Məhkəmə qərarları › İş №2-1(112)-417/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-417/2023

01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-417/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən 88,9 kv.m fərdi yaşayış evinə və üzərində tikinti olan əlavə 23.2 kv.m torpaq sahəsinə İddiaçı adına vahid plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamaqla qeydiyyatdadırlar. Hal-hazırda birlikdə ünvan 1 ünvanında o, həyat yoldaşı, 4 oğlu və ailələri ilə birlikdə yaşayırlar. Onun adına xüsusi mülkiyyət kimi Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin FM seriyalı 011550 saylı qeydiyyat vəsiqəsi var. xx.xx.2021-ci il tarixində ərizə ilə cavabdeh AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında 88,9 kv.m fərdi yaşayış evinin bitişik 23.2 kv.m torpaq sahəsinə vahid əmlak kimi reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən bildirişlə imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi ərazidə 23.2 kv.m əlavə torpaq sahəsi istifadə edilməkdədir və yaşayış evinin köməkçi sahələri artıq torpaq sahəsində inşa edilmişdir. Həmçinin sözügedən məsələ ilə əlaqədar olaraq ərizəyə hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən təqdim edilən texniki pasport xx.xx.2002-ci il tarixində tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun olaraq üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport olduğu halda həyata keçirilir. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2021-ci il tarixli **********61 nömrəli, xx.xx.2021-ci il tarixli **********25 nömrəli və xx.xx.2021-ci il tarixli **********35 nömrəli cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1 -ci maddəsinə uyğun tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə və istismara icazə sənədləri təqdim edilməyib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsi rəhbər tutularaq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi X4 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 96 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı 011550 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Nəsimi rayonu, Y.Vəzirov küçəsindəki 3 otaq 44.1 kv.m yaşayış sahəsi, 88,9 ümumi sahəsi olan 5 “q” saylı fərdi yaşayış evi İddiaçı adına xx.xx.2002-ci ildə 307179 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 7-2450/17 nömrəli məktubu ilə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 800 nömrəli “Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının protokolunun təsdiq edilməsi haqqında” sərəncamına əsasən: Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2001-ci il tarixli, 8 №-li protokolu təsdiq edilsin. Protokola əsasən: 489. BŞİH-nə daxil olmuş xx.xx.2001-ci il tarixli, Ə-1629 №-li ərizə Nəsimi ray. Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Nəsimi ray, Y.Vəzirov küç. Hacı 5 nömrəli özbaşa tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi. Müstəsnalığın səbəbi: Evin özbaşına tikili olması. Komissiya qərarı aldı: Razılıq verilsin.” Eyni zamanda bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının protokolunun təsdiq edilməsi haqqında” olan xx.xx.2002-ci il tarixli, 168 nömrəli sərəncamı da böyük həcmlidir və həmin sərəncamda vətəndaş İddiaçı adı aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********25 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, 5Q saylı fərdi yaşayış evinin bir hissəsi X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin məktubla göndərilmiş İddiaçı adına olan Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, 5Q saylı fərdi yaşayış evinə dair arxiv qovluğunda olan sənədlərdən görünür ki: -Nəsimi rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 94/5 nörməli qərarına əsasən İddiaçı Dşdəmir oğlunun 7 nəfər ailə üzvü ilə birlikdə Y.Vəzirov 5 q ünvanına qeydiyyata alınmasının qeydiyyat orqanına tapşırılması qərara alınmışdır -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 800 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyət Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 8 nömrəli, xx.xx.2001-ci il tarixli protokoldan çıxarışa əsasən Nəsimi rayonu, Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Nəsimi rayonu, Y.Vəzirov küçəsi, 5 nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsi verilməsinə razılıq verilmişdir.. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 3-52/2-330/2023 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 168 nömrəli sərəncamından çıxarışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2002-ci il tarixli, 3 №-li protokolu təsdiq edilsin. xx.xx.2002-ci il tarixli 3 nömrəli Protokola əsasən:

207. BŞİH-nə daxil olmuş xx.xx.2001-ci il tarixli, B-840 №-li ərizə- Ermənistan Respublikasından qaçqın düşmüş X7 yaşadığı Nəsimi rayonu, Y.Vəzirov küç. 5 №-li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi. Müstəsnalığın səbəbi: Evin özbaşına tikili olması. Komissiya qərarı aldı: Razılıq verilsin. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********283 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 107.8 kv.m ölçüdə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X5 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin texniki inventarlaşdırma idarəsinin mərkəzi bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 1975-ci ildə tərtib edilmiş X7 (əvvəlki mülkiyyətçi X9 adına) adına texniki pasportun surətindən görünür ki, cəmi tikinti sahəsi ilkin olaraq 125.4, sonra 186,5, daha sonra 147.3 kv.m olaraq, cəmi meydançanın sahəsi ilkin olaraq 184.6, sonra 231,4, daha sonra 200.1 kv.m təşkil etmişdir. Texniki pasportda A və B tikililəri çəkilmiş, texniki pasortun üzərinə Bakı ŞİH-nin xx.xx.2022-ci il tarixli 168 nömrəli sərəncamı ilə xx.xx.2002-ci ildə və Bakı şəhər İH-nin 24.12.200-ci ildə 800 nömrəli sərəncamı ilə xx.xx.2002-ci ildə dəyişiklik edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Şəxsi mülkiyyət hüqüqu ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid xx.xx.2002-ci il tarixli texniki pasportun surətindən görünür ki, Y.Vəzirov küçəsi, ev 5q İddiaçı adına qeydiyyata alınmışdır. Cəmi tikinti sahəsi 186.5 kv.m, cəmi meydanın sahəsi 231.4 kv.m. Texniki pasportda A və B tikililərinin sxemi öz əksini tapmışdır. -xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən qeydiyyat vəsiqəsinə əsasən 3 otaqlı fərdi yaşayış evi yaşayış sahəsi – 44.1 kv.m, ümumi sahə 88.9 kv.m, razılaşdırılmamış layihəyə əsasən 5 otaq, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 117.12 kv.m, ümumi sahə 202.06 kv.m, faktiki yaşayış sahəsi 116.7 kv.m, ümumi sahə 200.6 kv.m. Faktiki artırma sahə ilə birlikdə ərazinin ümumi torpaq sahəsi 120.1 kv.m, bundan 23.2 kv.m artırılıb. Arxiv texniki pasportu və ərizəçinin təqdim etdiyi t/q həmin ünvanda yerləşən eyni nömrəli ərizəçiyə və qonşusu Nazmi Lətif oğluna məxsus ayrı-ayrı mülklərə aiddir. Mülklərin hər biri ayrıca ilkin qeydiyyatdan keçmişdir, Mexaniki səhv olaraq qeydiyyat zamanı texniki pasport eyni olduğundan ümumi t/p-da göstərilən sahələr hər iki mülkiyyətçinin qeydiyyat vəsiqəsində öz əksini tapmışdır. Ərizəçinin aid MQS-də görünməsə də, digər qonşu Bayramov N.L. oğlunun adına olan mülkün sahələri (ərizəçinin) qonşuya aid olan sahələr daxil edilməklə göstərilib. Arxiv t/p əsasən yalnız 1, 2, 3, 4 saylı yerləşkələ ərizəçiyə aiddir. Bundan əlavə ərizəçinin torpaq sahəsi 23,2 kv.m ölçüdə artırılmışdır. Həmin torpaq sahəsində 1-ci mərtəbədə köməkçi sahələr inşa olunub və üstündə isə 2-ci mərtəbə inşa edilib (2-ci mərtəbənin bir hissəsi). -Yerli müayinə aktına əlavə edilmiş ünvan 2 ünvanına dair baş plandan görünür ki, faktiki torpaq sahəsi 120.1 kv.m, bundan artırılmış torpaq sahəsi 23.2 kv.m təşkil edir. - ünvan 2 A-tikilisinin planı (2 mər. Binanın 1-ci mərtəbəsi) planından görünür ki, yaşayış otaqları 13.0 kv.m, 13.0 kv.m, 29.2 kv.m, mətbəx 8.6 kv.m, artırılmış torpaq sahəsində inşa olunmuş hissədə isə s/q 4.3 kv.m, 1.8 kv.m, bağlı keçid 21.6 kv.m. 3 otaq, yaşayış sahəsi 55.2 kv.m, köməkçi sahə 40.8 kv.m, ümumi sahə 96.0 kv.m təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, ərizəçi 23.2 kv.m əlavə torpaq sahəsindən istifadə edir və yaşayış evinin köməkçi sahələri artıq torpaq sahəsində inşa olunub, texniki pasportda öz əksini tapmayıb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********2 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə 1975-ci ildə tərtib edilmiş texniki pasportda sözügedən 23.2 kv.m torpaq sahəsi öz əksini tapmamışdır. Lakin arxiv texniki pasportda aparılmış qeydlərdə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 800 saylı və xx.xx.2002-ci il tarixli, 68 saylı sərəncamları əsasında fərdi yaşayış evin texniki pasportunda 2002-ci ildə dəyişikliklər edilmişdir. Belə ki, həmin 23.2 kv.m sahə texniki pasporta əlavə edilmişdir. Dəyişikliklər edildikdən sonra fərdi yaşayış evinin ümumi sahəsi 200.1 kv.m olmuşdur. Bundan əlavə “A” literli tikili və sonradan inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahələri 200.1 kv.m torpaq sahəsinin tərkib hissəsidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X3 ünvanladığı xx.xx.2021-ci il tarixli, **********35 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli ********** nömrəli təkrar müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı müraciətlərinizə xx.xx.2021-ci il tarixli **********61 nömrəli və 01,03.2021-ci il tarixli **********25 məktublarda cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X3 ünvanladığı xx.xx.2021-ci il tarixli, **********61 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, elektron kadastr baza məlumatına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi ərazidə 23.2 kv. m əlavə torpaq sahəsi istifadə edilməkdədir və yaşayış evinin köməkçi sahələri artıq torpaq sahəsində inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, 5Q ünvanında iki fərdi yaşayış evi yerləşir. Hər iki fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Belə ki, 107.5 kv.m-dən ibarət fərdi yaşayış evi (texniki pasporta əsasən B tikilisi) ilkin olaraq xx.xx.2002-ci il tarixdə X7 adına qeydiyyata alınmış, digəri 88.9 kv.m olaraq (texniki pasporta əsasən A tikilisi ) İddiaçı adına xx.xx.2002-ci ildə qeydiyyatdan keçmişdir. Hazırkı iddiasında İddiaçı qeydiyyat vəsiqəsində fərdi yaşayış evinə mülkiyyət hüququnun 88.9 kv.m olaraq qeydə alınsa da lakin faktiki istifadəsində olan, eləcə də 2002-ci il tarixli texniki pasporta əsasən əlavə 23.2 kv.m-sahədə köməkçi tikililər tikildiyindən həmin sahədə yerləşən tikililər də nəzərə alınmaqla fərdi yaşayış evinin 96 kv.m ölçüdə (İ mərtəbə) qeydiyyata alınmasını mübahisələndirir. Cavabdehin mövqeyinə görə iddiaçının faktiki sahibliyində 23.2 kv.m sahədə inşa etdiyi tikililər həmin ölçüdə əlavə torpaq sahəsində tikilmiş, həmin əlavə sahəyə dair isə hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydiyyatı üçün əsas hesab olunur. İşin hallarından görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evlərinə dair ilkin olaraq 1975-ci il tarixdə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmiş, həmin texniki pasportda A və B tikililərinin yerləşmə sxemi, ölçüləri qeyd edilmiş, hər iki tikilinin ümumilikdə cəmi tikinti sahəsi 147.3 kv.m, hər iki tikilinin yerləşdiyi torpaq sahəsi 200.1 kv.m olaraq göstərilmişdir. Sözügedən fərdi yaşayış evləri sonradan Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı və X7 adlarına müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 800 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 168 nömrəli sərəncamı ilə qeydiyyat vəsiqələrinin verilməsi qərara alınmışdır. Qeyd edilməlidir ki, hər iki tikiliyə dair həm 1975-ci il tarixdə, həm də 2002-ci ildə vahid texniki pasport tərtib edilmişdir. Beləliklə, arxiv texniki pasportda olan fərdi yaşayış evlərinin hər biri ayrıca ilkin qeydiyyatdan keçmiş, bu zaman A tikilisi iddiaçının adına 88.9 kv.m ölçüdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması ilə 1975-ci il tarixli arxiv texniki pasportunda A tikilisinin yerləşdiyi həyətyanı sahədə 23.2 kv.m əlavə torpaq sahəsində inşa edilmiş tikili öz əksini tapmasa da, lakin 2002-ci il tarixdə fərdi yaşayış evinə qeydiyyat vəsiqəsinin verilməsi zamanı tərtib edilmiş xx.xx.2002-ci il tarixli texniki pasportda A tikilisinə aid hissədə mübahisəli əlavə 23.2 kv.m sahədə inşa edilmiş köməkçi tikililər öz əksini tapmışdır. Qeyd edilməlidir ki, arxiv texniki pasportun üzərində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 800 saylı və xx.xx.2002-ci il tarixli, 68 saylı sərəncamları əsasında dəyişikliklər edildiyi qeyd edilmiş və cavabdehin mütəxəssisinin verdiyi yazılı rəydə də məhz dəyişikliklər edildikdən sonra fərdi yaşayış evinin ümumi sahəsinin 200.1 kv.m olduğu və iddiaçıya aid tikili və sonradan inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahələrinin məhz 200.1 kv.m torpaq sahəsi daxilində yerləşdiyi bilavasitə qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanının 7-8-ci bəndlərinə əsasən (25 may 2006-cı il tarixli 412 nömrəli Fərmanla həmin bəndlər qüvvədən düşmüşdür) Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə aşağıdakılar qərara alınmışdır: -7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. -8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin etsin. İşin sadalanan hallarından müəyyən olunur ki, mübahisəli 23.2 kv.m-lik sahə 1975-ci il tarixli texniki pasportda öz əksini tapmasa da sonrakı tarixlərdə həmin sahədə köməkçi tikililər tikilmiş və bu 2002-ci ildə fərdi yaşayış evinin qeydiyyatı zamanı tərtib edilmiş texniki pasporta daxil edilmişdir. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001ci il tarixli, 800 saylı və xx.xx.2002-ci il tarixli, 68 saylı sərəncamları əsasında fərdi yaşayış evinin texniki pasportunda 2002-ci ildə dəyişikliklər edilməsi isə onu deməyə əsas verir ki, fərdi yaşayış evinin ölçü və yerləşməsində olan dəyişikliklər sırasında həm də sözügedən 23.2 kv.m-lik sahədə olan tikililərin də əlavə edilməsi də yer almışdır. Buna baxmayaraq fərdi yaşayış evinin qeydiyyat vəsiqəsində həmin 23.2 kv.m ölçüdə olan sahə nəzərə alınmamışdır. Məhkəmə iddiaçının iddia etdiyi xx.xx.2002-ci il tarixli texniki pasport yuxarıda adıçəkilən 439 nömrəli Fərmanla nəzərdə tutulmuş 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport olmasa da həmin texniki pasportda olan dəyişikliklərin məhz icra hakimiyyəti orqanının sərəncamları ilə təsdiq edildiyini, eləcə də həmin vaxt qüvvədə olmuş 562 nömrəli Fərmana əsasən 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan, Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin onların mülkiyyətinə verilməsinin nəzərdə tulduğunu və 2002-ci il tarixli qeydiyyatın, eləcə də texniki pasportun məhz həmin Fərmandan irəli gələrək tərtib edildiyini, başqa sözlə, fərdi yaşayış evinin mövcud olan ölçüdə-yəni 23.2 kv.m əlavə sahə ilə birlikdə vahid əmlak olaraq qeydiyyata alınmasının qərara alındığını nəzərə alaraq hesab edir ki, hazırkı halda iddiaçı ünvan 3 ünvanında adına qeydiyyatdan keçmiş fərdi yaşayış evi (İ mərtəbə) əlavə 23.2 kv.m sahədə inşa edilmiş tikili ilə birlikdə ümumi sahəsi 96.0 kv.m olmaqla mülkiyyət hüququnun qeydiyyatını tələb etməkdə haqlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi ölçüdə fərdi yaşayış evi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əlavə 23.2 kv.m sahədə inşa edilmiş tikililərlə birlikdə ümumi sahəsi 96,0 kv.m olmaqla mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əlavə 23.2 kv.m sahədə inşa edilmiş tikililərlə birlikdə ümumi sahəsi 96,0 kv.m olmaqla üzərində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar