Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4176/2021 21.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməyən pensiya məbləğinin 02.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1981-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. 01.01.2006-cı il tarixədək fəaliyyət göstərdiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin əsassız səbəblərdən pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya etiraz və etiraza əlavə təqdim edərək iddiaçının ümumi iş stajının 25 ildən az təşkil etdiyini, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini, işləmiş olduğu vəzifələrin güzəştli iş stajına daxil edilməli olan vəzifələr olmadığını əsas göstərərək güzəştli şərtlərlə yaa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşdə olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Bakı Şin zavodunda 01.08.1981-ci il tarixində əmək fəaliyyətinə başlamış, 01.01.2006-ci il tarixədək yığma sexində 3-cü dərəcəli qidalandırıcı, rezin məmulatları kəsici bağlayıcı, dəzgah qidalandırıcı, 4-cü dərəcəli avtoşin yığıcısı və 5-ci dərəcəli avtoşin yığıcısı işləmişdir. Qeyd olunmalıdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün üç halı əsas götürmüşdür:
1. ümumi iş stajının toplanmaması;
2. güzəştli iş stajının toplanmaması;
3. fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi. Məhkəmə cavabdehin imtinasında göstərilən 1-ci və 2-ci əsaslara münasibət bildirilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.11-ci maddəsinə əsasən də hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığorta stajına daxildir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletindən görünür ki, iddiaçı 23.05.1979-cu il tarixdən 23.05.1981-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 1 il 11 ay 28 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Hərbi xidmət illərindən əlavə olaraq ümumi iş stajının müəyyən edilməsi ilə əlaqədar qeyd edilməsi zəruridir ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Qeyd olunan iş stajı, orduda xidmət illəri cəmləndikdə müəyyən edilir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 26 il 04 ay 29 gün (01.08.1981 tarixdən 01.01.2006-cı il tarixədək iş stajı, 23.05.1979-cu il tarixdən 23.05.1981-ci il tarixədək xidmət illəri) ümumi iş stajı mövcuddur. Məhkəmə cavabdehin ikinci əsası ilə razılaşmayaraq, bildirir ki, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir. Həmin güzəştli iş stajı iddiaçının 01.08.1981-ci il tarixində əmək fəaliyyətinə başlamış, 01.01.2006-ci il tarixədək yığma sexində 3-cü dərəcəli qidalandırıcı, rezin məmulatları kəsici bağlayıcı, dəzgah qidalandırıcı, 4-cü dərəcəli avtoşin yığıcısı və 5-ci dərəcəli avtoşin yığıcısı kimi işlədiyi dövrü əhatə edir. Belə ki, həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda-X.Kimya istehsalatı bölməsində 2110A010 kodu altında (Asfalt, pek materialları, asfaltpek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik, quru boyaq, xalis əlifdə boyaq; yodbrom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor-üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsul ilə məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast, polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvü şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifi əsasında plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyusodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin) zərərli iş kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının mübahisə doğura biləcək qidalandırıcı peşəsi nəzərə alınmadan belə təkcə 01.04.1985-03.01.1986-cı il, 02.02.1987-02.09.1987-ci il, 02.09.1987-01.03.1993-cü il, 01.03.1993-31.05.2002-ci il tarixlərində rezin məmulatları kəsici bağlayıcısı, avtoşin yığıcısı peşələri üzrə iş stajı 16 il 1 ay 2 gün, yəni 12 il 6 aydan çox təşkil edir. Əlavə olaraq, həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “xxxx” ASC tərəfindən verilmiş iş materiallarında olan arayışda yığma sexinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Kimya İstehsalatı” bölməsində nəzərdə tutulduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən sorğu ilə həmin müəssisəyə müraciət edilmiş, müəssisə tərəfindən güzəştli arayış iddiaçının nümayəndəsi və vəkilinə məhkəməyə təqdim edilməsi üçün verilmişdir. 21.06.2021-ci il tarixdə baş tutmuş məhkəmə iclasında təqdim edilmiş və tətqiq edilmiş sorğuya cavabın məzmunundan da aydın olur ki, iddiaçının iş fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda-X..Kimya istehsalatı bölməsində 2110A010 kod altında nəzərdə tutulmuş fəaliyyət sferasına aiddir. Cavabdehin imtina məktubunda göstərilən 3-cü əsas ilə bağlı isə, məhkəmə qeyd etmək istəyir ki, iddiaçının 01.01.2006-cı il tarixədək “Vətəndaşların pensiya təminatı” haqqnda Qanunun 13-cü maddəsinin b) bəndində nəzərdə tutulan ümumi və güzəştli iş stajları toplanıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman, məhz həmin qanunvericiliyin normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə səlahiyyətli inzibati orqan öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 02.12.2020-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 02.12.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 02.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov