Məhkəmə qərarları › İş №2-1(112)-4178/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4178/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4178/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X2) « torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X2) «torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( 3-cü şəxs X2) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı 0,22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, faktiki olaraq, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 2 ünvanında yerləşən ümumilikdə 0,022 ha torpaq sahəsi Müstəqil İddiaçıəssisənin istifadə və sərəncamındadır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 751 saylı sərəncamına əsasən, 0,022 ha torpaq sahəsi tikinti işlərinin aparılması məqsədilə İddiaçınə ayrılmışdır. Bu Sərəncama əsasən, Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə ayrılmış torpaq sahəsinin planı təsdiq edilmişdir. Adı çəkilən sərəncama əsasən torpaq sahəsinin planı təsdiq edildikdən sonra, 92/234 saylı ayrıc- akta əsasən, torpağın ayrılması və bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişanların qoyulması həyata keçirilmişdir. Bu akta, torpağın sxemi də əlavə edilmişdir. Əlavə olaraq, xx.xx.1992-ci il tarixdə Arxitektura Komitəsi tərəfindən ayrılmış torpaq sahəsində layihələndirmə və tikinti işlərinin aparılmasına razılıq verilmişdir. xx.xx.2020-ci il tarixdə yuxarıdakı sənədlərə əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 2 ünvanında yerləşən ümumilikdə 0,022 ha torpaq sahəsi üzərində Müstəqil İddiaçıəssisənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə torpaq sahəsinin müvafiq dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi aşağıdakılar göstərilmişdir: 1.Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 751 saylı, xx.xx.1992-ci il tarixli sərəncamında torpaq sahəsinin ölçüsünün göstərilməməsi; 2. Cizginin müvafiq icra orqanı tərəfindən təsdiq edilməməsi; 3.Torpaq sahəsində İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şəraitinin yaradı lmaması; İlk öncə qeyd etmək istəyirik ki, göstərilən əsasların hamısı formal xarakter daşıyır və qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, Bakı şəhəri İcra hakimiyyətinin Başçısının sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməsədə, başçının sərəncamına əsasən tərtib edilmiş ayrıc aktında və Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilmiş plan (cizgidə) bütün ölçülər dəqiqliklə qeyd edilmişdir. Bu onu göstərir ki, DƏDRX təqdim edilən sənədləri tam araşdırmamış. Torpaq sahəsinin cizgisi Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Lakin DƏDRX buna baxmayaraq, qeyd edir ki, müvafiq icra orqanı tərəfindən cizgi təsdiq edilməmişdir. Lakin hər hansı açıqlama və ya müvafiq icra orqanı qeyd edəndə, hansı dövlət orqanından söz getdiyi bilinmir. Sonuncu əsas isə tam qeyri obyektivdir. Birincisi ona görə ki, imtina əsaslarına şəraitinin yaradılmaması kimi əsas göstərilməyib. İkincisi isə qeydiyyat ilə əlaqədar müraciətdən sonra, DƏDRX- nin mütəxəssisləri əraziyə gəlmişlər və bütün ölçü işlərini həyata keçirmişlər. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsi qanunvericilik normalarının tələblərinə ziddir. Çünki cavabdeh orqanın qeyd olunan məsələdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün heç bir qanuni əsaslar mövcud deyildir. Bununla da, cavabdeh orqan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar mahiyyət etibarı ilə heç bir əhəmiyyət kəsb etməyən və qanuni hesab edilməyən əsaslara istinad etməklə haqlı olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4178 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, cavabdeh inzibati orqana edilmiş müraciətlə məhkəməyə müraciət etdiyi iddia tələbi üst-üstə düşmür, bu səbəblə dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı 0,022 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Qanuna müvafiq hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək və iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti ilə iddia tələbi üst-üstə düşmür. Belə ki, İddiaçı İdarəyə müraciəti istifadə hüquqlarının tanınması ilə bağlı olmuşdur. Bundan əlavə, BŞİHB-nın 751 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin, əlavə olunmuş cizgi müvafiq icra orqanı tərəfindən təsdiq edilməmiş və torpaq sahəsi üzərindəki obyekt digər şəxlər tərəfindən istifadə olunduğundan idarənin mütəxəssislərinə çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********96 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır.Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinin əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının cavabdeh inzibati orqana xx.xx.2020-ci il tarixli müraciət məktubu; - cavabdeh inzibati orqanın iddiaçının müraciətinə xx.xx.2020-ci il tarix imtina məktubu; - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 751 nömrəli Sərəncamın surəti; - 3215-ci məhəllə, 2 ünvanında yerləşən ümumilikdə 0,22 ha torpaq sahəsinin Müstəqil İddiaçıəssisinə torpaq sahəsinin ayrılmasına dair Cizgi-Certyojun surəti; - məhkəmənin müvafiq sorgusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubu; - məhkəmənin müvafiq sorgusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu; - cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli etiraz məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsasız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana müraciət edərək müəssisəyə ayrılmış torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında göstərdiyi dəlillər ondan ibarətdir ki, torpaq sahəsinin ayrılmasına dair BŞİHHB-nın 751 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. İşin araşdırılan hallarından məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 2 ünvanında yerləşən torpaq sahəsi Müstəqil İddiaçıəssisinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 751 saylı sərəncamı ilə və Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə tərəfindən tərtib edilmiş akt və yerləşmə cizgisinə istinad edərək ayrılmışdır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 2 ünvanında yerləşən torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 751 saylı sərəncamına əsasən iddiaçıya ayrılması göstərilsə də, sərəncamda torpaq sahəsini dəqiq ölçüləri öz əksini tapmamışdır. Lakin iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən və tərtib edilərək möhürlə təsdiqlənmişdir. Həmin cizgiyə əsasən torpağın yerləşmə yerinin Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 2 ünvanı olduğu və torpaq sahəsinin 0,22 ha olduğu müəyyən edilir. İş materiallarında olan Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 85 nömrəli qərarı ilə Binəqədi rayonu, 6-cı mikrorayon, 1410-cı keçiddə yerləşən 20 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəlindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə mağaza tikintisi üşün uzunmüddətli icarə qaydasında vətəndaş X1 verilmişdir. Üçüncü şəxsə Binəqədi rayon, 6-cı mikrorayon, 1410-cu keciddə yerləşən 20 kv.m torpaq sahəsinin Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 85 nömrəli qərarı ilə ayrıldığı hazırki işin mübahisələndirilməyən halıdır. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli mübahisəli torpaq sahəsində yerində müayinə (baxış) keçirilərkən məlum olmuşdur ki, mübahisəli ərazidə iki qeyri-yaşayış sahəsi mövcuddur. Qeyri yaşayış sahələrindən biri çörək satışı, digəri isə kafe olaraq fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Məhkəmə göstərilən dəlillərlə bağlı qeyd edir ki, qanunvericiliyin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi sərancama hüquqi qiymət vermək məqsədilə qanunvericiliyin aşağıdakı müddəaları tətbiq olunmalıdır. Müvafiq sərəncamın 11 mart 1995-ci ildə qəbul olunduğu nəzərə alınaraq, həmin vaxt qüvvədə olmuş 1991-ci il tarixli redaksiyada olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. -10-cu maddəsinin 4-cü bəndinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün verilir. - 23-cü maddəsinə əsasən vətəndaşların müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir.Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. - 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. - 81-ci maddəsinə əsasən qeyri-kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına tapşırılmış vəzifələri həyata keçirmək üçün müvafiq rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən onların istifadəsinə və ya icarəsinə verilmiş torpaqlar aidiyyəti üzrə sənaye, nəqliyyat, rabitə və başqa təminatlı torpaqlar sayılır. Göstərilən məqsədlər üçün verilmiş torpaq sahələrinin ölçüsü təsdiq edilmiş texniki normalara və layihə sənədlərinə müvafiq surətdə müəyyən edilir, sahələr isə onların mənimsənilməsinin növbəliyi nəzərə alınmaqla ayrılır. Qeyd edilən maddələrin tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin daimi sahibliyinə və istifadəsinə ayrılarkən ayrılan torpaq sahələrinin ölçüsü və məqsədli təyinatı torpaqayırma aktında göstərilməlidir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65.5-ci maddəyə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının istifadə hüququnun qeydə alınması üçün əsaslandığı sərəncam qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyindən, yəni ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüləri müvafiq inzibati aktda qeyd edilmədiyindən, torpaq sahəsinin məqsədli tyəinatı torpaqayırma aktında göstərilmədiyindən, həmçinin torpaq sahəsi ayrıldığı vaxt qanunvericilikdə nəzərə tutulmuş qaydada plan və ölçüsü müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədiyindən cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının istifadə hüquqlarını qeyda almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Kiçik Müəssisəsinin Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 2 ünvanında yerləşən torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar