Məhkəmə qərarları › İş №2-1(112)-4171/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4171/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4171/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh X3 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı “iddiaçının sahib olduğu İddiaçı media redaksiyasının (az24saat.org) media reyestrinə daxil edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının və onun sahib olduğu onlayn media redaksiyasının media reyestrinə daxil edilməsi və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozulmasının tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, X4 müraciət edib, reyestrə daxil edilməsini xahiş edib. Lakin Agentlik hər hansı əsaslandırılmış izah təqdim etmədən iddiaçının Media Reyestrinə daxil edilməsindən imtina edib. İddiaçı "xxxx" MMC media qurumudur. "xxxx" MMC xx.xx.2019cu il tarixdə təsis edilib. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri məşğul ola bilər. Həmçinin "xxxx" onlayn media redaksiyasının təsisçisidir. 28 oktyabr 2022-ci il tarixdə "Media haqqında" 2021-ci il 30 dekabr tarixli Qanuna və Azərbaycan Respublikası Prezidentinin "Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" 26 sentyabr 2022-ci il tarixli Fərmanına əsaslanaraq cavabdehə müraciət edib. Həm özünün, həm də sahibi olduğu "xxxx" onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş edib. Cavabdeh 02 noyabr 2022-ci il tarixdə iddiaçının müraciəti üzrə qərar qəbul edib, həmin qərarla iddiaçının reyestrdə qeydiyyatından imtina olunub. Cavabdeh müraciətin rədd edilməsini iddiaçının və onun sahibi olduğu "xxxx" onlayn media redaksiyasının fəaliyyətinin davamlı olmaması ilə əsaslandırıb, bu zaman Qanunun 74.1.2-ci maddəsinə və Fərmanın 6.5.2-ci yarımbəndinə istinad edib. Cavabdehin imtina qərarı qeyri-hüquqi və əsassızdır. Cavabdehin üzərinə iddiaçının və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi öhdəliyi qoyan, eləcə də iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 19-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququnun pozuntusunu tanıyan qərar qəbul edilməlidir. İddiaçının Media Reyestrinə daxil edilməsindən imtina edilməsi iki baxımdan qeyri-hüquqidir: qanunun qeyri-müəyyən olması və əməl edilməsi praktiki cəhətdən mümkün olmayan tələbləri; cavabdehin imtina qərarını lazımi səviyyədə əsaslandırmaması. Əvvəla, imtina üçün qanunun əsas göstərilən maddəsinin dili aydın deyil. Belə ki, imtina üçün Qanunun 74.1.2-ci və Fərmanın 6.5.2-ci yarımbəndi əsas kimi göstərilib. Həmin müddəaların məzmunu eynidir. Bu müddəalara əsasən media subyekti kimi Media Reyestrinə daxil edilmək üçün müraciət edənlərin fəaliyyəti davamlı olmalıdır. İddiaçı yalnız onlayn jurnalistika ilə məşğul olduğundan, onun fəaliyyətinin davamlı olub-olmadığını müəyyən edən müvafiq müddəa Qanunun 60.5-ci maddəsidir. Həmin maddəyə əsasən onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiyalar istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Birincisi, qanunun dilindən media subyektinin üzərinə düşən öhdəliyin həcminin, ümumiyyətlə, hansı məntiqə əsaslandığı aydın deyil. Onlayn media subyektinin üzərinə aylıq ən azı 400 kütləvi informasiya dərc edilməsi öhdəliyinin qoyulmasının hansı zəruri ehtiyacdan irəli gəlməsi və hansı legitim məqsədi güdməsi qeyri-müəyyəndir. Əlavə olaraq, məhz 20 gün ərzində gündəlik azı 20 informasiya dərc edilməsi tələbinin irəli sürülməsinin məntiqi, anlamı bəlli deyil. Məsələn, tələb edilən 400 informasiyanın gündəlik 40 informasiya paylaşmaqla 10 günə bölünməsi, yaxud 16 informasiya paylaşmaqla 25 günə bölünməsi mümkün ikən, hansı səbəbdən məhz 20 günlük və ən azı gündəlik 20 informasiya tələbinin qoyulmasının səbəbləri aydın deyil. X9 Venesiya Komissiyası rəy verib, həmin rəydə də qanunun qeyd edilən müddəalarının problematikliyinə diqqət çəkilib. Komissiyanın rəyində bildirilib ki, yeni xəbər və araşdırma materialı hazırlamaq üçün tələb edilən vaxt nəzərə almarsa, davamlı fəaliyyətlə bağlı irəli sürülən azı 20 gün və gündəlik azı 20 kütləvi informasiya tələbi olduqca aşırı və lazımsız tələbdir ("Media haqqında" Qanunla bağlı Venesiya Komissiyasının 131-ci Plenar Sessiyasında qəbul edilmiş Rəyi, 17-18 iyun, 2022- ci il, qeyd (footnote) 72). X8 üzv olan bir dövlətdə medianı tənzimləyən qanununun davamlı fəaliyyətlə bağlı tələbinin ləğv edilməli olduğunu ifadə edir (Yenə rəydə, paraqraf 52). Bundan əlavə, onlayn media subyektinin reyestrə daxil edilməsi üçün irəli sürülən tələblər dövlətin ifadə azadlığı ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərlə və Avropa İnsan Hüquqları Məhkəməsinin ("Avropa Məhkəməsi" və ya "AİHM") presedenti, eləcə də BMT İnsan Hüquqları Komitəsinin təcrübəsi ilə bir araya sığmır. İnformationsverein Lentia və digərləri Avstriya qarşı işdə AİHM bildirib ki, onilliklər ərzində əldə edilmiş texniki inkişafı nəzərə aldıqda, dövlət orqanları tərəfindən yayım tezliklərinə və kanallara tətbiq edilən məhdudiyyətləri əsaslandırmaq mümkün deyil (paraqraf 39). Belə bir vəziyyətdə dövlətin lisenziyalaşdırma fəaliyyəti yeni məna və məqsəd qazanıb: ictimaiyyətin məlumat almaq hüququnun təmin edilməsi üçün informasiya azadlığını və plüralizmini təmin etmək (Observer və X5rşı iş). Dövlət bu cür plüralizmin qarantı kimi çıxış etməlidir (İnformationsverein Lentia və digərləri Avstriya qarşı iş, paraqraf 38). Bu yanaşma a fortiori onlayn media subyektlərinin reyestrə daxil edilməsi məsələsinə də aid edilə bilər. Sosial şəbəkələrin və bloggerliyin bu qədər geniş yayıldığı və populyarlığının artdığı dövrdə onlayn media subyektinin reyestrə daxil edilməsi üçün tələb edilən formalizmə hansısa formada haqq qazandırmaq qeyri-mümkündür. Avropa Məhkəməsi dəfələrlə bildirib ki, dövlətin lisenziyalaşdırma sistemi yalnız texniki məqsədlər üçün istifadə edilməlidir və Konvensiyanın ifadə azadlığını tənzimləyən 10-cu maddəsinin 2-ci bəndinin tələblərinə zidd olmamalıdır (Groppera Radio AG və digərləri İsveçrəyə qarşı iş, paraqraf 61). Onlayn media subyektinin reyestrə daxil edilməsindən imtina edilməsi iddiaçının "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 19-cu maddəsində nəzərdə tutulmuş hüququnu pozması İnsan Hüquqları Komitəsinin yanaşması ilə də təsdiq olunur. Komitə dövlətlərin diqqətini ənənəvi çap mediası ilə onlayn media arasında olan fərqlərə çəkib (Vyetnamla bağlı yekun müşahidələr (CCPR/CO/75/VNM), paraqraf 18, eləcə də Lesoto ilə bağlə yekun müşahidələr (CCPR/CO/79/Add.l06), paraqraf 23). Komitə bildirib ki, qeydiyyatla bağlı ümumi dövlət sistemləri 19-cu maddənin 3-cü bəndi ilə bir araya sığmır. Yalnız lazım olduğu hallarda məhdud akkreditasiya tələblərinin tətbiqinə icazə verilir (İnsan Hüquqları Komitəsinin 34 №-li Ümumi Rəyi, 12 sentyabr 2011-ci il, paraqraf 44). Tətbiq olunduğu hallarda qeydiyyat və lisenziyalaşdırma ilə bağlı tələblər aydın (Küveytlə bağlı yekun müşahidələr (CCPR/CO/69/KWT), şəffaf (Qırğızıstanla bağlı yekun müşahidələr (CCPR/CO/69/KGZ) olmalı, ayrı-seçkiliyə məruz qoymadan və Pakta uyğun formada tətbiq olunmalıdır (Ukrayna ilə bağlı yekun müşahidələr (CCPR/CO/73/UKR). Avropa Şurası Nazirlər Komitəsi media plüralizmi və media məzmununun müxtəlifliyi ilə bağlı CM Rec(2007)/2 saylı Tövsiyəsində üzv dövlətlərə çap mediasından rəqəmsal mediaya keçid etmək üçün dəstək verməyi məsləhət görüb (paraqraf 6.2). Bununla yanaşı, media plüralizminin təmin edilməsi üçün qərarların qəbul edilməsi zamanı elmi araşdırmanın əhəmiyyətinə də diqqət çəkilib. Hazırkı işdə isə tövsiyələrin ziddinə olaraq, onlayn media subyektinin fəaliyyətinə süni maneələr yaradan qanun layihəsinin hazırlanması zamanı hansısa elmi araşdırma aparılmayıb (və buna istinad edilməyib), eləcə də çap mediasından rəqəmsal mediaya keçidlə bağlı tövsiyələrə əhəmiyyət verilməyib. Cavabdeh iddiaçının müraciətini rədd edərkən ümumi şəkildə Qanuna və Fərmana müraciət etməklə kifayətlənib. Cavabdeh həmin müddəaların nəyə görə hazırkı konkret işə tətbiq edilməli olmasını əsaslandırmayıb. Əslində cavabdeh qanun qəbul edilənə qədər müntəzəm fəaliyyət göstərmiş, reyestrdə qeydiyyatdan keçmək istəyən bütün mediaları avtomatik olaraq, Media Reyestrində qeydiyyatdan keçirməli idi. İddiaçının Media Reyestrinə daxil edilməsindən imtina edilməsi onun media sahəsində gələcək fəaliyyətinə ciddi maneələr yaradır. İddiaçı, o cümlədən, media, redaksiya olaraq, bir sıra imkanlardan məhrum edilmiş olur. Əvvəla, reyestrə daxil olmadan fəaliyyət göstərən media redaksiyalarının bir sıra sanksiyalarla - inzibati və bəzi hallarda hətta cinayət (Venesiya Komissiyasının qeyd etdiyi kimi, reyestrə düşmədən fəaliyyət göstərən media subyektlərinin qanunsuz sahibkarlıq ittihamı ilə üzləşmək riski var) məsuliyyəti ilə üzləşmə riski var. Digər tərəfdən, qanun media sahəsində bir sıra imkanları yalnız Media Reyestrində qeydiyyatdan keçmiş subyektlərə təqdim edir. Belə ki, Qanunun 76-cı maddəsinə əsasən media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi, media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirak, maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə, sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma kimi güzəşt və imtiyazlar yalnız Media Reyestrinə daxil edilmiş şəxslər üçün nəzərdə tutulub. Bunlardan başqa, Media haqqında Qanuna görə, media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər. Beləliklə, reyestrə daxil edilməyən medialar akkreditasiya imkanlarından da məhrum olurlar. Bütün bunların işığında reyestrdə qeydiyyatdan keçməyən mediaların jurnalist qaynaqlarının qorunması, jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması, informasiya əldə etmə, hazırlama, yayma hüququ sahəsində də ciddi problemlərlə qarşılaşacağını ehtimal etmək olar. Bütün qeyd edilənlər yaradılmış sistemin - Media Reyestrinin yalnız media subyektlərinin formal olaraq qeydə alınması üçün nəzərdə tutulmuş mexanizm yox, dövlət tərəfindən yaradılan və ona tabe olan qurum vasitəsi ilə medianı nəzarətdə saxlamağa hesablandığını göstərir. Hazırkı işdə də iddiaçının reyestrə salınmasından imtina edilməsi qeyri-hüquqi olmaqla heç bir legitim məqsəd güdmür, demokratik cəmiyyətdə zəruri deyil, hansısa təcili social ehtiyaca əsaslanmır və iddiaçının ifadə azadlığı hüququnu pozur. İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Cavabdeh tərəfindən müraciətin rədd edilməsi barədə verilmiş qərarda həmin qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə şikayət verilməsinin mümkün olması göstərilib. Qərar 02 noyabr 2022-ci il tarixdə verilib, bununla da müddət ötürülməyib. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, ilk növbədə qeyd edilməsi zəruridir ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixli 00000625 nömrəli müraciətdə İddiaçı MMC media subyektinin və İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş etmişdir. X3 xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən təqdim edilmiş sənəd və məlumatlar araşdırılmaqla İddiaçı MMC media subyektinin və İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1.2-ci maddəsinə əsasən Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxsin fəaliyyəti davamlı olmalıdır. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin tələblərinə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5.2-ci yarımbəndinə görə fəaliyyəti davamlı olmadıqda Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edilir. Belə ki, həmin Qanunun 60.5-ci maddəsinə əsasən onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. İddiaçı MMC media subyekti və İddiaçı onlayn media redaksiyası istinad olunan maddənin tələbinə cavab vermədiyindən imtina haqqında qərar qəbul edilmişdir. İddia ərizəsində iddiaçının sahibi olduğu hər hansı digər “az24saat.org” adlı resursa dair statistik göstəricilər təqdim olunmuş və ərizəboyu həmin göstəricilərə əsaslanılsa da, bu resursa dair məsələlər hazırda mübahisələndirilən qərarın (MEDİAnın xx.xx.2022-ci il tarixli R/18 nömrəli qərarı) predmetini təşkil etmir. Bununla yanaşı, istinad olunan Qaydaların 6.7-ci yarımbəndinə görə Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. “Media haqqında" Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X4 müraciət etməlidir. Qeyd olunan maddə keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır. Məhz bu səbəbdən qanunverici “Keçid müddəaları” maddəsini formalaşdırmış və həmin subyektlərə 6 ay ərzində Qanunun tələblərinə uyğunlaşmaq, fəaliyyətlərini bu istiqamətdə qurmaq və bundan sonra Media Reyestrinə müraciət etmək üçün imkan tanımışdır. Beləliklə, müəyyən olunur ki, iddiaçının tələbi tamamilə qanunsuzdur, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyil, xx.xx.2022-ci il tarixli qərar X6 tərəfindən qüvvədə olan normalar ilə tam əsaslandırılmışdır. İddia ərizəsinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmaması və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınması hissəsi hazırkı mübahisənin və məhkəmə baxışının predmeti olmadığından, həmin hissəyə qiymət verilməsi məhkəmənin mülahizəsinə buraxılmışdır. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı və “az24saat.org” bir-birindən tamamilə fərqli, biri digərindən asılı olmayan ayrı-ayrı domen adları və nəticə etibarilə “Media haqqında” Azərbaycan Respublikası Qanununa görə bir-birindən tamamilə fərqli onlayn media redaksiyalarıdır. “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə hər bir media subyekti qeyri-məhdud sayda redaksiya yarada bilər. Bu redaksiyalar eyni fiziki və ya hüquqi şəxs tərəfindən yaradılır, lakin fərqli domen adları üzərindən fəaliyyət göstərir. Həmin redaksiyaları bir-birindən fərqləndirilən məhz onların domen adlarıdır. Məhz bu səbəbdən müxtəlif domen adları ilə eyni redaksiyanın və ya eyni domen adı ilə müxtəlif redaksiyaların yaradılması hüquqi baxımdan mümkünsüzdür. Başqa sözlə, eyni media redaksiyası fərqli domen adları ilə fəaliyyət göstərə bilməz. Hər bir redaksiyanın özünəməxsus bir ədəd domen adı ola bilər. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi qeyd olunan məsələni birmənalı şəkildə təsbit edərək bildirir ki, domen adı - internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşüdür. Maddədən aydın şəkildə görüldüyü kimi, domen adı unikaldır, təkrarlana bilməz. Hazırki iş üzrə isə iddiaçı isə məhkəmə araşdırması zamanı İddiaçı onlayn media redaksiyası (domen adı) ilə “az24saat.org” onlayn media redaksiyasının eyni media redaksiyası (domen adı) olduğunu bildirmişdir. İddiaçının bu iddiası tamamilə qanunsuz, heç bir hüquqi əsası olmayan, öz mülahizəsindən ibarət olan yanaşmadır. Göründüyü kimi, İddiaçı onlayn media redaksiyası (domen adı) ilə “az24saat.org” onlayn media redaksiyasının (domen adının) yuxarıda sadalanan əsaslar ilə tamamilə fərqli domen adları olduğu müəyyən edilir. Bu məqamda domen və subdomen anlayışlarını da bir-birindən fərqləndirmək lazımdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın 1-ci hissəsinin 3-cü abzasına əsasən subdomen - hər hansı domenə nisbətən aşağı səviyyəli domen deməkdir (*.GOV.AZ domeni GOV.AZ domeninin subdomenidir). Qeyd olunan anlayışa əsasən hər hansı subdomen öz domenindən “. (nöqtə)” işarəsi ilə ayrılır. Hazırki iş üzrə iddiaçı isə öz iddia ərizəsində İddiaçı onlayn media redaksiyasının (domeninin) Media Reyestrinə daxil edilməsini tələb etsə də, ərizəboyu hər hansı digər “az24saat.org” adlı resursa dair statistik göstəriciləri təqdim edir və heç bir hüquqi və məntiqi əsası olmadan İddiaçıun Media Reyestrinə daxil edilməsi üçün yerinə yetirməli olduğu tələblərin “az24saat.org” adlı başqa resurs tərəfindən yerinə yetirildiyini əsas gətirərək iki fərqli domen adını və redaksiyanı eyni imiş kimi göstərməyə çalışır və bununla da, hüquqi və prosedual baxımdan tamamilə absurd iddia ortaya qoyur. Guya “az24saat.org” İddiaçı domeninin azərbaycan dilli subdomenidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş göstərilən Qaydalardan da birmənalı göründüyü kimi, “az24saat.org” yalnız o halda İddiaçı domeninin subdomeni hesab olunacaqdır ki, “az” hissəsi İddiaçı hissəsindən “nöqtə” işarəsi ilə ayrılsın. Lakin hazırkı iş üzrə iddiaçının fikirlərinin əksinə olaraq qanunvericilik imperativ olaraq müəyyən edir ki, İddiaçı və “az24saat.org” bir-birindən tamamilə fərqli müstəqil domenlərdir, qətiyyən biri digərinin subdomeni deyildir. İddiaçı MMC xx.xx.2022-ci il tarixli 00000625 nömrəli müraciətdə İddiaçı MMC media subyektinin və İddiaçı onlayn media redaksiyasının (domeninin) Media Reyestrinə daxil edilməsini X2 xahiş etmişdir. X3 xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən təqdim edilmiş sənəd və məlumatlar araşdırılmaqla İddiaçı MMC media subyektinin və İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur. Bu isə o deməkdir ki, Agentliyin müvafiq qərarı ilə imtina verilmiş subyekt İddiaçı MMC, onlayn media redaksiyası (domen) isə İddiaçıdur. Məhkəmə proseslərində dəfələrlə İddiaçı domeninə daxil olunmağa çalışılmış, lakin əyani şəkildə görünmüşdür ki, həmin domen (redaksiya) ümumiyyətlə fəaliyyət göstərmir və ona giriş mümkün deyil. Belə ki, İddiaçı domeninə daxil olmağa çalışanda sistem həmin domenə daxil olmur və avtomatik tamamilə başqa bir domenə - “az24saat.org” domeninə keçid edir. Yəni İddiaçı domeni (redaksiyası) ümumiyyətlə fəaliyyət göstərmir və bu səbəbdən Agentlik tərəfindən qəbul edilmiş qərar tamamilə qanuni və əsaslıdır. Belə ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1.2-ci maddəsinə əsasən Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxsin fəaliyyəti davamlı olmalıdır. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin tələblərinə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5.2-ci yarımbəndinə görə fəaliyyəti davamlı olmadıqda Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edilir. Belə ki, həmin Qanunun 60.5-ci maddəsinə əsasən onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-4171/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X1rşı iddia tələbi “iddiaçının sahib olduğu İddiaçı media redaksiyasının (az24saat.org) media reyestrinə daxil edilməsi” kimi dəyişdirilmişdir. Dəyişdirilmiş iddia tələbinin prosessual qanunvericilik baxımından aydın olmayan iddia tələbi olduğu müəyyən edilmişdir: Media haqqında qanunvericiliyin tələblərinə əsasən həm media subyekti, həm də onun redaksiyası Media Reyestrinə daxil edilməlidir. Bu iki media komponentinin bir-birindən təcrid olunmuş şəkildə Reyestrə daxil edilməsi hüquqi baxımdan tamamilə mümkünsüzdür. İddiaçı və “az24saat.org” bir-birindən tamamilə fərqli müstəqil redaksiyalar (domenlər) olduğu üçün və bu domenlərdən biri - İddiaçı ümumiyyətlə fəaliyyət göstərmədiyi və belə bir domenə giriş (access) olmadığı üçün hər iki domenin “sanki biri digəri ilə eyni imiş kimi” Reyestrə daxil edilməsi tələbinin qoyulması hüquqi və praktiki baxımdan mümkünsüzdür. Tərəfindən sübutlar (videoskrinlər) məhkəməyə təqdim edilmiş, 07 iyul 2023-cü il tarixli məhkəmə iclasında həmin videoskrinlərə baxış keçirilmişdir. Belə ki, videoskrinlərə baxış keçirilən zaman sübut olunur ki, “az24saat.org” onlayn media redaksiyası ayın 20 günü ərzində 13.1-ci və 13.2-ci maddələrinə əməl etməklə gündəlik 20 kütləvi informasiya dərc etməmişdir. Bu isə o deməkdir ki, həmin resursun fəaliyyəti Qanunun 60.5-ci maddəsinin tələblərinə uyğun, yəni davamlı olmamışdır. Videoskrinlər müvafiq subyektin Media Reyestrinə müraciət tarixindən əvvəlki bir aylıq dövrü əhatə edir və hər bir videoskrinin müşahidəsindən də aydın göründüyü kimi, “az24saat.org” onlayn media redaksiyası ayın 20 günü ərzində gündəlik 20 öz istehsalı olan kütləvi informasiya dərc etməmiş, ya ümumiyyətlə 3-4 kütləvi informasiya dərc etmiş, ya da dərc etdiyi informasiyalar Qanunun 13.1-ci və 13.2-ci maddələrinin kobud pozuntusu ilə müşayiət olunmaqdadır. Məsələn, tərəfindən məhkəməyə təqdim edilmiş birinci videoskrindən görünür ki, 02 oktyabr 2022-ci il tarixdə “Xırdalana gedən yol bağlanıb: “Hər gün 30 kilometr əlavə məsafə sürürəm”, “Gənc fəhlə minaya düşdü” və “Sionizm və yəhudilərin Fələstinə köçü” adlarında üç kütləvi informasiya dərc edilmiş, hər üç kütləvi informasiya başqa bir subyektdən (redaksiyadan) (Meydan TV) olduğu kimi götürülmüşdür. Bütün digər videoskrinlər də günlər üzrə bu şəkildə izah edilmiş və Agentliyin qərarının əsaslılığı açıq şəkildə sübut olunmuşdur. Bununla yanaşı, iddiaçı məhkəmə araşdırması zamanı müraciət tarixindən əvvəlki bir aylıq dövr üzrə (01.10.23-31.10.23 tarix aralığı) müxtəlif xarici dillərdə dərc etdiyi kütləvi informasiyaların Azərbaycan dilində olanlar ilə eynilik təşkil etmədiyini iddia etmişdir. Bu kütləvi informasiyalar videoskrinlərə baxış keçirilən zaman qarşılıqlı təhlil edilmiş və sübut olunmuşdur ki, “az24saat.org” onlayn media redaksiyası xarici dillərdə dərc etdiyi kütləvi informasiyalar ilə Azərbaycan dilində olanlar tamamilə eynilik təşkil edir və bu səbəbdən onlar redaksiyanın özü tərəfindən istehsal olunan gündəlik 20 unikal kütləvi informasiya hesablanarkən nəzərə alına bilməz. Buna görə də, iddiaçının qeyd olunanlar ilə bağlı iddia etdiyi halların əsassız olması bir daha bu istiqamətdən də sübuta yetirilmişdir. Hazırkı mübahisənin İPM-nin tələbləri və həmin Məcəllənin 33-cü maddəsi baxımından məcburetmə haqqında iddia olduğu müəyyən edilir. Belə olduğu təqdirdə isə həmin Məcəllənin 14.3-cü maddəsinin tələbləri baxımından həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində qeyd etdiyi halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı MMC-nin onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi tələbi ilə bağlı açılmış inzibati icraat materiallarının təsdiq olunmuş surətlərinin 15 avqust 2023-cü il tarixinə qədər məhkəməyə təqdim edilməsi barədə 07 iyul 2023-cü il tarixli müraciəti 16 avqust 2023-cü il tarixdə Agentliyə daxil olmuşdur. Məktubda qeyd olunan sübutlar Azərbaycan Respublikasının X3 etibarnamə üzrə nümayəndəsi və vəkili tərəfindən əvvəlki məhkəmə iclasında təqdim edilmişdir. Eyni zamanda, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 8.1-ci və 8.2-ci bəndlərinə əsasən reyestr ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsi EHİS vasitəsilə real vaxt rejimində həyata keçirilir. Reyestrə daxil ediləcək məlumatların ilkin mənbədən əldə olunmasını təmin etmək məqsədi ilə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Reyestrə inteqrasiya edilir. Qeyd olunan müddəalara uyğun olaraq, Agentlik tərəfindən media subyektlərindən kağız daşıyıcıda hər hansı sənəd tələb olunmur, bütün məlumatlar elektron qaydada inteqrasiya edilir. “Media haqqında” Qanunun 74.1.2-ci maddəsinə əsasən Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslərin fəaliyyətinin davamlı olması (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla) Agentlik tərəfindən onlayn media redaksiyasının saytı üzərindən yoxlanılır. Beləliklə müəyyən olunur ki, iddiaçının tələbi tamamilə qanunsuzdur, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. İddia ərizəsinin "Media haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmaması və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınması hissəsi hazırkı mübahisənin və məhkəmə baxışının predmeti olmadığından həmin hissəyə qiymət verilməsi məhkəmənin mülahizəsinə buraxılmışdır. Azərbaycan Respublikasının X3 R/18 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixli 00000625 nömrəli müraciət üzrə "xxxx" MMC media subyektinin və “24saat.org" onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin aydın olmadığından iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədin və imtina barədə qərarın məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçının sahib olduğu İddiaçı media redaksiyasının (az24saat.org) media reyestrinə daxil edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbində qeyd edilən media redaksiyaların biri-birindən fərqli redaksiyalar (domenlər) olduğundan tələbinin aydın olmadığı izah edilmiş və tələbin dəqiqləşdirilməsi təklif edilmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin aydın olmadığından iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədin və imtina barədə qərarın məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (1.1) İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.(1.2) Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.(1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.(2.1) İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(2.2) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.(2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. “Media haqqında" Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X4 müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın 1-ci hissəsinin 3-cü abzasına əsasən subdomen - hər hansı domenə nisbətən aşağı səviyyəli domen deməkdir (*.GOV.AZ domeni GOV.AZ domeninin subdomenidir). Qeyd olunan anlayışa əsasən hər hansı subdomen öz domenindən “. (nöqtə)” işarəsi ilə ayrılır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı isə öz iddia ərizəsində İddiaçı və az24saat.org onlayn media redaksiyasının (domeninin) hər ikisini eyni media redaksiyası kimi qeyd edərək Media Reyestrinə daxil edilməsini tələb etmiş və tələbini əsaslandıran hal kimi İddiaçıun Media Reyestrinə daxil edilməsi üçün yerinə yetirməli olduğu tələblərin “az24saat.org” adlı başqa media redaksiyası tərəfindən yerinə yetirildiyini əsas gətirərək iki fərqli domen adını və redaksiyanı eyni imiş kimi göstərmişdir. Məhkəmə tərəfindən hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı tərəfindən qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar