Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4165/2023 10.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin imtinasının qismən ləğv edilməsi, artıq ödənilmiş pensiya məbləğinin tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz sayılması, aparılmış tutulmaların və ödənilməli pensiya məbləğinin iddiaçıya ödənilməsi»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ödənilməmiş pensiya məbləğinin və tutulmuş məbləğlərin iddiaçıya ödənilməsi, artıq ödəmələrlə bağlı pensiyadan tutulmalara yönəlmiş hərəkətlərin qanunsuz sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur, X8 ilə 10 noyabr 1976-cı il tarixdə nikaha girmişdir. Saleh Əliyev 20 fevral 2014-cü il tarixdə ölmüşdür. İddiaçıya həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. O, qeyd olunan tarixdən 6 avqust 2020-ci il tarixədək həmin pensiyanı almışdır. Lakin 6 avqust 2020-ci il tarixdə ona təyin edilmiş pensiya heç bir səbəb göstərilmədən dayandırılmışdır. Bununla bağlı iddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı olaraq DSMF-уə müraciətlər ünvanlansa da, məsələ müsbət həllini tapmamışdır. İddiaçının nümayəndəsi tərəfindən 26 sentyabr 2022-ci il tarixli ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunaraq iddiaçıya təyin edilmiş pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahiş olunmuşdur. Həmin müraciət DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 6 oktyabr 2022-ci il tarixli məktubu ilə aidiyyəti üzrə baxılması üçün cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzio Filialına göndərilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən həmin müraciətə dair iddiaçının nümayəndəsinə hazırkı vaxtadək hər hansı məlumat verilməmişdir. Lakin həmin müraciətdən sonra DSMF iddiaçıya 27 sentyabr 2022-ci il tarixli **********1 saylı məktubla cavab ünvanlanaraq ona təyin edilmiş ailə başçısının itirməyə görə əmək pensiyasının ödənişinin 1 avqust 2020-ci il tarixdən 476,34 manat, 1 yanvar 2021-ci il tarixdən 530,64 manat və 1 yanvar 2022-ci il tarixdən 548,68 manat olmaqla bərpa edildiyi göstərmişdir. Eyni zamanda həmin məktubla bildirilmişdir ki, iddiaçının əri mərhum X5 adına əsassız olaraq ödənilmiş 99.559,17 manat vəsaitdən 13.148,02 manat hissə əskik ödənilmiş pensiya vəsaiti əvəzləşdirilmiş, qalan 86.450,37 manat vəsait isə cari aydan etibarən iddiaçının pensiyasından ayda 109,74 manat olmaqla tutulmaqdadır. İddiaçının dayandırlmış pensiyası bərpa olunsa da, ona pensiyanın ödənişi dayandırılmış müddət ərzində ödənilməmiş məbləğlər hazırda da ödənilmir. İddiaçı hesab edir ki, bu hal qanunsuz olmaqla yanaşı iddiaçının qanunla qorunan maraq və mənafelərinin pozulmasına gətirib çıxarır. Eyni zamanda, iddiaçının mərhum ərinə təyin edilmiş pensiyada əsassız hesablamaların olması qənaətinə gəlinməklə həmin artıq ödənilmiş pensiya məbləğlərinin hər ay mütəmadi olaraq ondan tutulması qanunsuzdur. Belə ki, mübahisə predmet olan qərar qəbul edilərkən qüvvədə olan «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun normaları pozulmuşdur. İlk növbədə cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma inzibati icraat üzrə araşdırılma adlandırıldığından bu araşdırmanın aparılması üçün qərar qəbul edilməli idi. Eyni zamanda, aparılmış araşdırmada maraqlı şəxs kimi iddiaçının iştirakı təmin edilməmişdir. Bundan əlavə aparılmış araşdırmanın yekununa dair qəbul edimiş qərar rəsmi olaraq iddiaçıya təqdim edilməmişdir. Məlum olduğu kimi, artıq ödənilmiş pensiyanın geri qaytarılması ilə bağlı məsələlər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının 2 hüquqi həll yolu vardır: 1) Yalnız vətəndaşın yazılı ərizəsi əsasında həmin pulun ondan tutulması barədə razılıq ərizəsinin olması; 2) Razılıq olmadığı təqdirdə isə, yalnız məhkəmə qərarı əsdasında tutmanın həyata keçirilməsi. Göründüyü kimi, hazırkı vəziyyətdə həmin Qanunun 39-cu maddənin tələbləri pozulmuş və hər iki hala riayət edilmədən cavabdeh inzibati orqan tərəfindən qanunsuz qərar qəbul edilmişdir. Göstərilənlərə əsaslanaraq, iddiaçı X2 1 avqust 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək ödənilməli olan lakin ödənilməmiş əmək pensiyasının və iddiaçının mərhum ərinə təyin edilmiş əmək pensiyası üzrə artıq ödənilmiş 86.450,37 manat məbləğində vəsaitin hər ay 109,74 manat olmaqla iddiaçıdan tutulmasına yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə, aparılmış tutulmaların iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavələr ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi, iddiaçının mərhum ərinin adına artıq ödənilmiş 86.450,37 manat məbləğində pensiya məbləğinin hər ay 109,74 manat olmaqla iddiaçıdan tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz sayılması, aparılmış tutulmaların və ona 1 avqust 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək ödənilməli pensiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsini qəbul edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı hüququnun yaranığı 27 iyul 2014-cü il tarixdən «Əmək pensiyaları haqqında» Qanunun 14.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 18.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü maddəsində nəzəndə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 18.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği bu Qanunun 18.1 – 18.3-cü maddələrinə uyğun olaraq hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin və ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin cəminə bərabərdir. Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 27-ci maddəsinə əsasən Qanurun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Mərhum X4 1 yanvar 2006-cı il tarixədək olan 31 il sığorta stajına əsasən pensiya kapitalının məbləği 5.270 manat hesablanmışdır: 31 il tam iş stajı x 170 manat = 5270 manat. Həmin kapitalın İddiaçı ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı 27 iyul 2014-cü il tarixə indeksləşdirilmiş məbləği 9.642,51 manat təşkil edir: 2006-cı il üzrə pensiya kapitalı 5.270 manat, 2007-ci il üzrə (istehlak indeksinin illik səviyyəsi 8,3%) 5.707,41 manat, 2008-ci il üzrə (istehlak indeksinin illik səviyyəsi 16,7%) 6.660,54 manat, 2009-cu il üzrə (istehlak indeksinin illik səviyyəsi 20,8%) 8.045,94 manat, 2010-cu il üzrə (istehlak indeksinin illik səviyyəsi 1,5%) 8.166,63 manat, 2011-ci il üzrə (istehlak indeksinin illik səviyyəsi 5,7%) 8.632,12 manat, 2012-ci il üzrə (istehlak indeksinin illik səviyyəsi 7,9%) 9.314,06 manat, 2013-cü il üzrə (istehlak indeksinin illik səviyyəsi 1,1%) 9.416,62 manat, 2014-cü il üzrə (istehlak indeksinin illik səviyyəsi 2,4%) 9.642,51 manat. DSMF İri Sığortaedənlərlə İş üzrə Departamentinin 27 avqust 2014-cü il tarixli 33/xx/xx-11930 nömrəli “Sığortaolunanın fərdi uçot nəlumatlan əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış”a əsasən S.Əliyevin 1 yanvar 2006-cı il tarixindən 1 yanvar 2014-cü il tarixədək fərdi hesabının sığorta hissənində qeydə alnan pensiya kapitalının məbləği 22.579,84 manat təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SF = PSK/(TxK). Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 13.2-ci maddəsinə əsasən sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı ayları sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Belə olan halda S.Əliyevə münasibətdə 20 fevral 2014-cü il tarixdə vətəndaşın 61 yaşı olduğu nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 184 ay sığorta stajı tələb olunur ((61-15)x4=184). K- 184/184=1, SH - (22579,84+9642,51) /(144x1) = 223,77. Beləliklə pensiyanın 2014-cü il tarixinə məbləği aşağıdakı qaydada hesanlanmışdır: P= 223,77+100 (baza hissə) = 323,77 manat. İddiaçı əmək pensiyasının 1 yanvar 2022-ci il tarixədək indeksləşdirilmiş məbləği aşağıdakı qaydada hesablanmışdır: 1 yanvar 2015-ci il – 100 (baza hissə) + (223,77 + 223,77 x 1,4%) = 326,9 manat, 1 fevral 2016-cı il – 110 (baza hissə) + (226,9 + 226,9 x 4,0%) = 345,98 manat, 1 yanvar 2017-ci il – 110 (baza hissə) + (235,98 + 235,98 x 12,4%) = 375,24 manat, 1 yanvar 2018-ci il – 375,24 + 375,24 x 5,7% = 396,63 mant, 1 yanvar 2019-cu il – 396,63 + 396,63 x 3% = 408,53 manat, 1 yanvar 2020-ci il – 408,53 + 408,53 x 16,6% = 476,34 manat, 1 yanvar 2021-ci il – 476,34 + 476,34 x 11,4% = 530,64 manat, 1 yanvar 2022-ci il – 530,64 + 530,64 x 3,4% = 548,68 manat. Qanunun 1 yanvar 2023-cü il tarixdən əlavə edilmiş 26.4cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə, illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 565,34 manat müəyyən edilmişdir: 548,68 + (200/12) = 565,34 manat. Qanunun 29.1-ci maddəsinə əsasən 1 yanvar 2023-cü il tarixdən əmək pensiyasının məbləği indeksləşdirilərək 648,45 manata çatdırılmışdır: 1 yanvar 2023-cü il – 565,34 + 565,34 x 14,7% = 648,45 manat. İddiaçı mərhum əri X6 təyin edilmiş 622044 nömrəli əmək pensiyasının araşdırılması nəticəsi ilə müəyyən edilmişdir ki, saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında DSMF-nin keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən sonuncuya ölümündən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 1 yanvar 2014-cü il tarixdən 1 iyun 2015-ci il tarixədək olan dövr ərzində ödənilməsinə nail olunması nəticəsində əsassız olaraq 99.559,19 manat onun plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Mərhum S.Əliyevə yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Nazirliyin 5 iyul 2022-ci il tarixli **********7 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasından tutulma aparılır. Belə ki, DSMF 27 sentyabr 2022-ci il tarixli **********1 nömrəli məktubuna əsasən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi 1 avqust 2020-ci il tarixdən 476,34 manat, 1 yanvar 2021-ci il tarixdən 530,64 manat və 1 yanvar 2022-ci il tarixdən 548.68 manat olmaqla bərpa edilmişdir. Həmçinin, iddiaçının mərhum əri X4 adına əsassız olaraq ödənilmiş 99.559,17 manat vəsaitdən 13.148,2 manatı əskik ödənilmiş pensiya vəsaiti əvəzləşdirilmiş, qalan 86.450,37 manat məbləğində vəsait isə, cari aydan etibarən onun pensiyasından 109,74 manat olaraq tutulmaqdadır. İnzbati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Buna görə də Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiyasından tutulmamların aparılması barədə 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli qərar qəbul olunmuşdur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1, 64, 67, 82.3-cü maddələrinə, «İcra haqqında» Qanunun 6.1.8-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, DSMF orqanı tərəfindən İddiaçı əri X6 8 sentyabr 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. X7 20 fevral 2014-cü il tarixdə vəfat etmiş, lakin ona əmək pensiyasının ödənişi 1 iyun 2015ci il tarixədək davam etdirilmişdir. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF orqanına müraciət etmiş və ona ərinin vəfat etdiyi 20 fevral 2014-cü il tarixdən müvafiq əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş pensiyanın ödənişi 6 avqust 2020-ci il tarixdən 1 sentyabr 2022-ci il tarixədək cavabdeh tərəfindən dayandırılmış, sonuncu tarixdən isə hər ay 109,74 manat tutulmaqla qismən bərpa olunmuşdur. İddiaçının pensiya məbləğinin bir müddət ödənilməməsi və sonradan tutulmalar aparılmaqla qismən ödənilməsi ərinin adına onun vəfatından sonra ödənilmiş 99.559,17 manat məbləğin DSMF hesabına qaytarılması ilə bağlıdır. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması barədə 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli qərar qəbul etmiş və həmin qərarın qeyd hissəsində 1 dekabr 2014-cü il tarixdən 1 iyun 2015-ci il tarixədək yaranmış 99.599,19 manat artıq vermənin tutulması göstərilmişdir. İddiaçı hazırda cavabdehin sözügedən 12 sentyabr 2022-ci il tarixli qərarını qismən (qeyd hissəsində) mübahisələndirir və ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin 1 avqust 2020-ci il tarixdən 1 sentyabr 2022-ci il tarixədək olan dövr üzrə ödənilməsini, eləcə də həmin pensiyadan 1 sentyabr 2022-ci il tarixdən tutulmuş məbləğlərin qaytarılmasını tələb edir. «Əmək pensiyaları haqqında» Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (14.1.2) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61 – 80 faiz və ya 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: əmək pensiyaçısı vəfat etdikdə, əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə predmetinə aid olmadığından, cavabdehin 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının qeyd hissəsi istisna olmaqla qalan hissəsinin qanuniliyinə qiymət verilməsinə zərurət yaranmır. Mübahisə predmeti olan həmin qərarın qeyd hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının mərhum əri X4 adına onun ölümündən sonra artıq ödənilmiş pensiya məbləğinin yalnız “ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ” olduğuna görə ailə üzvü (arvadı) kimi hazırkı iddiaçıdan tutulması əsassızdır. Belə ki, həmin vəsaitin hansı şəxsə hansı şəraitdə ödənilməsinin müəyyənləşdirilməsi ayrıca icraatın predmeti və nəticəsi ola bilər. Həmin vəsait nə mərhum X6 ödənilməmişdir, nə də hazırkı İddiaçı verilməmişdir. Hətta bu məbləğlər iddiaçıya ödənilmiş olsaydı belə, onun qaytarılması (tutulması) «Əmək pensiyaları haqqında» Qanunun 39-cu maddəsinə uyğun olaraq, iki üsulla alına bilər: 1) əmək pensiyaçısı kimi iddiaçının razılığı ilə DSMF orqanının qərarı əsasında, 2) belə razılığ olmadıqda məhkəmə qaydasında. Halbuki, iddiaçının müvafiq razılığı olmamışdır. Odur ki, müvafiq məbləğlərin cavabdehin qərarı əsasında tutulması qanunsuzdur. İddiaçıya təyin edilmiş ailə başçısını irtirməyə görə əmək pensiyasının məbləğinin ödənişinin dayandırılması ilə bağlı qeyd olunmalıdır ki, əmək pensiyasının ödənişinin dayandırılmasına əsas olan halların dairəsi «Əmək pensiyaları haqqında» Qanunun 37.8-ci maddəsində təsbit olunmuşdur. Lakin hazırkı iş üzrə xüsusatlar onu deməyə əsas verir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasına münasibətdə həmin normada göstərilən hallar mövcud deyil. Odur ki, əmək pensiyasının 6 avqust 2020-ci il tarixdən 1 sentyabr 2022-ci il tarixədək dayandırılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuzdur. Əmək pensiyasının ödənişinin dayandırıldığı dövrdə iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə DSMF orqanının qərarı qüvvədə olmuşdur, etibarsız sayılmamış və ləğv olunmamışdır. Qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, məhkəmənin qənəatinə görə cavabdehin 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli qərarı qeyd hissəsində qanunsuz sayılaraq ləğv edilməli və həmin qərar əsasında iddiaçıdan tutulan məbləğlər ona qaytarılması, iddiaçının mərhum ərinin əmək pensiyası kimi artıq ödənimiş məbləğin onun pensiyasından ayda müvafiq həcmdə tutulmasına yönəlmiş hərəkətlər qanunsuz qiymətləndirilməli və pensiyasından tutulmuş məbləğlər ona qaytarılmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli qərarı qeyd hissəsində ləğv edilməli və İddiaçı mərhum əri X4 əmək pensiyası kimi artıq ödənimiş 86.450,37 manat məbləğin hər ay 109,74 manat olmaqla iddiaçıdan tutulmasına yönəlmiş hərəkətləri qanunsuz sayılmalı, İddiaçı 1 avqust 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək əmək pensiyasının ödənilməsi və 1 sentyabr 2022-ci il tarixdən əmək pensiyasından tutulmuş məbləğlərin iddiaçıya qaytarılması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli qərarı qeyd hissəsində ləğv edilsin və İddiaçı mərhum əri X4 əmək pensiyası kimi artıq ödənimiş 86.450,37 manat məbləğin hər ay 109,74 manat olmaqla iddiaçıdan tutulmasına yönəlmiş hərəkətləri qanunsuz sayılsın. İddiaçı 1 avqust 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək əmək pensiyasının ödənilməsi və 1 sentyabr 2022-ci il tarixdən əmək pensiyasından tutulmuş məbləğlərin iddiaçıya qaytarılması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4165/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4165/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver