərin edilməsini istisna edir. Məhkəmə həmin dəlillərlə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iş materiallarında olan arxiv çıxarışında mübahisələndirlən dövr üzrə əmək fəaliyyətinə dair əmrlər (işə qəbul edilmə, məzuniyyət) sadalanmış, əmək haqqı cədvəlləri göstərilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin həqiqiliyini təsdiq edir. Əmrlərdə və əmək haqqı cədvəllərində iddiaçının soyadının müxtəlif yazılması (Əkbərova, Əsgərova, Ələkbərova) ilk növbədə iddiaçının soyadının nikaha daxil olduqdan sonra “Əkbərova”-dan “Əsgərova”ya dəyişməsi ilə əlaqədardır. Ümumiyyətlə isə, iddiaçının soyadının əmrlərdə və əmək haqqı cədvəllərində müxtəlif yazılma hallarının iddiaçının iradəsindən və müdaxilə imkanından kənar olması nəzərə alındıqda, həmin hallar iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Digər tərəfdən, iddiaçının Salyan rayon X11 zavodunda işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisələrin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4165/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4165/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver