Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4179/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" mənzil tikinti kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdə ilkin qeydiyyatın aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş, 2 girişli 16 mərtəbəli binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154.8 kv. metr olan, 3 otaqlı mənzilin üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş, 2 girişli 16 mərtəbəli binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154.8 kv. metr olan 3 otaqlı mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının qabaqcadan (ilkin qeydiyyat) qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə onun arasında rəsmiləşdirilmiş 10 fevral 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154.8 kv. metr olan, 3 otaqlı mənzilin dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş 10 fevral 2021-ci il tarixli çıxarışa əsasən; "xxxx" MTK üzvlərinin ümumi yığıncağı keçirilmiş və o, həmin MTKnın payçısı hesab edilmişdir. 10 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 binanın 1-ci girişinin 12-ci nərtəbəsində yerləşən, ümumi sahəsi 154.8 kv. metr olan, 3 otaqlı mənzilin dəyəri tərəfindən tam olaraq ödənilmişdir. 10 fevral 2021-ci il tarixli, № 10-21 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, onun tərəfindən "xxxx" MTKnın hesabına 100.000 (bir yüz min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin mənzil onun istifadəsində və sahibliyində olduğu üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, ünvan 1 binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154.8 kv metr olan, 3 otaqlı mənzilin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh qurumun xx.xx.2021-ci il tarixli, **********82 saylı imtina məktubundan görünür ki, guya tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə həmin mənzilin nömrəsi qeyd edilmədiyi üçün, ərizənin icrasından imtina edilmişdir. Qeyd edilən imtina məktubunda göstərilənlərlə razılaşmadığı üçün 22 oktyabr 2021-ci il tarixdə yenidən cavabdeh quruma müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Hesab edir ki, ərizənin cavabdeh qurum tərəfindən cavablandırılmaması və cavabdeh təşkilat əvvəlki müraciəti ilə bağlı imtinası əsassızdır. Belə olan halda həmin mənzil onun istifadəsində və sahibliyində olduğu üçün, Bakı şəhəri, Səbail rayonu, V.Abbaszadə küçəsi, 17 saylı binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54.8 kv metr olan, 3 otaqlı mənzilin üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22 iyul 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş və məhkəmənin 15 fevral 2022-ci il tarixli qərardadı ilə "xxxx" MTK 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs "xxxx" mənzil tikinti kooperativi tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Cavabdeh inzibati orqanın iddia ilə bağlı 04 fevral 2022-ci il tarixli **********86 saylı etirazında göstərilmişdir ki, iddiaçı tərəfindən İdarəyə təqdim edilən hüquqmüəyyənedici sənədlərdə (maliyyə arayışı, protokoldan çıxarış) mənzilin nömrəsi qeyd olunmadığı üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır, habelə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçı (“Payçı”) ilə "xxxx" MTK (“Podratçı”) arasında bağlanmış 10 fevral 2021-ci il tarixli podrat müqaviləsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisi "xxxx" MTKya həvalə olunmuşdur. Həmin müqavilənin İİİ.1-ci bəndinə əsasən “Payçı” ona düşən 1-ci blok 12-ci mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 154,8 kv. metr olan mənzilin hər 1 kv. metri üçün 646 (altı yüz qırx altı) manat, cəmi 100.000 (bir yüz min) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. "xxxx" MTK-nın ümumi yığıncağının protokolundan çıxarışdan müəyyən olunur ki, kooperativin üzvlərinin ümumi yığıncağının qərarı ilə İddiaçı "xxxx" MTK-ya üzv və payçı kimi qəbul olunmuşdur. "xxxx" MTK tərəfindən verilmiş 10 fevral 2021-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsus binanın 1-ci giriş 12-ci mərtəbəsində yaşayış sahəs 154,8 kv.metr olan 3 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Mənzil Tikinti Koperativinə borcu yoxdur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh orqana müraciət edərək, mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********82 №li xx.xx.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, tərəfindən təqdim edilən hüquqmüəyyənedici sənədlərdə (maliyyə arayışı, protokoldan çıxarış) mənzil nömrəsi qeyd edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən aşağıda qeyd olunan: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2-1-2022-18814 saylı məktubunda qeyd olunmuşdur ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Azərbaycan Respuublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********363 saylı məktubunda qeyd olunmuşdur ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında inşa edilmiş binanın istismara icazə sənədləri 1 saylı Bakı Ərazi idarəsinə daxil olmamışdır. Sözügedən çoxmərtəbəli yaşayış binasına dair "xxxx" MTK-nın adına hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Həmçinin, “MARS-A" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında qabaqcadan qeydiyyata alınmış və hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmiş 88 mənzilə dair məlumatı cədvəl formasında məhkəməyə göndərilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. (maddə 144-1.2.) Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər (maddə 144-1.3) Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. (144-1.4 maddə) Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir.( maddə 144-1.5) Xeyrinə təminat qeydi aparılmış şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissənin bağlı olduğu pay ilə əlaqədar hüquqlarını və öhdəliklərini yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında üçüncü şəxsə ötürə bilər. Müqavilədə digər müddəalarla yanaşı, hüquqların və öhdəliklərin ötürüldüyü məqamda mövcud olmuş həcmi və həmin həcmdə ötürülməsi, aparılmış təminat qeydində hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə dair hər iki tərəfin razılıqları aydın şəkildə ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər onların üçüncü şəxsə ötürüldüyü məqamda mövcud olmuş həcmdə və şərtlərlə ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə, habelə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış təminat qeydində müvafiq dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq qeydiyyat hərəkətləri aparılır ( maddə 144-1.6) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31 avqust 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” Qaydalarının 3.6.1-ci bəndinə əsasən, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; 3.6.3-cü bəndinə əsasən, bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. Hazırki halda, iddiaçının əvvəlcə mülkiyyət hüquqlarının, daha sonra ilkin qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı yaşayış sahəsinin yerləşdiyi binanın qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən mübahisəli mənzilə dair təqdim edilən hüquqmüəyyənedici sənədlərdə (maliyyə arayışı, protokoldan çıxarış) mənzilin nömrəsi qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. - 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Məhkəmə hesab edir ki, istismara qəbul edilməyən yaşayış binasında yerləşən nömrəsi olmayan yaşayış sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində hüququn qeydə alınması üçün, həm də 01 yanvar 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində hüququn qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4179/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4179/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver