Məhkəmə qərarları › İş №2-1(112)-4172/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4172/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4172/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Əhməd oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1308 V saylı bağ sahəsinin X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Əhməd oğlu məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1308 V saylı, faktiki sahəsi 1143 kv. metr olan bağ torpaq sahəsinin iddiaçının mərhum arvadı X6 məxsusluğu haqqında arayışın (çıxarış) iddiaçıya verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 avqust 1969-cu ildə X9 ilə rəsmi nikaha daxil olmuşdur. 1991-ci ildə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X13 bağ massivində torpaq sahəsinin ayrılması barədə rəsmi olaraq müraciət etmişlər və həmin müraciət əsasında 219 nömrəli Ləhiş bağ - tikinti kooperativinə onu üzvlüyə qəbul etmişdirlər. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarı ilə arvadı X6 219 nömrəli Bağ Tikinti Kooperativi nəzdində Ləhiş bağ sahəsi ərazisində yerləşmiş 0.12 ha torpaq sahəsi verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ sahəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsini sənədləşdirmək istəyirdi və bu məqsədlə də sənədlərin əslini əldə etmək üçün Milli Arxiv İdarəsinə müraciət edilmişdir. Milli Arxiv İdarəsinin X15 Sistemindən rəsmi olaraq cavabında Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarında məhrum arvadı X4 adı səhvən X1 qeydiyyat aparılmış, beləliklə də arvadının adına uyğunsuzluq yaranmışdır. Ona görə də ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarına əsasən X5 X2 nəzərə alınaraq, həmin qərarın mərhum arvadı X6 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-(008)-3693/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Bakı şəhər X14 İcraiyyə Komitəsinin 3/318 nömrəli, 27 mart 1991-ci il tarixli qərarı ilə verilmiş sənədin 17 dekabr 1943-cü ildə doğulmuş və 01 may 2008-ci ildə vəfat etmiş X6 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri X14 İcariyyə Komitəsinin arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Ləhiş bağlar sahəsində ümumi sahəsi 0.12 torpaq sahəsi X7 ayrılmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********96 nömrəli bildirişindən görünür ki, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1308 V saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətə baxılaraq bildirilmişdir ki, təqdim olunmuş orderdə hüquq sahibinin adı “X11” olaraq qeyd edilsə də, arxiv çıxarışında “X10” kimi qeyd olduğundan müraciət yerinə yetirilə bilməmişdir. Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ - İ 303899 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. Götərilənlərə əsasən, arvadı X4 01 may 2008- ci il tarixdə ölməsi ilə onun əmlakına dair miras açılmış və o, onun əri olduğundan miras qoyan R.Soltanovanın qanun üzrə birinci növbəli vərəsəsidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 01 dekabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2023-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan bağ nömrəsi İdarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmadığından torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı tərəfindən təqdim edilən X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv. m. qeyd edilsə də, faktiki sahə 1143 kv. m. təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin yaxınlığından 530 mm-lik qaz xətti keçir. Həmçinin Bilgəh-Kürdəxanı yolunun kənarında yolunun kənarında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Əhməd oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Bakı şəhəri Sabunçu (əvvəlki Lenin) rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AЗ seriyalı 134299 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X12 xx.xx.1969-cu ildə nikaha daxil olmuşlaş. Nikahdan sonra kişiyə Soltanov, qadına Soltanova soyadı verilmişdir. Bakı şəhər X14 İcraiyyə Komitəsinin 3/318 №-li, 27 mart 1991-ci il tarixli qərarının surətindən (arxiv çıxarışı) müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli 195 nömrəli qərarına və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 1988-ci il 14 iyun tarixli 6/333 nömrəli qərarına uyğun olaraq Bakı şəhər X20 İcraiyyyə Komitəsi 219 №li Bağ Tikinti Kooperativinin 14 nəfərdən ibarət şəxsi tərkibinin təsdiq edilməsini və onlara bağ evlərinin ayrılmasını qərara almışdır. Bakı şəhər X14 İcraiyyə Komitəsinin 3/318 №-li, 27 mart 1991-ci il tarixli qərarına 1 №li Əlavə - 219 №-li Ləiş bağ-tikinti kooperativinin üzvlərinin siyahısından (surəti) müəyyən olunur ki, Siyahıda 9-cu sırada X5 (Bakı, 1-ci Zuvonov küç. dalan 11 Ümumi növbə SP-9546) adı qeyd edilmişdir. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X8 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 219 №-li kooperativi tərəfindən X6 verilmiş b/s №-li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhər icraiyyə komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 №-li qərarına əsasən ona Ləhiş bağlar sahəsində 0,12 torpaq sahəsi olan 219 №-li BTK nəzdində 1308 “v” №-li bağ ayrılmışdır. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 303899 №-li, ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2008-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 05-ci ayının 10-cu günündə 598 №-li ilə qeyd edilmişdir. ünvan ünvanlanmış 84 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2008-ci il tarixdə vəfat etmiş arvadı X3 qalmış miras əmlaka (Bakı şəh, Sabunçu ray., Ləhiş bağ sahəsində yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X4 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin olunması xahiş edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3693/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı maraqlı şəxs qismində Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edəərk, Bakı Şəhər İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarına əsasən X5 X2 nəzərə alınaraq həmin qərarın mərhum arvadı X6 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3693/2023 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi Bakı şəhər X14 İcraiyyə Komitəsinin 3/318 nömrəli, 27 mart 1991ci il tarixli qərarı ilə verilmiş sənədin 17 dekabr 1943-cü ildə doğulmuş və 01 may 2008-ci ildə vəfat etmiş X6 məxsus olması faktının müəyyən edilməsi qət olunmuşdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********71 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, idarənin arxivində Sabunçu rayonu, Ləhiş bağ massivi, 1308V saylı bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. Məktuba əlavə olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1308V saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktında göstərilmişdir ki, Ləhiş bağ massivi BTK 219, 1308v-saylı bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi 0,1143 ha otəşkil edir, göstərilən bağ sahəsi hasar daxilindədir, tikili yoxdur, bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmamışdır, bağın yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 14- 2-2-3/2-661/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhərinin Sabunçu rayonu, Ləhiş bağları massivi, 1308 V saylı, 1143 m2 bağ torpaq sahəsinə (koordinatlar: 40.567619; 49.944489) iş üzrə İddiaçı iştirakı ilə əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin ərazisində “Azəriqaz" İB- yə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. Lakin, həmin torpaq sahəsinin L=0,30 və L=0,40 metr məsafədə qarşısından 2015-ci il tarixində istismara verilmiş, “Azəriqaz” İB-nın balansında olan 108 mm diametrlik, yerüstü, aşağı təzyiqli, o cümlədən L=0,20 və L=0,30 metr məsafədə yanından 2015-ci il tarixində istismara verilmiş, “Azəriqaz” İB-nın balansında olan 57 mm diametrlik, yerüstü, aşağı təzyiqli və L=20 metr məsafədə kənarından 2022-ci il tarixində istismara verilmiş, 315 mm diametrlik, yeraltı, orta təzyiqii qaz xətləri keçir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: **********54 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisində yerləşən 1308v saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. Qeyd olunan bağ nömrəsi İdarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmadığından torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m. qeyd edilsə də, faktiki sahə 1143 kv.m. təşkil edir. Əlavə olaraq, tərəflərindən təqdim edilən X8 və İstismarı Birliyi tərəfindən veliimiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. **********55 №-li, xx.xx.2023-cü il tarixli cavab məktububda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisində yerləşən “1309v” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müraciətinə **********54 nömrəli, xx.xx.2023- cü il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.

İnzibati-Prosessual Məcəllə:

58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 202 nömrəli Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyaya görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçının istinad etdiyi Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 №-li qərarına əsasən 219 №-li BTK tərəfindən verilmiş “order” dir “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İddiaçının mərhum arvadına 1991-ci ildən məxsus olmaqla, istifadəsində olmuş mübahisəli torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Məhkəmə hesab edir ki, qeyd olunan bağ nömrəsinin İdarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmadığından torpaq sahəsinin yerləşməsinin müəyyənləşdirməyin mümkün olmaması, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 1200 kv. m. qeyd edilsə də, faktiki sahənin 1143 kv. m. təşkil etdiyi, təqdim edilən X8 və İstismarı Birliyi tərəfindən veliimiş orderin nüsxəsinin İdarənin arxivində aşkar edilməməsi iddiaçının müraciətindən imtina üçün qanunla müəyyən edilmiş əsaslarda nəzərdə tutulmamışdır. Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq cavabdeh inzibati orqanın vəzifəsidir. Mübahisəli bağ torpaq sahəsinə dair hüquqların qeydə alınmasından imtinanın əsası kimi qeyd olunmuş torpaq sahəsinin yaxınlığından qaz xəttinin keçməsinə gəldikdə isə, qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı Bakı Regional Qaz istismarı Departamentinin 14-2-2-3/2-661/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, torpaq sahəsinin ərazisində “Azəriqaz" İB- yə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа” Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. “Axverdiyev Azərbaycana qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən faktiki sahəsi 1143 kv. metr olan 1308 V saylı bağ torpaq sahəsinin mərhum X6 məxsusluğu barədə arayışın (elektron çıxarış) İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar