Məhkəmə qərarları › İş №2-1(112)-4183/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4183/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4183/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndələri X9 və X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «cavabdeh tərəfindən iddiaçıya faiz borcunun hesablanmasının qanunsuz sayılması və həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «cavabdeh tərəfindən iddiaçıya faiz borcunun hesablanmasının qanunsuz sayılması və həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı “Yelo Bank" ASC və X10 arasında 8 iyun 2018-ci il tarixdə bağlanmış 1288 nömrəli müddətli əmək müqaviləsinə əsasən X15 Filial müdiri vəzifəsinə qəbul etmişdir. Əmək müqaviləsinin müddəti altı ay – 11 iyun 2018-ci il tarixdən 11 dekabr 2018-ci il tarixədək müəyyən edilmişdir. Tərəflər qarşılıqlı razılıq ilə 1288 nömrəli 8 iyun 2018-ci il tarixli əmək müqaviləsinin müddətini beş dəfə uzatmışlar. Belə qarşılıqlı razılıqların ifadə olunduğu sonuncu – 30 sentyabr 2019-cu il tarixli 5 nömrəli əlavə ilə əmək müqaviləsinin son müddəti 1 iyul 2020-ci il tarix müəyyən edilmişdir. Rəfail Hacıyev ilə olan müzakirələrdən sonra həmin əmək müqaviləsinə Bank tərəfindən 1 iyul 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam vermiş və bu barədə 1 iyul 2020-ci il tarixli 13/2468 saylı bildirişlə Rəfail Hacıyevə məlumat vermişdir. Bank tərəfindən ona əmək müqaviləsinə xitam verilməsi haqqında 1 iyul 2020-ci il tarixli 128/A nömrəli əmrin surəti, əmək kitabçası təqdim edilmiş, onun son haqq-hesabı bank hesabına köçürülmüşdür. Bundan sonra X10 “Yelo Bank" ASC-yə qarşı əmrin etibarsızlığı, işə bərpa və s. tələblərə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsi ilə iddiaçı Rəfail Hacıyev ilə cavabdeh “Yelo Bank" ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında 1 iyul 2020-ci il tarixli 128/A saylı əmrin və əmrə əsasən 22(X)916 saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin" qeydinin etibarsız sayılması, Rəfail Hacıyevin əvvəlki işinə bərpa edilməsi, ona xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, dövlət rüsumu olan 30 manatın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı 8 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, X10 ilə cavabdeh İddiaçı ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xilam verilməsi haqqında 1 iyul 2020ci il tarixli 128/A saylı əmrinin və əmrə əsasən 22(X)916 saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin" qeydinin etibarsız sayılması, X5 əvvəlki işinə bərpa edilməsi, X6 xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddəidə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi, İddiaçı ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pulun tutularaq X6 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1014/20221 saylı 15 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Bankın verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı 15 mart 2022-ci il tarixədək qanuni qüvvəyə minmədiyinə görə, Rəfail Hacıyevin işdən çıxarılması barədə əmr 1 iyul 2020-ci il tarixdən 15 mart 2022-ci il tarixədək qüvvədə olduğundan və həmin dövrdə Rəfail Hacıyev işə çıxmadığına və məhkəmə prosesi getdiyinə görə ona əmək haqqı ödənilməmiş və təbiidir ki, verilməyən əmək haqqına görə də məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsinə ödənilməmişdir. Qeyd edilən qətnamənin icrası ilə bağlı icra vərəqəsi 4 may 2022-ci il tarixdə Banka daxil olmuşdur. 5 may 2022-ci il tarixdə icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilmiş, X6 43.133,98 manat məbləğində məcburi iş buraxmaya görə əmək haqqı köçürülmüşdür. Göründüyü kimi, icra sənədi üzrə borclu olaraq icra sənədində göstərilən bütün tələblər Bank tərəfindən könüllü icra olunmuşdur. X2 müxtəlif bəhanələr gətirərək üzrsüz olaraq işə çıxmaqdan boyun qaçırmışdır. Yuxarıda qeyd edilən məsələ ilə əlaqədar olaraq 30 avqust 2022-ci il və 31 avqust 2022-ci il tarixlərdə 2020-ci ilin 3 rübündən 2022-ci il 1-ci rübünədək olan dövrü əhatə edən vahid bəyannamənin dəqiqləşmiş hesabatları Bank tərəfindən uçotda olduğu vergi orqanına təqdim edilmişdir. Həmin tarixlər üzrə şəxsi hesab vərəqisində vergi orqanı tərəfindən heç bir qərar qəbul edilmədən, AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə Banka faiz hesablanmış və faizin qeyd edilən tarixlərdəki artıq ödəmələr hesabına avtomatik olaraq silindiyi göstərilmişdir. Halbuki, bu günədək müvafiq vergi orqanı tərəfindən Banka sözügedən faizin nəyə əsasən hesablanması barədə nə qərar təqdim edilmiş, nə də ki, bu barədə xəbərdarlıq göndərilmişdir. Vergi orqanı ilə telefon vasitəsilə əlaqə saxlandıqda iddiaçının nümayəndələrinə bildirilmişdir ki, mdssh vaxtında ödənilmədiyinə görə hər gecikdirilən günə görə bizə Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən 0,1% faiz hesablanmışdır, bu barədə qərar çıxarılmamışdır. Halbuki iddiaçıya Rəfail Hacıyev işə çıxmadığı dövrdə, həmçinin onun əmək müqaviləsinə xitam verilməsi barədə əmr qüvvədə olduğu dövrdə mdssh ödənilməməsinə görə faizlər hesablanması qanunsuzdur, həmin faiz borcu şəxsi hesab vərəqəsindən silinməlidir. 10 noyabr 2022-ci il tarixdə vergi orqanına məktubla müraciət edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə İddiaçı ASC-yə faizin hesablanmasının qanunsuz hesab edilməsi və həmin borcun şəxsi hesab vərəqəsindən silinməsi xahiş olunsa da, cavabdeh tərəfindən məktuba cavab verilməmiş, borc silinməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1, 2.2, 3, 53.3, 59, 64-cü maddələrinə, İPM-in 2.1, 2.2.3, 8-ci maddələrinə əsaslanaraq, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə İddiaçı ASC-yə faizin hesablanmasının qanunsuz hesab edilməsi və həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 9 yanvar 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı ASC-nin iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İddiaçı ASC və X10 arasında 8 iyun 2018-ci il tarixdə bağlanmış 1288 nömrəli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xilam verilməsinin ləğv edilməsi barədə Rəfail Hacıyevin iddia tələbi təmin edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə Rəfail Hacıyevin 1 iyul 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi, İddiaçı ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pulun tutularaq X6 ödənilməsi qət edilmişdir. ASC tərəfindən 30 avqust 2022-ci il və 31 avqust 2022-ci il tarixlərdə 2020-ci ilin İİİ, İV, 2021-ci ilin İ – İV, 2022-ci ilin İ və İİ rübləri üzrə dəqiqləşmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” təqdim edilmişdir. Nəticədə aparılmış əlavə hesablamalar nəticəsində yaranan borc məbləği cari aylar üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə köçürülmüş ödənişlər hesabına (sosial üzrə bölüşdürülməmiş ödənişlər) bağlanmışdır. ASC tərəfindən 21 oktyabr 2022-ci il tarixdə 2022-ci ilin İİİ rübü üzrə cari hesabat təqdim olunduqda hesablanmış məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilmədiyi üçün Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən müvafiq faiz məbləğləri (cəmi 2.376,91 manat) hesablanmışdır. İddiaçının hazırkı iddia tələbinin əsası kimi 1 iyul 2020-ci il tarixdən 15 mart 2022-ci il tarixədək olan dövr üzrə (məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix) məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin iddiaçının xeyrinə ödənilməsinin qət edildiyi bildirilmişdir. Bu səbəbdən də əvvəlki dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlara görə iddiaçıya faiz hesablanması əsassız hesab edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Həmin Məcəllənin 72.5-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. İddiaçının vergi və ya cari vergi öhdəliklərinin Vergi Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə faiz hesablanması üçün qərar və ya xəbərdarlıq təqdim edilməməsinə dair bildirilir ki, Vergi Məcəlləsində vergi və ya cari vergi ödəmələrinin vaxtında ödənilməməsinə görə faiz hesablanması ilə əlaqədar hər-hansı bir qərarın verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə və Vergi Məcəlləsinin 1.4, 16.1.1ci maddələrinə, İPM-in 48-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X13 və X4 iddia ərizəsində göstərilənləri təsdiqlədilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X11 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına aiddir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Həmin Məcəllənin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. «Sosial sığorta haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: (14.3.1) sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; (14.3.2) sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Hazırkı işin məhkəmə araşadırılması ilə müəyyən edilir ki, İddiaçı ASC işəgötürən kimi onunla işçi X10 arasındakı əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə 1 iyul 2020-ci il tarixdə xitam verərək, sonuncunu tutduğu vəzifədən azad etmişdir. Bundan sonra tərəflərin mübahisəsi məhkəmə müstəvisinə keçmiş və məhkəmənin müvafiq qətnaməsi ilə X5 işinə bərpa edilməsi, ona 1 iyul 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddəidə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi 15 mart 2022-ci il tarixdə qüvvəyə mindikdən sonra müvafiq icra vərəqəsi 5 may 2022-ci il tarixdə Banka daxil olmuşdur. İddiaçı ASC tərəfindən adıçəkilən şəxsə 43.133,98 manat əmək haqqı ödənilmiş köçürülmüş və əmək haqqına müvafiq məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Bundan sonra, İddiaçı ASC 2022-ci ilin avqust ayında 2020-ci ilin 3-cü rübündən 2022-ci ilin 1-ci rübünə qəsər olan dövrü əhatə edən vahid bəyannamənin dəqiqləşmiş hesabatlarını uçotda olduğu vergi orqanı kimi hazırkı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə təqdim etmişdir. Cavabdeh hesabatın vaxtında təqdim edilməməsini əsas götürərək, həmin məbləğlərə 2.376,91 manat faiz borcu hesablamışdır. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və həmin borcun silinməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi kimi hazırkı İddiaçı ASC-yə istər vergilər, istərsə də, məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi üzrə faizləri buna yetərli əsaslar olduğu halda, faktiki hərəkətlərlə hesablaya bilməz, bununla bağlı ayrıca inzibati icraat aparmaqla inzibati akt qəbul edə bilməz. Bu isə, onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi inzibati icraatı tələb olunan tərzdə həyata keçirməmişdir. Məhkəmə faizlərin hesablanması məsələsinə mahiyyətcə də toxunaraq, diqqətə çəkir ki, müvafiq məhkəmə qətnaməsi üzrə icra sənədinin icrası istiqamətində İddiaçı ASC tərəfindən işçinin ümumilikdə 43.133,98 manat əmək əmək haqqı məbləğindən köçürülən məcburi dövlət sosial söğorta haqqlarının iki il sonra, lakin əvvəlki dövr üzrə dəqiqləşmə (bəyannamə) təqdim etməklə ödənilməsi müvafiq məbləğlərin “gecikdirilməklə ödənilmiş” kimi qiymətləndirilməsinə əsas vermir. Bu qənaət ondan irəli gəlir ki, İddiaçı ASC tərəfindən işçiyə 43.133,98 manat əmək haqqı məbləği sonrakı dövrdə, yəni 2022-ci ildə ödənilsə də, bu məbləğ ötən 2 illik dövr üzrə hissə-hissə ödənilməli əmək haqqı məbləğlərinin cəmi kimi məhkəmə mübahisəsi həll olunduqdan sonra verilmişdir. Bundan başqa, 43.133,98 manat əmək haqqına münasibətdə köçürülmüş məcburi dövlət sosial sığorta haqqının birdəfəlik 2022-ci ilin hansısa dövrü üzrə köçürülməsinə bəyannamə verilməsi, hesabat tərtib olunması və s. hərəkətlərin AVİS proqramındakı texniki imkanların yol verməsi də müəyyən deyil. Odur ki, cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş İdarəsi tərəfindən İddiaçı ASC-yə qanuni qüvvəyə minmiş və barəsində icra sənədi verilmiş müvafiq məhkəmə qətnaməsi əsasında işçiyə əvvəlki dövr üzrə 43.133,98 manat məbləğində əmək haqqı ödənilməsi ilə bağlı məcburi dövlət sosial sığorta haqlarını vaxtında bəyan etməməsi və köçürməməsinə görə fazilərin hesablanması cavabdehin bu faizin hesablanmasına münasibətdə güddüyü qanuni məqsədə mütənasib deyil və qanuni sayıla bilməz, ona görə də həmin faiz borcu silinməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə İddiaçı ASC-yə faizin hesablanmasının qanunsuz hesab edilməli və məcburi dövlət sosial sığorta haqları üzrə 2.376,91 manat faiz borcunun İddiaçı ASC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə İddiaçı ASC-yə faizin hesablanmasının qanunsuz hesab edilsin. Məcburi dövlət sosial sığorta haqları üzrə 2.376,91 manat faiz borcunun İddiaçı ASC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar