Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4165/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh xx.xx.2022-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, sözügedən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.) və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Bu imtina ilə razılaşmayan İddiaçı xx.xx.2023-cü il tarixdə təkrar eyni tələb üzrə ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********11 nömrəli, xx.xx.2022-cü il tarixli məktubla cavab verilmiş və həmin məktublarda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi ünvanında yerləşən 43 A saylı fərdi yaşayış evinin mərhum həyat yoldaşı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi ünvanında yerləşən 43A saylı fərdi yaşayış evinə mülkiyyət hüququnun ölmüş X2 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi ünvanında yerləşən 43A saylı fərdi yaşayış evinə dair 1983-cü ildə mərhum həyat yoldaşı X2 şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Həmin vaxtdan etibarən 40 ildir ki, o ailə üzvləri ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşayır. Mərhum həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik işinin açılması ilə bağlı notariat orqanına müraciət olunmuşdur. Daha sonra o, mərhum həyat yoldaşından qalan əmlaka dair müvafiq çıxarışın verilməsi ilə cavabdeh orqana müraciət etsə də, müraciətinin müsbət həll edilməsində imtina olunmuşdur. Belə ki, imtina müvafiq sənədlərin təqdim edilməməsi ilə əsaslandırılmışdır. Halbuki, o bütün zəruri sənədləri cavabdeh orqana təqdim etmiş, özəlləşdirilməsinə əsas olan hüquqqmüəyyənedici sənədi onların diqqətinə çatdırmışdır. Buna baxmayaraq onun müraciətindən imtina edilməsi həm qanunla qorunan mülkiyyət hüquqlarının, həm də onun vərəsəlik hüququnun pozulmasının bariz nümunəsidir. Mərhum həyat yoldaşı X2 təqdim edilmiş şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə xx.xx.2015-ci il tarixli 439 saylı AR Prezidentinin fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması üçün əsas olan sənədlər siyahısındadır. Həmçinin, sözü gedən hüquqmüəyyənedici sənəd cavabdeh orqanın arxivində də mövcuddur ki, bununla əlaqədar arxivdə saxlanılan nüsxə ilə eynidir möhürü ilə surəti də ona təqdim edilmişdir.. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və bildirmişdir ki, sözügedən fərdi yaşayış evi və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim edilən texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. O cümlədən İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman fərdi yaşayış evinə bitişik 20.0 kv.m əlavə tikili inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, bununla bağlı məhkəməyə məlumat verməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş noyabr 1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid pasportun surətindən görünür ki, X2 məxsus Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi, ev 43a ünvanında yerləşən fərdi yaşayış evi 1977-ci ildə tikilmişdir, 2 otaqdan ibarət olmaqla yaşayış ahəsi 42.6 kv.metr, həyətyanı sahəsi 460.2 kv.metr təşkil edir. - xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Yedigar ismayıl oğlu xx.xx.2022-ci il tarixində miokardın ön divarının təkrar infaktı xəstəliyindən vəfat etmişdir. - Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı X1 qanuni vərəsəsidir. - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi, ev 43A ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə və faktiki sahəsi 42.6 kv.metrdir, fərdi yaşayış evinə bitişik 20.0 kv.m əlavə tikili tikilmişdir. Həyətyanı torpaq sahəsi daş hasarla təcrid olunaraq üç hissəyə bölünmüş, 2 mərtəbəli yaşayış evləri inşa olunmuşdur. Həmin hissələrdən küçəyə qapı açılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinin arxiv texniki pasportuna əsasən torpaq sahəsi 460.2 kv.m təşkil olsa da, faktiki olaraq 706.4 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikililər mövcuddur. İddiaçı hazırda Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş noyabr 1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid pasporta istinad edərək, 43a saylı evə mülkiyyət hüququnun mərhum Yediyar İsmayılova məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında təsbit edilmişdir. Siyahıya əsasən texniki pasport daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün iki halda hüquqmüəyyənedici sənəd qismində çıxış edir:
1. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar;
2. 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Qeyd olunan normaların tələbindən görünür ki:
1. şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verildikdə, yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi çıxış edir.
2. texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin yerləşdiyi və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi çıxış edir. İşdən görünür ki, iddiaçının təqdim etdiyi noyabr 1983-cü il tarixli texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən deyil, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Deməli, həmin sənəd fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulmuş sənədə aid deyildir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova