Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-418/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi”tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı (bundan sonra mətndə İddiaçı MTK) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********687900 №li qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqqlarının hesablanması barədə” **********687900 №li qərara əsasən İddiaçı MTK-nın şəxsi hesab vərəqəsinə kameral olaraq 2020-ci il üzrə 239387,80 manat mənfəət vergisi hesablanmışdır. Cavabdehin “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” **********687900 saylı qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılmışdır. Cavabdeh vergi orqanının **********687900 saylı xx.xx.2021-ci il tarixli qərarında bəyannamələrdə və hesabatlarda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə bildirib ki, Vergi Məcəlləsinin müddəalarına əsasən onlara mənfəət vergisi bəyannaməsini təqdim etmədiklərinə görə əlaqəli məlumatlara əsasən mənfəət vergisi hesablanmışdır. İddiaçı MTK mənzil tikinti fəaliyyəti ilə məşğul olmuş və 10 iyun 2021 -ci il tarixindən etibarən hazırki vaxtadək öz fəaliyyətini dayandırmışdır. Həmçinin, müəssisənin fəaliyyəti dayandığı tarixdə onların mənfəət vergisi bəyannamələri göndərmək kimi mükəlləfiyyəti 10 iyun 2021-ci il tarixində dayandırılmışdır. Bu barədə məlumat Dövlət Vergi Xidmətinin internet vergi idarəsində mükəlləfiyyətlər bölməsində öz əksini tapmaqdadır. Müəssisə mənzil tikinti fəaliyyəti ilə məşqul olduğu üçün fəaliyyət göstərdiyi dövr ərzində sadələşdirilmiş vergi ödəyicisi olmuş daimi olaraq sadələşdirilmiş vergi bəyannamələri tərəflərindən vergi orqanına təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli **********7866000 №li iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, İddiaçı MTK mənzil tikintisi fəaliyyəti ilə məşğul olmuş və xx.xx.2021-ci il tarixdən etibarən bu günə qədər fəaliyyətini dayandırmışdır. Həmçinin, müəssisənin fəaliyyəti dayandığı tarixdə mənfəət vergisi bəyannamələri göndərmək kimi mükəlləfiyyəti də xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bu barədə məlumat Dövlət Vergi Xidmətinin internet vergi idarəsində mükəlləfiyyətlər bölməsində öz əksini tapmaqdadır. Bildirilmişdir ki, müəssisə mənzil tikinti fəaliyyəti ilə məşğul olduğu üçün fəaliyyət göstərdiyi dövr ərzində sadələşdirilmiş vergi ödəyicisi olmuş, daimi olaraq sadələşdirilmiş vergi bəyannamələri vergi orqanına təqdim edilmişdir. İddiaçının iddia tələbinin əsaslandırılması üçün qeyd etdiyi dəllilləri aşağıda qeyd olunan səbəblərə görə əsassızdır. Uçot-baza məlumatlarına əsasən İddiaçı MTK-nın xx.xx.2005-ci il tarixdən vergi ödəyicisi kimi, xx.xx.2005-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, hal-hazırda ƏDV qeydiyyatının qüvvədə olduğu (məlumat əlavə olunur) və əsas fəaliyyətinin yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarət olduğu müəyyən edilmişdir. İlk nöbvədə qeyd olunmalıdır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********687900 nömrəli qərara əsasən 2020-ci ilin mənfəət vergisi üçün 239387,80 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamaya əsas vergi ödəyicisinin uçot məlumatlarına əsasən 2020-ci il dövrü ərzində gəlir, xərc və ya digər iqtisadi əməliyyatları (göstəriciləri) olmasına baxmayaraq, müvafiq dövr üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilməməsi olmuşdur. Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezient müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri - kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridirlər, 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. 152.1-ci maddəsinə əsasən vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən vergi orqanlarına bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək vergi ödəyicısinin vəzifəsinə aiddir. OBA” MTK tərəfindən 2020-ci ilin mənfəət vergisi bəyannaməsi 2021-ci ilin mart ayının 31-dən geç olmayaraq uçotda olduğu vergi orqanına təqdim etməli olduğu halda bəyannamə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçının fəaliyyətinin xx.xx.2021-ci il tarixdən dayandırıldığını və həmin tarixdən də mənfəət vergisi bəyanaməsi göndərmək mükəlləfiyyətinin dayandırılmasını əsas gətirərək, 2020-ci il üçün mənfəət vergisi bəyannaməsini təqdim etməməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. İddiaçı ”OBA” MTK-nın rəhbəri X1 Nazirliyinə (hazırkı iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) ünvanladığı xx.xx.2016-cı il tarixli müraciətində də cəmiyyətin sadələşdirilmiş vergi ödəyicisi olmadığını təsdiq etmişdir. Bundan əlavə, "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200072 nömrəli qərara əsasən “OBA" MTK-da keçirilmiş səyyar vergi yoxlaması zamanı 2020-ci ilin mart ayı üçün 1214862,72 manat dövriyyə müəyyən edilərək, 2020-ci ilin mart ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 218675,29 manat əlavə vergi məbləği hesablanmışdır. Eyni zamanda, "xxxx" MTK yoxlanılan dövr üzrə mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq 2017-ci, 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisi bəyannamələrini vergi orqanına təqdim etməmişdir. Eyni zamanda, yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında da (15-ci vərəq) qeyd olunmuşdur ki, vergi ödəyicisi yoxlanılan dövrdə (xx.xx.2017 - xx.xx.2020) sadələşdirilmiş verginin ödəyicisi olmamışdır. Qeyd olunanlardan əlavə vergi orqanında olan baza məlumatlarına əsasən müəyyən edilmişdir kı, vergi ödəyicisinin sadələşdirilmiş vergi mükəlləfiyyəti yoxdur. Odur ki, iddiaçının daimi olaraq sadələşdirilmiş vergi bəyannamələrini vergi orqanına təqdim etməsi barədə dəlilləri tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək və iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2021-ci il tarixdə, müraciət etmişdir. İddia mümkündür. İşin halları:
İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə **********106900 № ilə çap olunmuş çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MTK xx.xx.2004-cü ildə (əvvəlki qeydiyyat № 0104- P81-41435) VÖEN ********** № ilə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin hüquqi ünvanı AZ1130, ünvan 1nuni təmsilçisi isə X9 göstərilmişdir. İddiaçı MTK-nın əsas fəaliyyəti yaşayış və qeyri-yaşayış binalrının tikintisindən ibarətdir. **********200156 №-li, xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlaması” aktından müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********200072 saylı qərarına əsasən İddiaçı MTK-da ödəmə mənbəyindən tutulan vergi 4-cü rüb 2017 - 1-ci rüb 2020; işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 4-cü rüb 2017-2-ci rüb 2019; MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər 3-cü rüb 2019-4-cü rüb 2019: (0112) - Əlavə dəyər vergisi noyabr 2017 - mart 2020; aksiz vergisinoyabr 2017-mart 2020; MDSS-İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) - 4-cü rüb 2017- 2-ci rüb 2019; mənfəət vergisi 2017-ci il - 2019-cu il: əmlak vergisi 2017-ci il -2019-cu il; sadələşdirilmiş vergi 4-cü rüb 2017-1-ci rüb 2020; torpaq vergisi 2018-ci il 2019-cu il; mədən vergisi noyabr2017-mart 2020; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 1-ci rüb 2020; məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı); muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2017-ci il-2019-cu ilə dair VM-nin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2020-ci ildə başlamış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Yoxlanılan dövrdə İddiaçı MTK faktiki olaraq yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olmuşdur. Yoxlama nəticəsində: - yoxlanılan dövrdə ƏDV bəyanamələrini təqdim etməməklə yayındırılmış 223251.55 manat vergi məbləğinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 111625,80 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur; - yoxlanılan dövrdə Mənfəət vergisi bəyannamələri təqdim etməməklə yayındırılmış 2500,00 manat vergi məbləğinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 1250.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur; - yoxlanılan dövr üzrə 2018-ci ildə 1500.00 manat və 2019-cu ildə 1500.00 manat olmaqla ümumilikdə hesablanmış 3000.00 manat kameral torpaq vergisi məbləği düzgün hesablanmadığına görə səyyar vergi yoxlaması ilə müvafiq düzəlişlər aparılaraq azaldılmışdır. - vergi və sosial hesabatların qanunla müəyyən olunmuş müddətdə vergi orqanlarına təqdim edilmədiyi üçün 2080.00 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb məsi haqqında” xx.xx.2021-ci il tarixli **********145811 nömrəli qərar qəbul edilmiş və qeyd olunan qərarə əsasən vergi orqanı tərəfindən mənfəət və əlavə dəyər vergisi üzrə 225751,55 manat əlavə hesablama, 114555,8 manat maliyyə sanksiyası, torpaq vergisi üzrə 3000 manat artıq hesablama aparılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********687900 №-li, xx.xx.2021-ci il tarixli qərarla İddiaçı MTK-ya 2020-ci il mənfəət vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 239387,80 manat əlavə vergi məbləği, qərarın hazırlandığı tarixə isə vergi və sığorta haqları üzrə öhdəlik üzrə 371822,28 manat borc hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-762/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb məsi haqqında” xx.xx.2021ci il tarixli **********145811 nömrəli qərarının 225751,55 manat vergi məbləğinin və 114955,8 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin qeyd olunan qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı MTK apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2497/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 762/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın çıxarılması, iddia tələbinin təmin edilməsi cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********145811 nömrəli qərarının 225751,55 manat vergi məbləğinin və 114555,8 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarından narazı qalan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-900/2023 №li xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-2497/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 72. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. Maddə 219.5. Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Maddə 221.2. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 221.3. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. 221.3.1. Bu Məcəllənin 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu və 220.9-1-ci maddələrində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.
Məhkəmənin mövqeyi:
Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisələndirilən inzibati aktın (qərar) qəbul olunmasına əsas kimi cvabdeh inzibati orqan tərəfindən aşağıda göstərilən dəlillər qeyd olunmuşdur: - Vergi orqanı tərəfindən vergi ödəyicisinin uçot məlumatlarına əsasən 2020-ci il dövrü ərzində gəlir, xərc və ya digər iqtisadi əməliyyatları (göstəriciləri) olmasına baxmayaraq, müvafiq dövr üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsi; - İddiaçı ”OBA” MTK-nın rəhbəri X6 Vergilər Nazirliyinə (hazırkı iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) ünvanladığı xx.xx.2016-cı il tarixli müraciətində cəmiyyətin sadələşdirilmiş vergi ödəyicisi olmadığını təsdiq etməsi; - "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200072 nömrəli qərara əsasən “OBA" MTK-da keçirilmiş səyyar vergi yoxlaması zamanı 2020-ci ilin mart ayı üçün 1214862,72 manat dövriyyə müəyyən edilərək, 2020-ci ilin mart ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 218675,29 manat əlavə vergi məbləğinin hesablanması; eyni zamanda, "xxxx" MTK-nın yoxlanılan dövr üzrə mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq 2017-ci, 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisi bəyannamələrini vergi orqanına təqdim etmədiyi; yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında (15-ci vərəq) vergi ödəyicisinin yoxlanılan dövrdə (xx.xx.2017 - xx.xx.2020) sadələşdirilmiş verginin ödəyicisi olmadığının qeyd olunduğu; vergi orqanında olan baza məlumatlarına əsasən vergi ödəyicisinin sadələşdirilmiş vergi mükəlləfiyyətinin olmadığının müəyyən edildiyi. Hazırki iş üzrə tərəflər arasında səyyar vergi yoxlamasının nəticələrinin (xx.xx.2021ci il tarixli **********145811 nömrəli qərar) ləğvinə dair yaranmış mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-900/2023 №li çıxartdığı xx.xx.2023-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki; - Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-775/2022 saylı qərarında da qeyd olunduğu kimi, vergi orqanı inzibati orqan hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. - Cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 27 dekabr 2018-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. - Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir. - Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. - Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. - Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. - Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). - Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində 05 avqust 2021-ci il tarixli **********687900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, qanunamüvafiq qaydada inzibati icraat (araşdırma) aparılmadan, sübuta yetirilməmiş məlumatlar əsasında əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Məhkəmə hesab edir ki, cavabddehin 05 avqust 2021-ci il tarixli **********687900 nömrəli qərarı maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri LGBİ-nin 05 avqust 2021-ci il tarixli **********687900 nömrəli qərarı ləğv olunmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş 05 avqust 2021-ci il tarixli **********687900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev