Məhkəmə qərarları › İş №2-1(112)-4176/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4176/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4176/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin ödənməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2008-ci il tarixdən təyin olunmuş pensiyanın dəyişdirilərək pensiya məbləğinə dördüncü ixtisas dərəcəli hakim pensiyaçı olduğundan Azərbaycan Respublikasındakı mövcud minimum əmək haqqının dörd misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanıb, 2008-ci il tarixdən hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi, həmçinin 1 sentyabr 2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə ödənilməsini və bir aylıq məzuniyyət haqqını təkrar hesablanıb ödənilməsi vəzifəsi, həmçinin qanunsuz olaraq düzgün hesablanmayıb tutulan 34478 məbləğin ödənilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 25 fevral 1985-ci ildən Səbail rayon xalq məhkəməsinin hakimi vəzifəsində işləyib. xx.xx.2000-ci ildən səlahiyyət müddətinin qurtarması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir. Sabiq hakim kimi 2008-ci il tarixdən pensiya alırdı. İxtisas dərəcələrinin müəyyən edilməsi və ona görə pensiya verilməsi ilə əlaqədar 2021-ci ilin avqust ayında pensiyasının yenidən hesablanıb məbləğin müəyyən edilməsi və keçən müddət ərzində ödənilməmiş fərqinin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı müraciət edib. Həmin vaxta qədər 2019-cu ilin noyabr ayından Respublika Prezidentinin sərəncamına əsasən pensiyası artırılaraq 3800 manat təşkil etmişdir. Pensiyasının ixtisas dərəcəsinə görə artırılması ilə əlaqədar müraciət etməsinə baxmayaraq 2021-ci ilin sentyabr ayından pensiyası azaldılaraq 2400 manat hesablanmışdır. Cavabdeh təşkilata müraciət etdikdə ona bildirilmişdir ki, pensiyası düzgün hesablanmamış, əksinə artıq hesablanmışdır. İmtina məktubunda göstərilir ki, hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1386 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 623,70 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 346,50 manat, digər növ əlavələriniz 669.90 manat olmaqla orta ayhq əmək haqqı 3026,10 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq orta aylıq əmək haqqının (3026,10 manat) 80 faizi-2420,88 manat məbləğində hesablanmalı olduğu halda, 3800 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr ərzində 34478 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 1178.08 manat əskik pul vəsaiti, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 34478 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 33299.92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Cavabdeh qurumun imtinasını əsassız hesab edir. Beləki, Azərbaycan Respublikasının Prezidentinin 12 iyul 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məhkəmə və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə əlavələr edilmişdir. Həmin qanunun 106-cı maddəsində göstərilir ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir ayhq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; Bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində. Həmin qanunun 107-ci maddəsində göstərilir ki, “hakimlərə məzuniyyətə çıxdığr vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir”. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. İşlədiyi dövrdə ona Azərbaycan Respublikasının Milli Məclisin 21 may 1996-cı il tarixli qərarı ilə dördüncü dərəcəli ixtisas dərəcəsi verilmişdir. Lakin hazırki vaxta qədər ixtisas dərəcəsinə görə ona pensiya hesablanmamışdır. Qeyd olunanlara əsasən ərizəsində göstərdiyi əlavənin və sair ödənişlərin ona münasibətdə tətbiq edilməsi mümkün hesab olunmalıdır. Cavabdeh təşkilat aşağıda qeyd etdiyi qanunvericiliyin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair 18 iyul 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifəsində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq edilməlidir. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyası haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirilməli, 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi 18 iyul 2008-ci il tarixli Qərarını onunla əsaslandırır ki, 01 yanvar 2006-cı il tarixdə qanuni qüvvəyə minmiş «Əmək pensiyası haqqında» Qanundan fərqli olaraq, 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsində təsbit edilmiş müddəalar heç bir qeyd, şərt, tələb qoyulmadan əmək haqqının sonrakı artımındakı dəyişiklərin 30 dekabr 2005-ci il tarixədək təyin edilmiş pensiyaçı sabiq hakimlərin pensiya məbləğinə əlavə edilməsini birmənalı olaraq mütləqləşdirir. Həmin müddəadan məlum olur ki, «Pensiya yaşı çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir». Qeyd edilən müddəanın məzmunundan aydın olur ki, qanunverici əmək haqqının sonrakı artımındakı dəyişikliklərin sabiq hakimlər tərəfindən hakim vəzifəsində işlədikləri dövrdə vəzifə maaşı, ona əlavələr, digər ödənclər və təminatlar qismində alıbalmamasının, habelə onlar üçün sığorta haqqı ödəyib-ödəməməsinin fərqinə varmır, bu asılılığı pensiya təminatında mütləq şərt olaraq nəzərə almır. Qanunvericinin analoji iradə tərzi bu gün qüvvədə olan «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 71-ci maddəsində, «Deputat statusu haqqında» Qanunun 21-ci maddəsində, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsində təsbit edilmiş nəinki sosial sığorta haqqından, ümumiyyətlə bütün vergilərdən azad edilən təminatların Əmək haqqına daxil olmasını təsdiq edən faktlarda təzahür edir. Qeyd edir ki, vəzifə maaşı hər dəfə qanunverici tərəfindən artırıldıqda pensiya məbləğinin müvafiq surətdə artırılması qanuna uyğunluğunun mövcudluğu Əmək Məcəlləsinin bu tələbinin mütləqliyinin sübutudur. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə, habelə qüvvədə olan “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə verilmiş «KM xəbərdarlıq” qeydində mütləq şəkildə göstərilir ki, 30 dekabr 2005-ci il tarixədək təyin edilmiş hakimlərin sosial müdafiəsi təminatı ilə əlaqədar həmin maddənin (109-cu maddə) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə Ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsinin göstərişinə əsasən tarif (vəzifə) maaşının hər hansı formada artması, yəni faiz və ya əmsal nisbətində onun öz məbləğinin artırılması, yaxud əlavə Ödənc edilməklə artırılması bütün hallarda əmək haqqının artmasıdır. Bu nöqteyi nəzərdən müvafiq maddənin tələbinə görə hazırda qüvvədə olan “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq hakimin vəzifə maaşına bir aylıq vəzifə maaşı həcmində əlavə ödənc hesablanaraq müəyyən edilmiş əmək haqqı vahid meyar kimi əsas götürülərək Qanunun 107-ci maddəsində nəzərdə tutulmuş məzuniyyət üçün 2 aylıq əmək haqqı miqdarında müavinat və yeni əlavə edilmiş 40 təqvim günü üçün nəzərdə tutulmuş məzuniyyət haqqı, həmçinin 109-cu maddədə göstərilən 2 aylıq Əmək haqqı miqdarında təminat hesablanmaqla Əmək haqqının ümumi məbləğinə daxil edilməlidir. Əks halda «Əmək pensiyalan haqqında» Qanunun 20-ci maddəsində adı çəkilən digər kateqoriyalı işçilərin vəzifə maaşının 50%-ə qədər artırılması onların pensiyalarına qanuna uyğun surətdə əlavə edilməsi ilə müqayisədə Qanunverici, Prezidentin 03 aprel 2019-cu il tarixli Fərmanında hakimlərin maddi və sosial təminatının əhəmiyyətli dərəcədə artırılması təklifinə zidd olaraq sosial müdafiə vəziyyətinin kəskin surətdə pisləşməsinə yönəlmiş dəyişikliklərin edilməsi məntiqə sığmaz və Konstitusiyanın müvafiq göstərişlərinə uyğun olmayan Qərar qəbul etmiş olardı. Konstitusiyaya əsasən 30 dekabr 2005-ci ilədək təyin edilmiş sabiq hakimlərin pensiya təminatı ilə əlaqədar tətbiqi mütləq hesab edilən həmin tarixədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109- cu maddəsinin 5-ci hissəsinin tələbinə əsasən, Əmək haqqının artımındakı sonrakı dəyişikliklərin həmin hakimlərin pensiya məbləğinə şamil edilməsi məcburidir. “Əmək pensiyaları haqqında” Qanunla müqayisədə bu normanın üstünlüyünü Qanunverici onunla əsaslandırır ki, onun tətbiqi konkret halda imperativ-məcburedici xarakter daşımaqla heç bir qeyd, şərt qoyulmadan, yəni əmək haqqının artımı ilə əlaqədar dəyişikliklər üzrə əlavə ödənclərin pensiyaçı sabiq hakimlərin işlədiyi dövrdə mövcud olubolmamasmdan, bu artımların onlar tərəfindən almıb-ahnmamasmdan habelə, onlar üçün vergi ödənilib- ödənilməməsindən asılı olmayaraq bir başa tətbiqi nəzərdə tutulur. Bu gün də qanunverici hakimlərə və deputatlara münasibətdə, onların pensiya təminatı prosesində işlədikləri dövrdə almadıqları hətta, vergilərdən tam azad edilən əlavə ödənclərin onların pensiya məbləğinə daxil etməyi məqsədə uyğun hesab edir. Konstitusiya Məhkəməsinin Hakimlərin sosial müdafiəsi ilə bağlı Plenimunun Qərarlarında, Beynəlxalq Konvensiya müqavilələrdə dəfələrlə qeyd edilir ki, Dövlət cəmiyyətdə xüsusi yüksək mövqe tutan hakimlərin sosial müdafiəsini elə yüksək səviyyədə təmin etməlidir ki, bu gün fəaliyyətdə olan hakim pensiya yaşı çatdıqdan sonrakı həyatının tam təminatı üçün onda əminlik yarada bilsin. Bu isə fəaliyyətdə olan hakimin pensiyada olduğu dövrdə sosial müdafiə sahəsində baş verəcək bütün yaxşılaşdırıcı imkanlardan tam istifadə edə bilməsinin möhkəm zəmin yaradır. Analoji iş üzrə “Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi Oqtay Gərəkməzimin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nin xx.xx.2013-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunur yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2014-cü il tarixli qərarında məhkəmə müəyyən etmişdir ki, pensiya təminat sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradar qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər... Konstitusiya şikayətinə əlavə olunmuş Ali Məhkəmənin qeyd olunan qərarlarından göründüyü kimi, eyni statusda olan sabiq hakimlərə əmək pensiyası hesablanması məsələsində fərqli yanaşmalara yol verilmişdir...Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, pensiya yaşına çatmış sabiq hakimlərin pensiya təminatı ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində ərizəçinin Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü ıl tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında müəyyən edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir... Konstitusiya Məhkəməsi məhkəmə aktının Konstitusiyaya uyğun olubolmaması faktım təsdiq etdikdə, bu hal nəinki baxılmış iş üzrə məhkəmələr üçün, habelə başqa işlərə baxan məhkəmələr üçün Preyudisial əhəmiyyətə malikdir. 01 sentyabr 2019-cu il tarixdən pensiyasının yenidən hesablanması prosesində “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı və 107-ci maddələrinə edilmiş dəyişikliklərə uyğun olaraq müəyyən edilmiş hakimlərin vəzifə maaşına bir aylıq vəzifə maaşı həcmində ödənilməli əlavə hesablanmalı bu Əmək haqqı meyar (əsas) götürülərək “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrinin göstərişlərinə uyğun olaraq hakimlərə məzuniyyətə çıxarkən ildə bir dəfə ödənilməsi nəzərdə tutulan Nazirlər Kabinetinin “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında 07 dekabr 2019-cu il tarixli Qərar əsasında hesablanmaqla məzuniyyət üçün “Məzuniyyət haqqının” və 2 aylıq əmək haqqı həcmində müavinatın toplanıb 12 aya bölünməklə ayrılan məbləğ bir aylıq əmək haqqının miqdarına əlavə edilməklə pensiyam yenidən hesablanaraq hər ay mənə ödənilməli olan sabit pul məbləğinin müəyyən edilməsi, həmçinin keçən aylar üçün ödənilməmiş pul vəsaitinin (əmələ gəlmiş fərq üzrə) birdəfəlik olaraq mənə verilməsi vəzifələrinin Cavabdeh təşkilatın üzərinə qoyulması barədə Qərar qəbul edilməlidir.

3. Əmək pensiyasının yenidən hesablanmasından imtina onunla əsaslandırılmışdır ki, pensiya işinizə aid sənədlərdə sizə Fondun Nərimanov rayon şöbəsi tərəfindən 15 sentyabr 2008-ci il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən aparılmış zamanı məlum olmuşdur ki, hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1276,80 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 574,56 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 191,52 manat, digər növ əlavələriniz 617,12 manat olmaqla orta aylıq əmək haqqınız 2660,00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq orta aylıq əmək haqqınız (2660,00 manat) 80 faizi- 2128,00 manat məbləğində hesablanmalı olduğu halda, 2054,37 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza köçürülmüşdür. Buna görə də həmin dövr ərzində sizə 1178,08 manat əskik pul vəsaiti ödənilmişdir. Hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1386,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 623,70 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəniz 346,50 manat, digər növ əlavələriniz 669,90 manat olmaqla orta aylıq əmək haqqınız 3026,10 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq orta aylıq əmək haqqının (3026,10 manat) 80 faizi-2420,88 manat məbləğində hesablanmalı olduğu halda, 3800 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr ərzində 34478 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 1178.08 manat əskik pul vəsaiti, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 34478 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 33299,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, cair (2021-ci) ilin oktyabr ayından etibarən pensiyası 2420,88 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürüləcəkdir.

4. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “1998-2000-ci illərdə 4-cü ixtisas dərəcəli hakim kimi minimum əmək haqqının 4 misli miqdarında ödənilmiş əlavə nəzərə alınmaqla İddiaçı pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmənin elektron informasiya sistemi vasitəsilə təqdim edilən “2008-ci il tarixdən təyin olunmuş pensiyamın dəyişdirilərək pensiya məbləğinə dördüncü ixtisas dərəcəli hakim pensiyaçı olduğumdan Azərbaycan Respublikasındakı mövcud minimum əmək haqqının dörd misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanıb, 2008-ci il tarixdən hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi, həmçinin, 1 sentyabr 2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə ödənilməsini və bir aylıq məzuniyyət haqqını təkrar hesablanıb ödənilməsi vəzifəsi həmçinin düzgün hesablanmayan, məktubda nəzərdə tutulan 34.478 məbləğin tutulması barədə qərarın qanunsuz hesab edilməsi” tələbi əsasında deyil, qeyd edilən dəyişdirilmiş tələblə baxılmasını xahiş etmişdirlər. Prosessual qənaət prinsipindən çıxış edərək məhkəmə qeyd edilən ərizəyə münasibət bildirmir.

5. İddiaçının müraciətinə cavab olaraq Ədliyyə Nazirliyi tərəfindən bildirilmişdir ki, hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi barədə müraciəti ilə ədaqədar arxiv sənədlərinə baxış keçirilərək məlum olmuşdur ki, Azərbaycan SSR Ədliyyə Nazirliyinin 3/65 nömrəli 06 aprel 1990-cı il tarixli əmrinə əsasən Bakı şəhər X2 İcraiyyə Komitəsinin Qərarı ilə ona dördüncü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında» Qərarı ilə dördüncü ixtisas dərəcəli hakimlərə 1993-cü il yanvarın 1dən minimum əmək haqqının 4 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək ona əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 4 misli məbləğində əlavə haqq ödənilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür.

6. İddiaçının pensiya işindən görünür ki, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarla əmək pensiyası yenidən hesablanmış və yenidən hesablama zamanı vəzifə maaşı, qulluq stajına görə əlavə, mükafatlar nəzərə alınmış, ixtisas dərəcəsinə görə ödənilmiş əlavə nəzərə alınmamış, yenidən hesablanmış pensiya məbləği 2420,88 manat təşkil etmişdir.

7. Məhkəmə hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdilər ki, iddiaçıya pensiya hesablanması zamanı müvafiq ixtisas dərəcəsi üzrə ödənilən əlavənin məbləği nəzərə alınmamışdır.

II. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

10. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

11. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

12. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Məhkəmənin mövqeyi

13. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

14. İddiaçının pensiya işindən görünür ki, iddiaçının əmək pensiyası sonuncu dəfə xx.xx.2021ci il tarixdə yenidən hesablanmış, əmək pensiyası hesablanarkən vəzifə maaşı, qulluq stajına görə əlavə (45%), mükafatlar (300%) nəzərə alınmış, yenidən hesablanmış pensiya məbləği 2420,88 manatdır.

15. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 29 iyul 1992-ci il tarixli Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcəsi müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcəsi haqqında Əsasnamə”nin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri ömürlük verilir və ixtrisas dərəcəsi olan hakimlərə əlavə haqq ödənilir.

16. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli, 364 saylı qərarına əsasən: 1.Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilsin.

2. İxtisas dərəcəsindən məhrum edilməmiş, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq almaq hüququ saxlanılır. Bu qayda Azərbaycan Respublikasının 1992-ci il 29 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə qəbul ediləndən əvvəl işləyib pensiyaya çıxmış və ixtisas dərəcəsi olan hakimlərə də şamil edilir.

3. Azərbaycan Respublikasının 1992-ci il 29 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında”- Əsasnamə qəbul edilənədək ixtisas dərəcəsi almış hakimlərin ixtisas dərəcələri həmin Əsasnaməyə müvafiq surətdə saxlanılır.

17. İddiaçının müraciətinə cavab olaraq Ədliyyə Nazirliyi tərəfindən bildirilmişdir ki, hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi barədə müraciəti ilə ədaqədar arxiv sənədlərinə baxış keçirilərək məlum olmuşdur ki, Azərbaycan SSR Ədliyyə Nazirliyinin 3/65 nömrəli 06 aprel 1990-cı il tarixli əmrinə əsasən Bakı şəhər X2 İcraiyyə Komitəsinin Qərarı ilə ona dördüncü ixtisas dərəcəsi verilmiş və xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək ona əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 4 misli məbləğində əlavə haqq ödənilmişdir.

18. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

19. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

22. Ödənilən əlavələrin məbləğinin dəqiq olmaması və əmək haqqı barədə arayışda göstərilməməsi barədə dəlilə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası məhkəmələrinin dördüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının iki misli məbləğində əlavənin ödənilməsi “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli, 364 saylı qərarı ilə müəyyənləşdirilib.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nda kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı nəzərə alınan ödəncdir.

24. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya hakim kimi 4-cü ixtisas dərəcəsi üzrə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının iki misli məbləğində əlavə əmək pensiyası hesablanarkən nəzərə alınmalıdır.

25. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müvafiq arayışda dörd misli məbləğində əlavə ödənilməsi qeyd edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli, 364 saylı qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin dördüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının iki misli məbləğində əlavə ödənilməli olduğundan qeyd edilən əlavə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının dörd misli məbləğində deyil, iki misli məbləğində nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

26. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

27. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı dördüncü ixtisas dərəcəli hakimlərinə ödənilmiş Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının iki misli məbləğində əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar