Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4169/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər İddiaçı Kamal oğlu və X6 “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiassı üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı İddiaçı Kamal oğlu və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriya ÖM №252521 saylı, xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. Daxili İşlər Nazirliyinin "Yaşayış yeri üzrə qeydiyyat haqqında" xx.xx.2024-cü il tarixli arayışına əsasən X6 və İddiaçı Kamal oğlu (bundan sonra – üçüncü şəxslər) həmin mənzildə qeydiyyatdadır. İddiaçı Kamal oğlu və X6 (bundan sonra – üçüncü şəxslər) iddiaçının nəvələridir, həmin mənzildə pasport qeydiyyatındadırlar. Üçüncü şəxslərin anası X2 ilə iddiaçının oğlu X7 arasında olan nikah xx.xx.2023-cü ilin iyul ayında rəsmi olaraq pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, İş №2-1(112)-4694/2024 saylı qərarına əsasən, İddiaçı iddia tələbi təmin olunmuş, X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması qərara alınmışdır. İddiaçı üçüncü şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçının inzibati məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər – azyaşlı xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Kamal oğlu və azyaşlı xx.xx.2017-ci il təvəllüdlü X3 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanda yerləşən evin 15 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayının axırlarında X2 ona məxsus mənzildən iki uşağı ilə birlikdə çıxaraq anasının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən 22 saylı evə gedərək bir daha geri qayıtmamış və hazırki vaxta kimi həmin ünvanda yaşayırlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə onun mülkiyyətində olan ünvan 4 ünvanından Cəfərova (hazırda Abasova) Nurlana Şirzad qızının pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar icra edilmiş və Cəfərova (hazırda Abasova) Nurlana Şirzad qızı qeydiyyatdan çıxarılmışdır. Bundan sonra o, cavabdeh Yasamal RPİ-nə müraciət edərək, ona məxsus evdə qeydiyyatda olan, lakin yaşamayan X1 azyaşlı uşaqları olan xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Kamal oğlu və xx.xx.2017-ci il təvəllüdlü X3 mənzildə qeydiyyatdan çıxarılmarını tələb etmiş. Lakin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmiş və məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Üçüncü şəxslər onun mənzilində formal olaraq pasport qeydiyyatındadırlar. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər iddiaçının nəvələridir, iddiaçının oğlu ilə X2 arasında olan nikaha xitam verilmişdir. X2 Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, İş № 2-1(112)-4694/2024 saylı qərarı ilə mübahisəli ünvandan qeydiyyatdan çıxarılmışdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı üçüncü şəxslərin həmin evdən pasport qeydiyyatından çıxarılmasına yönəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslər faktiki yaşamadıqları və istifadə hüququ olmadıqları iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. 22 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, üçüncü şəxslər iddiaçıya məxsus evdə yaşamırlar. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəi tərəfindən məhkməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə istifadə hüququları dövlət reyestrində qeydə alınamamışdır. Göründüyü kimi, iddiaçının ailə üzvü olmayan və faktiki olaraq həmin mənzildə yaşamayan və istifadə hüququ olmayan üçüncü şəxslər qeydiyyatdadırlar. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, üçüncü şəxslərin mübahisəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, şəxslərin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özünün faktiki olaraq yaşadıqları yeni yaşayış yeri üzrə qeydiyyata alına bilər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Kamal oğlunun və xx.xx.2017-ci il təvəllüdlü X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-4169/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4169/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver