Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4177/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı qızının (Ünvanı: Bakı şəhəri, M.Seyidov küçəsi, ev 21, mənzil 45; ixtisası: orta; iş yeri: işləmir), iddiaçı -İddiaçı qızının cavabdeh - Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında qeydin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı qızı cavabdeh Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı iddiaçının mövcud sənədlər əsasında (xx.xx.1967-cı il tarixli İ-ЗЖ № ******* saylı doğum haqqında şəhadətnamə) doğum haqqında qeydin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “X1(azərbaycanlı), anası X3 (azərbaycanlı) olan xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası Sisyan rayonunun Vağudi kəndində doğulan İddiaçı qızının mövcud sənədlər əsasında şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında qeydin bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı qızı 29 may 1967-ci il tarixdə Ermənistan SSR-nin Sisyan rayonunun Vağudi kəndində anadan olmuşdur. Bu fakt xx.xx.1967-cı il tarixli İ-ЗЖ № ******* saylı doğum haqqında şəhadətnamə ilə təsdiqlənir. Yetkinlik yaşına çatdıqdan sonra SSSR-in “qırmızı” pasportunu aldı, yalnız həmin pasportu naməlum şaraitdə itirmişdir. Hal-hazırda şəxsiyyətini təsdiq edə biləcək heç bir sənəd olmadığından şəxsiyyət vəsiqəni almaq niyyətindədir. Bunun üçün ilkin olaraq doğum haqqında akt qeydin bərpası məqsədi ilə cavabdehə müraciət etdi, lakin doğum haqqında qeydin bərpasından əsassız olaraq imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclas protolundan görünür ki, iş üzrə şahid qismində iştirak edən X2 ifadəsində iddiaçının onun qohumu olmasını və onun həqiqətən İddiaçı qızı olmasını bildirmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışıdr ki, İddiaçı qızı xx.xx.1967-ci ildə Ermənistanın Sisyan rayonu, Vağudi kəndində doğulub və doğum faktı orada qeydə alınıb. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum Ermənistanda qeydə alındığından doğum haqqında akt qeydi şöbəm tərəfindən bərpa edilməlidir. Lakin, onun şəxsiyyət vəsiqəsi olmadığından sənədinin bərpası Xətai rayon qeydiyyat şöbəsi tərəfindən aparıla bilməz.“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Şəxsiyyəti təsdiq edən sənəd olmadan müvafiq şəhadətnamənin bərpa edilməsinin mümkün olmadığını nəzərə alaraq ərizənin təmin edilməsi mümkün deyil. İddiaçı qızının şəxsiyyət vəsiqəsi olmadığı üçün şöbə tərəfindən doğum haqqında akt qeydinin bərpasının təmin olunması mümkün deyildir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərcümə və notarial qaydada təsdiq edilmiş İ-ЗЖ seriyalı ******* nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, İddiaçı qızı xx.xx.1967-ci il tarixdə Sisyan rayonu, Vağudi kəndində doğulmuşdur. Atası qrafasında - X4, milliyyəti qrafasında -azərbaycanlı, anası qrafasında - X3, milliyyəti qrafasında azərbaycanlı göstərilmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş materiallarında olan İddiaçı qızının köhnə nümunəli SSRİ pasportunun şəkilli fərdi uçot kartoçkasının surətindən görünür ki, İddiaçı qızı xx.xx.1967-ci il tarixdə Ermənistan SSR, Sisyan rayonu, Vağudi kəndində doğulmuşdur. İş materiallarında olan Xətai Rayon Polis İdarəsinin İddiaçı qızının Xətai Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması barədə tərtib edilmiş rəyindən görünür ki, İddiaçı qızının Xətai Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Xətai rayon qeydiyyat şöbəsi bildirmişdir ki, vətəndaş xx.xx.1967-ci il tarixdə Ermənistan, Sisyan rayonu, Vağudi kəndində doğulmuş İddiaçı qızının Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində Xətai rayon qeydiyyat şöbəsi tərəfindən aşkar edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Xətai Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/15-512 nömrəli iddiaçının müraciətinin təmin edilməsindən imtina məktubunda göstərilmişdir: “Doğum haqqında şəhadətnamənizin bərpa edilməsinə dair müraciətinizə baxılmışdır. Müraciətinizə baxılarkən aşkar edilmişdir ki, İddiaçı qızı xx.xx.1967-ci ildə Ermənistanın Sisyan rayonu, Vağudi kəndində doğulub və doğum faktı orada qeydə alınıb. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum Ermənistanda qeydə alındığından doğum haqqında akt qeydi şöbəmiz tərəfindən bərpa edilməlidir. Lakin, sizin şəxsiyyət vəsiqəniz olmadığından sənədinizin bərpası Xətai rayon qeydiyyat şöbəsi tərəfindən aparıla bilməz. Bildiririk ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Şəxsiyyəti təsdiq edən sənədiniz olmadan müvafiq şəhadətnamənin bərpa edilməsinin mümkün olmadığını nəzərə alaraq ərizənizin təmin edilməsi mümkün deyil. Qanunvericiliyin tələblərinə uyğun olaraq, qeydiyyat şöbəsinin qərarından inzibati və ya məhkəmə qaydasında şikəyət edilə bilər.” Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Həmin Müddəaların 18-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının doğum haqqında akt qeydinin Ermənistan Respublikasında aparılmasıiş materialları ilə öz təsdiqini tapdığından, həmçinin həmin qeydlərin əvvəllər olması doğum haqqında şəhadətnamə, köhnə nümunəli SSRİ pasportunun şəkilli fərdi uçot kartoçkası ilə də öz təsdiqini tapdığından, cavabdehin imtinası əsasszıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Atası - X4 (azərbaycanlı), anası - X3 (azərbaycanlı) olan xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası Sisyan rayonunun Vağudi kəndində doğulan İddiaçı qızının mövcud sənədlər əsasında şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında qeydin bərpası öhdəliyi cavabdeh Xətai rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 33-cü, 52-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Atası - X4 (azərbaycanlı), anası - X3 (azərbaycanlı) olan xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası Sisyan rayonunun Vağudi kəndində doğulan İddiaçı qızının mövcud sənədlər əsasında şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında qeydin bərpası öhdəliyi cavabdeh Xətai rayon qeydiyyat şöbəsinin üzərinə qoyulur. Qərardan, tam formada təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4177/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4177/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver