Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4166/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Salman qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçıya məxsus olan Bakı şəhəri, Hövsan qəsəbəsi, Hovsan Südçülük y/m ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə olan mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan Südçülük y/m ünvanda qeydiyyatsız yaşayır. Uzun zamandır ki, heç bir əlaqəsi olmadığı ünvan 3 ünvanında, polisdə formal qeydiyyatda qalmışdır. 1992-ci ildə, o zaman Abşeron rayonuna baxan Donuzkökəltmə sovxozunun ərazisində yerləşən torpaqlardan 0,02 ha torpaq sahəsi alıb ev tikmişdir. O zamandan orada yaşamışdır. Həmin torpaq sahəsi iddiaçıya Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1990-cı il tarixli, 521 saylı qərarına əsasən sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli, 23 saylı qərarına uyğun olaraq fərdi ev tikmək məqsədi ilə 135 saylı əmrdən çıxarışla ayrılmışdır. İddiaçı hazırda ona məxsus olan Hövsan qəsəbəsi, Hövsan Südçülük y/m ünvanda yerləçən sənədsiz evdə iki oğlu ilə birlikdə yaşayır. İddiaçı hesab edir ki, qanunun tələb etdiyi bütün sənədlər qaydasında olduğu üçün ona məxsus olan fərdi yaşayış evinə və torpaq sahəsinə olan mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmalı və ona müvafiq çıxarış verilməlidir. Göstərilən tələblə cavabdehə müraciət olunsa da, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş **********05 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, əmrin arxiv arayışı və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi X1 sovxozunun ərazisində yerləşsə də, iddiaçı tərəfindən Abşeron Rayon Donuzkökəltmə Sovxozunun torpaq sahəsinin ayrılmasını nəzərdə tutan əmri təqdim edilmişdir. Bundan əlavə, Abşeron Rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmrindən çıxarışda sovxozda işləyən fəhlə və mütəxəssislərə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Lakin torpaq sahəsi ayrılan zaman hüquq sahibi İddiaçı məhdud fəaliyyət qabiliyyətli olmuşdur (iddiaçının 11 yaşı olmuşdur). Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 200 kv.m qeyd olunsa da, faktiki 156.9 kv.m təşkil edir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1979-cu il təvəllüdlüdür. Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmrdən çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 521 №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarının tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına (onlar sırasında İddiaçı) fərdi ev tikmək üçün 0,02 ha həyətyani torpaq sahəsinin ayrılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********05 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, əmrin arxiv arayışı və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Hövsan Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşsə də, iddiaçı tərəfindən Abşeron Rayon Donuzkökəltmə Sovxozunun torpaq sahəsinin ayrılmasını nəzərdə tutan əmri təqdim edilmişdir. Bundan əlavə, Abşeron Rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmrindən çıxarışda sovxozda işləyən fəhlə və mütəxəssislərə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Lakin torpaq sahəsi ayrılan zaman hüquq sahibi İddiaçı məhdud fəaliyyət qabiliyyətli olmuşdur (ərizəçinin 11 yaşı olmuşdur). Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 200 kv.m qeyd olunsa da, faktiki 156.9 kv.m təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-9237/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 156.9 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 58.8 kv.m olan yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə X2 ərazisidir. Sözügedən torpaq sahəsinə dair digər şəxslərin müraciəti barədə məlumat yoxdur. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahına əsasən:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına yönəlmişdir. Doğrudur ki, qanunvericiliyin müddəalarında 2013-cü ilin yanvarın əvvəlindən və sonradan inşa olunmuş fərdi yaşayış evinə dair tələb olunan sənədlərin əhatə dairəsi fərqləndirilmiş, lakin istisnasız olaraq hər bir halda fərdi yaşayış evinə dair torpaq sahəsinə (mülkiyyət, icarə və istifadə) münasibətdə hüquqmüəyyənedici sənədin olması şərtləndirilmişdir. İstənilən halda belə hüquqların tanınması üçün ilkin şərt kimi həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının hüquqlarının hüquqi əsaslarla mövcudluğu təsbit edilməlidir ki, hazırki halda bu müəyyən olunmur. Belə ki, iddiaçı torpaq sahəsi üzərində hüquqlarının yarandığını Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmrdən çıxarışa əsaslanmaqla əlaqələndirir. Baxmayaraq ki, həmin əmr ləğv olunmamış, dəyişdirilməmiş, geri çağrılmamış və öz hüquqi qüvvəsini itirməmişdir. Əmrin qüvvədə olmasına və iddia olunan əraziyə hər-hansı şəxs tərəfindən müraciət olunmamasına baxmayaraq, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması mümkün deyil. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsi faktiki olaraq sözügedən sovxozun deyil, X2 inzibati ərazisinə düşür. Bu hal isə təqdim edilən hüquqmüəyyənedici sənəd ilə ayrılan torpaq sahəsinin Abşeron Rayon Donuzkökəltmə Sovxozunun ayrıc aktından kənarda yerləşdiyinə dəlalət edir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında mübahisəli torpaq sahəsinin ayrıc aktı hüdudlarında yerləşməsi məsələsinə münasibətdə qeyd olunmuşdur ki, “...Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır...”. Beləliklə, iddia olunan torpaq sahəsi torpaq islahatı zamanı Abşeron rayon Donuzkökəltmə Sovxozunun hüdudları daxilində deyil, X2 ərazisində yerləşmişdir ki, bu da hazırkı tələbə münasibətdə cavabdehin imtinasını əsaslı olduğunu göstərir. Hətta, nəzərə alınsa ki, göstərilən hal iddiaçının təqsirli hərəkəti ilə bağlı deyildir, bu halda belə məhkəmə iddianın təmin edilməsinin aşağıda göstərilən əsaslara görə istisna olunduğunu diqqətə çatdırır. Belə ki, Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (İşə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (xx.xx.1999cu il tarixdə qanuni qüvvəsini almışdır) 46-cı maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı hüququn əldə edilməsi əsas kimi göstərilən əmrin icrası bilavasitə sovxoz işçilərinə aid olduğu halda, iddiaçının həmin dövrdə yaşı və fəaliyyət qabiliyyəti baxımından bu statusa malik olmadığı müəyyən edilmişdir. Belə ki, 1971-ci il tarixli Əmək Qanunları Məcəlləsinin müvafiq müddəalarına əsasən, 14 yaşına çatmamış şəxslərin əmək münasibətlərinə cəlb olunması qadağan edilmiş və onların hüquqi fəaliyyət qabiliyyəti məhdudlaşdırılmışdır. Buna görə də Məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsaslıdır. Bundan başqa Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə əmlakın xx.xx.2013cü il tarixdən əvvəl və ya sonra inşa edilməsi, məlumatlandırma icraatı növündə və ya tikintisinə icazə tələb olunan tikinti obyekti olmasının aydınlaşdırılmasının, o cümlədən digər göstərilən imtina əsasları ilə bağlı araşdırımanın aparılmasına belə zərurət yoxdur. Çünki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqları yaranmadığından, digər sənədlərin mövcud olub-olmamasından asılı olmayaraq onun fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Salman qızının iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X4.