Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4166/2023 11.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 13 iyun 2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Təyin olunmuş əlilliyin müddəti 13 iyun 2022-ci il tarixədək qeyd olunmuşdur. Yəni, iddiaçı 13 iyun 2022-ci il tarixdə yenidən qiymətləndirmədən keçməli idi. Əlilik təyinatı zamanı diaqnoz bölməsində «Baş beyin kötüyündə insult sindromu. Arterial hipertenziya İİİ, yüksək risk, sol orta beyin arteriyası hğvzəsində işemnik insult, sağtərtəfli hemiplegiya, motor afaziya, hipertenzion ensefalopatıya, tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə). BQDÇ İİ, kəllədaxili hipertenziya, koordınator-statik pozğunluqlar, asteno-nevrotik sindrom. UİX, stabil gərginlik stenokardiyası fs İİİ, tez-tez tutmalarla, hipertoniya xəstəliyi İİİ m, ən yüksək risk, xroniki hepatoxolesistit, xroniki kolit» qeyd olunmuşdur. Daha sonra iddiaçı müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan iddiaçıya təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, onun əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyimin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab verilməmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan başqa, iddiaçıya məxsus əlillik etibarsız hesab edilsə də. bu barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Göstərilənlərə və İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsaslanaraq, iddiaçıya 13 iyun 2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazda bildirilir ki, İddiaçı əlillik vəziyyətinə Bakı Dəmiryol Xəstəxanasının 9 iyun 2017-ci il tarixli 4083003AACE6 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.8 - Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələr...; Diaqnozun mətni: Baş beyin kötüyündə insult sindromu.Arterial hipertenziya İİİ, yüksək risk, sol orta beyin arteriyası hövzəsində işemnik insult, sağtərəfli hemiplegiya, motor afaziya, hipertenzion ensefalopatiya, tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7 – 8 dəfə). BQDÇ İİ, kəllədaxili hipertenziya, koordinator-statik pozğunluqlar, asteno-nevrotik sindrom. ÜİX, stabil gərginlik stenokardiyası fs İİİ, tez-tez tutmalarla, hipertoniya xəstəliyi İİİ m, ən yüksək risk, xroniki hepatoxolesistit, xroniki kolit.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lakin Azərbaycan Dəmir Yolları QSC 15 fevral 2019-cu il tarixli NVS-46 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 52 nəfərin barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırılmış və adları qeyd olunan şəxslərə dair (əlavə olunur) göndərişlərin etibarsız edilməsi nəzərə alınmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti "xxxx" QSCnin (müvafiq tibb müəssisəsinin) göndərişi əsasında Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş və ona səbəb “Ümumi xəstəlik” olmaqla beş il müddətinə əlillik dərəcəsi verilməsi barədə qərar qəbul olunmuşdur. Lakin 2019-cu ilin fevral ayında quruma "xxxx" QSC-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinə müvafiq göndərişlərin, o cümlədən iddiaçının adına verilmiş göndərişin əsassız rəsmiləşdirilməsi barədə məktub daxil olmuş və bundan sonra TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Hazırda iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir və əlilliyinin bərpasını tələb edir. Məhkəmə vurğulayır ki, İddiaçı əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin əlilliyin müddətinin 13 iyun 2022-ci ildə başa çatdığını nəzərə alaraq, iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsini təkzib edən dəlillər mövcud deyil. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı müvafiq dövrdə aldığı xəsarətin ona ikinci dərəcəli əlillik verilməsinə əsas olması işin mübahisəli halı deyil. Odur ki, məhkəmə iddiaçının əlilliyinin etibarsız sayılması ilə bağlı cavabdehin hərəkətlərinə qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Məhkəmə iddiaçının əlilliyinin etibarsız sayılması üzrə inzibati icraatla bağlı aşağıdakıları diqqətə çəkir: - İkinci qrup əlillik dərəcəsinin təyini barədə qərar ünvanlandığı şəxs kimi iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər xassələrini özündə əks etdirdiyindən “əlverişli inzibati akt”dır. Qanunun mənasına və mövcud inzibati praktikaya görə əlverişli inzibati aktın ləğvi və etibarsızlığı bununla bağlı müvafiq əsaslar olduqda bu barədə qərarla rəsmiləşdirlir. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. Lakin cavabdeh tərəf iddiaçıya münasibətdə əlverişli inzibati aktı (əlilliyi barədə) etibarsız saysa da, bu barədə ayrıca inzibati icraat aparmamış və müvafiq inzibati akt qəbul etməmişdir. Yəni, inzibati orqan inzibati aktın etibarsız sayılmasını, buna əsaslar olub-olmamasından asılı olmayaraq tələb olunan qaydada icraat aparmaqla rəsmiləşdirməmişdir. İddiaçıya əlilliklə bağlı ödənilmiş vəsaitin geri alınması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.7-ci maddəsində göstərilən qaydada rəsmiləşdirildiyindən, bu norma da əlverişli inzibati aktın ləğvinin müvafiq qərarda əks olunmasını zəruri edir. - İddiaçıya əlillik dərəcəsinin verilməsi barədə əlverişli inzibati aktın etibarsız sayılması üzrə qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi) nəzərdə tutulan əsasların mövcudluğu hazırkı işdə müəyyən edilmir. Həmin inzibati aktın ləğvinə gəldikdə isə, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxs kimi iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu akt kimi ləğv oluna bilməz. Nəzərə alınmalıdır ki, həmin Qanunun 67.6-cı maddəsinə göstərilən hallar da hazırkı iş üzrə müəyyən edilmir. - Şəxsə əlilliyin təyin edilməsi zamanı onun barəsində göndərişin səlahiyyəti orqana hansı tibb müəssisəsi (əvvəllər işlədiyi və ya yaşadığı yer üzrə, ailə üzvünün uçotda olduğu və s.) tərəfindən ünvanlanması konkret müəyyən edilmədiyindən, iddiaçının əlilliyinin etibarsız sayılması barədə qərar və ya hərəkət «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinin tələbləri baxımından mütənasib sayıla bilməz. Bundan başqa, inzibati orqan tərəfindən inzibati icraat iddiaçının iştirakı olmadan, iş üzrə bütün, o cümlədən iddiaçının xeyrinə olan hallar tam araşdırılmadığından, bu icraat «İnzibati icraat haqqında» Qanunun 15.1, 24.1, 24.2-ci maddələrinin tələbləri pozulmaqla aparılmış sayılır. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki, iddiaçının əlilliyinin etibarsız sayılması ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedurl qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı 13 iyun 2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız sayıldığı tarixdən bərpa olunması vəzifəsi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 13 iyun 2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız sayıldığı tarixdən bərpa olunması vəzifəsi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4166/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4166/2023
11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver