Məhkəmə qərarları › İş №2-1(112)-4170/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4170/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4170/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “köşkə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “köşkə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri, Nizami rayonu, “Mehriban” İB-nin 8-ci km, qəsəbəsi, B.Nuriyev küçəsi-27 ünvanında yerləşən, 6 kv.m sahəsi olan 163 №-li ayaqqabı təmiri köşkünün işçisi olmuşdur. 1996-cı il tarixdə həmin köşkü ******* (bir milyon əlli səkkiz min) manata almış və Dövlət əmlakının alınması nəticəsində Dövlət büdcəsinə 269700 manat məbləğində pul köçürmüşdür. Dövlət Əmlakının Hüquqi və X3 Haqqında xx.xx.1996-cı il tarixli, Reyestr kitabında səhifə-42, 210 qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş Şəhadətnaməyə əsasən 163 №-li ayaqqabı təmiri köşkü alıcının toxunulmaz mülkiyyətidir. ünvan 2 ünvanda yerləşən 0,0006 ha torpaq sahəsinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında 4230 saylı, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmış və icarə hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** №-li elektron çıxarış verilmişdir. İddiaçı həmin köşkə hüququn qeydə alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “... texniki inventarlaşdırma işləri aparılan zaman şəhadətnamədə qeyd olunan tikilinin söküldüyü və yerində yüngül inşaat konstruksiyalarından ümumi sahəsi 5.3 kv.m olan köşk quraşdırıldığı aşkar edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən tikili binaların önündə, ətrafında yaşıllıq ağacları olan ərazidədir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi-165A ünvanında yerləşən, 0,0006 ha sahəsi olan 163 №li ayaqqabı təmiri köşkünə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, peşəsini davam etdirmək üçün köşkü oğlu X4 bağışlamaq istəyir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 4230 saylı, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən ayaqqabı təmiri köşkünə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ÇİXARİŞ verilmiş, lakin hüququ yüklü edilən şəxs Dövlət qeyd olunduğundan, iddiaçı kifayət qədər əmlak üzərində hüquqlarının olmasına baxmayaraq yenə də həmin köşkü oğluna bağışlaya bilmir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi-27 ünvanında yerləşən, 6 kv.m sahəsi olan 163 №-li ayaqqabı təmiri köşkünə dair iddiaçıya dövlət əmlakının özəlləşdirilməsi nəticəsində Şəhadətnamə verilmişdir. Həmçinin həmin əmlakın yerləşdiyi torpaq sahəsi icarə hüququ əsasında iddiaçının icarəsindədir. İddiaçı hazırkı tələbində həmin ayaqqabı təmiri köşkünə dair texniki pasportun verilməsini tələb edir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) texniki inventarlaşdırma işləri aparılan zaman şəhadətnamədə qeyd olunan tikilinin söküldüyü və yerində yüngül inşaat konstruksiyalarından ümumi sahəsi 5.3 kv.m olan köşkün quraşdırıldığı aşkar edilmişdir. 2) elektron kadastr məlumatlarına əsasən tikili binaların önündə, ətrafında yaşıllıq ağacları olan ərazidədir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. İddiaçının sahiblik və istifadəsində olan iddia predmetini təşkil edən köşk ləğv edilmiş qurum olan Dövlət Əmlak Komitəsi tərəfindən qeydə alınması işin mübahisələndirilməyən halıdır. Cavabdeh də həmin sənədin mövcudluğunu mübahisələndirmir. Həmçinin həmin köşkün yerləşdiyi torpaq sahəsi iddiaçının icarəsindədir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin köşkə və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik olduğundan şəhadətnamədə göstərilən tikilinin sökülməsi və yerində yüngül inşaat konstruksiyalarından 5.3 kv.m köşkün quraşdırılması iddiaçının müraciətinin təmin olunmasından imtina üçün əsas deyildir. Belə ki, iddiaçı köşkü sökərək yerində yeni köşk quraşdırmışdır. Yeni tikilnin təyinatı dəyişdirilməmiş, sahəsi artırılmamış, əksinə azalmışdır. Bu isə iddiaçının hüququnun məhdudlaşdırılması üçün əsas olan hal deyildir. Vaxtıilə səlahiyyətli qurum olan Əmlak Komitəsi həmin köşkə dair iddiaçının adına həmin dövrün hüquqmüəyyənedici sənədi olan Şəhadətnamə verdiyi kimi, hazırda səlahiyyətli olan qurum quraşdırılmış köşkün texniki göstəricilərini əks etdirən sənədi verməyə səlahyyətlidir. 09 noyabr 1991-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 21.1-ci maddəsinə əsasən, vətəndaşın mülkiyyətində aşağıdakılar ola bilər: (...) yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri;... Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü kimi onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. Məhkəmə qeyd edir ki, köşkün yüngül konstruksiyalardan inşa edilməsinin hüququn həyata keçirilməsinə heç bir təsiri yoxdur. Qeyd edildiyi kimi, iddiaçı hüquqmüəyyənedici sənədə malikdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsinə əsasən kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının tikintisinə icazə tələb olunmur. Məhkəmə cavabdehin ikinci imtina dəlili ilə bağlı qeyd edir ki, gələcəkdə köşkə dair texniki pasportun verilməsi, hüquq sahibinə yaşıllıqların götürülməsi ilə bağlı hər hansı əlavə üstünlük vermir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: ... 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan köşkə yaranmış hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi-165A ünvanında yerləşən, 0,0006 ha sahəsi olan 163 №-li ayaqqabı təmiri köşkünə dair texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar