Məhkəmə qərarları › İş №2-1(112)-4178/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4178/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4178/2021 02.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı vəkili X1, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2015-ci il tarixli 100/969ş nömrəli əmrinin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2015-ci il tarixli 100/969ş nömrəli əmrin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa edilmə” tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə gömrükxanasına inspektor vəzfəsinə təyin edilmiş və xidmət etdiyi dövr ərzində tutduğu vəzifəyə məsuliyyətlə yanaşmışdır. Lakin 2015-ci il tarixindən etibarən iddiaçı ilə rəhbərlik arasında münasibətlər pisləşmiş və nəticədə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndində göstərilmiş əsaslarla İddiaçı əmək fəaliyyətinə xitam verilmişdir. İddiaçı həmin əmrin əsassız olduğuna dair dəfələrlə cavabdehə və müvafiq dövlət orqanlarına müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçının son müraciətinə xx.xx.2020-ci il tarixli məktub ilə cavabında bildirmişdir ki, hazırda gömrük orqanlarına xidmətə bərpa olunması üçün heç bir hüquqi əsas mövcud deyildir. Göstərilənləri nəzərə alaraq iddiaçı əmrin ləğv edilməsini və əvvəlki vəzifəsinə bərpa edilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi iddiaçıya ünvanladığı cavabını onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə Gömrük İdarəsi Yük şöbəsinin inspektoru vəzifəsində xidmət etdiyi dövrdə həmkarının xahişi əsasında xidmət etdiyi İdarənin rəhbərliyini məlumatlandırmadan təyinat gömrük orqanı Enerji Gömrük İdarəsi olan malların Gəncə Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsindən keçirilməsinə razılıq verilməsi üçün Enerji Gömrük İdarəsinə sorğu göndərmiş, bununla da xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidmət intizam qaydalarının tələblərini pozmuşdur. Bu səbəbdən DGK-nin xx.xx.2015-ci il tarixli 100/720ş nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Komitə sədrinin xx.xx.2015-ci il tarixli 100/097 nömrəli Sərəncamına əsasən Gəncə Gömrük İdarəsində aparılmış audit nəticəsində müəyyən edilmişdir ki, o, yük şöbəsinin inspektoru vəzifəsində xidmət etdiyi dövrdə malların gömrük rəsmiləşdirilməsini həyata keçirərkən bir çox hallarda gömrük bəyannaməsinin 31-ci qrafasında malların təsvirinin, qablaşdırma üsulunun düzgün qeyd olunmadığına, markalanma və digər zəruri göstəricilərin həmin qrafalarda əks olunmadığına, bəzi hallarda isə gömrük bəyannamələrinin 29-cu qrafasında sərhəd gömrük orqanının düzgün göstərilmədiyinə baxmayaraq, gömrük rəsmiləşdirməsini başa çatdırmış, bununla da xidməti vəzifəsinin icrasına laqeyd yanaşmışdır. İddiaçı barəsində qərar qəbul edilərkən DGK-nin xx.xx.2015-ci il tarixli 100/720ş nömrəli əmri ilə intizam məsuliyyətinə cəlb olunması nəzərə alınmış, xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirmədiyinə görə DGK-nin xx.xx.2015-ci il tarixli 100/969ş nömrəli əmri ilə gömrük orqanlarından xaric edilərək iddiaçının xidmətinə xitam verilmişdir.

4. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktubda iddia müddəti ötürüldüyündən iddianın rədd edilməli olduğu bildirilmişdir.

II. İddianın növü və mümkünlüyü

5. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Qərardadı, №02, 24cü bənd)

6. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik (bax 3-cü bənd) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2015-ci il tarixli 100/969ş nömrəli əmrinin ləğv edilməsi və nəticələrinin aradan qaldırılmasını tələb edir. Belə ki, qeyd edilən əmrlə xidməti vəzifəsini müntəzəm surətdə yerinə yetrimədiyinə görə Gəncə Gömrük İdarəsinin yük şöbəsinin inspektoru İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəasinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından

7. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3).

8. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

10. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2015-ci il tarixli 100/969ş nömrəli əmri barədə iddiaçıya təqdim edilməsi tarixi dəqiq müəyyən olunmasa da, iddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir, həmin əmrin və əmək kitabçasının ona verilmədiyini mübahisələndirmir.

11. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi iddiaçıya təklif edilmişdir. İddiaçının vəkili tərəfindən təqdim edilən ərizədə bu müddət ərzində cavabdeh orqanla danışıqlar apardığı, gömrük orqanının rəhbər şəxslərinin qəbulunda olduğu, mübahisənin qarşılıqlı razılıqla həll etməyə cəhd göstərdiyi bildirilmişdir. Məhkəmə qeyd edilən dəlili ən azı 5 ildir ki, ötürülmüş müddətin bərpası üçün üzrlü və əsaslı hesab etmir. Odur ki, əmrin mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar