Məhkəmə qərarları › İş №2-1(112)-4181/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4181/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4181/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (X7 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (X7 üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 (əlli iki) yaşdan xx.xx.2010-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 (əlli yeddi) yaşdan xx.xx.2015-ci il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, hazırda 62 yaşı var. İddiaçı xx.xx.1976-cı il tarixindən etibarən - 44 il əmək fəaliyyəti ilə məşğul olur. Əmək fəaliyyəti müddətinin əhəmiyyətli bir hissəsini - təxminən 15 il 9 ay 17 gündən çox müddətini insan sağlamlığı üçün olduqca zərərli olan peşə fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ xx.xx.2010-cu il tarixindən yaranmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və digər əlaqədar normativ hüquqi aktlara əsaslanaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə müraciət etsə də, cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixli **********3 nömrəli imtina məktubu verilmişdir. Həmin imtina məktubunda cavabdeh “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrini, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarının müddəalarına yanlış şərh vermişdir. Bunun əsasında da iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajını 25 ildən, güzəştli iş stajını isə 12 il 6 aydan az hesablanmışdır. Bununla da, cavabdeh süründürməçiliyə yol verərək, iddiaçının qanuni tələblərini icra etməmişdir. Lakin iddiaçı bununla razı deyil. Ona görə ki, hər şeydən əvvəl onun əmək kitabçası üzrə əmək fəaliyyəti müddəti xx.xx.1976-ci il tarixindən hesablanır. Bu isə 44 ildən artıq əmək fəaliyyəti müddəti deməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nörqrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"-nın 10.2-ci bəndi əsasında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məlum məsələdir ki, “Gəmi boru çilingəri” insan sağlamlığı üçün olduqca zərərli və təhlükəli peşə sahəsidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Həmçinin fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı X6 xx.xx.1958-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2020-ci il tarixli **********3 saylı məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyshısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən, güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Həmçinin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materialarında olan NZ ******* nömrəli iddiaçıya məxsus hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxx 1977-ci ildən xx xxx 1979-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2019-cu il tarixli 3220 saylı arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü, İddiaçı həqiqətən xx.xx.1976-cı il (əmr № 241) tarixdən xx.xx.1994-cü il tarixədək (əmr № 287) N №-li hərbi hissədə "Gəmi boru çilingəri” vəzifəsində işləmişdir. "Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarının 11-ci bölməsinin 6-cı bəndinə əsasən Qazanxana gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan “Gəmi boru çilingəri” 15 (on beş) il 9 (doqquz) ay 17 (on yeddi) gün iş stajı ilə İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 11.6-cı bəndində "Gəmi boru çilingəri”, göstərilən peşələr üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. xx.xx.1997-ci il tarixdən X10 zavodu dəyişdirilərək N №-li hərbi hissə olmuşdur. xx.xx.2014-cü ildə Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyinə daxil edilmişdir. xx.xx.2014-cü ildə Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyinə daxil edildiyinə görə N nömrəli hərbi hissənin bütün sənədləri fəhlə və qulluqçuların şəxsi (T-2) kartaları N nömrəli hərbi hissənin arxivinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2020-ci il tarixli 871 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1994cü il tarixədək N №-li hərbi hissədə “gəmilərdə boru kəməri çəkən çilingəri" vəzifəsində işləmişdir. İddiaçı ümumi iş stajından 15 (on beş) il 9 (doqquz) ay 17 (on yeddi) günü Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya hüququ verən xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarının 11-ci bölməsinin 6-cı bəndinə əsasən Qazanxana gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan "Gəmilərdə boru kəməri çəkən çilingəri" (11.6 səhifə 54 koduna uyğun olaraq) 15 (on beş) il 9 (doqquz) ay 17 (on yeddi) gün iş stajı ilə İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. xx.xx.1997-ci ildən X10 zavodu dəyişdirilərək N nömrəli hərbi hissə olub. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2020-ci il tarixli 189 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx xxxx 2012-ci il tarixdən bu günkü tarixə kimi Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********7 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı {şəxsiyyət vəsiqəsi AZE ********, FİN xxxxxxx) xx.xx.2020-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı 27124,92 manat təşkil edir. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinin əksinə olaraq İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması üçün 34800,07 manat pensiya kapitalı tələb olunduğu halda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 27124,92 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək 14 saylı texniki Universitetdə təhsil almış, xx.xx.1976-cı il tarixdə 23 saylı Gəmi Təmiri zavodunda 8 saylı sexə 1 dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur, xx.xx.1977-ci ildə Orduya çağırilmaq səbəbi ilə işdən azad olunmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək HDD-da xidmət etmiş, xx.xx.1979-cu il tarixdə 23 saylı Gəmi təmiri zavodunda 1 saylı sexə gəmilərdə boru kəməri çəkən 2-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur, xx.xx.1984-cü il tarixdə 8 saylı sexə gəmilərdə boru kəməri çəkən 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur, xx.xx.1986-cı il tarixdə gəmilərdə boru kəməri çəkən 4-cü dərəcəli çilngər ixtisası təqdim olunmuş, xx.xx.1988-ci il tarixdə əməyin ödənilməsi ilə bağlı yeni tariflərin tədbiq olunması ilə əlaqədar olaraq boru kəməri çəkən 4cü dərəcəli çilngər ixtisasına təsdiq olunmuş, xx.xx.1991-ci il tarixdə gəmilərdə boru kəməri çəkən 5-ci dərəcəli çilingər ixtisası təqdim olunmuş, xx.xx.1992-ci ildə 23 saylı Gəmi təmiri zavodunun adı dəyişdirilərək X10 zavodu adlandırılmışdır, xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ƏMQM-nin 36-cı maddəsinin 1 bəndinə müvafiq olaraq öz xahişinə əsasən zavoddan kənarlaşdırılmış, xx.xx.2000-ci il tarixdə ikinci dərəcəli atıcı vəzifəsinə HM qəbul olunmuş, xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2 “a” bəndinə müvafiq olaraq tərəflərin razılşmasına əsasən tutduğu vəzifədən kənarlaşdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. O, xx.xx.1976-cı il tarixdə 23 saylı Gəmi Təmiri zavodunda 8 saylı sexə 1 dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1977-ci ildə Orduya çağırilmaq səbəbi ilə işdən azad olunmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdə 23 saylı Gəmi təmiri zavodunda 1 saylı sexə gəmilərdə boru kəməri çəkən 2-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur, xx.xx.1984-cü il tarixdə 8 saylı sexə gəmilərdə boru kəməri çəkən 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur, xx.xx.1986-cı il tarixdə gəmilərdə boru kəməri çəkən 4-cü dərəcəli çilngər ixtisası təqdim olunmuş, xx.xx.1988-ci il tarixdə əməyin ödənilməsi ilə bağlı yeni tariflərin tədbiq olunması ilə əlaqədar olaraq boru kəməri çəkən 4-cü dərəcəli çilngər ixtisasına təsdiq olunmuş, xx.xx.1991-ci il tarixdə gəmilərdə boru kəməri çəkən 5-ci dərəcəli çilingər ixtisası təqdim olunmuş, xx.xx.1992-ci ildə 23 saylı Gəmi təmiri zavodunun adı dəyişdirilərək X10 zavodu adlandırılmışdır, xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ƏMQM-nin 36-cı maddəsinin 1 bəndinə müvafiq olaraq öz xahişinə əsasən zavoddan kənarlaşdırılmış, xx.xx.2000-ci il tarixdə ikinci dərəcəli atıcı vəzifəsinə HM qəbul olunmuş, xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2 “a” bəndinə müvafiq olaraq tərəflərin razılşmasına əsasən tutduğu vəzifədən kənarlaşdırılmışdır. İddiaçıya məxsus əmək kitabçasında xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək 14 saylı texniki Universitetdə təhsil alması qeyd olunsa da, bununla əlaqədar sübutları iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə tutduğu vəzifədən çıxdıqdan sonra növbəti əmək fəaliyyətinə xx.xx.2012-ci il tarixdən başlamışdır. Hazırda iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə və xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «b» bəndlərinə əsasən (xx.xx.1997-ci il tarixli dəyişiklik nəzərə alınmaqla) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Lakin iş materiallarından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi sığorta stajına malik deyildir. Hətta təhsil müddəti kimi göstərilən dövr də nəzərə alınarsa, iddiaçının ümumi sığorta stajı 19 ilə yaxın müddəti təşkil edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2020-ci il tarixli 871 saylı arayışında iddiaçının ümumi iş stajından 15 il 9 ay 17 gününün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarının 11-ci bölməsinin 6-cı bəndinə əsasən Qazanxana gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan "Gəmilərdə boru kəməri çəkən çilingəri" (11.6 səhifə 54 koduna uyğun olaraq) güzəştli iş stajı hesab edildiyi göstərilsə də, iddiaçının 25 il ümumi sığorta stajı olmadığı üçün onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması üçün 34800,07 manat pensiya kapitalı tələb olunduğu halda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 27124,92 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (X7 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar